Kontentə keç

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab | MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

Zəkəriyyə 12:1—14

MÜNDƏRİCAT

  • Yehova Yəhudanı və Yerusəlimi müdafiə edir (1—9)

    • Yerusəlim ağır daş olacaq (3)

  • Bədənini deşdikləri adam üçün yas (10—14)

12  Hökm: «Yehovanın İsraillə bağlı sözü». Göyləri yayan,+ Yerin təməlini qoyan,+ İnsanın içindəki ruhu* yaradan Yehova bəyan edir:  «Mən Yerusəlimi bütün ətraf xalqları kefləndirən bir piyalə edirəm. Yerusəlim də, Yəhuda da mühasirəyə alınacaq.+  O gün Yerusəlimi bütün xalqlar üçün ağır bir daş edəcəyəm, onu qaldıranların hamısı bərk zədələnəcək.+ Dünyanın bütün xalqları ona qarşı toplanacaq».+  Yehova bəyan edir: «O gün Mən bütün atları karıxdıracağam, atlıların isə ağlını alacağam. Gözüm Yəhuda evinin üstündə olacaq, xalqların bütün atlarını kor edəcəyəm.  Yəhuda şeyxləri ürəklərində deyəcək: “Yerusəlim əhli bizə ordular Allahı Yehovadan gələn güc-qüvvət oldu”.+  O gün Yəhuda şeyxlərini ağaclar arasında tonqal, təzəcə biçilmiş taxıl dərzləri arasında yanan məşəl edəcəyəm;+ onlar həndəvərdə, sağda və solda olan bütün xalqları tələf edəcəklər+ və Yerusəlim əhli yenə öz yurdunda, Yerusəlimdə yaşayacaq.+  Yehova ilk əvvəl Yəhuda çadırlarını xilas edəcək ki, Davud evinin və Yerusəlim əhlinin şərəfi Yəhudanınkından üstün olmasın.  O gün Yehova Yerusəlim sakinlərini hər tərəfdən qoruyacaq,+ onların ən zəifi Davud kimi, Davud evi allah kimi, xalqın önündə gedən Yehovanın mələyi kimi olacaq.+  O gün Yerusəlimə hücum edən bütün xalqları məhv edəcəyəm.+ 10  Davud evinin və Yerusəlim əhlinin üzərinə lütf və dilək ruhu tökəcəyəm. Onlar bədənini deşdikləri adama baxacaqlar+ və yeganə oğlu üçün yas tutan adam kimi, onun üçün yas tutacaqlar, ilkin oğlunun üstündə ağı deyən adam kimi, onun üçün ağı deyəcəklər. 11  O gün Yerusəlimdə Megiddo+ düzündəki Hədadrimmun ağlaşması kimi böyük ağlaşma olacaq. 12  Bütün diyar, hər ailə ayrı-ayrı yas tutacaq. Davud evi ayrı, qadınları ayrı; Natan+ evi ayrı, qadınları ayrı; 13  Lavi evi+ ayrı, qadınları ayrı; Şimay nəsli+ ayrı, qadınları ayrı və 14  bütün qalan ailələr, hər biri ayrı-ayrı, qadınları da ayrıca yas tutacaq.

Haşiyələr