Kontentə keç

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Yehovanın Şahidləri

Azərbaycan

Gözətçi qülləsi (təlim nəşri)  |  aprel 2017

Allahın Padşahlığı gələndə nələr keçib gedəcək?

Allahın Padşahlığı gələndə nələr keçib gedəcək?

«Dünya öz istəkləri ilə bərabər keçib gedir, Allahın istəyini yerinə yetirən isə əbədi yaşayır» (1 YƏH. 2:17).

NƏĞMƏ: 134, 24

1, 2. a) Hansı mənada bu dünya ölümə məhkum olmuş cinayətkara bənzəyir? (Məqalənin əvvəlindəki şəklə baxın.) b) Dünyaya kəsilmiş hökm icra olunanda bütün şüurlu varlıqlar hansı hissləri keçirəcək?

NÖVBƏTİ səhnəni təsəvvür edin: bir qatı cinayətkara ölüm hökmü kəsilib. Keşikçi onu edam yerinə aparır. Bu insan tam sağlam olsa da, onun ölüm saatı yaxınlaşır.

2 Bu dünya həyatının son dəqiqələrini yaşayan həmin cinayətkara bənzəyir. Bu zalım dünyanın hökmü çoxdan verilib, onun «edam gününə» az qalıb. Allahın Kəlamında yazılıb: «Dünya... keçib gedir» (1 Yəh. 2:17). Onun sonu hökmən gələcək. Lakin misaldakı cinayətkarla bu dünya arasında mühüm bir fərq var. Kimsə cinayətkara çıxarılmış hökmün ədalətsiz olduğunu iddia edərək və ya hökmün son anda ləğv olunacağına ümid edərək qərara qarşı çıxa bilər. Dünyanın isə hökmünü Kainatın Hökmdarı verib (Qan. 32:4). Bu hökm ləğv olunmayacaq və heç kim onun ədalətsiz olduğunu iddia edə bilməz. Dünya məhv olanda haqq-ədalət bərqərar olduğu üçün bütün şüurlu varlıqlar ürəkdən sevinəcək. Onda hamı rahat nəfəs alacaq.

3. Allahın Padşahlığı gələndə nələr keçib gedəcək?

 3 Bəs keçib gedən dünya deyəndə nə nəzərdə tutulur? Həyatın ayrılmaz hissəsinə çevrilən şeylər. Bir gün bunlar yox olacaq. Bəlkə də bu, bəd xəbər kimi səslənir. Amma bu xəbər Padşahlıq haqqındakı müjdənin ayrılmaz hissəsidir (Mət. 24:14). Bəs Allahın Padşahlığı gələndə nələr keçib gedəcək? Geniş mənada götürsək, şər insanlar, mənfur təşkilatlar, haram əməllər və əzab-əziyyətli həyat. Gəlin bu amilləri bir-bir araşdıraq və görək 1) onlar bizə necə təsir edir, 2) Yehova onlarla nə edəcək və 3) Yehova onları nə ilə əvəz edəcək.

ŞƏR İNSANLAR

4. Şər insanlar bizə necə təsir edir?

4 Şər insanlar bizə necə təsir edir? Həvari Bulus yazmışdı ki, bizim zəmanə son dərəcə çətin zəmanə olacaq. Sonra o demişdi: «Pis adamlar və fırıldaqçılar... get-gedə daha betər işlər görəcəklər» (2 Tim. 3:1—5, 13). Siz bu sözlərin gerçək olduğunu görürsünüz? Çoxlarımız şər insanların əlindən əziyyət çəkirik. Bu insanların bəziləri açıq şəkildə, bəziləri isə mələk cildinə girib gizlincə şər əməllər törədir. Hərdən bu şər insanların şəxsən qurbanı olmasaq da, onların əməlləri bizə də təsir edir. Onların törətdiyi vəhşiliklər barədə eşidəndə dəhşətə gəlirik. Cismani və şeytani ruh əks etdirən zalım insanların uşaqlara, qocalara, köməksiz insanlara zülm etdiyini görəndə ürəyimiz qan ağlayır (Yaq. 3:15). Amma bu qədər pis xəbərin içində Yehova Allah Kəlamı vasitəsilə bizə gözəl xəbər çatdırır.

5. a) Yehova şər insanlara hansı imkanı verir? b) Yollarından dönmək istəməyən şər insanların aqibəti necə olacaq?

5 Yehova şər insanlarla nə edəcək? Bu gün Yehova şər insanlara yollarından dönmək üçün imkan verir (Əşy. 55:7). Bu dünyanın hökmü artıq verilib, amma insanlara ayrı-ayrılıqda hələ ki hökm kəsilməyib. Bəs böyük müsibətə qədər dəyişmək istəməyən və bu dünyanın işlərindən əl çəkməyən insanlarla nə baş verəcək? Yehova söz verib ki, pis insanları yer üzündən yerli-dibli yox edəcək. (Zəbur 37:10 ayəsini oxuyun.) Bu gün şər insanlar törətdiyi əməlləri ört-basdır edir və çox vaxt cəzasız qalır. Onlar düşünə bilər ki, Allah hökmünü icra edəndə də canlarını qurtara biləcəklər (Əyy. 21:7, 9). Lakin Müqəddəs Kitabda yazılıb: «Allah insanın yollarına baxır, atdığı hər addımı görür. Elə bir qaranlıq, elə bir zülmət yoxdur ki, bədəməl adam orada gizlənə bilsin» (Əyy. 34:21, 22). Yehova Allahdan gizlin heç nə yoxdur. İnsan nə qədər hiyləgər olsa da, Onu aldada bilməz. Elə bir qatı qaranlıq və zülmət yoxdur ki, Allahın gözləri orada baş verənləri görə bilməsin. Armageddondan sonra şər insanları axtarsanız da, tapa bilməyəcəksiniz. Onlar əbədilik məhv olacaqlar! (Zəb. 37:12—15).

6. Şər insanların yerini kimlər tutacaq və nəyə görə bunu şad xəbər adlandırmaq olar?

6 Şər insanların yerini kimlər tutacaq? Yehova Allah vəd edir: «Həlimlər yer üzünə sahib olacaq, əmin-amanlığın  bolluğundan həzz alacaqlar». Elə həmin məzmurda yazılıb: «Salehlər yerə sahib olacaq, orada əbədi yaşayacaqlar» (Zəb. 37:11, 29). «Həlimlər» və «salehlər» kimlərdir? Həlimlər Yehovadan elm alıb Onun əmrlərinə boyun əyən, salehlər isə can-dildən Allaha xoş gedən işləri görən insanlardır. Bu gün dünyada şər insanlar salehlərdən qat-qat çoxdur. Amma yeni dünyada yalnız saleh insanlar yaşayacaq. Bu insanlar Yer kürəsini cənnətə çevirəcəklər.

MƏNFUR TƏŞKİLATLAR

7. Mənfur təşkilatlar insanlara necə təsir edir?

7 Mənfur təşkilatlar bizə necə təsir edir? Dünyada törənən şər əməllərin çoxu ayrı-ayrı insanların yox, müəyyən təşkilatların başının altından çıxır. Misal üçün, dini təşkilatlar milyonlarla insana Allah, Müqəddəs Kitabın səhihliyi, dünyanın və bəşəriyyətin gələcəyi barədə və bir çox başqa sahələrdə min-bir yalan danışırlar. Yaxud götürək siyasi təşkilatları. Onlar insanları savaşa, etnik çəkişmələrə təhrik edir, kasıb-kusubu, fəqir-füqəranı sıxışdırır, rüşvətxorluğu dəstəkləyir, ədalətsiz qərarlar verirlər. Bu siyahıya təbiəti çirkləndirən, təbii sərvətləri çapıb-talayan, milyonlarla insanın dilənçi vəziyyətində yaşadığı halda məsum insanların hesabına bir neçə nəfərin cibini dolduran şirkətləri də aid etmək olar. Göründüyü kimi dünyanın bu cür acınacaqlı vəziyyətə düşməsində əsas məsuliyyəti bu mənfur təşkilatlar daşıyır.

8. İnsanların gözündə sarsılmaz kimi görünən təşkilatlarla nə baş verəcək?

8 Yehova mənfur təşkilatlarla nə edəcək? Siyasi qüvvələr bütün saxta dini təşkilatlara hücum edəndə böyük müsibət başlayacaq. Bu təşkilatlar «Vəhy» kitabında Böyük Babil adlı fahişə kimi təsvir olunur (Vəhy 17:1, 2, 16; 18:1—4). Onların yer üzündə izi-tozu qalmayacaq. Bəs qalan təşkilatların və quruluşların aqibəti necə olacaq? İnsanların gözündə sarsılmaz görünən təşkilat və quruluşlar Müqəddəs Kitabda dağlara və adalara bənzədilir. (Vəhy 6:14 ayəsini oxuyun.) Ancaq Allahın Kəlamında əsrlər əvvəl deyilmişdi ki, bütün hökumətlər və onların tabeliyində olan təşkilatlar təməlindən sarsılacaq. Bu dünyanın hökumətləri və onlarla birgə Allahın Padşahlığına qarşı çıxanlar tamamilə məhv olacaq, bununla da böyük müsibət öz zirvə nöqtəsinə çatacaq (Ərm. 25:31—33). Daha yer üzündə mənfur təşkilatlar olmayacaq.

9. Nəyə görə əmin ola bilərik ki, yeni cəmiyyətdə qayda-qanun hökm sürəcək?

9 Mənfur təşkilatların yerini nə tutacaq? Bəs Armageddondan sonra yer üzündə heç bir təşkilat olmayacaq? Müqəddəs Kitabda deyilir: «Onun vədinə görə yeni bir göy və yeni yer gözləyirik, orada salehlik məskunlaşacaq» (2 But. 3:13). Əvvəlki göy, yəni mənfur hökumətlər və əvvəlki yer, yəni onların idarə etdiyi cəmiyyət məhv olacaq. Onların yerini yeni göy və yeni yer, yəni yeni hökumət və onun idarəsi altında olan yeni insan cəmiyyəti tutacaq. İsa Məsihin idarə  etdiyi bu hökumət nizam-intizamı sevən Yehova Allahı mükəmməl şəkildə təqlid edəcək (1 Kor. 14:33). Buna görə də yeni cəmiyyətdə qayda-qanun hökm sürəcək. Bu qayda-qanuna saleh kişilər nəzarət edəcək (Zəb. 45:16). Bu kişilər Məsihin və idarəçilik işində ona kömək edən 144 000 nəfərin tabeliyində olacaqlar. Bugünkü çoxsaylı mənfur təşkilatların yerini bir hökumət tutacaq. Bu hökumətlə onun təbəələri arasında birlik hökm sürəcək və bu hökumət haqq-ədalətlə idarə edəcək. Təsəvvür edirsiniz, onda dünyada şərait necə olacaq?!

HARAM ƏMƏLLƏR

10. Sizin ərazidə insanlar hansı haram əməllərə qurşanıb? Bu, sizə və ailənizə necə təsir edir?

10 Dünyada törənən haram əməllər bizə necə təsir edir? Dünya haram əməllərin içində itib-batır. Əxlaqsızlıq, ədalətsizlik, qəddarlıq dünyanı bürüyüb. Əyləncə sahəsi bu cür əməlləri yaxşı bir şey kimi təqdim etməklə Yehovanın yaxşı ilə pisi fərqləndirən qanunlarını tapdalayır (Əşy. 5:20). Valideynlər uşaqlarını bu əməllərdən qorumaq üçün mübarizə aparırlar. Həqiqi məsihilər Allahın qanunlarını dəyərdən salan bu dünyada Allahın qarşısında təmiz adlarını qorumaq üçün var-gücləri ilə çalışırlar.

11. Yehovanın Sədum və Əmurəni dağıtması bizə nəyi sübut edir?

11 Yehova haram əməllərə qarşı hansı tədbiri görəcək? Gəlin görək Yehova Allah Sədum və Əmurədə törənən günahlı əməlləri görəndə nə etdi. (2 Butrus 2:6—8 ayələrini oxuyun.) Lut və ailəsi murdar əməllərin içində itib-batan insanların arasında yaşayırdı. Bu vəziyyətə görə onun saleh ürəyi ağrıyırdı. Yehova Allah bütün o ərazini darmadağın etdi. Bununla Yehova yalnız oradakı qanunsuzluğun kökünü kəsmədi, həm də «allahsızlara başlarına gələcək şeyləri əyani şəkildə göstərdi». Necə ki o dövrdə Allah Sədum və Əmurədəki əxlaqsızlığa son qoydu, bu gün də dünyaya kəsdiyi hökmü icra edəndə murdar əməllərin kökünü kəsəcək.

12. Yeni dünyada hansı işlərlə məşğul olmaq istəyirsiniz?

12 Haram əməllərin yerini nə tutacaq? Yer üzü cənnət olanda insanlar faydalı işlərlə məşğul olacaq. Gəlin bir anlıq Yerin cənnətə çevrildiyi o gözəl dövranı təsəvvür edək: özümüz və doğmalarımız üçün ev tikirik, ölümün buxovundan azad olan milyonlarla insanı qarşılayırıq, onlara Yehovanın qayda-qanunlarını öyrədir, Onun bəşəriyyətə etdiyi yaxşılıqlar barədə danışırıq (Əşy. 65:21, 22; Həv. 24:15). Onda dünyada yalnız insana sevinc gətirən və Yaradanı şərəfləndirən işlər görüləcək!

ƏZAB-ƏZİYYƏTLİ HƏYAT

13. Şeytanın, Adəmin və Həvvanın ucbatından bu gün nələr yaşayırıq?

13 Bu əzab-əziyyətli həyat bizə necə təsir edir? Şər insanlar, mənfur təşkilatlar və haram əməllər üzündən həyat dözülməz olub. Müharibə, yoxsulluq, millətçilik, xəstəlik və ölümün hansımıza təsiri olmayıb?! Bu şeylərin hamısı Yehovaya qarşı üsyan edən üç varlığın — Şeytanın, Adəmin və  Həvvanın ucbatından başımıza gəlir. Dünyada elə bir insan yoxdur ki, bu üsyanın acısını dadmasın!

14. Əzab-əziyyətlərə gəlincə Yehova nə edəcək?

14 Əzab-əziyyətlərə gəlincə Yehova nə edəcək? Götürək müharibələri. Yehova Allah vəd edir ki, «yerin bir ucundan o biri ucunadək döyüşləri» kəsəcək. (Zəbur 46:8, 9 ayələrini oxuyun.) Allah bütün xəstəlikləri yox edəcək (Əşy. 33:24). O söz verib ki, ölümü əbədilik məhv edəcək (Əşy. 25:8). Həmçinin yer üzündə bir nəfər də olsun kasıb insan olmayacaq (Zəb. 72:12—16). Yehova Allah bizi təkcə bunlardan yox, həmçinin həyatımızı dözülməz edən digər şeylərdən, Şeytan və onun cinlərinin təsirindən azad edəcək (Efes. 2:2).

Müharibəsiz, xəstəliksiz və ölümsüz dünyanı təsəvvür edin! (15-ci abzasa baxın)

15. Armageddondan sonra nələr yox olacaq?

15 Gəlin müharibəsiz, xəstəliksiz, ölümsüz həyatı təsəvvür edək: ordu, silah, xəstəxana, həkim, qəbiristanlıq yoxdur; pis insanlar olmadığı üçün artıq mühafizə sisteminə, polisə, hətta qıfıla belə, ehtiyac yoxdur. Bu gün bizə dinclik verməyən problemlərdən azadıq.

16, 17. a) Armageddondan sağ çıxan insanları necə həyat gözləyir? b) Bu dünya ilə bir yerdə məhv olmamaq üçün nə etməliyik?

16 Həyatımızı dözülməz edən şeylər yox olanda həyat necə olacaq? Əslində, bunu təsəvvür etmək çətindir, çünki gözümüzü açandan əzab-əziyyət görürük və bütün bunlar bizə artıq adi gəlir. Misal üçün, dəmiryol stansiyasının yanında yaşayan insanlar oradakı səs-küyə öyrəşirlər. Yaxud zibilliyin yanında yaşayanlar artıq zibilin iyinə alışırlar. Yehova bugünkü əzab-əziyyəti tamamilə yox edəndə əsl həyatın nə demək olduğunu başa düşəcəyik.

17 Bəs görəsən, bugünkü narahatçılıqları nələr əvəz edəcək? Zəbur 37:11 ayəsində deyilir ki, insanlar «əmin-amanlığın bolluğundan həzz alacaqlar». Məgər bu sözlər ürəyinizi riqqətə gətirmir?! Yehova Allah bizə məhz belə gözəl həyat vəd edir. Buna görə də çətinliklərlə dolu bu son günlərdə Yehovadan və Onun təşkilatından ayrı düşməmək üçün əlinizdən gələni edin! Ümidinizi itirməyin, daima bu barədə düşünün, o gözəl həyatı xəyalınızda canlandırın, hiss edin və başqalarına da bu müjdəni çatdırın! (1 Tim. 4:15, 16; 1 But. 3:15). Yalnız bu halda bu dünya keçib gedəndə sağ qalacaqsınız və əbədiyyən həyatdan zövq alacaqsınız!