Kontentə keç

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Yehovanın Şahidləri

Azərbaycan

Gözətçi qülləsi (təlim nəşri)  |  mart 2017

Dost dosta tən gərək...

Dost dosta tən gərək...

Ciani ilə Maurisio təxminən əlli ildir dostdur. Amma bir dəfə onların dostluğu az qala pozulmuşdu. Maurisio deyir: «Həyatımın çətin bir dövrünü yaşayırdım. Həmin vaxt çox ciddi səhvlərə yol vermişdim. Buna görə Ciani ilə aramızda soyuqluq yarandı». Ciani bölüşür: «Mənə Müqəddəs Kitabı Maurisio öyrədib. Nə isə olanda həmişə onunla məsləhətləşirdim. Buna görə də onun bu hərəkəti etdiyinə inana bilmirdim. Başa düşürdüm ki, biz daha dost ola bilmərik. Sanki, dünyam dağılmışdı. Özümü çox yalqız hiss edirdim».

ƏSL dostun dəyəri heç nə ilə ölçülməz. Təbii ki, sarsılmaz dostluq öz-özünə yaranmır. Bəs dostluq tellərini sarsıdan vəziyyətlər yarananda nə etmək olar ki, bu tellər qırılmasın? Müqəddəs Kitabda əsl dost olduğunu sübut edən, dostluqları sınağa çəkilən insanların nümunəsi var. Gəlin onların bir neçəsi haqqında danışaq, görək onlar belə anlarda necə davranıblar.

DOST SƏHVƏ YOL VERƏNDƏ

Təbii ki, Davud çoban olanda da, padşah olanda da yaxşı dostları olub. Davudun dostu deyəndə ağlımıza gələn ilk insan Yonatan olur (1 İşm. 18:1). Amma onun dostlarının sırasında Natan peyğəmbərin də adını çəkmək olar. Müqəddəs Kitabda onların dostluğunun nə vaxt başladığı yazılmayıb. Amma orada təsvir olunan müəyyən hadisələrdən Davudun Natana bir dost kimi etibar etdiyi görünür. Məsələn, Davud Yehova üçün məbəd tikmək qərarına gələndə bu məsələ ilə bağlı Natanın fikrini öyrənir. Çünki o, Natanı özünə dost bilir və Allahın elçisi kimi ona dərin hörmət bəsləyirdi (2 İşm. 7:2, 3).

 Amma sonra onların dostluğunu təhlükəyə atan bəzi hadisələr baş verdi. Davud padşah Badsəba ilə zina etdi, sonra isə onun əri Uryayı öldürtdü (2 İşm. 11:2—21). Davud həmişə Yehovaya sadiq və ədalətli insan olub, lakin bir gün o, bu cür ağır günahı işlətdi. Axı necə oldu ki, bu cür yaxşı padşah belə hərəkətə yol verdi?! Görəsən, o, bu hərəkətin ağır günah olduğunu başa düşmürdü?! Bəlkə, o, düşünürdü ki, bunu Allahdan gizlədə bilər?!

İndi Natan nə edəcək? Görəsən, o, gözləyəcək ki, başqa kimsə padşahla bu barədə danışsın? Axı Davudun Uryayı öldürtdüyünü bilən tək Natan deyildi. Onda nəyə görə məhz o, gedib danışmalıdır, nəyə görə uzun illərin dostluğunu təhlükəyə atmalıdır?! Üstəlik, o, həyatını da itirə bilərdi. Axı Davud günahsız Uryayı öldürüb əlini artıq qana bulamışdı.

Natan Allahın elçisi idi. O başa düşürdü ki, sussa da, danışsa da, Davudla münasibəti əvvəlki kimi olan deyil, üstəlik susmaqla öz vicdanını da ləkələyir. Dostu Davud Yehovanın bəyənmədiyi yola qədəm qoymuşdu. Allahla yenidən dostluq münasibəti əldə etmək üçün Davuda kömək lazım idi və bu köməyi ona əsl dost göstərə bilərdi. Natan məhz bu cür dost idi. O qərara gəldi ki, Davudla söhbət etsin. Natan elə bir nümunə çəkdi ki, əvvəllər çoban olan Davudun vicdanına təsir etdi. Natan peyğəmbər Davuda onun günahının nə dərəcədə ciddi olduğunu başa düşməyə kömək etdi. Bunun sayəsində Davud günahını boynuna alıb tövbə etdi (2 İşm. 12:1—14).

Bəs siz dostunuz günaha yol versəydi, nə edərdiniz? Ola bilsin, düşünərdiniz ki, səhvini üzünə desəniz, münasibətiniz korlanacaq, günahı barədə ağsaqqallara xəbər versəniz, dostunuza xəyanət etmiş olarsınız. Bəs belə halda nə etmək olar?

Əvvəldə adı çəkilən Ciani deyir: «Görürdüm ki, nə isə dəyişib, Maurisio mənimlə əvvəlki kimi səmimi deyil. Mənə çətin olsa da, onunla danışmaq qərarına gəldim. Fikirləşirdim, mən bildiyimi o da bilir, ona yeni nə deyə bilərəm ki?! Birdən sözlərimi pis qarşıladı, onda necə? Onun mənə öyrətdiklərini yadıma salanda özümdə güc tapdım. Axı mənə kömək lazım olanda o, kənarda durub baxmırdı. Dostumu itirmək istəmirdim, ona kömək etmək istəyirdim, çünki o, mənə əziz idi».

Maurisio deyir: «Ciani mənimlə açıq danışdı; o nə deyirdisə, düz deyirdi. Mən başa düşürdüm ki, burada nə Cianinin, nə Yehovanın günahı yoxdur, bu, mənim səhvim idi. Mən ağsaqqalların məsləhətini qəbul etdim və bir müddət sonra bir məsihi kimi özümə gəldim».

DOST DARDA OLANDA

Davudun çətin anlarında ona dayaq olan başqa dostları da var idi. Onlardan biri Xuşay idi. Müqəddəs Kitabda o, «Davudun dostu» adlanır (2 İşm. 16:16; 1 Saln. 27:33). Ola bilsin, Xuşay padşahın məxfi tapşırıqlarını yerinə yetirən ən yaxın əyanlarından, dostlarından biri idi.

Davudun oğlu Absalam atasının taxtını ələ keçirəndə israillilərin çoxu Absalamın tərəfinə keçmişdi, Xuşay isə padşahına sadiq qalmışdı. Davud canını götürüb şəhərdən qaçanda Xuşay onun yanına getdi. Davud çox pərişan idi, öz belindən gələn oğlu və etibar etdiyi insanlar ona xəyanət etmişdi. Xuşay isə Davuda qarşı qurulan sui-qəsd planını pozmaq üçün həyatını təhlükəyə atmaqla dostuna sadiq olduğunu sübut etdi. O, padşahın əyanı olduğu üçün yox, əsl dost olduğu üçün belə davrandı (2 İşm. 15:13—17, 32—37; 16:15—17:16).

Bu gün bacı-qardaşların yığıncaqda tutduğu mövqeyə görə deyil, səmimi hisslərdən irəli gələrək bir-birilə dostluq etdiyini  görmək çox xoşdur. Öz əməlləri ilə onlar, sanki, deyirlər: «Mən nəyə görəsə yox, sadəcə sən mənə əziz olduğun üçün səninlə dostam».

Gəlin Federiko adlı bir qardaşın hadisəsini nəzərdən keçirək. Həyatının keşməkeşli anlarında yaxın dostu Antonio ona dayaq olmuşdu. Federiko deyir: «Antonio bizim yığıncağa keçəndən qısa müddət sonra onunla dostlaşdıq. İkimiz də yığıncaq xidmətçisi idik. Bir-birimizlə əməkdaşlıq etmək bizə xoş idi. Bir müddət sonra Antonionu ağsaqqal təyin etdilər. O, mənim üçün sadəcə dost deyildi, o, mənə örnək idi». Amma bir gün Federiko günaha yol verir. O, vaxt itirmədən ağsaqqallardan kömək istəyir. Lakin o, daha nə öncül, nə də yığıncaq xidmətçisi kimi xidmət edə bilmir. Antonionun buna münasibəti necə olur?

Federiko həyatının çətin anlarını yaşayanda dostu Antonio onun dərdini dinləyir, onu ruhlandırırdı

Federiko deyir: «Görürdüm ki, Antonio keçirdiyim hissləri başa düşür. O, əlindən gələni edirdi ki, məni ruhlandırsın, məni ayağa qaldırsın. O, həmişə mənim yanımda idi, məni təslim olmamağa, xidmətdə fəal olmağa təşviq edirdi». Antonio deyir: «Çalışırdım, Federiko ilə çoxlu vaxt keçirim. İstəyirdim, o, özünü sərbəst hiss etsin, keçirdiyi hissləri mənə danışsın». Çox xoşdur ki, bir müddət sonra Federiko dirçəlir, yenidən öncül xidmətinə başlayır və yığıncaq xidmətçisi təyin olunur. Antonio deyir: «Hazırda başqa-başqa yığıncaqlarda xidmət etsək də, dostluğumuz əvvəlkindən də güclüdür».

DOSTDAN YARA ALANDA

Həyatınızın ən çətin anında yaxın dostunuz sizə arxa çevirsəydi, özünüzü necə hiss edərdiniz? Təbii ki, bu, çox ağır yaradır. Siz bu dostu bağışlayardınız? Bəs münasibətiniz əvvəlki kimi möhkəm olardı?

Gəlin görək yer üzündə yaşadığı son günlərdə İsa Məsih nələr yaşadı. O və sadiq həvariləri bir yerdə artıq kifayət qədər vaxt keçirmişdilər, onların arasında möhkəm bağlar yaranmışdı. Buna görə də İsa onları  dostlarım adlandırmışdı (Yəh. 15:15). Amma İsa həbs olunanda həvarilər onu atıb qaçdılar. «Ömrümdə səndən üz döndərmərəm!» — deyən Butrus elə həmin gün İsanı tanıdığını dandı (Mət. 26:31—33, 56, 69—75).

Düzdür, İsa əvvəldən bilirdi ki, son sınağı tək keçəcək, amma yenə də, həvarilərin bu hərəkəti ona pis təsir edə bilərdi. Lakin İsa diriləndən bir neçə gün sonra onun həvariləri ilə söhbətindən zərrə qədər də hiss olunmurdu ki, onlardan inciyib, onlarla dost olduğuna peşman olub. İsa şagirdlərinin səhvlərini sadalamadı, həbs olunduğu gecə onu qoyub qaçdıqları barədə bir kəlmə də demədi.

Əksinə, İsa Butrusa və digər həvarilərə ürək-dirək verdi, tarixin ən böyük maarifləndirmə işini tapşırmaqla onlara etibar etdiyini göstərdi. Bəli, İsa həvariləri dostluqdan çıxarmamışdı. Onun bu məhəbbətinin həvarilərə güclü təsiri olmuşdu. Onlar qəti qərarlı idilər ki, Ağalarını məyus etməsinlər və bunu bacardılar, Məsihin verdiyi tapşırığı müvəffəqiyyətlə yerinə yetirdilər (Həv. 1:8; Kol. 1:23).

Bir dəfə Elvira adlı bacı yaxın rəfiqəsi Culianaya qarşı ciddi səhv etmişdi. Elvira deyir: «Culiana hərəkətimin ona ağır yara vurduğunu deyəndə özümü çox pis hiss etdim. Onun məndən inciməyə haqqı var idi. Amma o, daha çox mənə görə narahat olurdu, bu hərəkətimin mənə necə təsir edəcəyini fikirləşirdi. Onun bu münasibəti mənə dərin təsir bağışladı. Mən ömrüm boyu ona minnətdar olacağam, çünki o, özünü yox, məni fikirləşirdi. Yehovaya şükr edirəm ki, mənə öz hisslərini boğub mənim rifahımı fikirləşən dost nəsib edib».

İndi necə cavab verərdiniz, dost dosta tən olduğunu necə sübut edə bilər? Dostluğu təhlükəyə atan vəziyyətlər yarananda açıq şəkildə, eyni zamanda mülayim danışmaqla, Natan peyğəmbər və Xuşay kimi darda olan dostuna sadiq qalmaqla, İsa Məsih kimi dostunu bağışlamaqla. Bəs siz özünüz haqda nə deyərdiniz? Siz bu cür dostsunuz?