Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

Hizqiyal 23:1—49

MÜNDƏRİCAT

  • İki xəyanətkar bacı (1—49)

    • Öhla və Aşşur (5—10)

    • Öhlüba, Babil və Misir (11—35)

    • İki bacının cəzası (36—49)

23  Yenə Yehovanın sözü mənə nazil oldu:  «Dinlə, ey bəni-adəm: bir ananın qarnından çıxan iki qız var idi.+  Hələ gənc ikən onlar Misirdə fahişəlik etməyə başladılar.+ Orada onların döşlərini sıxdılar, bakirə sinələrini əllədilər.  Böyüyün adı Öhla*, bacısının isə adı Öhlüba* idi. Onlar Mənim oldular, oğullar, qızlar dünyaya gətirdilər. Kimliklərinə gəlincə, Öhla Səməriyyədir,+ Öhlüba isə Yerusəlim.  Öhla hələ Mənim ikən fahişəlik etməyə başladı.+ O, öz məşuqlarından, qonşuları aşşurlulardan+ ötrü şəhvətlə alışıb yanırdı.+  Onların hamısı göy qiyafəli valilər, sərdarlar, at belində çapan yaraşıqlı cavanlar idi.  O, Aşşurun say-seçmə oğulları ilə fahişəlik edir, şəhvətlə yandığı kəslərin iyrənc bütləri ilə özünü murdarlayırdı.+  Bu qadın Misirdə qurşandığı fahişəlikdən əl çəkmədi. Onlar gəncliyində onunla yatıb bakirə döşlərini əlləyir, şəhvətlərini onunla yatırırdılar.+  Buna görə onu məşuqlarının, şəhvətlə alışıb-yandığı Aşşur oğullarının+ əlinə verdim. 10  Onlar onu lütlədilər,+ oğul-qızlarını əlindən aldılar,+ özünü də qılıncdan keçirdilər. O, qadınlar arasında pis ad qazandı, onlar da cəzasını verdilər. 11  Bunu görən bacısı Öhlübanın şəhvəti onunkundan da betər coşdu. O, bacısından da betər fahişə oldu.+ 12  Qonşusu Aşşur oğullarından ötrü alışıb-yanırdı,+ o vali və sərdarlardan, dəbdəbəylə geyinmiş o cavan süvarilərdən ötrü. 13  Bu da özünü murdarlayanda başa düşdüm ki, ikisi də bir yuvanın quşudur.+ 14  Amma o, fahişəliyini get-gedə artırırdı. Divarda oyulmuş kişi rəsmlərini, kəldanilərin qırmızı təsvirlərini, 15  beli qurşaqlı, çalması yellənən, döyüşçü görkəmli kişilərin, kəldanilərin ölkəsində doğulan babillilərin rəsmlərini 16  görər-görməz ehtirasdan alışıb-yandı, onların yanına, Kəldan ölkəsinə qasidlər göndərdi.+ 17  Babil oğulları gəlib onun eşq yatağına girir, şəhvətlərilə onu murdarlayırdılar. Murdarlanandan sonra isə o iyrənib onlardan üz döndərdi. 18  O, həyasızcasına fahişəlik etməyə, eyib yerlərini açmağa başlayanda+ Mən bacısından iyrəndiyim kimi, ondan da iyrənib üz döndərdim.+ 19  O, gənclik illərini, Misirdə fahişəlik etdiyi vaxtları yada salır, fahişəliyini birə-beş artırırdı.+ 20  Cinsiyyət üzvü eşşəyinki kimi, tənasül üzvü ayğırınkı kimi olan kişilərin cariyələritək onlardan ötrü ehtirasdan yanırdı. 21  Sən gənclik çağında Misirdə etdiyin pozğunluğun,+ döşlərini, bakirə sinəni əllədikləri vaxtların həsrətini çəkirdin.+ 22  Buna görə, ey Öhlüba, Külli-İxtiyar Yehovanın sənə sözü budur: “İyrənib üz döndərdiyin oynaşlarını qızışdırıb hər tərəfdən üstünə salacağam+ — 23  Babil oğullarını,+ bütün kəldaniləri,+ Puqud,+ Şoha, Qoha camaatını, bütün Aşşur oğullarını. Onların hamısı yaraşıqlı cavanlar, valilər, sərdarlar, döyüşçülər, süvarilər, say-seçmə adamlardır. 24  Cəng arabalarının səsi ilə, təkərlərindən çıxan gurultu ilə, nəhəng qoşunlarla, böyük və kiçik qalxanla, dəbilqə ilə üstünə həmlə edəcəklər. Hər tərəfdən səni əhatə edəcəklər. Səni mühakimə etmək ixtiyarını onlara verəcəyəm. Səni öz bildikləri kimi cəzalandıracaqlar.+ 25  Qəzəbim səni yaxalayacaq, onlar sənə rəhm etməyəcəklər. Burnunu, qulaqlarını kəsəcəklər, sağ qalanlarını qılıncla doğrayacaqlar. Oğul-qızlarını tutub aparacaq, sağ qalanlarını odda yandıracaqlar.+ 26  Paltarlarını soyunduracaqlar,+ ləl-cəvahiratını götürəcəklər.+ 27  Pozğunluğuna, Misirdə təməlini qoyduğun fahişəliyinə+ son qoyacağam.+ Gözlərin daha onlara baxmayacaq, daha heç vaxt Misiri yadına salmayacaqsan”. 28  Külli-İxtiyar Yehova belə bəyan edir: “Az qalıb, tezliklə səni nifrət etdiyin, iyrənib üz döndərdiyin adamların əlinə verəcəyəm.+ 29  Səninlə amansızcasına davranacaqlar. Ağır zəhmətlə qazandığın hər şeyi əlindən alacaqlar.+ Səni lüt-üryan qoyacaqlar. Beləcə, əxlaqsızlığının, pozğunluğunun, fahişəliyinin üstü açılacaq.+ 30  Bütün bunlar ondan ötrü başına gələcək ki, sən fahişə kimi başqa xalqların dalınca düşdün,+ onların iyrənc bütləri ilə özünü murdarladın.+ 31  Sən də bacın gedən yolun yolçusu oldun.+ Odur ki, onun camını sənin əlinə verəcəyəm”.+ 32  Külli-İxtiyar Yehova belə bəyan edir: “Bacının dərin və geniş camından içəcəksən.+ İstehza və lağ-lağa hədəfinə çevriləcəksən, çünki cam ağzınadək onlarla doludur.+ 33  Bacın Səməriyyənin dəhşət camından, Viranəlik camından içib Sərxoş olacaqsan, qəm-kədərə batacaqsan. 34  Onu dibinə kimi içəcəksən,+ gil qırıqlarını gəmirəcəksən, Dərddən sinəni cıracaqsan. Bunu Mən sənə deyirəm, — Külli-İxtiyar Yehova bəyan edir”. 35  Beləliklə, Külli-İxtiyar Yehova deyir: “Məni unutduğun üçün, Məni heç yerinə qoyduğun üçün+ pozğunluğunun və fahişəliyinin altını çəkəcəksən”». 36  Sonra Yehova mənə dedi: «Bəni-adəm, Öhla ilə Öhlübaya+ çıxarılan hökmü elan etməyə, iyrənc əməllərinə görə onları ittiham eləməyə hazırsanmı? 37  Onlar zinakar qadınlardır.+ Əlləri qana batıb. İyrənc bütlərilə zina etmələri bəs deyil, hələ Mənə doğduqları oğulları da odda yandırıb bütlərinə yem etdilər.+ 38  Bu, azmış kimi, Mənə bir yara da vurdular, həmin gün müqəddəs məkanımı murdarladılar. Şənbələrimi heç-puç etdilər. 39  Oğullarını iyrənc bütlərinə qurban gətirdikləri+ gün müqəddəs məkanıma ayaq basıb oranı murdarladılar.+ Gör Mənim evimdə nələr etdilər! 40  Onlar hətta uzaq ellərdə yaşayan kişilərin dalınca qasidlər göndərdilər.+ Onlar yolda ikən sən* yuyundun, gözlərini boyadın, bər-bəzəyini taxdın.+ 41  Qarşısında süfrə açılmış+ gözəl taxtda oturdun.+ Mənim buxurumu,+ yağımı süfrəyə qoydun.+ 42  Oradan bir dəstə avaranın səsi gəlirdi. Aralarında səhradan yığıb gətirilmiş əyyaşlar da var idi. Onlar bu qadınların biləklərinə bilərzik taxır, başlarına yaraşıqlı taclar qoyurdular. 43  Sonra Mən zina etməkdən canında taqət qalmamış bu qadın haqqında belə dedim: “O, fahişəliyindən əl çəkən deyil”. 44  Beləcə, onun yanına fahişə yanına gələn kimi gəlirdilər. Bəli, bu pozğunların, Öhla və Öhlübanın yanına bu cür gəlib-gedirdilər. 45  Lakin saleh adamlar pozğunluğuna, qan tökdüyünə görə onu mühakimə edib layiqli cəzasını verəcəklər.+ Çünki onlar zinakar qadınlardır, əlləri qan içindədir.+ 46  Külli-İxtiyar Yehova belə deyir: “Onların üstünə ordu gətiriləcək. Dəhşətli hala düşəcəklər, var-yoxları talan ediləcək.+ 47  Onları daşqalaq edəcək,+ qılıncla doğrayacaqlar. Oğul-qızlarını öldürəcək,+ evlərinə od vuracaqlar.+ 48  Mən ölkədəki pozğunluğa son qoyacağam. Qalan qadınlar bundan özlərinə ibrət götürəcək, elədiyiniz pozğunluğu təkrarlamayacaqlar.+ 49  Onlar pozğunluğunuza, iyrənc bütlərinizlə etdiyiniz günahlara görə dərsinizi verəcəklər. Onda biləcəksiniz ki, Mən Külli-İxtiyar Yehovayam”».+

Haşiyələr

Mənası: onun çadırı.
Mənası: çadırım ondadır.
İbrani mətnində əvəzliyin qadın cinsində, ikinci şəxsin təkində işlənməsi ehtimal ki, bacıların birinə, Öhlübaya müraciət edildiyini göstərir.