Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

Saylar 22:1—41

MÜNDƏRİCAT

  • Balaq Bələmi çağırtdırır (1—21)

  • Bələmin ulağı danışır (22—41)

22  Sonra israillilər yola düşdülər və gəlib İordanın Əriha ilə üzbəüz sahilində, Muab çölündə düşərgə saldılar.+  Səfur oğlu Balaqın+ İsrailin amorilərə nə etdiyindən xəbəri var idi.  İsrail xalqının çoxluğu Muabı vahiməyə salmışdı. Onların qorxusundan Muabın əl-qolu yanına düşmüşdü.+  Odur ki, Muab Mədyən ağsaqqallarına dedi:+ «Öküz otlaqda ot qoymadığı kimi, bu camaat da yan-yörəmizdəki hər şeyi aşıracaq». Səfur oğlu Balaq həmin vaxt Muabın padşahı idi.  O, Baur oğlu Bələmin dalınca onun vətəninə elçilər göndərdi.+ Bələm çay* kənarında yerləşən Fəturda yaşayırdı. Balaq ona belə bir ismarıc göndərdi: «Misirdən bir xalq çıxıb. Onlar bütün yer üzünü bürüyüblər.+ İndi də düz mənimlə üzbəüz düşərgə salıblar.  Xahiş edirəm, gəl bu xalqı lənətlə.+ Bəlkə, onda onlara qalib gəlib ölkəmdən qova bildim. Axı onlar məndən güclüdürlər. Mən yaxşı bilirəm ki, sənin alqış etdiyin adam xeyir tapır, qarğış etdiyin isə lənətli olur».  Beləliklə, Muab ağsaqqalları ilə Mədyən ağsaqqalları yola düzəldilər. Özləri ilə bəxşiş də götürdülər ki, ovsunun əvəzində Bələmə versinlər.+ Gəlib çatanda Balaqın ismarıcını Bələmə çatdırdılar.  O isə dedi: «Hələlik gecəni burada qalın, görüm Yehova nə deyir, sonra sizə cavab verərəm». Muab ağsaqqalları Bələmin yanında qaldılar.  Allah Bələmin yanına gəlib soruşdu:+ «Bu adamlar kimdir?» 10  Bələm Allaha dedi: «Muab padşahı, Səfur oğlu Balaq mənə xəbər göndərib ki, 11  bəs Misirdən çıxan xalq bütün yer üzünü doldurub, gəl onları lənətlə.+ Bəlkə, onda onlarla döyüşüb onları qova bildim». 12  Allah Bələmə dedi: «Onlarla getmə. O xalqı lənətləmə. Çünki onların üstündə Mənim xeyir-duam var».+ 13  Bələm səhər qalxıb Balaqın göndərdiyi ağsaqqallara dedi: «Qayıdın öz ölkənizə. Yehova mənə sizinlə getməyə izin vermir». 14  Muab ağsaqqalları Balaqın yanına qayıdıb dedilər: «Bələm bizimlə gəlmədi». 15  Onda Balaq başqa ağsaqqallar göndərdi. Bunlar birinci dəfə gedənlərdən sayca çox və daha nüfuzlu idilər. 16  Onlar Bələmin yanına gəlib dedilər: «Səfur oğlu Balaq belə deyir: “Sən heç nəyə baxma, dur gəl. 17  Sənə əlimdən gələn hörməti edərəm. Nə desən, canla-başla eləyərəm, təki sən gəl, bu xalqı lənətlə”». 18  Bələm Balaqın adamlarına cavab verib dedi: «Balaq mənə evi dolusu qızıl-gümüş versə də, mən Allahım Yehovanın rizası olmadan bir addım da ata bilmərəm.+ 19  Amma istəyirsiniz siz də burada gecələyin, baxım görüm Yehova başqa nə deyir».+ 20  Allah gecə Bələmin yanına gəlib dedi: «Yaxşı, madam ki bu adamlar sənin dalınca gəliblər, dur get. Amma yalnız Mən deyəni deyəcəksən».+ 21  Bələm səhər qalxdı, ulağını palanlayıb Muab ağsaqqalları ilə yola düzəldi.+ 22  Ancaq Bələmin getməyi Allaha acıq gəldi. Yehovanın mələyi onu saxlamaq üçün gəlib yolun üstündə durdu. Bələm ulağına minib gedirdi; yanında iki qulluqçusu var idi. 23  Ulaq Yehovanın mələyini əlində siyrilmiş qılınc yolun üstündə durduğunu görəndə yoldan çıxıb bağa girmək istədi. Amma Bələm ulağı yola döndərmək üçün başladı onu vurmağa. 24  Yehovanın mələyi gəlib üzümlüklərin arasında, hər iki tərəfi daş hasar olan dar cığırda durdu. 25  Ulaq Yehovanın mələyini görəndə hasara qısıldı və Bələmin ayağını divara sıxdı. Bələm təzədən ulağı vurmağa başladı. 26  Yehovanın mələyi yenə də irəli keçib dar yerdə durdu. Orada nə sağa, nə də sola dönməyə yer yox idi. 27  Ulaq Yehovanın mələyini görəndə Bələmin altında yerə çökdü. Hirs Bələmin başına vurdu, başladı əlindəki çomaqla ulağı döyməyə. 28  Axırda Yehova ulağın dilini açdı+ və o, Bələmə dedi: «Axı mən sənə neyləmişəm? Bu, üçüncü dəfədir ki, məni döyürsən».+ 29  Bələm ulağa dedi: «Döyməyim neyləyim? Məni dolamısan. Heyif ki, əlimdə qılınc yoxdur, yoxsa səni tikə-tikə eləyərdim!» 30  Onda ulaq Bələmə dedi: «Bu vaxta qədər səni belində gəzdirən ulaq mən deyiləm? Heç əvvəllər belə şey eləmişəm?» Bələm: «Yox!» — deyə cavab verdi. 31  Onda Yehova Bələmin gözlərini açdı.+ O, Yehovanın mələyini, əlində qılınc yolun üstündə durduğunu gördü. Dərhal baş əyib yerədək təzim etdi. 32  Yehovanın mələyi ona dedi: «Niyə üç dəfədir ki, ulağı döyürsən? Mən səni dayandırmaq üçün gəlmişəm, çünki getdiyin yol mənim niyyətimə uyğun deyil.+ 33  Həmin üç dəfədə ulaq məni görürdü, buna görə geri çəkilirdi.+ Əgər dönməsəydi, onda vay olardı sənin halına! İndi sən ölü idin, o isə sağ qalacaqdı». 34  Bunu eşidəndə Bələm Yehovanın mələyinə dedi: «Günahkaram. Axı mən bilmirdim sən yolumu kəsmisən. Ancaq əgər sənin gözündə bu iş düz deyilsə, mən dala qayıdaram». 35  Amma Yehovanın mələyi Bələmə dedi: «Bu adamlarla get. Ancaq yalnız mən deyəni deyərsən». Beləcə, Bələm Balaqın göndərdiyi ağsaqqallarla yoluna davam etdi. 36  Balaq Bələmin gəldiyini eşidən kimi ərazisinin sərhədində, Ərnun sahilində yerləşən Muab şəhərində onun qarşısına çıxdı. 37  Balaq Bələmə dedi: «Dalınca adam göndərmişdim. Niyə gəlmədin? Yoxsa elə zənn edirdin ki, sənə layiqincə hörmət göstərə bilmərəm?»+ 38  Bələm Balaqa dedi: «Budur, gəlmişəm. Amma ixtiyarım öz əlimdə deyil. Mən yalnız Allahın dilimə qoyduğu şeyləri deyə bilərəm».+ 39  Bələm Balaqla birlikdə yola düşüb Kiryat-Həzuta gəldi. 40  Balaq qaramaldan və qoyun-quzudan qurban kəsib Bələmə və onunla olan ağsaqqallara göndərdi. 41  Səhər açılanda Balaq Bələmi Bəmut-Baala* gətirdi ki, oradan bütün xalqı görsün.+

Haşiyələr

Görünür, Fərat çayı.
Mənası: Baal yüksəklikləri.