Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

Luka 4:1—44

MÜNDƏRİCAT

  • İblis İsanı imtahana çəkir (1—13)

  • İsa Cəlilədə təbliğ etməyə başlayır (14, 15)

  • Nasirədə İsanı qəbul etmirlər (16—30)

  • Kəfərnahumdakı sinaqoqda (31—37)

  • Şimonun qayınanası və başqa adamlar sağalır (38—41)

  • İsa tənha bir yerdə; camaat onu tapır (42—44)

4  İsa müqəddəs ruhla dolaraq İordandan çıxıb getdi. Allahın ruhu onu çöllüyə apardı.+  İsa çöllükdə qırx gün qaldı. Bu müddət ərzində o, heç bir şey yemədi və qırx gün başa çatanda acdı. Orada İblis onu imtahana çəkdi.+  İblis ona dedi: «Əgər sən Allahın oğlusansa, əmr et ki, bu daş çörəyə dönsün».  Lakin İsa ona dedi: «Yazılıb: “İnsan yalnız çörəklə yaşamamalıdır”».+  Sonra İblis İsanı yüksək bir yerə qaldırdı və bir göz qırpımında dünyanın bütün səltənətlərini ona göstərib+  dedi: «Bunlar üzərində hakimiyyəti və onların cah-calalını sənə verəcəyəm, çünki bu, mənə verilib+ və mən onu kimə istəsəm, ona da verirəm.  Əgər sən mənə səcdə qılsan, bütün bunlar sənin olacaq».  İsa ona cavab verdi: «Yazılıb: “Allahın Yehovaya səcdə qıl və yalnız Ona qulluq et”».+  Sonra İblis onu Yerusəlimə gətirib məbədin ən hündür yerinə qoydu və dedi: «Əgər sən Allahın oğlusansa, özünü buradan aşağı at,+ 10  axı yazılıb: “O, mələklərinə səni qorumağı əmr edəcək” 11  və “Ayağın daşa dəyməsin deyə, səni əlləri üstündə aparacaqlar”».+ 12  Cavabında İsa dedi: «Yazılıb: “Allahın Yehovanı sınağa çəkmə”».+ 13  Beləliklə, İblis imtahanı qurtarıb başqa bir fürsət tapana qədər ondan ayrıldı.+ 14  Ruhun qüdrəti ilə dolmuş İsa Cəliləyə qayıtdı.+ Onun xoş sorağı hər tərəfə yayıldı. 15  İsa oradakı sinaqoqlarda vəz etməyə* başladı və hamının hörmətini qazandı. 16  O, boya-başa çatdığı Nasirə şəhərinə gəldi.+ Adəti üzrə şənbə günü sinaqoqa girdi+ və Müqəddəs Yazıları oxumaq üçün ayağa qalxdı. 17  Ona Əşiya peyğəmbərin tumarını verdilər. İsa tumarı açıb bu yeri tapdı: 18  «Yehovanın ruhu üzərimdədir, çünki O, məni yoxsullara müjdə vermək üçün məsh etdi. O, məni əsirlərə azadlığı və korlara işığı təbliğ etmək, məzlumlara qurtuluş vermək,+ 19  Yehovanın iltifat ilini+ təbliğ etmək üçün göndərdi». 20  Bundan sonra o, tumarı bürmələyib xidmətçiyə verdi və oturdu. Sinaqoqda olanların gözü ona zillənmişdi. 21  İsa onlara dedi: «Eşitdiyiniz bu ayələr bu gün yerinə yetdi».+ 22  Hamı onu tərifləməyə başladı və ağzından çıxan lətif kəlmələrə heyran qaldı.+ Onlar bir-birindən soruşurdular: «Məgər bu, Yusifin oğlu deyil?»+ 23  İsa onlara dedi: «Yəqin siz “Təbib, əvvəlcə özünü sağalt” məsəlini mənə aid edəcəksiniz. “Kəfərnahumda+ gördüyün işlərin sorağı qulağımıza çatıb, onlardan öz el-obanda da elə”, — deyəcəksiniz». 24  Sonra əlavə etdi: «Əslində, heç bir peyğəmbəri öz yurdunda qəbul etmirlər.+ 25  Misal üçün, İlyasın vaxtında İsraildə çoxlu dul qadın var idi. O zaman üç il altı ay yağış yağmadığından böyük qıtlıq oldu,+ 26  amma İlyas bu qadınlardan heç birinin yanına göndərilmədi. O, yalnız Sidon torpağındakı Sarfatda yaşayan dul qadının yanına göndərildi.+ 27  Həmçinin Əlyəsə peyğəmbərin vaxtında İsraildə çoxlu cüzamlı var idi, amma onlardan heç biri təmizlənmədi. Yalnız arami Neman təmizləndi».+ 28  Sinaqoqdakılar bu sözləri eşidəndə bərk qəzəbləndilər+ 29  və ayağa qalxıb tez onu şəhərdən kənara çıxartdılar. Onu şəhərin salındığı dağın sıldırımına gətirib aşağı atmaq istədilər. 30  İsa onların arasından keçib yoluna davam etdi.+ 31  Sonra o, Cəlilənin Kəfərnahum şəhərinə getdi və şənbə günləri orada vəz etməyə başladı.+ 32  Adamlar onun necə vəz etdiyinə heyran qalırdılar,+ çünki o, ixtiyar sahibi kimi danışırdı. 33  Sinaqoqda içinə cin, murdar ruh girmiş bir adam var idi. Bu adam ucadan qışqıraraq dedi:+ 34  «Ey nəsrani İsa! Bizdən nə istəyirsən?+ Bizi məhv etməyə gəlmisən? Sənin kim olduğunu yaxşı bilirəm, sən Allahın Müqəddəsisən».+ 35  Lakin İsa ona zəhmlə dedi: «Səsini kəs, ondan çıx». Cin hamının qabağında o adamı yerə sərdi və xətər yetirmədən ondan çıxdı. 36  Bunu görənlərin matı-qutu qurudu. Onlar bir-birinə deyirdilər: «Onun sözlərindəki hökmə, qüdrətə bir bax! Hətta murdar ruhlar onun əmrinə tabe olub adamlardan çıxırlar!» 37  İsanın sorağı get-gedə o bölgənin hər tərəfinə yayılırdı. 38  İsa sinaqoqdan çıxıb Şimonun evinə gəldi. Şimonun qayınanası qızdırma içində yatırdı. İsadan xahiş etdilər ki, onu sağaltsın.+ 39  O, xəstəyə yaxınlaşıb onun qızdırmasını saldı və qızdırma keçdi. Qadın dərhal ayağa qalxıb onlara qulluq etməyə başladı. 40  Günəş batanda camaat müxtəlif azarı olan xəstələrini onun yanına gətirdi. İsa əllərini hər birinin üzərinə qoyaraq onları sağaldırdı.+ 41  Bir çox adamdan cinlər çıxır və: «Sən Allahın Oğlusan!» — deyə qışqırırdı.+ Lakin İsa onlara hökm edərək danışmağı qadağan edirdi,+ çünki cinlər onun Məsih olduğunu bilirdilər.+ 42  Sübh tezdən İsa çıxıb tənha bir yerə getdi.+ Camaat isə onu axtarmağa başladı və tapanda yalvar-yaxar edib onu yolundan saxlamağa çalışdı. 43  Lakin İsa onlara dedi: «Mən Allahın Padşahlığı haqqında müjdəni başqa şəhərlərə də çatdırmalıyam, axı Allah məni bu iş üçün göndərib».+ 44  Beləliklə, İsa Yəhudiyyədəki sinaqoqlarda təbliğ edirdi.

Haşiyələr

Yaxud təlim verməyə.