Kontentə keç

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab | MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

Zəbur 68:1—35

MÜNDƏRİCAT

  • «Qoy Allahın düşmənləri pərən-pərən olsun»

    • Yetimlərin atası (5)

    • Allah kimsəsizlərə yurd-yuva verir (6)

    • Qadınlar müjdəni bəyan edirlər (11)

    • İnsan timsalında hədiyyələr (18)

    • Yehova hər gün yükümüzü daşıyır (19)

Dirijora. Davudun məzmuru. 68  Qoy Allah ayağa qalxsın, düşmənləri pərən-pərən olsun, Ona nifrət edənlər qaçsın önündən.+   Duman necə dağılırsa, onları elə dağıt. Mum odda necə əriyirsə, Pislər də Allahın önündən eləcə yox olsun.+   Salehlər isə sevinsin,+ Allahın önündə şənlənsin, Sevincdən cuşa gəlsinlər.   Allahın şəninə nəğmə deyin,+ adını nəğmələrdə vəsf edin, Səhraları aşıb keçənin* şəninə nəğmə deyin, Onun adı Yahdır*!+ Sevinin Onun önündə!   Allah müqəddəs məskənindədir,+ O, yetimlərə ata, dul qadınlara arxadır.+   Allah kimsəsizlərə yurd verir, yuva verir,+ Dustaqları azad edir, onları firavanlığa çıxarır,+ Dikbaşlar isə qarsımış torpaqda yaşayacaq.+   Pərvərdigara, Sən xalqını apararkən,+ Səhrada önlərində gedərkən (Selah)   Qarşında yer titrədi,+ Göylər yağış olub töküldü. Sina dağı Allahın, İsrailin Allahının önündə əsdi.+   Gur yağışlar yağdırdın, Xudaya, Taqətdən düşmüş xalqına yeni güc verdin. 10  Onlar düşərgəndə yaşadı,+ Ey Allah, məzlumlara ruzi verdin kəramətinlə. 11  Buyruq Yehovadan gəlir; Müjdəni bəyan edən qadınlar böyük ordudur.+ 12  Qoşunların padşahları qaçırlar, qaçırlar!+ Evdə oturmuş qadınsa qənimətdən pay alır.+ 13  Ordugahın tonqalları arasında* uzansanız da, Göyərçin qanadlarınız olacaq, üstü gümüşdən, Lələkləri xalis qızıldan. 14  Səlmuna qar yağdı, Qadiri-Mütləq onun padşahlarını yer üzünə pərən-pərən salanda.+ 15  Başan+ dağı Allahın dağıdır*, Başan dağı zirvəli dağdır. 16  Ey zirvəli uca dağlar, Niyə Allahın Özünə məskən seçdiyi dağa+ həsədlə baxırsınız? Bəli! Yehova orada əbədiyyən qalacaq.+ 17  Allahın cəng arabaları çoxdur, minlərcə, on minlərcədir.+ Yehova Sina dağından müqəddəs məkanına gəldi.+ 18  Sən göyə qalxdın,+ Özünlə əsirlər apardın, İnsan timsalında hədiyyələr götürdün,+ hətta inadkarları+ Ki, onların arasında olasan, ey Yah, ey Allah. 19  Hər gün yükümüzü daşıyan Yehovaya,+ Bizə qurtuluş verən Allaha şükürlər olsun. (Selah) 20  Allah bizim üçün qurtuluş Allahıdır,+ Ölümdən qurtuluş Külli-İxtiyar Yehovanın əlindədir.+ 21  Xudavənd düşmənlərin başını, Günahından əl çəkməyənlərin təpəsini əzəcək.+ 22  Yehova dedi: «Onları Başandan qaytaracağam,+ Dənizin dibindən çəkib çıxaracağam ki, 23  Ayağınız qanda yuyunsun,+ İtləriniz düşmən qanını yalasın». 24  Ey Allah, onlar Sənin zəfər yürüşünü görürlər, Allahımın, Padşahımın müqəddəs məkana zəfər yürüşünü.+ 25  Öndə məzmur oxuyanlar, arxada telli alətlərdə çalanlar,+ Ortada dəfçalan qızlar gedir.+ 26  Ey həyatını İsrailin çeşməsindən alanlar,+ Böyük məclislərdə Yehova Allahı mədh edin. 27  Onları kiçik Binyaminin+ qəbiləsi ram edər, Səs-küylü izdihamla Yəhuda bəyləri, Zəbulun bəyləri, Niftalı bəyləri. 28  Allahın fərman verib, sənə qüvvət gəlsin. Gücünü göstər, Pərvərdigara, indiyədək uğrumuzda göstərdiyin kimi.+ 29  Yerusəlimdəki məbədinə+ görə Padşahlar Sənə bəxşiş gətirəcək.+ 30  Qamışlıqdakı vəhşi heyvanları, Öküz sürülərini+ və danalarını əhliləşdir, Ta ki xalqlar gümüş gətirib* boyun əysin. Vuruşqan xalqları isə O pərən-pərən salır. 31  Misirdən tunc gətirəcəklər*,+ Kuş ölkəsi Allaha bəxşiş gətirməyə tələsəcək. 32  Ey dünya səltənətləri, Allahı nəğmələrdə tərənnüm edin,+ Nəğmələrdə vəsf edin Yehovanı, (Selah) 33  Əzəli göylər göyünə süvar olanı.+ Eşidin! Onun səsi, Onun gur səsi guruldayır. 34  Allahın qüdrətini tanıyın,+ Onun əzəməti İsrailin üzərindədir, Qüdrəti asimandadır. 35  Müqəddəs məkanından çıxan Allah zəhmlidir,+ O, İsrailin Allahıdır, Xalqına güc, qüvvət verir.+ Allaha alqış olsun!

Haşiyələr

Digər variant: buludlara süvar olanın.
Yehova adının qısa forması.
Digər variant: qoyun ağılında.
Yaxud əzəmətli dağdır.
Digər variant: gümüşü tapdalayıb.
Digər variant: Misirdən elçilər gələcək.