Kontentə keç

Mündəricatı göstər

Yehovanın Şahidləri

Dili seçin Azərbaycan

Ədalət məsələsinə Yehovanın gözü ilə baxın

Ədalət məsələsinə Yehovanın gözü ilə baxın

«Yehovanın adını bəyan edərəm... [O,] nahaq iş görməyən etibarlı Allah[dır]» (QAN. 32:3, 4).

NƏĞMƏ: 15, 2

1, 2. a) Nabut və onun oğulları hansı haqsızlıqla üzləşmişdi? b) Bu məqalədə hansı iki xüsusiyyət haqqında danışılacaq?

NÖVBƏTİ səhnəni təsəvvürünüzdə canlandırın: iki nəfər yaramaz adam bir kişiyə iftira ataraq, onu ölümə layiq günahda ittiham edir. Bunu eşidən ailəsi və dost-tanışları böyük sarsıntı keçirir. Bu günahsız insanın və onun oğullarının edamının şahidi olan ədalətsevər insanların hissləri bir-birinə qarışıb. Təəssüf ki bu, rəvayət deyil, olmuş hadisədir. Bu faciə İsrail padşahı Əhəbin hakimiyyəti dövründə yaşayan və Yehova Allahın mömin bəndəsi olan Nabutun başına gəlmişdi (1 Pad. 21:11—13; 2 Pad. 9:26).

2 Bu məqalədə biz həm Nabutun, həm də birinci əsrdə məsihi yığıncağında riyakar bir hərəkətə yol verən ağsaqqalın nümunəsini nəzərdən keçirəcəyik. Bu nümunələri araşdırdıqca görəcəyik ki, Yehovanın ədalət xüsusiyyətini təzahür etdirmək istəyiriksə, təvazökar olmaq və yığıncaqda haqsızlığın şahidi olanda bağışlamaq zəruridir.

 HAQQ-ƏDALƏT TAPDALANANDA

3, 4. Nabut necə insan idi və nəyə görə Əhəb padşahın təklifini qəbul etmədi?

3 Nabutun yaşadığı dövrdə əksər israillilər Əhəb padşaha və onun zalım arvadı məlikə İzəbilə qoşularaq bütpərəstliyə qurşanmışdı. Nabut isə Yehova Allaha sadiq idi. Baala ibadət edənlər Yehovanın qanunlarına hörmət qoymurdular. Onlardan fərqli olaraq, Nabut Yehova Allahla münasibətlərini çox qiymətləndirirdi, hətta həyatından da üstün tuturdu.

4 1 Padşahlar 21:1—3 ayələrini oxuyun. Əhəb Nabutun üzüm bağını almaq, ya da əvəzində ondan da yaxşısını verib bağa sahib olmaq istəyirdi. Nabut isə bu təklifdən imtina edib dedi: «İraq olsun! Ata-babalarımın irsini sənə versəm, Yehovaya ağır gedər». Nabutun təklifi qəbul etməməyinə səbəb Yehova Allahın israillilərə verdiyi qanun idi. Qanuna əsasən, heç bir israilli ata-baba irsini həmişəlik sata bilməzdi (Lav. 25:23; Say. 36:7). Göründüyü kimi, Nabut Yehovaya itaətkar insan idi.

5. Nabutun ölümünə İzəbil necə bais oldu?

5 Təəssüf ki, bu hadisə faciə ilə nəticələndi. Nabut təklifdən imtina etdiyi üçün Əhəb padşah və İzəbil ona qarşı çox böyük haqsızlıq etdilər. Üzüm bağını ələ keçirmək məqsədi ilə İzəbil Nabuta şər atdırdı. Bunun nəticəsində Nabutu və oğullarını edam etdilər. Bəs bu dəhşətli ədalətsizliyi görən Yehova Allah nə etdi?

ALLAHIN HÖKMÜ

6, 7. Yehova haqq-ədalət tərəfdarı olduğunu necə sübut etdi və nəyə görə bu, Nabutun ailəsi və dost-tanışları üçün təsəlli idi?

6 Yehova dərhal hərəkətə keçib İlyas peyğəmbəri Əhəbin yanına göndərdi. Peyğəmbər Əhəbin düz üzünə onun qatil və oğru olduğunu dedi. Bu məsələ ilə bağlı Yehovanın hökmü belə idi: Əhəbi, İzəbili və oğullarını Nabutla oğullarının aqibəti gözləyirdi, onlar qətlə yetirilməli idilər (1 Pad. 21:17—25).

7 Nabutun ailəsi və dost-tanışları Əhəbin ucbatından üzləşdikləri faciəvi itkiyə görə yasa batmışdılar. Amma onlara bir şey təsəlli verirdi ki, Yehova bu haqsızlıqdan agahdır və haqq-ədaləti bərqərar etmək üçün dərhal hərəkətə keçib. Lakin sonra onların təvazökarlığını və imanını sınağa çəkən gözlənilməz bir şey baş verdi.

8. Əhəb Yehovanın hökm xəbərini eşidəndə nə etdi və bunun nəticəsi nə oldu?

8 Əhəb Yehovanın hökmü barədə eşidəndə «yaxasını cırıb çula büründü. Oruc tutdu, çulda yatıb-durdu və qəm-qüssəyə qərq oldu». Göründüyü kimi, Əhəb qürurunu sındırdı. Buna görə də Yehova Allah İlyasa dedi: «Özünü belə aşağı tutduğu üçün dediyim fəlakəti evinin üstünə onun sağlığında gətirməyəcəyəm, oğlunun vaxtında gətirəcəyəm» (1 Pad. 21:27—29; 2 Pad. 10:10, 11, 17). Ürəkləri araşdıran Yehova Allah Əhəbə mərhəmət göstərdi (Məs. 17:3).

TƏVAZÖKARLIĞIN VACİBLİYİ

9. Nəyə görə Nabutun yaxınlarına təvazökar olmaq lazım idi?

9 Görəsən, Yehovanın Əhəblə bağlı qərarı onun törətdiyi dəhşətli əməldən xəbəri olan insanlara necə təsir etdi? Hadisələrin gedişatının bu cür dəyişməsi Nabutun yaxınlarının imanını sınaya bilərdi. Bu vəziyyətdə imanda sarsılmamaq üçün təvazökar olmaq lazım idi. Bu xüsusiyyət onlara Yehovanın heç  vaxt haqsızlıq etməyən Allah olduğuna güvənib Onun yolundan geri çəkilməməyə kömək edəcəkdi. (Qanunun təkrarı 32:3, 4 ayələrini oxuyun.) Yehova yeni dünyada salehləri dirildəndə Nabut, oğulları və onların doğmaları əsl ədaləti dadacaqlar (Əyy. 14:14, 15; Yəh. 5:28, 29). Həmçinin təvazökar insan əmindir ki, «Allah hər işi, hər gizli şeyi — yaxşını da, pisi də mühakimə edəcək» (Vaiz 12:14). Göründüyü kimi, Yehova hökm çıxaranda insana məlum olmayan məqamları nəzərə alır. Buna görə də, iman yolunda büdrəməmək üçün təvazökar olmaq lazımdır.

10, 11. a) Hansı vəziyyətlər imanımızı sınaya bilər? b) Təvazökarlıq bizə necə kömək edə bilər?

10 Yığıncaqda ağsaqqallar sizin başa düşmədiyiniz və razılaşa bilmədiyiniz qərar verərsə, necə münasibət göstərərsiniz? Məsələn, sizi və ya yaxınlarınızdan kimisə yığıncaqda daşıdığı məsuliyyətdən məhrum etsəydilər, nə edərdiniz? Həyat yoldaşınız, oğlunuz və ya qızınız, ya da yaxın dostunuz yığıncaqdan kənar olunarsa və siz bu qərarla razı olmazsınızsa, onda necə? Bəs günah işlədən dindaşınıza mərhəmət göstərilərsə və siz bununla razı olmasanız,  necə davranarsınız? Bu vəziyyətlər sizin Yehovaya və Onun təşkilatına etibarınızı sınaya bilər. Gəlin görək belə hallarda təvazökarlıq sizə necə kömək edə bilər.

Ağsaqqallar razılaşa bilmədiyiniz qərar verərsə, necə münasibət göstərərsiniz? (10 və 11-ci abzaslara baxın)

11 Birincisi, təvazökar olmaq bütün faktlardan agah olmadığımızı qəbul etməyə kömək edəcək. Vəziyyəti hərtərəfli bilsək belə, nəzərə almalıyıq ki, insanın ürəyini yalnız Yehova görür (1 İşm. 16:7). Bunu bilmək bizi təvazökarlıq göstərib hər şeyi bilmədiyimizi qəbul etməyə və münasibətimizi dəyişməyə təşviq edəcək. İkincisi, təvazökarlıq bizə Yehovanın haqq-ədaləti bərqərar edəcəyi vaxta qədər itaətkar və səbirli olmağa kömək edəcək. Bir hikmətli insan demişdi: «Allahdan qorxanlar xeyir tapacaq,.. amma pis adamın axırı yaxşı olmayacaq» (Vaiz 8:12, 13). Təvazökar olmaq həm sizə, həm də məsələyə aidiyyəti olan insanlara xeyir gətirəcək. (1 Butrus 5:5 ayəsini oxuyun.)

YIĞINCAQDA RİYAKARLIQ GÖRƏNDƏ

12. Biz hansı hadisəni nəzərdən keçirəcəyik və hansı məqsədlə?

12 Birinci əsrdə Suriya Antakyasında yaşayan məsihilər elə bir vəziyyətlə üzləşmişdilər ki, onların təvazökar və bağışlayan olub-olmadıqları üzə çıxacaqdı. Həmin hadisəyə nəzər salmaq bizə kömək edəcək ki, bağışlamağı bacarıb-bacarmadığımızı yoxlayaq və bağışlamağın Yehovanın ədalətə baxışı ilə necə əlaqəli olduğunu başa düşək.

13, 14. Həvari Butrusa hansı vacib məsuliyyətlər tapşırılmışdı və o, necə cəsarət göstərmişdi?

13 Məsihilər arasında həvari Butrus bir ağsaqqal kimi yaxşı ad qazanmışdı. O, İsa Məsihin dostu idi və ona bir sıra vacib məsuliyyətlər tapşırılmışdı (Mət. 16:19). Misal üçün, eramızın 36-cı ilində Allah Butrusa Kornili və onun ev əhlinə müjdəni çatdırmağı buyurmuşdu. Kornilinin sünnətsiz qeyri-yəhudi olduğunu nəzərə alsaq, bu, xüsusi bir tapşırıq idi. Kornili və onun ev əhli müqəddəs ruh alanda Butrus dedi: «Məgər kimsə bu adamların suda vəftiz olunmasına mane ola bilər? Axı onlar da, bizim kimi, müqəddəs ruh aldılar» (Həv. 10:47).

14 Eramızın 49-cu ilində həvarilər və ağsaqqallar məsihiliyi qəbul edən qeyri-yəhudilərin sünnət olunub-olunmaması ilə bağlı məsələyə aydınlıq gətirmək üçün Yerusəlimə toplaşdılar. Bu görüşdə Butrus sünnət olunmamış qeyri-yəhudilərin bir neçə il əvvəl müqəddəs ruh aldığını qardaşlara xatırlatdı. Butrusun şahidliyi birinci əsrdəki rəhbərlik şurasının qərarına güclü təsir etdi (Həv. 15:6—11, 13, 14, 28, 29). Həm yəhudi, həm qeyri-yəhudi məsihilər Butrusun cəsarətlə şahidlik etməsini çox qiymətləndirirdilər. Yəqin ki bacı-qardaşlar bu cür yetkin məsihi olduğu üçün Butrusa etibar edirdilər (İbr. 13:7).

15. Suriya Antakyasında Butrus hansı səhvə yol vermişdi? (Məqalənin əvvəlindəki şəklə baxın.)

15 Eramızın 49-cu ilində sünnət məsələsi ilə bağlı keçirilən görüşdən qısa müddət sonra Butrus Suriya Antakyasına gedir. Orada o, qeyri-yəhudi məsihilərlə ünsiyyət edirdi. Sözsüz ki, onlar Butrusun bilik və təcrübəsindən yararlanırdılar. Amma birdən Butrus onlardan uzaq gəzməyə başladı. Təsəvvür etmək olar bu bacı-qardaşlar necə məyus olmuşdular! Butrusun bu davranışı yığıncaqdakı digər yəhudilərə, hətta Barnəbaya belə sirayət etmişdi. Görəsən,  bu yetkin ağsaqqalı yığıncağın birliyi üçün təhlükə yaradan hərəkətə nə vadar etmişdi? Əgər ağsaqqal sözü və ya hərəkəti ilə xətrimizə dəyibsə, bu hadisədən nə öyrənə bilərik?

16. Butrus necə töhmət aldı və ortaya hansı suallar çıxır?

16 Qalatiyalılara 2:11—14 ayələrini oxuyun. Butrus insan qorxusuna qapılmışdı (Məs. 29:25). O, Yehovanın qeyri-yəhudilərə olan münasibətini çox yaxşı bilirdi. Bununla belə, Butrus Yerusəlim yığıncağındakı sünnət tərəfdarı olan yəhudi məsihilərdən qorxurdu. Eramızın 49-cu ilində keçirilən görüşdə həvari Bulus da var idi. O, Butrusun riyakarlıq etdiyini üzünə dedi (Həv. 15:12; Qal. 2:13). Bəs qeyri-yəhudilər Butrusun bu haqsız davranışına necə münasibət göstərdilər? Bu, onları iman yolunda büdrətdimi? Yanlış hərəkətinə görə Butrus məsuliyyətlərindən məhrum oldumu?

BAĞIŞLAYAN OLUN

17. Yehova Butrusa necə mərhəmət göstərdi?

17 Görünür, Butrus Bulusun töhmətini qəbul etdi. Müqəddəs Kitabda onun məsuliyyətlərini itirdiyi haqda heç nə yazılmayıb. Bu hadisədən sonra o, Müqəddəs Kitabın bir hissəsi olan iki məktubu yazmışdı. Qeyd edək ki, ikinci məktubunda Butrus Bulusu «əziz qardaşımız» adlandırır (2 But. 3:15). Düzdür, Butrusun səhvi qeyri-yəhudi məsihilərə pis təsir etmişdi, amma yığıncağın başı olan Məsih onu hələ ki xidmətə yararlı bilirdi (Efes. 1:22). Yığıncaq üzvləri Yehovadan və İsa Məsihdən nümunə götürərək bağışlayan olmalı idilər. Ümid edirik ki, heç kim Butrusun bu hərəkətinə görə Yehovanın yolundan dönməmişdi.

18. Hansı vəziyyətlərdə Yehovanın ədalətini əks etdirə bilərsiniz?

18 Bu gün də birinci əsrdə olduğu kimi məsihi yığıncağında kamil ağsaqqal yoxdur, «çünki hər birimiz dəfələrlə səhv edirik» (Yaq. 3:2). Hamımız bu faktı qəbul edirik, amma hansısa ağsaqqalın səhvi şəxsən bizə təsir edəndə vəziyyət dəyişir. Bu halda biz nə edəcəyik, məsələyə Yehovanın gözü ilə baxacağıq? Misal üçün, ağsaqqalın sözlərində qərəzli münasibət hiss etsəniz, özünüzü necə aparacaqsınız? Yaxud ağsaqqal düşünmədən elə bir söz deyə bilər ki, sizi yaralayar. Onda onun sözünə görə büdrəyəcəksiniz? Dərhal onun ağsaqqal olmağa layiq olmadığına qərar çıxarmaqdansa, səbirli olub yığıncağın başı olan İsa Məsihin qərar verməyini gözləyin. Məsələyə geniş baxmağa çalışın, qardaşın uzun illər Yehovaya sədaqətlə etdiyi xidməti nəzərə alın. Sizə qarşı haqsızlıq edən qardaş ağsaqqal kimi xidmət etməyə davam edirsə və hətta əlavə məsuliyyətlər alırsa, onunla birgə sevinin. Bağışlamağı bacarsanız, Yehovanın ədalətini əks etdirəcəksiniz. (Mətta 6:14, 15 ayələrini oxuyun.)

19. Haqsızlıqla üzləşəndə nə etməliyik?

19 Haqq-ədaləti sevən insanlar Yehova Allahın Şeytanın və onun zalım dünyasının səbəbkar olduğu bütün haqsızlıqları aradan qaldıracağı günü səbirsizliklə gözləyirlər (Əşy. 65:17). Amma hələ ki bu şər dünyada yaşayırıq gəlin haqsızlıqla üzləşəndə təvazökar olub bilmədiyimiz məqamların olduğunu nəzərə alaq və bizə qarşı günah işlədənləri bağışlayaq. Belə etdikdə biz Yehova Allahımız kimi, sözün əsl mənasında, ədalətlə davranacağıq.