Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

Saylar 14:1—45

MÜNDƏRİCAT

  • Xalq Misirə qayıtmaq istəyir (1—10)

    • Yuşə və Kalib yaxşı xəbər gətirir (6—9)

  • Yehova qəzəblənir; Musa xalqdan ötrü yalvarır (11—19)

  • Yehovanın cəzası: xalq 40 il səhrada dolaşmalıdır (20—38)

  • Əmaliqələr israilliləri məğlub edir (39—45)

14  Onda bütün icma haray-həşir qopardı, gecəni səhərədək ağlayıb fəğan elədi.+  Hamı bir nəfər kimi Musanın və Harunun dalınca deyinir,+ onların əleyhinə danışıb deyirdi: «Kaş ki Misirdə öləydik. Ya da elə bu səhrada canımızı tapşıraydıq!  Yehova bizi bura niyə gətirib? Qılınc ağzına verməyə?+ Arvad-uşağımız əsir düşəcək.+ Onda elə yaxşısı budur Misirə qayıdaq da».+  Hətta iş o yerə çatdı ki, onlar bir-birinə: «Gəlin özümüzə bir rəhbər seçib Misirə gedək!»+ — deməyə başladılar.  Musa ilə Harun bunu eşidəndə bütün İsrail icmasının gözü qarşısında üzüstə yerə döşəndilər.  Torpağa baxmağa gedənlərdən Nun oğlu Yuşə+ və Yufənna oğlu Kalib+ yaxalarını cırıb  israillilərə dedilər: «Gedib baxdığımız məmləkətə söz ola bilməz, çox gözəl yerdir.+  Əgər Yehova bizdən razıdırsa, onda bizi mütləq süd-bal axan o diyara aparıb oranı bizə verəcək.+  Təki siz Yehovaya qarşı qiyam etməyəsiniz, o məmləkətin əhalisindən qorxmayasınız.+ Biz onları qırıb-çatacağıq, çünki onlar müdafiəsiz qalıb. Bizim isə arxamızda Yehova durub.+ Qorxmayın onlardan». 10  Ancaq camaat sözü bir yerə qoyub onları daşqalaq etmək istəyirdi.+ Onda Yehovanın calalı Hüzur çadırının üstündə zühur edib bütün İsrail icmasına göründü.+ 11  Yehova Musaya dedi: «Nə vaxta qədər bu adamlar Mənə hörmətsizlik edəcək?+ Bu qədər möcüzəni görə-görə nə vaxta qədər Mənə iman etməyəcəklər?+ 12  Qoy canlarına azar salıb köklərini kəsim. Səndən isə onlardan böyük, onlardan güclü bir xalq yaradım».+ 13  Lakin Musa Yehovaya dedi: «Onda bu xalqı qüdrətinlə əllərindən qurtardığın misirlilər bunu eşidəcək+ 14  bu torpağın sakinlərinə danışacaqlar. Yehova, elə bu xalqlar da eşidiblər ki, Sən israillilərin arasındasan,+ onlara görünüb onlarla üz-üzə, göz-gözə danışırsan.+ Bilirlər ki, Sən Yehovasan və Sənin buludun israillilərin üzərində durur, gündüz bulud sütununda, gecə isə alov sütununda onların qarşısında gedirsən.+ 15  Əgər Sən bütün bu camaatı qırıb-çatsan, Sənin əzəmətin haqqında eşidən xalqlar deyəcəklər ki, 16  Yehova bu xalqı and içib verməyi vəd etdiyi torpağa apara bilmədi, ona görə də səhrada hamısını qırdı.+ 17  Yehova, nə olar, göstər o böyük qüdrətini, axı Sən demişdin: 18  “Yehova səbirli, məhəbbəti bol, təqsir və asiliyi bağışlayan,+ günahkarısa əsla cəzasız qoymayan, ataların günahlarının cəzasını oğullarına, nəvələrinə, üçüncü, dördüncü nəslə qədər övladlarına çəkdirən Allahdır”.+ 19  Nə olar, bu xalqı böyük məhəbbətinə görə bağışla, necə ki Misirdən çıxandan indiyədək bağışlamısan».+ 20  Onda Yehova dedi: «Sənin xahişinə görə onların günahından keçirəm.+ 21  Ancaq varlığıma and olsun, bütün yer üzü Yehovanın ehtişamı ilə dolacaq,+ 22  Mənim calalımı, Misirdə və səhrada göstərdiyim möcüzələri görə-görə+ Məni dönə-dönə* sınağa çəkən,+ səsimə qulaq asmayan adamlar+ 23  atalarına and içərək vəd etdiyim diyarı görməyəcəklər. Bəli, Mənə hörmətsizlik edənlərin heç biri oranı görməyəcək.+ 24  Lakin qulum Kalibdə+ başqa ruh gördüm. O, can-dildən Mənə itaət edir. Buna görə də onu baxmağa getdiyi torpağa aparacağam, övladları oranı mülk olaraq alacaq.+ 25  Siz isə sabah Qırmızı dəniz yolu ilə səhraya qayıdın,+ çünki dərədə əmaliqələr və kənanilər+ yaşayır». 26  Yehova Musa ilə Haruna dedi: 27  «Nə vaxta qədər bu mənfur kütlə Mənə qarşı deyinəcək?+ Eşitdim onlar Mənə qarşı necə deyinir.+ 28  Onlara de ki, Yehova belə deyir: “Varlığıma and olsun, dediyiniz şeyləri başınıza gətirəcəyəm!+ 29  Meyitiniz bu səhrada sərilib qalacaq.+ İyirmi yaşında və iyirmidən yuxarı yaşda olub siyahıya alınanların, Mənə qarşı deyinənlərin hamısı öləcək.+ 30  Yufənna oğlu Kaliblə Yuşədən başqa heç biriniz and içərək sizi məskunlaşdırmağı vəd etdiyim diyara girməyəcək.+ 31  Əsir düşəcəyindən qorxduğunuz övladlarınızı ora aparacağam.+ Sizin getmək istəmədiyiniz məmləkəti onlar görəcəklər.+ 32  Sizinsə meyitiniz bu səhrada səriləcək. 33  Oğullarınız qırx il səhrada+ çobanlıq edəcəklər. Xəyanətinizin altını onlar çəkəcək, ta sizlərdən axırıncı adam səhrada ölənə qədər.+ 34  Ölkəyə baxdığınız qırx günə+ müvafiq, qırx il+ günahınızın cəzasını çəkəcəksiniz — hər gün üçün bir il. Onda biləcəksiniz, Mənə ağ olmaq nə deməkdir*. 35  Mən Yehova sözümü dedim. Mənə qarşı toplaşan bu mənfur kütlənin aqibəti bu olacaq: ömürlərinin sonuna kimi bu səhrada qalacaq, elə burada da canları çıxacaq.+ 36  Musanın ölkəyə baxmağa göndərdiyi adamlar bəd xəbərlə geri qayıdıb bütün camaatı ona qarşı deyinməyə vadar etdilər.+ 37  Ölkə haqqında bəd xəbər gətirən bu adamların hamısı Yehovanın bəlasına gəlib öləcək.+ 38  Lakin ölkəyə baxmağa gedənlərin arasından Nun oğlu Yuşəyə və Yufənna oğlu Kalibə xətər dəyməyəcək”».+ 39  Musa bu sözləri israillilərə deyəndə camaat yasa batdı. 40  Onlar sübh tezdən durub: «Biz günah iş tutmuşuq. İndi Yehovanın dediyi yerə getməyə hazırıq», — deyərək dağın başına qalxmağa hazırlaşdılar.+ 41  Ancaq Musa dedi: «Niyə Yehovanın əmrindən kənara çıxırsınız? Bundan xeyir tapmayacaqsınız. 42  Getməyin, onsuz da düşmənlərə məğlub olacaqsınız, çünki Yehova sizinlə deyil.+ 43  Əmaliqələr, kənanilər sizi qabaqlayıblar, onlar artıq ordadırlar.+ Sizi qılıncdan keçirəcəklər. Siz Yehovanın itaətindən çıxmısınız, odur ki, Yehova sizə kömək olmayacaq».+ 44  Amma onlar heç kimə fikir verməyib dağa qalxmağa başladılar.+ Yehovanın Əhd sandığı isə düşərgədə qaldı, Musa da oradan ayrılmadı.+ 45  Həmin dağda yaşayan əmaliqələr və kənanilər aşağı enib israillilərə hücum çəkdilər, onları pərən-pərən salıb Hormaya qədər qovdular.+

Haşiyələr

Hərfən: on dəfə.
Yaxud Məni özünüzə düşmən etmək deməkdir.