Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

Luka 24:1—53

MÜNDƏRİCAT

  • İsanın dirilməsi (1—12)

  • İmmasa gedən yolda (13—35)

  • İsa şagirdlərinin qarşısında peyda olur (36—49)

  • İsa göyə qalxır (50—53)

24  Həftənin ilk günü* səhər tezdən onlar hazırladıqları ətirli otları da götürüb sərdabəyə gəldilər.+  Yaxınlaşanda gördülər ki, sərdabənin ağzındakı daşı kənara yuvarlayıblar.+  Qadınlar sərdabəyə girəndə orada İsanın cəsədini tapmadılar.+  Onlar çaşbaş qaldılar. Birdən yanlarında parlaq libasda iki nəfər peyda oldu.  Qadınlar qorxudan onların üzünə baxmadılar. Amma o iki nəfər onlara dedi: «Siz nə üçün dirini ölülər arasında axtarırsınız?+  O, burada yoxdur, dirilib. Hələ Cəlilədə olarkən onun sizə  insan Oğlunun günahlıların əlinə veriləcəyi, dirəkdə edam olunacağı, ancaq üçüncü gündə diriləcəyi barəsində dediklərini yadınıza salın».+  Qadınlar İsanın sözlərini xatırladılar+  və sərdabədən geri dönüb hər şeyi on bir həvariyə və digər şagirdlərə danışdılar.+ 10  Bu qadınlar Məcdəlli Məryəm, Yuhənnə və Yaqubun anası Məryəm idi. Onlarla olan digər qadınlar da bu haqda həvarilərə danışdılar. 11  Ancaq həvarilər qadınların dediklərini boş şey sanıb onlara inanmadılar. 12  Butrus isə ayağa qalxıb sərdabəyə qaçdı və içəri boylananda orada kəfəndən başqa bir şey görmədi. Butrus mat-məəttəl çıxıb gəldi. 13  Elə həmin gün iki şagird Yerusəlimdən təqribən on bir kilometr* aralıda yerləşən İmmas kəndinə gedirdi. 14  Onlar baş vermiş bu hadisələr barədə aralarında söhbət edirdilər. 15  Şagirdlər aralarında danışarkən İsa yaxınlaşıb onlarla yanaşı getdi. 16  Amma onlar İsanı tanımadılar.+ 17  İsa onlardan soruşdu: «Nə barədə danışırsınız?» Şagirdlər dayandılar. Onlar çox qəmgin idilər. 18  Kleopas adlı şagird ona dedi: «Sən  qəribsən, Yerusəlimdə tək qalırsan ki, xəbərin yoxdur* bu günlərdə şəhərdə nə baş verib?» 19  İsa onlardan soruşdu: «Nə olub ki?» Onlar cavab verdilər: «Nəsrani+ İsa ilə bağlı hadisələri deyirik. O, Allahın və bütün xalqın qarşısında sözdə və əməldə qüdrətli bir peyğəmbər idi.+ 20  Bizim böyük kahinlər və rəhbərlər isə onu Pilata təslim etdilər.+ O da ona ölüm hökmü kəsib dirəkdə edam etdi. 21  Eh, biz isə ümid edirdik ki, o, İsraili azad edəcək.+ Artıq bu hadisələrdən üç gün keçir. 22  Üstəlik, şagirdlər arasındakı qadınlardan bəziləri də bizi lap çaşbaş qoyublar. Onlar səhər tezdən sərdabəyə getdilər,+ 23  amma onun cəsədini orada tapmadılar. Gəlib orada qeyri-adi bir şey gördüklərini danışdılar. Guya mələklər peyda olub onun sağ olduğunu söyləyiblər. 24  Onda bizimkilərdən bəziləri sərdabəyə getdilər+ və gördülər ki, hər şey qadınların dediyi kimidir. Amma onun özünü görmədilər». 25  İsa onlara dedi: «Ey ağılsızlar! Ey peyğəmbərlərin dediklərinə inanmayan ürəyi hissiyyatsızlar! 26  Məgər Məsih bu əzablara qatlaşmalı+ və sonra şərəfə çatmalı deyildi?»+ 27  Sonra Musadan və bütün Peyğəmbərlərdən+ başlayıb Müqəddəs Yazılarda özünə aid olan şeyləri bir-bir onlara izah etdi. 28  Nəhayət, onlar kəndə çatdılar. Amma İsa özünü elə apardı ki, guya yoluna davam edir. 29  Onda şagirdlər təkid etdilər: «Artıq axşam düşür, qaş qaralır. Bizimlə qal». İsa razılaşıb içəri girdi. 30  Süfrədə oturan zaman İsa çörəyi götürüb dua etdi, sonra bölüb onlara verdi.+ 31  Onda şagirdlərin gözü tam açıldı və onu tanıdılar. Lakin İsa qeyb oldu.+ 32  Onlar bir-birinə dedilər: «Məgər o, yolda bizimlə danışanda, Müqəddəs Yazıları bizə izah edəndə ürəyimiz alışıb yanmırdı?» 33  Onlar yubanmadan Yerusəlimə qayıtdılar və gördülər ki, on bir həvari və digər şagirdlər bir yerə yığışıblar. 34  Oradakılar dedilər: «Doğrudan da, Ağa dirilib və Şimona görünüb!»+ 35  Onda iki şagird də yolda baş vermiş hadisəni və İsa çörəyi bölərkən onu necə tanıdıqlarını hamıya danışdılar.+ 36  Onlar bütün bunlardan danışarkən İsa özü orada peyda olub: «Sizə salam olsun», — dedi.+ 37  Amma şagirdlər bərk qorxdular, onları dəhşət bürüdü, elə zənn etdilər ki, qabaqlarındakı ruhdur. 38  İsa onlara dedi: «Niyə qorxursunuz? Nə üçün ürəyinizdə şübhələr var? 39  Əllərimə, ayaqlarıma baxın. Bu, mənəm. Mənə toxunun, baxın, axı ruhun əti və sümüyü olmur, məndə isə var». 40  İsa bunları deyib əllərini və ayaqlarını onlara göstərdi. 41  Onlar sevinc və heyrət içində idilər, amma hələ də inana bilmirdilər. Onda İsa soruşdu: «Yeməyə bir şeyiniz var?» 42  Ona bir tikə qızardılmış balıq verdilər. 43  O, balığı götürüb onların gözü qabağında yedi. 44  Sonra İsa belə dedi: «Hələ sizinlə olanda sizə məhz bu haqda danışmışdım.+ Sizə demişdim ki, Musanın Tövratında*, Peyğəmbərlərin kitabında və Zəburda mənim haqqımda yazılanlar yerinə yetməlidir».+ 45  Sonra İsa Müqəddəs Yazıların mənasını anlamaq üçün onların zehnini tam açdı+ 46  və dedi: «Müqəddəs Yazılar deyir ki, Məsih əzab çəkəcək, ölüb üçüncü gündə diriləcək,+ 47  Yerusəlimdən başlayaraq+ bütün xalqlara+ onun adı ilə günahların bağışlanması+ üçün tövbə təbliğ olunacaq. 48  Siz bunların şahidi olacaqsınız.+ 49  Mən Atamın vəd etdiyi ənamı sizə göndərəcəyəm. Ona görə də göydən gələn gücü almayınca şəhərdən çıxmayın».+ 50  İsa onları Beytaniyyəyə kimi gətirdi, sonra əllərini qaldırıb onlara xeyir-dua verdi. 51  İsa onlara xeyir-dua verərkən onlardan ayrıldı və göyə qalxdı.+ 52  Şagirdlər ona təzim edib böyük sevinclə Yerusəlimə qayıtdılar.+ 53  Onlar daima məbəddə olurdular və Allahı mədh edirdilər.+

Haşiyələr

Yaxud bazar günü. Yəhudilərdə həftə bazar günündən başlayırdı.
Hərfən: 60 stadi. B14 əlavəsinə bax.
Digər variant: Yerusəlimə gələn qonaqların içində təkcə sənin xəbərin yoxdur?