Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

Hizqiyal 7:1—27

MÜNDƏRİCAT

  • Ölkənin axırı çatıb (1—27)

    • Görünməmiş müsibət gəlir (5)

    • Pul-para küçələrə töküləcək (19)

    • Məbəd murdarlanacaq (22)

7  Mənə yenə Yehovanın sözü nazil oldu:  «Sən isə, ey bəni-adəm, İsrailə Külli-İxtiyar Yehovanın sözlərini çatdır: “Sondur! Bütün ölkənin axırı çatıb.  Sizin axırınız gəlib. Qeyz-qəzəbimi üstünüzə boşaldacağam. Əməllərinizə görə sizə hökm çıxaracağam. Bütün mənfur işlərinizə görə cavab verəcəksiniz.  Sizə rəhmim gəlməyəcək, halınıza acımayacağam.+ Öz əməllərinizin bəhrəsini qabağınıza çıxaracağam, murdar işlərinizin nəticəsini biçəcəksiniz.+ Onda biləcəksiniz ki, Mən Yehovayam”.+  Külli-İxtiyar Yehova belə deyir: “Budur, müsibət gəlir, görünməmiş müsibət.+  Son yaxınlaşır. Son gəlir, qəflətən sizi haqlayacaq. Budur, gəlir!  Vaxtınız çatıb*, ey ölkə sakinləri! Az qalıb, o gün yaxındır.+ Hər yanda çaxnaşma var, dağlarda sevinc hayqırtıları eşidilməz olub.  Lap az qalıb, tezliklə hiddətimə tuş olacaqsınız,+ kükrəyən qəzəbimi üstünüzə yağdıracağam.+ Əməllərinizə görə sizə hökm çıxaracağam. Bütün mənfur işlərinizə görə cavab verəcəksiniz.  Sizə rəhmim gəlməyəcək, halınıza acımayacağam.+ Öz əməllərinizin bəhrəsini qabağınıza çıxaracağam, murdar işlərinizin nəticəsini biçəcəksiniz. Onda biləcəksiniz ki, sizi vuran Mən Yehovayam.+ 10  Budur, həmin gün! Gəlir!+ Vaxtınız çatıb*. Cəza dəyənəyim hazırdır, düşmənin təkəbbürü aşıb-daşır. 11  Zorakılıq pislik əleyhinə dəyənəyə çevrilib.+ Nə özlərindən, nə sərvətlərindən, nə saylarından, nə də ad-sanlarından əsər-əlamət qalmayacaq. 12  Vaxt-vədə gələcək, o gün yetişəcək. Qoy nə alan sevinsin, nə satan kədərlənsin, çünki qəzəb hamını hədəfə alıb.+ 13  Satan canını qurtarsa da, satdığı mülkünə qayıtmayacaq, çünki verilən vəhy hamının pisliyinədir. Heç kim qayıtmayacaq. Günahları ucbatından* heç kim həyatını xilas edə bilməyəcək. 14  Kərənay çalınıb,+ hamı hazırdır, ancaq heç kim döyüşə getmir, çünki qəzəbim hamıya tuşlanıb.+ 15  Bayırda qılınc,+ içəridə xəstəlik və aclıq. Çöldəkilər qılıncdan, şəhərdəkilər isə aclıqdan və xəstəlikdən qırılacaq.+ 16  Canını qurtaranlar dağlara qaçacaq, dərələrdəki göyərçinlər kimi, hər biri öz günahına görə ah-zar edəcək.+ 17  Hamının əli yanına düşəcək, dizlərindən su süzüləcək*.+ 18  Bax, əyinlərinə çul keçiriblər,+ əsməcəyə düşüblər. Hamı xəcil olacaq, başları keçəl olacaq*.+ 19  Gümüşlərini küçələrə tökəcəklər, qızıllarından iyrənəcəklər. Qızıl-gümüşləri Yehovanın qəzəb günündə onları xilas etməyəcək.+ Ac-yalavac gəzəcəklər, qarnıdolusu yeməyəcəklər, çünki sərvətləri büdrədən daş olub onları günaha batırıb. 20  Zinətlərinin gözəlliyi ilə öyünürdülər. Onlardan iyrənc surətlər, murdar bütlər düzəldirdilər.+ Buna görə də onları zinətlərindən iyrəndirəcəyəm. 21  Qızıl-gümüşlərini yadlara verəcəyəm, dünyanın mənfur adamlarına qənimət edəcəyəm, onları murdarlayacaqlar. 22  Üzüm onlardan dönəcək.+ Mənim müqəddəs məkanımı* murdarlayacaqlar, soyğunçular ora girib oranı murdarlayacaq.+ 23  Zəncir düzəldin,+ çünki ölkə qanlı hökmlərlə,+ şəhər zorakılıqla doludur.+ 24  Xalqların ən qəddarlarını gətirəcəyəm,+ gəlib onların evlərini tutacaqlar.+ Qoluzorluların qürurunu sındıracağam, müqəddəs məkanlarını murdarlayacaqlar.+ 25  Əzab içində qıvrılanda dinclik axtaracaqlar, ancaq dinclik olmayacaq.+ 26  Bəla üstündən bəla, xəbər dalınca xəbər gələcək. Camaat peyğəmbərdən vəhy istəyəcək,+ ancaq nə kahinin ağzından kara gələn qanun çıxacaq, nə də ağsaqqalın dilindən fərli öyüd-nəsihət eşidiləcək.+ 27  Padşah yasa batacaq,+ əmirlər çarəsizliyə düşəcəklər, ölkə sakinlərinin əlləri qorxudan tir-tir əsəcək. Onlarla əməllərinə görə rəftar edəcəyəm. Onlar necə hökmlər çıxarırdılarsa, Mən də onlara o cür hökm çıxaracağam. Onda biləcəklər ki, Mən Yehovayam”».+

Haşiyələr

Digər variant: çələnginiz gəlib.
Digər variant: çələnginiz gəlib.
Digər variant: günahları ilə.
Yəni qorxudan özlərini isladacaqlar.
Yəni kədərdən başlarını qırxacaqlar.
Yaxud gizli məkanımı.