Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

Mark 15:1—47

MÜNDƏRİCAT

  • İsa Pilatın önündə (1—15)

  • Camaat qarşısında ələ salınır (16—20)

  • İsanı Qolqotada edam edirlər (21—32)

  • İsanın ölümü (33—41)

  • İsanın dəfni (42—47)

15  Sübh tezdən bütün Sinedrion: böyük kahinlər, ağsaqqallar və mirzələr məşvərət keçirdi. Onlar İsanın əl-qolunu bağladılar və aparıb Pilata təhvil verdilər.+  Pilat ondan soruşdu: «Sən yəhudilərin padşahısan?»+ İsa ona cavab verdi: «Dediyin kimidir».+  Böyük kahinlər İsanı çoxlu şeydə ittiham edirdilər.  Pilat yenidən soruşdu: «Niyə cavab vermirsən?+ Gör sənə qarşı nə qədər ittiham irəli sürülür!»+  Amma İsa daha cavab vermədi. Pilat buna bərk təəccübləndi.+  Pilat adətən hər Pasxa bayramında xalqın istədiyi bir məhbusu azadlığa buraxırdı.+  O günlərdə həbsdə üsyan zamanı qətl törətmiş üsyankarlar saxlanılırdı. Barabba adında bir adam da onların arasında idi.  Camaat toplaşıb Pilatdan həmişəki kimi bir məhbusu azadlığa buraxmağı xahiş etdi.  Pilat onlara dedi: «İstəyirsiniz, sizin üçün yəhudilərin padşahını azad edim?»+ 10  O bilirdi ki, böyük kahinlər İsanı paxıllıqdan ələ veriblər.+ 11  Amma böyük kahinlər camaatı qızışdırdılar ki, İsanın yerinə Barabbanın azad olmasını istəsinlər.+ 12  Pilat onlara bir də dedi: «Bəs yəhudilərin padşahı dediyiniz bu adamla nə edim?»+ 13  Camaat təkrarən qışqırdı: «Onu dirəkdə edam et!»+ 14  Pilat onlardan soruşdu: «Axı niyə? O nə pis iş görüb ki?» Onlar daha da bərkdən qışqırdılar: «Onu dirəkdə edam et!»+ 15  Onda Pilat camaatı razı salmaq üçün Barabbanı azad etdi, İsanı isə qamçı ilə döydürəndən sonra+ dirəkdə edam etmək üçün əsgərlərə təhvil verdi.+ 16  Əsgərlər İsanı vali sarayının həyətinə apardılar. Bütün alay oraya gəldi.+ 17  Onlar İsanın əyninə bənövşəyi libas geyindirdilər, tikandan çələng hörüb başına qoydular. 18  Onlar deyirdilər: «Salam, ey yəhudilərin padşahı!»+ 19  Qamış çubuqla onun başına vurur, üzünə tüpürür, qarşısında diz çöküb təzim edirdilər. 20  Onu lağa qoyub qurtarandan sonra əynindəki bənövşəyi libası çıxardıb üst paltarını geyindirdilər və dirəyə mıxlamağa apardılar.+ 21  Əsgərlər kənddən qayıdan bir yolçunu, Aleksandr ilə Rufusun atası kirenalı Şimonu tutub, İsanın işgəncə dirəyini daşımağa məcbur etdilər.+ 22  İsanı Qolqota (mənası «kəllə» deməkdir) deyilən yerə gətirdilər.+ 23  Burada ona içinə məstedici mürr qatılmış şərab vermək istədilər,+ amma o içmədi. 24  İsanı dirəyə mıxladılar, sonra püşk atıb paltarlarını öz aralarında bölüşdürdülər.+ 25  Onu səhər saat doqquz radələrində* dirəyə mıxladılar. 26  İsanın başı üstündə bir lövhə vurdular. Lövhədə ona qarşı irəli sürülmüş ittiham yazılmışdı: «Yəhudilərin padşahı».+ 27  Onun yanında dirəyə iki quldur mıxladılar, birini sağında, birini solunda.+ 28  *—— 29  Oradan keçənlər İsanı təhqir edir, başlarını bulayıb+ deyirdilər: «Məbədi dağıdıb üç günə tikənə bax!+ 30  Ay-hay! Sən hələ özünü xilas et, işgəncə dirəyindən düş». 31  Böyük kahinlərlə mirzələr də öz aralarında onu lağa qoyur və deyirdilər: «Başqalarını xilas edirdi, özünü isə xilas edə bilmir!+ 32  Qoy İsrailin padşahı Məsih gözümüzün qabağında işgəncə dirəyindən düşsün, onda biz ona inanarıq».+ Hətta onun yanında dirəyə mıxlanmış adamlar da onu təhqir edirdilər.+ 33  Günorta saat on iki radələrində* bütün o əraziyə qaranlıq çökdü və təxminən saat üçə kimi* davam etdi.+ 34  Təxminən saat üçdə İsa ucadan: «Eli, Eli, lama sabaxtani?» — dedi, bu da «Allahım, Allahım, niyə məni tərk etdin?» deməkdir.+ 35  Orada duranlardan bəziləri bu sözləri eşidəndə dedilər: «Baxın, İlyası çağırır». 36  Bu zaman bir nəfər qaçıb süngəri turş şəraba batırdı, onu bir qamışın ucuna taxıb ona uzatdı ki, içsin.+ Sonra dedi: «Əl çəkin ondan. Görək İlyas gəlib onu dirəkdən düşürəcək». 37  İsa ucadan qışqırıb son nəfəsini verdi.+ 38  Bu zaman məbədin pərdəsi*+ yuxarıdan aşağıya cırılıb iki yerə bölündü.+ 39  Yaxınlıqda duran bir yüzbaşı baş verənləri və onun öldüyünü görəndə dedi: «Bu adam, doğrudan da, Allahın Oğlu imiş».+ 40  Orada qadınlar da var idi, onlar baş verənləri uzaqdan müşahidə edirdilər. Məcdəlli Məryəm, kiçik Yaqubla Yusifin anası Məryəm və Səlimə də onların arasında idi.+ 41  İsa Cəlilədə olanda bu qadınlar ona xidmət edir+ və onu müşayiət edirdilər. İsa ilə birlikdə Yerusəlimə gəlmiş bir çox başqa qadın da orada idi. 42  Artıq axşam düşürdü. Həmin gün Hazırlıq günü, yəni şənbə ərəfəsi olduğu üçün 43  Şuranın* hörmətli üzvü və Allahın Padşahlığını gözləyən arimataylı Yusif ora gəldi. O, cəsarətini toplayıb Pilatın yanına getdi və ondan İsanın cəsədini istədi.+ 44  Pilat İsanın öldüyünü eşidəndə onu maraq bürüdü və yanına bir yüzbaşı çağırıb İsanın ölüb-ölmədiyini xəbər aldı. 45  Yüzbaşı İsanın öldüyünü təsdiqləyəndən sonra Pilat cəsədi Yusifə verdi. 46  Yusif zərif kətan aldı, cəsədi dirəkdən düşürüb kətana bürüdü və qayada oyulmuş sərdabəyə qoydu.+ Sonra sərdabənin ağzına bir daş diyirlədi.+ 47  Məcdəlli Məryəm və Yusifin anası Məryəm cəsədin qoyulduğu yerə baxırdılar.+

Haşiyələr

Hərfən: təxminən üçüncü saatda.
Hərfən: təxminən altıncı saatda.
Hərfən: təxminən doqquzuncu saata kimi.
Bu pərdə Müqəddəs yeri Ən müqəddəs yerdən ayırırdı.
Yəni Sinedrionun.