Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

Yaradılış 44:1—34

MÜNDƏRİCAT

  • Yusifin gümüş camı Binyaminin kisəsində (1—17)

  • Yəhuda Binyaminə görə yalvarır (18—34)

44  Sonra Yusif eşikağasına tapşırdı: «Bu adamların çuvallarını apara biləcəkləri qədər taxılla doldur, hər birinin pulunu da öz kisəsinə qoy.+  Mənim gümüş camımı isə, taxıl üçün gətirdiyi pulla birlikdə, ən kiçiklərinin kisəsinə qoy». O gedib Yusifin tapşırığını yerinə yetirdi.  Səhər hava işıqlaşanda qardaşlar ulaqlarını qabaqlarına qatıb yola düşdülər.  Şəhərdən heç uzaqlaşmamışdılar ki, Yusif eşikağasına dedi: «Cəld ol! Get onlara çat və belə de: “Nə üçün yaxşılığa yamanlıqla cavab verirsiniz?  Axı bu, ağamın içdiyi, fala baxdığı camdır. Siz çox pis iş tutmusunuz”».  Eşikağası qardaşlara çatıb həmin bu sözləri onlara söylədi.  Onlarsa etiraz etdilər: «Ağa, bu nə sözdür deyirsən? Heç qulların belə iş tutar?  Biz kisələrimizdə tapdığımız pulu Kənandan geri gətirdik.+ İndi necə ola bilər ki, ağanın evindən qızıl, gümüş oğurlayaq?  Onu hansımızda tapsan, həmin adamın qanı halaldır, qalanlarımızsa ağamıza qul olarıq». 10  O dedi: «Siz deyən kimi olsun: cam kimdə tapılsa o, mənim qulum olacaq, qalanlarınızsa təqsirsiz bilinəcək». 11  Onda hər biri öz kisəsini yerə endirib ağzını açdı. 12  Eşikağası böyük qardaşdan başlayıb kiçiyinə qədər bir-bir hamısının kisəsini yaxşı-yaxşı axtardı. Axırda cam Binyaminin kisəsindən çıxdı.+ 13  Onda qardaşlar əl atıb yaxalarını cırdılar, yüklərini ulaqlarına yükləyib şəhərə qayıtdılar. 14  Yəhuda+ və qardaşları Yusifin evinə gəldilər. Yusif hələ evdə idi. Qardaşlar onun önündə yerə döşəndilər.+ 15  Yusif onlara dedi: «Bu nə işdir tutmusunuz? Məgər bilmirdiniz ki, mənim kimi adam fala baxıb hər şeyi görəcək?»+ 16  Onda Yəhuda dedi: «Ağama nə deyək, nə söyləyək? Özümüzü necə təmizə çıxaraq? Allah qullarının günahını üzə çıxardı.+ İndi biz də, kisəsindən cam çıxan qardaşımız da ağamızın qullarıyıq». 17  Ancaq Yusif dedi: «Yox, mən belə şey etmərəm. Cam kimdə tapılıbsa, o, mənim qulum olacaq,+ qalanlarınızsa atasının yanına qayıda bilər». 18  Yəhuda ona yaxınlaşıb dedi: «Ağa, sən firona bərabər bir adamsan. Quluna acığın tutmasın, izin ver sənə bir söz deyim.+ 19  Ağam biz qullarından soruşmuşdu ki, atamız və ya başqa qardaşımız varmı. 20  Biz də ağama dedik ki, bir qoca atamız var, bir də atamızın ahıl yaşında dünyaya gələn oğlu, kiçik qardaşımız.+ Onun anabir qardaşı ölüb,+ anasından tək o qalıb.+ Atamız onu çox istəyir. 21  Onda sən qullarına dedin: “Qardaşınızı gətirin, görüm”.+ 22  Amma biz ağamıza dedik ki, uşaq atasını qoyub gələ bilməz, yoxsa atası ölər.+ 23  Sən isə qullarına söylədin ki, kiçik qardaşımızı gətirməyincə gözünə görünməyək.+ 24  Biz qulun atamızın yanına gedib ağamızın dediklərini ona danışdıq. 25  Üstündən bir müddət keçəndən sonra atamız dedi: “Gedin bir az da taxıl alın”.+ 26  Biz cavab verdik ki, gedə bilmərik. Ancaq kiçik qardaşımızı bizimlə buraxsa, gedərik. O, bizimlə getməsə, o adamın gözünə görünə bilmərik.+ 27  Onda qulun atamız bizə dedi: “Sizə məlumdur ki, arvadım mənə iki oğul doğmuşdu.+ 28  Onlardan biri məni qoyub getdi. Dedim, yəqin onu vəhşi heyvan parçalayıb.+ Odur-budur onun üzünü görməmişəm. 29  İndi bu ikincini də gözümdən uzağa aparsanız, onun başına bir iş gəlsə, onda bu ağarmış başımı kədər içində Məzara* göndərəcəksiniz”.+ 30  Atam bu uşağı canından artıq istəyir. İndi qulun atamızın yanına bu uşaqsız qayıtsam, 31  onun bizim yanımızda olmadığını görən kimi bağrı çatlayacaq. Onda qulların atamızın ağarmış başını kədər içində Məzara* göndərmiş olacaq. 32  Uşaq hələ atasının yanında olanda bu qulun onun üçün boyun olub demişdi: “Əgər onu geri qaytarıb gətirməsəm, qoy onda ömrüm boyu atamın yanında üzüqara olum”.+ 33  İndi xahiş edirəm, qoy bu uşağın əvəzinə mən ağama qul olum, o isə qardaşlarımla qayıdıb getsin. 34  Bu uşaqsız atamın yanına necə qayıdım? Axı atamın bu faciəsinə durub baxa bilmərəm!»

Haşiyələr

İbr. şeol. Lüğətə bax.
İbr. şeol. Lüğətə bax.