Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

Luka 11:1—54

MÜNDƏRİCAT

  • İsa dua etməyi öyrədir (1—13)

    • Nümunə üçün dua (2—4)

  • İsa Allahın gücü ilə cinləri qovur (14—23)

  • Murdar ruh çıxdığı evə qayıdır (24—26)

  • Əsil xoşbəxtlik (27, 28)

  • Yunusun əlaməti (29—32)

  • Bədənin çırağı (33—36)

  • İkiüzlü din rəhbərlərinin vay halına! (37—54)

11  Günlərin bir günü İsa dua edirdi. Duasını qurtaranda bir şagirdi ondan xahiş etdi: «Ağa, Yəhya şagirdlərinə öyrətdiyi kimi, sən də bizə dua etməyi öyrət».  İsa onlara dedi: «Dua edəndə deyin: “Ata, qoy adın müqəddəs tutulsun.+ Qoy Padşahlığın gəlsin.+  Hər gün bizə gündəlik ruzimizi* ver+  və günahlarımızı bağışla,+ çünki özümüz də bizə qarşı günah iş tutmuş* hər kəsi bağışlayırıq.+ Qoyma yolumuzu azaq”».+  Sonra İsa onlara belə dedi: «Tutaq ki, sizlərdən kiminsə bir dostu var. O, gecə yarısı dostunun evinə gedib deyir: “Dostum, mənə üç çörək ver,  indicə yoldan bir dostum gəlib, onun qabağına qoymağa heç nəyim yoxdur”.  Ev sahibi içəridən deyir: “Məni narahat eləmə. Qapı bağlıdır, uşaqlarım da yanımda yatırlar. Mən durub sənə heç nə verə bilmərəm”.  Sizə onu deyim ki, bu adam dostluq xatirinə durub ona heç nə verməsə də, dostu israr etdiyi+ üçün duracaq və istədiyi şeyi ona verəcək.  Beləliklə, durmadan diləyin,+ sizə veriləcək; durmadan axtarın, tapacaqsınız; durmadan qapını döyün, sizə açacaqlar.+ 10  Çünki diləyən istədiyini alır,+ axtaran tapır və qapını döyənə açırlar. 11  Doğrudan da, məgər aranızda elə bir ata var ki, oğlu balıq istəyəndə balıq əvəzinə ona ilan versin?+ 12  Yaxud yumurta istəyəndə ona əqrəb versin? 13  Beləliklə, əgər siz pis olduğunuz halda, uşaqlarınıza yaxşı şeylər verə bilirsinizsə, məgər göydəki Ata Ondan istəyənlərə müqəddəs ruh verməyəcək?»+ 14  Daha sonra İsa bir nəfərdən insanı lal edən cini qovdu.+ Cin çıxandan sonra həmin adam danışmağa başladı. Camaatı heyrət bürüdü.+ 15  Amma bəziləri dedilər: «Bu adam cinlərin hökmdarı Beelzebubun* əli ilə cinləri qovur».+ 16  Başqaları isə onu sınamaq üçün göydən bir əlamət+ göstərməsini istədilər. 17  Onların ürəyindəkiləri bilən+ İsa dedi: «Daxildən parçalanmış hər bir padşahlıq dağılacaq, daxildən parçalanmış ev uçacaq. 18  Əgər Şeytan da içəridən parçalanıbsa, onun padşahlığı necə davam gətirəcək? Axı deyirsiniz ki, mən cinləri Beelzebubun əli ilə qovuram. 19  Əgər mən cinləri Beelzebubun əli ilə qovuramsa, görəsən, sizin şagirdləriniz onları kimin əli ilə qovur? Buna görə də sizi onlar məhkum edəcəklər. 20  Yox əgər mən cinləri Allahın gücü*+ ilə qovuramsa, deməli, Allahın Padşahlığı gəlib, sizin isə xəbəriniz yoxdur.+ 21  Güclü, yaraq-yasaqlı bir adam imarətinin keşiyini çəkirsə, onun əmlakı üçün qorxu yoxdur. 22  Amma ondan güclüsü onun evinə basqın edib onu üstələyərsə, güvəndiyi yaraq-yasağı götürər və qarət etdiyi şeyləri başqaları ilə bölüşər. 23  Mənim tərəfimdə olmayan mənim əleyhimədir və mənimlə bir yerdə yığmayan dağıdır.+ 24  Murdar ruh insandan çıxandan sonra özünə rahat yer tapmaq üçün quraq yerlərdə gəzib-dolaşır. Lakin bir yer tapmayanda öz-özünə deyir: “Çıxdığım evə qayıdım”.+ 25  Geri qayıdanda görür ki, ev silinib-süpürülüb və bərbəzək içindədir. 26  Onda o gedir və özündən betər başqa yeddi ruh götürüb gəlir. Onlar o evə girib orada məskunlaşırlar. O adamın axırı əvvəlindən də pis olur». 27  İsa danışarkən camaatın arasından bir qadın ucadan dedi: «Səni bətnində daşıyan, səni əmizdirən qadın nə xoşbəxtdir!»+ 28  Ancaq İsa dedi: «Əksinə, Allahın sözünü eşidib ona əməl edənlər xoşbəxtdirlər!»+ 29  İsanın ətrafına daha çox adam yığışanda o dedi: «Bu nəsil şər nəsildir. O, əlamət axtarır, amma ona Yunusun əlamətindən savayı başqa bir əlamət verilməyəcək.+ 30  Yunus+ neynəvalılar üçün bir əlamət olduğu kimi, insan Oğlu da bu nəsil üçün bir əlamət olacaq. 31  Hökm vaxtı cənub məlikəsi+ bu nəslin adamları ilə birlikdə dirilib onları məhkum edəcək. Çünki məlikə Süleymanın hikmətini dinləmək üçün dünyanın o başından durub gəlmişdi, hərçənd burada Süleymandan daha hikmətlisi durub.+ 32  Hökm vaxtı neynəvalılar bu nəslin adamları ilə birlikdə dirilib onları məhkum edəcəklər. Çünki neynəvalılar Yunusun bəyan etdiyi hökmü eşidəndə tövbə etdilər,+ hərçənd burada Yunusdan daha böyük insan durub. 33  Çırağı yandırıb gizli yerə və ya səbət altına qoymurlar. Əksinə, onu çıraqdana+ qoyurlar ki, otağa girən işığı görsün. 34  Bədənin çırağı gözdür. İnsanın gözü toxdursa*, deməli, bütün bədəni nur içindədir. Yox əgər gözü acdırsa, deməli, bütün bədəni zülmət içindədir.+ 35  Buna görə də ayıq ol. Qoyma içindəki işıq zülmət olsun. 36  Əgər bədənin büsbütün nur içindədirsə və onun heç bir hissəsi zülmətdə deyilsə, çıraq səni işıqlandırdığı kimi, bədənin də tamamilə nura qərq olacaq». 37  İsa sözünü qurtaranda bir fərisi onu nahara dəvət etdi. İsa onun evinə girib süfrə arxasında əyləşdi. 38  Fərisi İsanın nahardan əvvəl yuyunmadığını* görəndə təəccübləndi.+ 39  Ağa ona dedi: «Siz fərisilər, camı və nimçəni üstdən təmizləyirsiniz, amma daxiliniz acgözlük və pisliklə doludur.+ 40  Ağılsızlar! Məgər zahiri yaradan daxili də yaratmayıb? 41  Siz ürəkdən sədəqə verin, onda sizin üçün hər şey təmiz olacaq. 42  Vay halınıza, fərisilər! Çünki siz nanə, sədəfotu və digər göyərtilərin onda birini verirsiniz,+ amma ədalətə və Allaha qarşı məhəbbətə barmaqarası baxırsınız. Ondabiri vermək borcunuzdur, amma gərək qalan şeylərə də etinasız yanaşmayaydınız.+ 43  Vay halınıza, fərisilər! Çünki siz sinaqoqlarda qabaq cərgələrdə oturmağı, bazar meydanlarında camaatdan salam almağı sevirsiniz.+ 44  Vay halınıza, çünki siz adamların bilmədən tapdalayıb keçdikləri gözə çarpmayan qəbirlər+ kimisiniz». 45  Onda bir qanunşünas İsaya dedi: «Ustad, bu sözlərlə sən bizi də təhqir edirsən». 46  İsa ona cavab verdi: «Ey qanunşünaslar, vay sizin də halınıza! Çünki siz camaatın boynuna ağır yük qoyursunuz, özünüz isə barmağınızı da o yükə vurmaq istəmirsiniz.+ 47  Vay halınıza, çünki siz peyğəmbərlər üçün türbələr ucaldırsınız, halbuki onları öldürən elə sizin atalarınız olub.+ 48  Atalarınızın əməllərindən xəbəriniz var, bununla belə, onların əməlləri ilə razılaşırsınız: onlar peyğəmbərləri öldürüblər,+ siz isə həmin peyğəmbərlər üçün türbələr ucaldırsınız. 49  Buna görə də Allahın hikməti demişdir: “Mən onlara peyğəmbər və həvari göndərəcəyəm. Onlardan bəzisini öldürəcək, bəzisinə zülm edəcəklər. 50  Beləcə, bəşərin təməli qoyulandan bəri bütün peyğəmbərlərin, 51  Habildən+ tutmuş qurbangahla Allahın evi arasında öldürülmüş Zəkəriyyəyə qədər hamısının axıdılmış qanına+ görə bu nəsil cavab verəcək”.+ Bəli, buna görə bu nəsil cavab verəcək. 52  Vay halınıza, ey qanunşünaslar! Çünki siz bilik qapısının açarını götürmüsünüz. Özünüz də içəri girmədiniz, girmək istəyənləri də qoymursunuz».+ 53  İsa oradan çıxanda mirzələr və fərisilər onu dövrəyə aldılar, sıxışdıraraq ona sual yağdırmağa başladılar. 54  Onlar İsanı sözdə tutmaq üçün fürsət axtarırdılar.+

Haşiyələr

Hərfən: çörəyimizi.
Hərfən: bizə borcu olan.
Bu ad Şeytana aid işlənir.
Hərfən: barmağı.
Yaxud gözü bir şeyə cəmlənibsə.
Burada söhbət dini ayinin icrasından gedir.