Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

Hizqiyal 32:1—32

MÜNDƏRİCAT

  • Firon və Misirdən ötrü ağı (1—16)

  • Misirin sünnətsizlərlə dəfni (17—32)

32  On ikinci ilin on ikinci ayının birinci günündə mənə yenə Yehovanın sözü nazil oldu:  «Ey bəni-adəm, Misir hökmdarı firon barədə ağı oxu və ona söylə: “Sən xalqlar arasında güclü gənc aslan idin, Amma səsin kəsildi. Sən dəniz əjdahasına+ bənzəyirdin, çayları çalxalayırdın, Suları ayaqlarınla bulandırırdın, çayların suyunu çirkləndirirdin”.   Külli-İxtiyar Yehova belə deyir: “Xalqları toplayacağam, üstünə torumu atacaqlar, Torumla səni yaxalayacaqlar.   Səni quruya atacağam, Çöl-biyabanda buraxıb gedəcəyəm. Bütün göy quşlarını üstünə salacağam. Yerin bütün vəhşi heyvanlarını sənin ətinlə doyuracağam.+   Cismini tikə-parça edib dağlara səpələyəcəyəm, Dərələri cəsədinin qalıqları ilə dolduracağam.+   Mən torpağı şoralanan qanınla sulayacağam, qan dağlara qalxacaq, Çaylar qana boyanacaq”.   “Səni məhv edəndə göyün üzünə örtük çəkəcəyəm, ulduzların işığını söndürəcəyəm, Günəşi buludların arxasında gizlədəcəyəm, Ay nurunu saçmayacaq.+   Göydə parlayan bütün səma cisimlərini sənə görə zülmətə qərq edəcəyəm, Ölkəni qatı qaranlıq bürüyəcək”, — Külli-İxtiyar Yehova bəyan edir.   “Mən sənin təbəələrini xalqlara əsir edəndə, Tanımadığın ölkələrə göndərəndə neçə-neçə xalqın canına vəlvələ düşəcək.+ 10  Neçə-neçə xalqı sarsıdacağam, Hökmdarlarının önündə qılınc oynadanda qorxudan əsim-əsim əsəcəklər. Süqut edəcəyin gün Canının qorxusundan hər kəsin dişi-dişinə dəyəcək”. 11  Külli-İxtiyar Yehova belə deyir: “Babil padşahı üstünüzə qılınc çəkəcək.+ 12  Cəmi adamlarını cəngavərlərin, Xalqların ən amansız döyüşçülərinin qılıncına yem edəcəyəm.+ Onlar Misirin iftixarını ayaqlar altına atacaqlar, sakinlərini qıracaqlar.+ 13  Heyvanlarını bol sular kənarında tələf edəcəyəm,+ Bir də nə insan ayağı, nə də heyvan dırnağı suları bulandırmayacaq”.+ 14  Külli-İxtiyar Yehova bəyan edir: “O vaxt Mən onların sularını duruldacağam, Çayları yağ kimi süzüləcək”. 15  “Misiri çöl-biyabana, varından, yoxundan məhrum olmuş ölkəyə çevirəcəyəm,+ Sakinlərini qıracağam, Onda biləcəklər ki, Mən Yehovayam.+ 16  Bu, ağıdır, hamı bu ağını oxuyacaq. Xalqların qız-qadınları Misir üçün, Onun bütün xalqı üçün bu ağını deyəcək”, — Külli-İxtiyar Yehova bəyan edir». 17  On ikinci il, ayın on beşinci günündə* mənə yenə Yehovanın sözü nazil oldu: 18  «Ey bəni-adəm, Misir xalqından ötrü ağla, onun və qüdrətli xalqların adamlarının çuxura* gedənlərlə bərabər yerin altına gömüləcəyini car çək. 19  “Gözəllikdə kimdən üstünsən? Yerin dibinə gir, sünnətsizlərlə yan-yana uzan!” 20  “Misirlilər qılıncdan keçirilənlərin yanında sərilib qalacaqlar.+ Misir qılıncın ağzına verilib. Onu xalqı ilə bərabər sürüyün. 21  Cəngavərlər Məzarın* dibindən fironu və ona arxa olanları səsləyəcək. Onlar qılıncdan keçirilib yerin altına enəcəklər, sünnətsizlər kimi uyuyacaqlar. 22  Aşşur bütün icması ilə oradadır. Onun hər tərəfi qəbirdir, orada yatanların hamısı qılıncdan gəbərib.+ 23  Qəbirləri çuxurun lap dibindədir. İcması onun qəbrinin yan-yörəsindədir, bəli, hamısı qılınca yem olub. Çünki dirilər diyarında yaşayanları vahiməyə salmışdılar. 24  Elam+ oradadır, bütün xalqı da onun qəbrinin ətrafındadır. Hamısı qılınca yem olub, sünnət olunmadan yerin altına enib. Onlar dirilər diyarını vahiməyə salmışdılar, indi isə qəbrə gedənlərlə bərabər xəcil olacaqlar. 25  Gəbərənlərin arasında, xalqının içində ona yataq hazırlayıblar. Bütün xalqı onun qəbrinin həndəvərindədir. Hamısı sünnətsizdir. Dirilər diyarını vahiməyə saldıqlarına görə qılıncdan keçiriliblər. Onlar qəbrə gedənlərlə bərabər xəcil olacaqlar. Elam gəbərənlərin yanına qoyulub. 26  Məşəq, Tubal+ və xalqları oradadır. Qəbirləri öz padşahlarının ətrafındadır. Hamısı sünnətsizdir. Dirilər diyarını vahiməyə saldıqlarına görə qılınca tuş gəliblər. 27  Məgər onlar öldürülmüş, yaraq-yasaqla Məzara* enmiş sünnətsiz cəngavərlərlə yanaşı yatmayacaq? Qılınclarını başları altına qoyacaqlar*. Etdikləri günahların cəzasını sümükləri çəkəcək. Çünki bu cəngavərlər dirilər diyarını vahiməyə salıblar. 28  Sən də sünnətsizlərin arasında məhv ediləcəksən və qılıncla gəbərənlərin yanında uzanacaqsan. 29  Ədum+, onun hökmdarları və əmirləri oradadır. Qüdrətli olsalar da, qılıncla gəbərənlərin arasına qoyuldular. Onlar da sünnətsizlərlə+, çuxura gedənlərlə yanaşı yatacaqlar. 30  Şimaldakı bütün rəhbərlər qüdrəti ilə hamının gözünün odunu alan, amma öldürülənlərlə bərabər xəcalət içində yerin altına gömülən sidonlularla+ birgə oradadırlar. Sünnət olunmadan yerin altına eniblər. Onlar qılıncla gəbərənlərin yanında uzanacaqlar və çuxura gedənlərlə bərabər xəcil olacaqlar. 31  Firon bunlara baxacaq və xalqının başına gəlmiş müsibətlərə görə toxtaqlıq tapacaq.+ Firon bütün ordusu ilə qılıncdan keçiriləcək”, — Külli-İxtiyar Yehova bəyan edir. 32  “Çünki o, dirilər diyarında yaşayanları vahiməyə saldı. Firon və onun xalqı sünnətsizlərlə, qılınca tuş gələnlərlə bərabər uyuyacaq”, — Külli-İxtiyar Yehova bəyan edir».

Haşiyələr

Ehtimal ki, burada söhbət on ikinci aydan gedir. 1-ci ayəyə bax.
Yaxud qəbrə.
İbr. şeol. Lüğətə bax.
İbr. şeol. Lüğətə bax.
Ehtimal ki, burada söhbət ehtiram əlaməti olaraq, qılıncı ilə birlikdə dəfn olunan cəngavərlərdən gedir.