Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

Luka 14:1—35

MÜNDƏRİCAT

  • Bədəninə su yığılan kişi şənbə günü sağalır (1—6)

  • Məclisdə özünü aşağı tut (7—11)

  • Sənə verməyə heç nələri olmayanları qonaq çağır (12—14)

  • Üzrxahlıq edən qonaqlar məsəli (15—24)

  • Şagirdlik yolunda qurbanlar (25—33)

  • Dadını itirmiş duz (34, 35)

14  Bir şənbə günü İsa fərisilərin rəhbərlərindən birinin evinə nahara getdi. Oradakılar İsaya göz qoyurdular.  İsanın qarşısında bədəninə su yığılan bir xəstə vardı.  İsa bu adamı görəndə qanunşünaslardan və fərisilərdən soruşdu: «Necə bilirsiniz, şənbə günü adam sağaltmaq düzgündür, ya yox?»+  Amma onlar dinmədilər. Onda İsa xəstəyə toxunub onu sağaltdı və yola saldı.  Sonra onlara dedi: «Hansınızın oğlu ya öküzü şənbə günü quyuya düşsə,+ dərhal onu oradan dartıb çıxarmaz?»+  Onlar cavab verə bilmədilər.  İsa qonaqların yuxarı başda yer axtardığını görəndə onlara bir məsəl çəkdi:+  «Kimsə səni toy məclisinə dəvət edəndə yuxarı başa keçmə.+ Ola bilsin, məclisə səndən daha adlı-sanlı bir adam çağırılıb.  Belə olduqda toy yiyəsi gəlib sənə deyəcək: “Yerini bu adama ver”. Onda sən xəcalətlə aşağı başa keçməli olacaqsan. 10  Amma səni bir yerə çağıranda aşağı başda otur. Məclis yiyəsi gəlib sənə deyəcək: “Qardaş, keç yuxarı başa”. Onda bütün qonaqların qarşısında hörmətli olarsan.+ 11  Çünki özünü yüksəldən alçaldılacaq, özünü alçaldan isə yüksəldiləcək».+ 12  Sonra İsa onu dəvət etmiş adama dedi: «Qonaqlıq verəndə evinə dostlarını, qohum-qardaşını və ya varlı-hallı qonşularını çağırma. Gün gələr, onlar da səni öz evlərinə dəvət edərlər, onda əvəz-əvəz olarsınız. 13  Qonaqlıq verəndə evinə kasıbları, şikəstləri, çolaqları, korları çağır.+ 14  Bax, onda xoşbəxt olacaqsan, çünki bu adamların sənə verməyə heç nələri yoxdur. Salehlər diriləndə+ əvəzini alacaqsan». 15  Bunu eşidəndə qonaqlardan biri dedi: «Allahın Padşahlığında çörək yeyən nə xoşbəxtdir!» 16  İsa ona dedi: «Bir adam böyük bir ziyafət verməyə hazırlaşırdı.+ O, evinə çoxlu qonaq dəvət etmişdi. 17  Ziyafət vaxtı gələndə bu adam nökərini göndərdi ki, onlara desin: “Hər şey hazırdır, gəlin”. 18  Amma onların hamısı bəhanə gətirməyə başladı.+ Biri dedi: “Tarla almışam, gərək gedib ona baxım. Xahiş edirəm, məni üzrlü hesab elə”. 19  Başqası dedi: “Beş cüt öküz almışam, onları yoxlamağa gedirəm. Nə olar, məni üzrlü say”.+ 20  Başqa birisi dedi: “Təzəcə evlənmişəm, gələ bilmərəm”. 21  Nökər qayıdıb onların sözlərini ağasına çatdırdı. Onda ev yiyəsi qəzəblənib nökərinə dedi: “Durma, tez şəhərin baş küçələrinə və yollara çıx, kasıbları, şikəstləri, korları və çolaqları yığ bura gətir”. 22  Bir azdan nökər gəlib dedi: “Ağa, əmrini yerinə yetirdim, amma hələ bir az da yer qalıb”. 23  Ağa nökərə dedi: “Yollarda, cığırlarda kimi tapsan hamını məcbur edib bura gətir ki, evim dolsun.+ 24  Bunu bilin ki, qabaqcadan dəvət etdiyim qonaqlardan heç biri mənim şam yeməyimin dadına baxmayacaq”».+ 25  İsa ilə çoxlu adam gedirdi. O çönüb onlara dedi: 26  «Yanıma gəlib, amma ata-anasını, arvadını, uşaqlarını, bacı-qardaşını, bəli, hətta həyatını+ məndən çox sevən mənim şagirdim ola bilməz.+ 27  İşgəncə dirəyini götürüb mənim arxamca gəlməyən mənim şagirdim ola bilməz.+ 28  Misal üçün, sizdən kimsə bir qüllə tikmək fikrinə düşsə, məgər tikintini qurtarmağa gücünün çatıb-çatmayacağını bilmək üçün əvvəlcə oturub məsrəfləri hesablamaz? 29  Əks təqdirdə, bünövrəni qoyacaq, amma tikintini qurtara bilməyəcək. Onda camaat: 30  “Bu adam tikməyə başladı, amma qurtara bilmədi”, — deyib ona güləcək. 31  Yaxud müharibəyə çıxan hansı padşah əvvəlcə oturub məsləhətçiləri ilə məşvərət etməz ki, görsün on min əsgərilə düşmənin iyirmi min əsgərinə qalib gələ biləcək, ya yox? 32  Əgər gücü çatmırsa, rəqib padşah hələ uzaqda ikən elçilərini göndərib onunla sülh bağlamağa çalışacaq. 33  Əmin ola bilərsiniz, əmlakından əl çəkməyən adam mənim şagirdim ola bilməz.+ 34  Duz, əlbəttə ki, yaxşı şeydir. Amma o, öz dadını itirsə, onun dadını necə qaytarmaq olar?+ 35  O, artıq nə torpağa, nə də gübrəyə yarayar. Onu tullayarlar. Qulağı olan, qoy eşitsin».+

Haşiyələr