Kontentə keç

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Yehovanın Şahidləri

Azərbaycan

Gözətçi qülləsi (təlim nəşri)  |  aprel 2017

«Nəzirini yerinə yetir»

«Nəzirini yerinə yetir»

«Yehovaya dediyin nəziri yerinə yetir» (MƏT. 5:33).

NƏĞMƏ: 63, 7

1. a) İftahla Hənnə arasında hansı ortaq cəhət var idi? (Məqalənin əvvəlindəki şəklə baxın.) b) Bu məqalədə hansı suallara cavab tapacağıq?

ŞÜCAƏTLİ başçı və qorxmaz cəngavər. Ərinə itaətkar və sakit təbiətli qadın. Söhbət hakim İftahdan və Əlqənanın arvadı Hənnədən gedir. Onların hər ikisi Yehovaya ibadət edirdi. Bəs onlar arasında başqa hansı ortaq cəhət var idi? İkisi də Allaha nəzir demişdi, ikisi də nəzirini yerinə yetirdi. Onlar bu gün Yehova Allaha əhd edən insanlar üçün gözəl nümunədir. Buna görə də gəlin növbəti suallara cavab tapmağa çalışaq: nəzir və ya əhd nədir? Allaha əhd etmək nə dərəcədə ciddi məsələdir? İftahla Hənnədən bu sahədə nə öyrənə bilərik?

2, 3. a) Nəzir və ya əhd nədir? b) Müqəddəs Kitabda nəzirlə bağlı nə deyilir?

2 Müqəddəs Kitaba əsasən, nəzir və ya əhd Allaha verilən vəddir. Bu zaman insan bir işi görmək, təqdimə və ya bəxşiş gətirmək, hansısa xidmətə başlamaq, yaxud nəyisə özü üçün haram etməklə bağlı Allaha söz verir. Nəzir könüllü şəkildə, insanın öz xoşu ilə verilir. And məsələsində olduğu kimi, nəzir deyəndə də insan nəyisə edəcəyinə və ya etməyəcəyinə söz verir. Nəzir andla eyni qüvvədə olduğu üçün Allahın gözündə müqəddəsdir və mütləq yerinə yetirilməlidir (Yar. 14:22, 23; İbr. 6:16, 17). Müqəddəs Kitabda nəziri yerinə yetirməyin vacibliyi vurğulanır.

 3 Məsələn, Tövratda yazılıb: «Kimsə Yehovaya nəzir deyər və ya and içib özünə nəyisə haram edərsə, sözündən dönməməlidir. Söz verdiyi hər şeyi yerinə yetirməlidir» (Say. 30:2). Süleyman peyğəmbər Allahın ilhamı ilə demişdi: «Allaha nəzir deyəndə yerinə yetirməyə yubanma, çünki Onun ağılsızlardan xoşu gəlmir. Nəzirini yerinə yetir» (Vaiz 5:4). «İçdiyin andı pozma, Yehovaya dediyin nəziri yerinə yetir», — deməklə İsa Məsih də nəzir deməyin ciddi məsələ olduğunu vurğulamışdı (Mət. 5:33).

4. a) Allaha nəzir demək nə dərəcədə ciddi məsələdir? b) Bu məqalədə İftahla Hənnə haqqında nə öyrənəcəyik?

4 Bu ayələrdən görünür ki, Allaha nəzir demək ciddi məsələdir. Verdiyimiz əhdə münasibətimiz Yehova Allahla dostluğumuza təsir edir. Davud padşah da gözəl yazmışdı: «Yehovanın dağına kim çıxa bilər? Müqəddəs məkanında kim dura bilər?.. Varlığıma [Yehovanın varlığına] yalandan and içməyən, saxta and verməyən adam» (Zəb. 24:3, 4, haş.). Bu məqalədə İftahla Hənnənin hansı nəziri dediyi və bu nəzirin onlara nəyin bahasına başa gəldiyi barədə danışacağıq.

ONLAR NƏZİRLƏRİNİ YERİNƏ YETİRDİLƏR

5. İftah nə nəzir etmişdi və diləyi yerinə yetəndən sonra nə baş verdi?

5 İftah Allahın xalqına zülm edən əmunilərlə döyüşə gedəndə Yehova Allaha nəzir dedi və nəzirini yerinə yetirdi (Hak. 10:7—9). O, Allaha belə nəzir etmişdi: «Əgər əmuniləri mənə təslim etsən, onda əmunilərlə döyüşdən sağ-salamat qayıdanda məni qarşılamaq üçün evimin qapısından ilk çıxan Sənin olacaq, ey Yehova». İftah əmunilərə qalib gəldi. Bilirsiniz, o, evə qayıdanda nə baş verdi? Döyüşdən qələbə ilə qayıdan İftahı qarşılamağa sevimli qızı çıxdı. Verdiyi sözü yerinə yetirmək üçün İftah qızını Yehovaya təqdim etməli idi (Hak. 11:30—34). Bəs bu gənc qız üçün atasının dediyi nəzir nəyin bahasına başa gələcəkdi?

6. a) Nəzirini yerinə yetirmək həm İftah, həm də qızı üçün nəyə görə çətin idi? b) Qanunun təkrarı 23:21, 23 və Zəbur 15:4 ayələrindən əhdlə bağlı nə öyrənirik?

6 Atasının verdiyi nəziri yerinə yetirmək üçün İftahın qızı ömrünün sonuna kimi müqəddəs məkanda xidmət etməli idi. Bəlkə, İftah hisslərə qapılıb nəzir demişdi, həmin an bunu heç nəzərə almamışdı? Əsla! O bilirdi ki, onu qarşılamaq üçün evinin qapısından ilk çıxan qızı ola bilər. Amma yenə də bu nəziri yerinə yetirmək həm ata, həm də qız üçün ağır idi. Bu, onlar tərəfdən əsl qurban idi. İftah evinin qapısından qızının çıxdığını görəndə yaxasını cırıb dedi: «Vay, qızım! Belimi qırdın». Qızı isə «bakirə qalacağına görə ağladı». O, İftahın yeganə övladı idi. İftahın ondan başqa oğlu, qızı yox idi. Deməli, qızı ailə qurub onu nəvə sahibi edə bilməyəcəkdi. İftahın nəslini davam etdirən varis olmayacaqdı. Amma onlar üçün öz arzularından daha vacib bir şey var idi. İftah dedi: «Yehovaya nəzir etmişəm, sözümdən dönə bilmərəm». Qız atasına belə cavab verdi: «Nəzirini yerinə yetir» (Hak. 11:35—39). İftah da, qızı da Allaha vəfalı insanlar idilər. Haqq-Taalaya dedikləri nəzirdən boyun qaçırmaq ağıllarından belə keçmirdi. Onlar nəyin bahasına olur-olsun, sözlərinin üstündə durmağa əzmli idilər. (Qanunun təkrarı 23:21, 23; Zəbur 15:4 ayələrini oxuyun.)

7. a) Hənnə hansı nəziri demişdi, nəyə görə demişdi və nəticəsi necə oldu? b) Hənnənin nəziri İşmuilin həyatına necə təsir etmişdi? (Haşiyəyə baxın.)

 7 Hənnə də Yehova Allaha verdiyi əhdə vəfa etmişdi. O, bu əhdi çox pərişan olanda vermişdi. Onu bu hala salan sonsuz olması və aramsız istehzalara tuş gəlməsi idi (1 İşm. 1:4—7, 10, 16). Hənnə dərdini Allaha danışıb demişdi: «Ey ordular Allahı Yehova, əgər bu qulunun dərdinə biganə qalmasan, mənə nəzər salsan, bu qulunu yada salıb mənə bir oğul versən, onu ömürlük Sənə verəcəyəm, ey Yehova, onun başına heç vaxt ülgüc dəyməyəcək» (1 İşm. 1:11) *. Allah Hənnəni muradına çatdırdı, ona oğul bəxş etdi. Sonsuz qadın üçün bundan böyük xoşbəxtlik ola bilməz! Amma Hənnə Allaha dediyi nəziri unutmamışdı, çünki oğlu dünyaya gələndə o demişdi: «Onu Yehovadan istədim» (1 İşm. 1:20).

8. a) Hənnə üçün nəzirini yerinə yetirmək nə dərəcədə çətin idi? b) Davudun 61-ci məzmurda yazdığı sözlərdə Hənnənin əhval-ruhiyyəsi necə əks olunur?

8 İşmuilin haradasa üç yaşı olanda, o, süddən kəsiləndə Hənnə Allaha dediyi əhdi yerinə yetirdi. Başqa cür davranmaq onun ağlından belə keçmirdi. O, İşmuili Şilodakı müqəddəs çadıra baş kahin Əlinin yanına gətirib dedi: «Mən bu uşaq üçün dua edirdim, Yehova da məni muradıma yetirdi. İndi onu Yehovaya verirəm. O, ömrü boyu Yehovaya məxsus olacaq» (1 İşm. 1:24—28). «Balaca İşmuil isə Yehovanın önündə böyüyürdü» (1 İşm. 2:21). Təsəvvür edirsiniz, bu, Hənnə üçün nə demək idi?! O, körpəsini çox sevirdi, amma övladı ondan uzaqda böyüyəcəkdi, hər gün onun yanında olmayacaqdı. Sözsüz ki, Hənnə də övladını sevən hər bir ana kimi balasını əzizləyib öpmək, onunla oynamaq, nazını çəkmək, necə böyüdüyünü görmək istəyirdi. Lakin Hənnə nəzirini yerinə yetirdiyi üçün peşman deyildi. Yehova onun könlünü şad etmişdi (1 İşm. 2:1, 2; Zəbur 61:1, 5, 8 ayələrini oxuyun).

Yehova Allaha verdiyiniz əhdə sadiqsiniz?

9. Daha hansı sualları nəzərdən keçirəcəyik?

9 Göründüyü kimi Allaha nəzir demək çox ciddi məsələdir. İndi isə gəlin növbəti sualları nəzərdən keçirək: Bir məsihi kimi biz hansı əhdləri veririk? Bu əhdlərə sadiq qalmaq nə üçün ciddi məsələdir?

HƏSR OLUNANDA VERDİYİMİZ ƏHD

Həsr olunanda verdiyiniz əhdə (10-cu abzasa baxın)

10. Məsihi üçün ən önəmli əhd hansıdır və bu əhdə nə daxildir?

10 Məsihi üçün ən önəmli əhd Yehovaya həsr olunanda verdiyi əhddir. Çünki bu əhdi verəndə o, təklikdə dua edib Allaha söz verir ki, nə qədər ki canında can var, nəyin bahasına olur-olsun, Ona ibadət edəcək. Bununla o, İsa Məsihin dediyi kimi, özünü inkar edir, yəni öz hüquqlarından imtina edir və söz verir ki, Allahın iradəsini həyatda hər şeydən üstün tutacaq (Mət. 16:24). Bu andan etibarən həmin insan Yehovaya məxsus olur (Rom. 14:8). Allaha həyatını həsr edən hər bir məsihi növbəti sözləri deyən məzmurçu kimi, bu əhdə məsuliyyətlə yanaşmalıdır. Allaha verdiyi əhdlərlə bağlı məzmurçu yazmışdı: «Mənə etdiyi yaxşılıqların əvəzində Yehovaya nə verə bilərəm? Yehovaya dediyim nəzirləri yerinə yetirərəm» (Zəb. 116:12, 14).

11. Vəftiz olunan gün siz nəyi sübut etmişdiniz?

11 Siz özünüzü Yehovaya həsr edib vəftiz olunmusunuz? Bu, çox gözəl addımdır! Vəftiz olunduğunuz gün  yadınızdadır? Hamının qarşısında Yehovaya həsr olunduğunuzu, həmçinin həsr və vəftiz olunmağınızla Yehovanın Şahidlərinə — Allahın ruhu ilə idarə olunan təşkilatın sıralarına qoşulduğunuzu etiraf etmişdiniz. Əminliklə verdiyiniz cavab sizin Allaha səmimi-qəlbdən həsr olunduğunuzu və vəftiz olunaraq Yehovanın xidmətçisi olmağa hazır olduğunuzu sübut edirdi. O gün siz Yehovanın qəlbini şad etmişdiniz!

12. a) Özümüzə hansı sualları verməliyik? b) Butrusun sözlərinə əsasən, nə etməliyik?

12 Vəftiz yolun başlanğıcıdır. O gündən etibarən biz verdiyimiz əhdə vəfalı qalmalı, yəni Yehova Allaha sədaqətlə xidmət etməliyik. Buna görə də özümüzdən soruşmalıyıq: «Vəftiz olduğum gündən bu yana bir məsihi kimi tərəqqi etmişəm? Bu gün də Yehovaya canla-başla xidmət edirəm? (Kol. 3:23). Allaha tez-tez dua edirəm? Hər gün Müqəddəs Kitabı oxuyuram? İbadət görüşlərinə müntəzəm gedirəm? Əlimdən gəldiyi qədər təbliğdə iştirak edirəm? Yoxsa bu sahələrdə zəifləmişəm?» Həvari Butrus demişdi ki, imanımızı elmlə, dözümlə, möminliklə tamamlasaq, bir məsihi kimi inkişafdan qalmayacağıq. (2 Butrus 1:5—8 ayələrini oxuyun.)

13. Məsihi Allaha verdiyi vədlə bağlı nəyi dərk etməlidir?

 13 Yehovaya həsr olunanda verdiyimiz sözü sonradan geri götürə bilmərik. Yehovaya ibadət etməkdən və bir məsihi kimi yaşamaqdan bezən insan özünə bəraət qazandırmaq üçün əslində Allaha həsr olunmadığını və vəftizinin qüvvədə olmadığını iddia edə bilməz *. Vəftiz olmaqla o, hamının qarşısında özünü Allaha həsr etdiyini açıq şəkildə göstərib. Buna görə də insan ciddi günah işlədərsə, həm Yehovanın, həm də yığıncağın qarşısında cavab verməlidir (Rom. 14:12). Gəlin elə yaşayaq ki, İsanın «əvvəlki məhəbbətin soyuyub» sözləri bizə ünvanlanmasın. Əksinə, qoy o, bizə desin: «Mən sənin işlərindən, məhəbbətindən, imanından, xidmətindən və dözümündən xəbərdaram. Bilirəm ki, sənin axırıncı işlərin əvvəlkilərdən daha çoxdur» (Vəhy 2:4, 19). Gəlin var gücümüzlə çalışıb Yehova Allaha verdiyimiz vədə həmişə sadiq qalaq və qoy O, bizə baxıb razı qalsın.

AİLƏ QURANDA VERDİYİMİZ ƏHD

Ailə quranda verdiyiniz əhdə (14-cü abzasa baxın)

14. Daha hansı əhd insanın həyatında önəmli yer tutur və nəyə görə?

14 İnsanın həyatında önəmli yer tutan əhdlərdən biri də ailə quranda verdiyi əhddir. Bəy və gəlin həm Allahın, həm də insanların qarşısında evlilik andı içir. Buna görə də ailə müqəddəsdir. Adətən, ailə quran cütlük bir-birinə söz verir ki, nə qədər ki hər ikisi Allahın qurduğu nikah tellərilə bağlı olub yer üzündə yaşayır bir-birini sevəcək, qayğı göstərəcək və hörmət bəsləyəcəklər. Bu andı içməyənlər də Allahın qarşısında məsuliyyət daşıyırlar. Çünki nikah bağlayanda onlar ər-arvad elan olunublar, bununla da ömürlük ittifaq bağlayıblar (Yar. 2:24; 1 Kor. 7:39). İsa Məsihin sözlərinə əsasən, «Allahın bir boyunduruqda birləşdirdiyini» nə ərin, nə arvadın, ümumiyyətlə heç kəsin ayırmağa ixtiyarı yoxdur. Odur ki, ailə quran cütlük boşanmağı ağlından belə keçirməməlidir (Mark 10:9).

15. Nəyə görə məsihilər ailəyə bu dünyanın insanları kimi yanaşmamalıdırlar?

15 Sözsüz ki, mükəmməl ailə yoxdur. Hər ailənin təməli iki qeyri-kamil insan tərəfindən qoyulur. Buna görə də Müqəddəs Kitabda yazılıb ki, ailə quranlar «həyatda yeni çətinliklərlə üzləşəcəklər» (1 Kor. 7:28). Ailə qurmaq məsuliyyətdir, oyun-oyuncaq deyil. Amma bu dünyada bir çox insan ailəyə məhz bu cür yanaşır. Problem yaranan kimi çarəni ayrılmaqda görürlər. Bizi isə Yehova belə öyrətmir. Ailəsini dağıdan insan Allahın yanında yalançı çıxır, Allahınsa yalançıları görən gözü yoxdur! (Lav. 19:12; Məs. 6:16—19). Həvari Bulus yazmışdı: «Evlisən? Ayrılmaq üçün bəhanə axtarma» (1 Kor. 7:27). Bulus bilirdi ki, həyat yoldaşına xəyanət edərək ondan boşanmaq Yehovanın nifrət etdiyi hərəkətdir (Məl. 2:13—16).

16. Müqəddəs Kitabda boşanmaq və ayrı yaşamaqla bağlı nə deyilir?

16 İsa Məsih davamçılarını öyrədirdi ki, Allah yalnız bir halda boşanmağa izin verir: əgər xəyanətə yol verilibsə və günahsız tərəf həyat yoldaşını bağışlaya bilmirsə (Mət. 19:9; İbr. 13:4). Bəs ayrılmaq, yəni ayrı yaşamaq barədə nə demək olar? Müqəddəs Kitabda bu məsələ ilə bağlı müəyyən göstəriş var, amma orada ayrı yaşamağa izin verən səbəblər  gətirilmir. (1 Korinflilərə 7:10, 11 ayələrini oxuyun.) Lakin bəzi hallarda, məsələn, həyatı və Yehova ilə münasibəti təhlükə altında olanda, həyat yoldaşı tərəfindən kəskin şəkildə təqib olunanda məsihi ayrı yaşaya bilər *.

17. Məsihilər ailə tellərini necə möhkəmləndirə bilər?

17 Ailəsində problem yaşayan məsihi məsləhət üçün ağsaqqala yaxınlaşanda yaxşı olardı ki, ilk növbədə, ağsaqqal «Əsil məhəbbət» filminə baxıb-baxmadıqlarını, «Xoşbəxt ailəm» broşürünü oxuyub-oxumadıqlarını soruşsun. Bu vəsaitlərdə bir çox ailələrə nikahı möhkəmləndirməyə kömək edən ilahi prinsiplər yer alıb. Bir cütlük deyir: «Bu broşürün köməyilə ailəmiz əvvəlkindən qat-qat xoşbəxtdir». İyirmi ikiillik ailəsi dağılmaq üzrə olan bir bacı deyir: «Ərim də, mən də məsihiyik. Lakin bir-birimizi başa düşmürdük. Bu film düz vaxtında çıxdı. İndi vəziyyət əvvəlkinə baxanda daha yaxşıdır». Əgər siz də ailəlisinizsə, onda Allahın verdiyi məsləhətə əməl etmək üçün gücünüzü əsirgəməyin. Bu, sizə evlilik andına sadiq qalmağa kömək edəcək, ailəniz möhkəm və xoşbəxt olacaq.

XÜSUSİ TAMMÜDDƏTLİ XİDMƏTLƏ BAĞLI VERDİYİMİZ ƏHD

18, 19. a) Bu gün bir çox məsihi valideynlər nə edir? b) Xüsusi tammüddətli xidmətdə iştirak edənlərin xidməti barədə nə bilirsiniz?

18 İftahla Hənnə arasında daha bir oxşar cəhət var. Onların verdiyi əhdin nəticəsində İftahın qızı və Hənnənin oğlu həyatını xüsusi bir xidmətə həsr etmişdi, Yehovaya müqəddəs çadırda xidmət edirdi. Onlar çox mənalı həyat sürürdü. Bu gün də bir çox məsihilər övladlarını təşviq edirlər ki, xüsusi tammüddətli xidmətə başlasınlar, bütün həyatlarını Yehovaya xidmətə həsr etsinlər. Bu valideynlər də, övladları da ən gözəl təriflərə layiqdir (Hak. 11:40; Zəb. 110:3).

Xüsusi tammüddətli xidmətlə bağlı verdiyiniz əhdə (19-cu abzasa baxın)

19 Hazırda Yehovanın Şahidlərinin Xüsusi Tammüddətli Xidmətçilərinin Ümumdünya Ordeninin təxminən 67 000 üzvü var. Bu saya Beyteldə xidmət edənlər, tikintidə və səyyar xidmətdə çalışanlar, teokratik məktəblərdə təlim verən müəllimlər *, xüsusi öncüllər, xüsusi təyinatlı müjdəçilər, ibadət evlərinə və teokratik məktəblərin binalarına qulluq edənlər daxildir. Bu insanlar «İtaətkarlıq və fəqirlik əhdi» veriblər. Bu əhdə əsasən, onlar Yehovanın işi naminə istənilən yerdə xidmət edəcəklərinə, sadə yaşayacaqlarına və icazə olmadan işləməyəcəklərinə söz verirlər. Xüsusi olan bu insanların özü deyil, onların yerinə yetirdiyi xidmətdir. Onlar dərk edirlər ki, tammüddətli xidmətdə iştirak etdikləri müddətdə verdikləri sözün üstündə durmalıdırlar.

20. Allaha verdiyimiz əhdə necə yanaşmalıyıq və nəyə görə?

20 Bəs siz bu əhdlərdən hansını vermisiniz? Sözsüz ki, verdiyiniz əhdə sadiq qalmağın vacib olduğunu başa düşürsünüz (Məs. 20:25). Yadda saxlamalıyıq ki, verdiyimiz sözə naxələf çıxsaq, axırı pis qurtara bilər (Vaiz 5:6). Odur ki, gəlin dünya durduqca Yehovanın adını tərənnüm edək və nəzirlərimizi hər gün yerinə yetirək! (Zəb. 61:8).

^ abz. 7 Hənnənin dediyi nəzirə əsasən, oğlu ömürlük nəziri olacaqdı, yəni o, Yehovaya xidmət etməyə həsr olunacaqdı (Say. 6:2, 5, 8).

^ abz. 13 Kiminsə vəftizə yararlı olub-olmadığını müəyyən etməzdən əvvəl ağsaqqallar hər şeyi ciddi şəkildə götür-qoy edirlər. Buna görə də, nadir hallarda ola bilər ki, insanın vəftizi qüvvəsini itirsin.

^ abz. 16 «Allahın məhəbbətindən ayrılmayın» kitabının 219—221 səhifələrinə baxın.

^ abz. 19 Burada Padşahlıq Müjdəçiləri Məktəbi, Yığıncaq Ağsaqqalları üçün Məktəb, Səyyar Nəzarətçilər və Həyat Yoldaşları üçün Məktəblərdə təlim verən qardaşlar nəzərdə tutulur. Bu məktəblər, əsasən, toplantı zalında, ibadət evində və ya bu məktəblər üçün nəzərdə tutulmuş binalarda keçirilir.