Kontentə keç

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab | MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

Yuşə 7:1—26

MÜNDƏRİCAT

  • Ay sakinləri israilliləri məğlub edir (1—5)

  • Yuşənin duası (6—9)

  • İsraillilərin məğlub olmağının səbəbi (10—15)

  • Axan ifşa olunur, onu daşqalaq edirlər (16—26)

7  İsraillilər xəyanət edib məhv edilməli şeylərlə bağlı əmri pozdular. Yəhuda qəbiləsindən Zarahın nəticəsi, Zəbdinin nəvəsi, Qarminin oğlu Axan+ məhv edilməli şeylərdən götürdü.+ Buna görə Yehovanın israillilərə qəzəbi alovlandı.+  Yuşə Ərihadan Beyt-Avenin yaxınlığında, Beyteldən+ isə şərqdə yerləşən Ay şəhərinə+ adamlar göndərib dedi: «Gedin, məmləkəti gözdən keçirin». Onlar Ay şəhərini gözdən keçirməyə getdilər.  Qayıdıb gələndə Yuşəyə dedilər: «Bütün ordunun ora getməsinə lüzum yoxdur. Ay şəhərini məğlub etmək üçün iki-üç min adam bəs edər. Bütün ordunu ora göndərib yorma, onsuz da onlar azdırlar».  Beləcə, ora təxminən 3000 döyüşçü getdi. Ancaq onlar Ay sakinlərinin qarşısından qaçdılar.+  Otuz altı nəfər həlak oldu. Ay şəhərinin kişiləri şəhər darvazalarının bayır tərəfindən Şibarimə* qədər israilliləri təqib etdilər. Yamac boyunca israilliləri qırdılar. Qorxudan xalqın canına əsməcə düşdü.  Yuşə və İsrail ağsaqqalları yaxalarını cırdılar, axşama qədər Yehovanın sandığının önündə üzüqoylu döşənib qaldılar. Onlar elə hey başlarına kül ələyirdilər.  Yuşə dedi: «Aman Allah, ey Külli-İxtiyar Yehova, axı niyə bu camaatı İordandan keçirib bura gətirdin? Amorilərin əlində ölək deyə? Kaş elə İordanın o tayında* qalardıq!  Yehova, keç günahımdan, amma İsrail düşmən qabağından qaçandan sonra mən daha nə deyim?  İndi kənanilər, bu torpağın sakinləri bunu eşidib bizi mühasirəyə alacaqlar, adımızı yer üzündən siləcəklər. Bəs onda Sənin o böyük adın necə olacaq?»+ 10  Yehova Yuşəyə dedi: «Qalx! Niyə yerə döşənmisən? 11  İsrail günah eləyib. Onlarla kəsdiyim əhdi pozub.+ Onlar məhv etməli olduqları şeylərdən götürüblər,+ oğurlayıb+ öz əşyaları arasına qoyublar.+ 12  Ona görə də israillilər düşmənləri qarşısında duruş gətirə bilməyəcəklər, geri dönüb qaçacaqlar. Onlar ölümə məhkum olunublar. Məhv edilməli şeyi aranızdan yox etməyincə Məndən kömək ummayın.+ 13  Qalx, xalqı pak et.+ Onlara de ki, sabah üçün paklansınlar, çünki İsrailin Allahı Yehova belə deyir: “Ey İsrail, sizin aranızda məhv edilməli şey var. Onu aranızdan yox etməyincə düşmən qabağında dura bilməyəcəksiniz. 14  Səhər hamınız qəbilə-qəbilə Allahın hüzuruna gəlin. Yehovanın seçdiyi+ qəbilə nəsilbənəsil, Yehovanın seçdiyi nəsil ailəbəailə, Yehovanın seçdiyi ailənin kişiləri isə bir-bir qabağa çıxsın. 15  Məhv edilməli şey kimdə tapılsa, həmin adam ona aid olan hər şeylə birgə yandırılacaq,+ çünki o, Yehovanın əhdini pozub,+ İsraildə alçaq iş tutub”». 16  Yuşə ertəsi gün dan üzü ağaranda qalxıb İsraili qəbilə-qəbilə Allahın hüzuruna çağırdı. Onların içindən Yəhuda qəbiləsi seçildi. 17  Yuşə Yəhuda qəbiləsinin nəsillərini qabağa çıxartdı, Zarahın+ nəsli seçildi. Zarahın nəslindən olan bütün kişiləri bir-bir qabağa çıxartdı, onların arasından Zəbdi seçildi. 18  Ən axırda Zəbdinin ailəsindəki kişiləri bir-bir qabağa çıxartdı. Yəhuda qəbiləsindən Zarahın nəticəsi, Zəbdinin nəvəsi, Qarminin oğlu Axan seçildi.+ 19  Onda Yuşə Axana dedi: «Oğlum, İsrailin Allahı Yehovanı şərəfləndir. Onun önündə günahını boynuna al. De görüm nə eləmisən? Gizlətmə, de». 20  Axan Yuşəyə dedi: «Boynuma alıram. İsrailin Allahı Yehovaya qarşı günah etmişəm. Günahım budur: 21  qənimətin içində Şinar+ malı olan qəşəng libas, iki yüz şekel* gümüş, bir də ki əlli şekel ağırlığında qızıl külçəsi gördüm. Tamahım çəkdi, götürdüm. Ən alta pulları qoyub hamısını çadırımda basdırdım». 22  Yuşə adam göndərdi. Onlar çadıra qaçdılar və gördülər ki, libası çadırda gizlədib, alta da pulları qoyub. 23  Adamlar bunları götürüb Yuşə ilə israillilərin yanına gətirdilər və Yehovanın hüzuruna qoydular. 24  Yuşə ilə israillilər Zarah oğlu Axanı+, gümüşü, libası, qızıl külçəsini,+ onun oğul-qızlarını, mal-qarasını, ulaqlarını, sürülərini, çadırını, mal-mülkünü götürüb Axor dərəsinə gətirdilər.+ 25  Yuşə dedi: «Niyə bizi bəlaya saldın?+ Yehova da bu gün sənin yurdunu kor günə qoyacaq». İsraillilər onları daşqalaq etdilər,+ sonra isə yandırdılar.+ Hamısını daşladılar. 26  Sonra Axanın meyitinin üstündə daş qalağı düzəltdilər. Bu qalaq indiyədək oradadır. Beləcə, Yehovanın qəzəbi yatdı.+ Buna görə də həmin yer bu günə qədər Axor* dərəsi adlanır.

Haşiyələr

Mənası: karxanalar.
Yəni şərq tərəfində.
Şekel 11,4 q-a bərabərdir. B14 əlavəsinə bax.
Mənası: bəla; məhrum olma.