Kontentə keç

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab | MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

Luka 1:1—80

MÜNDƏRİCAT

  • Teofilə müraciət (1—4)

  • Cəbrayıl Vəftizçi Yəhyanın doğulacağını xəbər verir (5—25)

  • Cəbrayıl İsanın doğulacağını xəbər verir (26—38)

  • Məryəm İlsəbanın yanına gəlir (39—45)

  • Məryəm Yehovanı mədh edir (46—56)

  • İlsəba uşaq doğur, adını Yəhya qoyurlar (57—66)

  • Zəkəriyyə peyğəmbərlik söyləyir (67—80)

1  Möhtərəm Teofil!+ Bir çoxları hamımızın doğruluğuna əmin olduğu hadisələr barədə yazmağa cəhd edib.+  (Bu hadisələri başlanğıcdan onların şahidi olmuş+ və Allahın sözünü bəyan edən insanlar+ bizə söyləmişlər.)  Odur ki, mən də onları sənə ardıcıllıqla yazmaq qərarına gəldim, çünki hər şeyi lap başdan dəqiqliklə araşdırmışam.  Beləcə, sən eşidib öyrəndiyin şeylərin doğruluğuna tam əmin ola bilərsən.+  Yəhudiyyə padşahı Hirodun* günlərində+ Əbiyya+ bölüyünə mənsub olan Zəkəriyyə adlı bir kahin vardı. Onun arvadı İlsəba Harun nəslindən idi.  Onların ikisi də Yehovanın qarşısında saleh idi, Onun bütün əmr və qanunlarına riayət edib təmiz həyat sürürdülər.  Amma uşaqları yox idi. İlsəba sonsuz idi və hər ikisi artıq qocalmışdı.  Bir gün Zəkəriyyə öz bölüyünün+ növbətçiliyi zamanı Allah qarşısında kahinlik xidmətini icra edirdi.  Kahinlik qaydası üzrə Yehovanın məbədinə girib+ buxur təqdim etmək+ növbəsi ona çatmışdı. 10  Buxur təqdim edilən vaxt bütün camaat bayırda dua edirdi. 11  Birdən Yehovanın mələyi buxur qurbangahının sağ tərəfində peyda olub Zəkəriyyəyə göründü. 12  Zəkəriyyə mələyi görəndə təşvişə düşüb bərk qorxdu. 13  Lakin mələk ona dedi: «Zəkəriyyə, qorxma, çünki Allah sənin yalvarışını eşitdi. Arvadın İlsəba sənə bir oğul doğacaq. Adını Yəhya qoyarsan.+ 14  Sən sevinib-şadlanacaqsan, onun doğulmasına çoxları sevinəcək,+ 15  çünki o, Yehovanın gözündə böyük olacaq.+ Amma onun dilinə şərab və başqa kefləndirici içki dəyməməlidir.+ O, hələ anasının bətnində ikən müqəddəs ruhla dolacaq.+ 16  İsrail oğullarının bir çoxunu onların Allahı Yehovaya tərəf döndərəcək.+ 17  Həmçinin ataların ürəyini uşaqlara,+ itaətsizləri salehlərin hikmətinə yönəltmək və xalqı Yehova üçün hazırlamaqdan ötrü+ Onun qarşısında İlyasın ruhu və gücü+ ilə yeriyəcək». 18  Zəkəriyyə mələyə dedi: «Bu necə ola bilər? Axı mən də, arvadım da qocayıq». 19  Mələk cavabında ona dedi: «Mən Allahın hüzurunda+ duran Cəbrayılam+ və bu şad xəbəri sənə söyləmək üçün göndərilmişəm. 20  Amma bunlar baş verənə qədər dilin tutulacaq, danışa bilməyəcəksən, ona görə ki vaxtı gələndə yerinə yetəcək sözlərimə inanmadın». 21  Bu arada camaat Zəkəriyyəni gözləyirdi və onun məbəddə ləngidiyinə mat qalmışdı. 22  O, çölə çıxanda camaatla danışa bilmədi. Onda adamlar onun məbəddə qeyri-adi bir şey gördüyünü başa düşdülər. Zəkəriyyənin dili açılmırdı, o, camaatla işarələrlə danışırdı. 23  O, məbəddə müqəddəs xidməti icra edib qurtarandan sonra evinə qayıtdı. 24  Bundan bir müddət sonra onun arvadı İlsəba hamilə qaldı və beş ay evdən bayıra çıxmadı. O belə deyirdi: 25  «Görün Yehova mənə necə yaxşılıq etdi! O, mənə nəzər saldı, məni el içində rüsvayçılıqdan qurtardı».+ 26  İlsəbanın hamiləliyinin altıncı ayında Allah Cəbrayıl+ mələyi Cəlilənin Nasirə şəhərinə, 27  Davudun nəslindən olan Yusif adlı adamın nişanlısının+ yanına göndərdi. Qızın adı Məryəm idi.+ 28  Mələk qızın yanına gəlib dedi: «Salam, ey Allahın mübarək bəndəsi! Yehova səninlədir!» 29  Bu sözlərdən bərk həyəcanlanan Məryəm bu salamın nə demək olduğunu fikirləşməyə başladı. 30  Onda mələk dedi: «Məryəm, qorxma, sən Allahın gözündə lütf tapmısan. 31  Sən hamilə qalıb oğul doğacaqsan.+ Onun adını İsa qoyarsan.+ 32  O, böyük olacaq,+ Haqq-Taalanın Oğlu adlanacaq.+ Yehova Allah ona atası Davudun taxtını verəcək.+ 33  O, Yaqubun evi üzərində əbədiyyən hökmranlıq edəcək, onun Padşahlığının sonu olmayacaq».+ 34  Məryəm isə mələyə dedi: «Bu, necə ola bilər? Axı mənim kişi ilə yaxınlığım olmayıb?»+ 35  Mələk cavabında ona dedi: «Müqəddəs ruh üzərinə gələcək,+ Haqq-Taalanın gücü sənin üstünə kölgə salacaq. Buna görə də bətnindən çıxana müqəddəs deyiləcək,+ o, Allahın Oğlu* adlanacaq.+ 36  Bax, sonsuz adlandırılan qohumun İlsəba da qoca yaşında bir oğlan uşağına hamilə qalıb və artıq altıncı ayındadır. 37  Çünki Allahın dediyi hər bir söz mütləq yerinə yetir».+ 38  Onda Məryəm dedi: «Mən Yehovanın quluyam! Qoy sən deyən kimi olsun». Bundan sonra mələk qızdan ayrıldı. 39  Məryəm dərhal yığışıb Yəhudanın dağlıq bölgəsindəki bir şəhərə getdi. 40  Zəkəriyyənin evinə girib İlsəbanı salamladı. 41  İlsəba Məryəmin salamını eşidəndə bətnindəki uşaq tərpəndi. İlsəba müqəddəs ruhla doldu və 42  ucadan dedi: «Qadınlar arasında bəxtiyarsan, bətnindəki uşaq da bəxtiyardır! 43  Gör mənə necə böyük şərəf nəsib olub! Ağamın anası yanıma gəlib! 44  Bax, salamını eşidən kimi bətnimdəki uşaq sevincindən tərpəndi. 45  İman gətirdiyin üçün xoşbəxtsən, Yehovanın sənə söylədiyi hər şey yerinə yetəcək». 46  Məryəm dedi: «Qəlbim Yehovanı ucaldır,+ 47  ruhum Allahıma, Xilaskarıma görə cuşa gəlir,+ 48  çünki O, fağır bəndəsinə fikir verdi.+ Bundan sonra bütün nəsillər mənə bəxtiyar deyəcəklər.+ 49  Qüdrətli Allahım mənim üçün böyük işlər gördü. Onun adı müqəddəsdir.+ 50  Ondan qorxanlara nəsildən-nəslə mərhəmət göstərir.+ 51  Qolunun qüvvəti ilə böyük işlər gördü, ürəyində təkəbbürlü niyyət tutanları pərən-pərən etdi.+ 52  O, güclüləri taxtdan saldı,+ fağırları yüksəltdi.+ 53  Acları naz-nemətlə doyurdu,+ varlıları əliboş qaytardı. 54  O, qulu İsrailin imdadına çatdı. 55  Bununla göstərdi ki, İbrahimə və onun övladlarına*+ mərhəmət göstərəcəyi haqda verdiyi vədi heç vaxt unutmur.+ O, bunu ata-babalarımıza söyləmişdi». 56  Məryəm İlsəbanın yanında təqribən üç ay qaldı və sonra evinə qayıtdı. 57  İlsəbanın doğmaq vaxtı gəldi və o, bir oğlan uşağı doğdu. 58  Qohumlar, qonşular Yehovanın ona böyük mərhəmət göstərdiyini eşidib onunla birgə sevindi.+ 59  Səkkizinci gün onlar uşağı sünnət etməyə gəldilər+ və ona atası Zəkəriyyənin adını qoymaq istədilər. 60  Lakin uşağın anası dedi: «Yox! Onun adı Yəhya olacaq». 61  Ona dedilər: «Axı qohumlarınız arasında bu adda adam yoxdur». 62  Sonra gedib uşağa hansı adı qoymaq istədiyini işarə ilə atasından soruşdular. 63  O, bir lövhəcik istədi və orada «uşağın adı Yəhyadır»+ yazdı. Hamı buna təəccüb etdi. 64  O anda Zəkəriyyənin dili açıldı, danışıq qabiliyyəti özünə qayıtdı+ və o, Allaha alqış oxumağa başladı. 65  Onlarla qonşuluqda yaşayanların hamısı qorxuya düşdü. Bu hadisələrin sorağı Yəhudiyyənin bütün dağlıq bölgəsinə yayıldı. 66  Bunları eşidənlər: «Görəsən, bu uşaq kim olacaq?» — deyə düşünürdülər, çünki Yehova onunla idi. 67  Uşağın atası Zəkəriyyə müqəddəs ruhla dolub peyğəmbərlik etməyə başladı: 68  «İsrailin Allahı Yehovaya alqış olsun!+ Çünki O, Öz xalqına nəzər saldı, ona nicat yolunu açdı.+ 69  Qulu Davudun evindən+ bizə güclü bir xilaskar*+ yetirdi. 70  O, qədimdə yaşamış müqəddəs peyğəmbərləri vasitəsilə+ 71  bizi düşmənlərimizin və bizə nifrət edənlərin əlindən qurtaracağını söyləmişdi.+ 72  O, ata-babalarımıza vəd etdiyi kimi, bizə mərhəmət göstərəcək, müqəddəs əhdini,+ 73  atamız İbrahimə içdiyi andı yadına salacaq.+ 74  Bizi düşmənlərin əlindən qurtardıqdan sonra Ona ömür boyu cəsarətlə, 75  sədaqət və salehlik içində qulluq etmək şərəfini bizə nəsib edəcək. 76  Ey körpə, sən isə Haqq-Taalanın peyğəmbəri adlanacaqsan, ona görə ki Yehovanın qarşısında gedib Onun yollarını hazırlayacaqsan,+ 77  Onun xalqına günahların əfvi vasitəsilə xilas olunacağını bildirəcəksən.+ 78  Bu, Allahımızın rəhmi sayəsində olacaq. Bu rəhmin sayəsində göydən gələn şəfəq üzərimizə nur saçacaq, 79  zülmətdə və ölüm kölgəsində oturanlara işıq verəcək,+ addımlarımızı sülh yoluna yönəldəcək». 80  Uşaq böyüyür, ruhən möhkəmlənir və İsrail xalqının qarşısına çıxmaq vaxtı gələnə qədər çöllükdə yaşayırdı.

Haşiyələr

Hərfən: toxumuna.
Hərfən: xilas buynuzu. Lüğətdə «buynuz» sözünə bax.