Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

Hizqiyal 20:1—49

MÜNDƏRİCAT

  • İsrailin asiliyi (1—32)

  • İsrail qayıdacaq (33—44)

  • Cənuba qarşı peyğəmbərlik (45—49)

20  Yeddinci ilin beşinci ayının onuncu günündə İsrail ağsaqqallarından bir neçəsi Yehovaya müraciət etmək üçün yanıma gəlib qarşımda əyləşdilər.  Bu vaxt mənə Yehovanın sözü nazil oldu:  «Ey bəni-adəm, İsrail ağsaqqallarına de ki, Külli-İxtiyar Yehovanın sözü budur: “Siz Məndən söz soruşmağa gəlmisiniz? Varlığıma and olsun, — deyir Külli-İxtiyar Yehova, — sizə bir kəlmə də cavab verməyəcəyəm”.+  Onları mühakimə etməyə hazırsan? Ey bəni-adəm, hazırsanmı onları mühakimə etməyə? Ata-babalarının iyrənc əməllərini bir-bir onlara söylə.+  De ki, Külli-İxtiyar Yehovanın sözü belədir: “İsraili seçdiyim+ gün Yaqub nəslinin övladlarına and içdim, Misir ölkəsində onlara Özümü tanıtdım.+ Bəli, onlara and içib dedim: “Mən Yehovayam, sizin Allahınız”.  Həmin gün and içib söz verdim ki, onları Misirdən çıxarıb onlar üçün tapdığım süd-bal axan diyara aparacağam.+ Bu diyar dünyanın ən dilbər guşəsi idi.  Onda onlara dedim: “Qoy hər kəs gözünü dikdiyi iyrənc bütləri tullasın. Özünüzü Misirin iyrənc bütləri ilə murdarlamayın.+ Mən sizin Allahınız Yehovayam”.+  Onlar isə Mənə qarşı üsyan etdilər, Mənə qulaq asmaq istəmədilər. Bağlandıqları mənfur şeyləri atmadılar, Misirin iyrənc bütlərindən əl çəkmədilər.+ Onda söz verdim ki, onları hiddətimə tuş edəcəyəm, bütün qəzəbimi Misir torpağında üzərlərinə yağdıracağam.  Amma adım naminə hərəkətə keçdim ki, aralarında yaşadıqları xalqların yanında adıma ləkə gəlməsin.+ Onları Misir torpağından çıxaranda bu xalqların qarşısında Özümü onlara tanıtdım.+ 10  Beləcə, onları Misir ölkəsindən çıxarıb səhraya apardım.+ 11  Orada onlara qanunlarımı bildirib hökmlərimi aşkar etdim,+ o qanun və hökmləri ki onlara əməl edən onların sayəsində yaşayır.+ 12  Bundan əlavə, Özümlə onlar arasında bir əlamət olaraq onlar üçün şənbəni+ təsis etdim ki,+ bilsinlər: onları müqəddəs edən Mənəm, Yehova. 13  Lakin İsrail əhli səhrada Mənə asi çıxdı.+ Qanunlarımla oturub durmadılar, hökmlərimi rədd etdilər, o qanun və hökmləri ki onlara əməl edən onların sayəsində yaşayır. Mənim şənbələrimi heç yerinə qoydular. Odur ki, Mən də səhrada qəzəbimi onların üstünə tökməyə, onları məhv etməyə qərar verdim.+ 14  Bunu adım naminə etdim. İstəmədim onları çıxartmağımın şahidi olan xalqların yanında adıma ləkə gəlsin.+ 15  Həm də səhrada and içdim ki, onları söz verdiyim torpağa,+ süd-bal axan diyara,+ dünyanın ən dilbər guşəsinə aparmayacağam, 16  çünki Mənim hökmlərimi rədd etdilər, qanunlarımla yaşamadılar, şənbələrimi heç etdilər, iyrənc bütlərinə könül verdilər.+ 17  Ancaq yazığım gəldi onlara, məhv etmədim, səhrada köklərini kəsmədim. 18  Səhrada ikən+ oğullarına dedim: “Ata-babalarınızın qayda-qanunu ilə getməyin,+ hökmlərinə riayət etməyin, özünüzü onların iyrənc bütləri ilə murdarlamayın. 19  Mən sizin Allahınız Yehovayam. Mənim qanunlarımla gedin, Mənim hökmlərimə əməl edin, onlara riayət edin.+ 20  Şənbələrimi müqəddəs tutun,+ onlar sizinlə Mənim aramda əlamət olacaq ki, biləsiniz: Mən sizin Allahınız Yehovayam”.+ 21  Amma övladları da Mənə qarşı qalxdılar.+ Qanunlarımla oturub-durmadılar, hökmlərimə əməl etmədilər, o qanun və hökmlərə ki onlara əməl edən onların sayəsində yaşayır. Mənim şənbələrimi heç yerinə qoydular. Buna görə də söz verdim ki, onları hiddətimə tuş edəcəyəm, bütün qəzəbimi səhrada üzərlərinə yağdıracağam.+ 22  Lakin Özümü saxladım,+ adımı düşündüm,+ dedim, onları çıxartmağımın şahidi olan xalqların yanında adıma ləkə gəlməsin. 23  Onlara səhrada and içdim ki, onları xalqlar arasına səpələyəcəyəm, ölkələrə pərən-pərən edəcəyəm,+ 24  çünki hökmlərimə əməl etmədilər, qanunlarımı rədd etdilər,+ şənbələrimi heç etdilər, ata-babalarının iyrənc bütlərinə tapındılar.+ 25  Mən də onları başlı-başına buraxdım ki, gedib faydasız qaydalara, insanı yaşatmağa qadir olmayan hökmlərə uysunlar,+ 26  ilkinlərini odda yandıraraq qurban versinlər və bununla özlərini murdarlasınlar.+ Bunu etdim ki, onları acınacaqlı hala salım və bilsinlər ki, Mən Yehovayam”. 27  Buna görə də, ey bəni-adəm, İsrail əhlinə söylə ki, Külli-İxtiyar Yehova belə deyir: “Sizin ata-babalarınız da beləcə Mənə xəyanət edərək küfr etdilər. 28  Onları and içib söz verdiyim ölkəyə gətirdim.+ Onlar isə hündür təpələri, sıxyarpaqlı ağacları+ görəndə başladılar öz qurbanlarını və Məni təhqir edən təqdimələrini gətirməyə. Orada xoş ətirli qurbanlarını, şərab təqdimələrini təqdim etdilər. 29  Onda Mən onlardan soruşdum: “Bu yüksəklik nədir belə? (Bu günə kimi ora Yüksəklik* adlanır.)”+ 30  İsrail əhlinə söylə ki, Külli-İxtiyar Yehova belə deyir: “Siz də özünüzü atalarınız kimi ləkələyirsiniz? Onların iyrənc bütlərinə bağlanıb Mənə xəyanət edirsiniz*?+ 31  Siz hələ də murdar bütlərinizə qurbanlar gətirərək — oğullarınızı odda yandıraraq özünüzü ləkələyirsiniz?+ Bunlardan sonra da deyirsiniz, Mən sizə cavab verim, ey İsrail əhli?”+ “Varlığıma and olsun, — Külli-İxtiyar Yehova bəyan edir, — sizə cavab verməyəcəyəm.+ 32  Deyirsiniz: “Qoy biz də başqa xalqlar kimi, başqa ölkələrdə yaşayan, ağaca, daşa baş əyən tayfalar kimi olaq”.+ Xeyr, bu olmayacaq”». 33  «“Varlığıma and olsun, — Külli-İxtiyar Yehova bəyan edir, — güclü əlimlə, qüvvətli qolumla, qeyz-qəzəblə üzərinizdə padşahlıq edəcəyəm.+ 34  Güclü əlimlə, qüvvətli qolumla, kükrəyən qəzəbimlə sizi xalqların arasından çıxaracağam, pərən-pərən düşdüyünüz ölkələrdən toplayacağam.+ 35  Sizi xalqların səhrasına gətirəcəyəm, üzbəsurət sizinlə haqq-hesab çəkəcəyəm.+ 36  Misir səhrasında ata-babalarınızla haqq-hesab çəkdiyim kimi, sizinlə də çəkəcəyəm, — Külli-İxtiyar Yehova bəyan edir. — 37  Sizi çoban kimi, çomağımın altından keçirəcəyəm,+ əhdin boyunduruğu altına salacağam. 38  Amma üsyankarları, Mənə qarşı günah edənləri aranızdan ayıracağam.+ Onları qürbət ölkədən çıxaracağam, ancaq İsrailə ayaq basmayacaqlar,+ onda biləcəksiniz ki, Mən Yehovayam”. 39  Sizin barənizdə isə, ey İsrail əhli, Külli-İxtiyar Yehova belə deyir: “Siz ki Mənə qulaq asmırsınız, gedin baş əyin öz iyrənc bütlərinizə.+ Ancaq məlumunuz olsun ki, daha qurbanlarınızla, iyrənc bütlərinizlə adıma ləkə gətirə bilməyəcəksiniz”.+ 40  “Bütün İsrail əhli, hamı müqəddəs dağımda, İsrailin hündür dağında+ Mənə ibadət edəcək,+ — Külli-İxtiyar Yehova bəyan edir. — Mən onlardan razı qalacağam. Onda sizdən bəxşişləri, ən yaxşı təqdimələri, müqəddəs təqdimələri qəbul edəcəyəm.+ 41  Sizi xalqların içindən çıxaranda, pərən-pərən düşdüyünüz ölkələrdən yığanda+ qurbanlarınızın xoş ətrini duyub sizdən razı qalacağam, sizin vasitənizlə bütün xalqların gözü qarşısında müqəddəsliyimi əyan edəcəyəm”.+ 42  “Sizi İsrailə, ata-babalarınıza söz verib and içdiyim ölkəyə gətirəndə biləcəksiniz ki, Mən Yehovayam.+ 43  Orada sizə ləkə gətirən hərəkətləriniz, əməlləriniz yadınıza düşəcək,+ bütün pis əməllərinizə görə özünüz özünüzdən iyrənəcəksiniz.+ 44  Bax onda, ey İsrail əhli, biləcəksiniz ki, Mən Yehovayam, çünki görəcəksiniz ki, Mən sizinlə bəd əməllərinizə, pozğun işlərinizə görə rəftar etmirəm, nə edirəmsə, Öz adım naminə edirəm”,+ — Külli-İxtiyar Yehova bəyan edir». 45  Mənə yenə də Yehovanın sözü nazil oldu: 46  «Ey bəni-adəm, üzünü cənuba çevirib xitab et. Cənub meşələrinə peyğəmbərlik et. 47  Cənubdakı meşələrə belə de: “Eşidin və agah olun, görün Yehova nə deyir. Külli-İxtiyar Yehovanın sözü budur: “Sənin içində elə od qalayacağam ki,+ atəşi sönməyəcək, yaş, quru deməyib, bütün ağacları yandıracaq.+ Cənubdan tutmuş şimala qədər hamını qarsıdacaq. 48  Hamı görəcək ki, bu odu Mən Yehova yandırmışam. Odur ki, atəşi sönməyəcək”».+ 49  Onda mən dedim: «Ay Allah, ey Külli-İxtiyar Yehova, onlar mənim barəmdə deyirlər “bu, elə tapmacalarla* danışır”».

Haşiyələr

Bütpərəstlərin səcdəgahına verilən ad.
Hərfən: onlarla zina edirsiniz.
Yaxud məsəllərlə.