Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

Yaradılış 30:1—43

MÜNDƏRİCAT

  • Bəlhə Danı və Niftalını doğur (1—8)

  • Zülfə Cadı və Aşiri doğur (9—13)

  • Ləya Yəsakiri və Zəbulunu doğur (14—21)

  • Rəhilə Yusifi doğur (22—24)

  • Yaqubun sürüləri çoxalır (25—43)

30  Rəhilə Yaquba uşaq doğmadığını görəndə bacısına paxıllıq etməyə başladı və Yaquba dedi: «Mənə uşaq ver, yoxsa ölərəm».  Bunu eşidəndə Yaqub Rəhilənin üstünə hirsləndi və dedi: «Məgər mən Allaham? Allah sənə övlad verməyəndən sonra mən neyləyə bilərəm?»  Onda Rəhilə dedi: «Kənizim Bəlhə+ ilə yaxınlıq et, qoy onun doğduğu uşaq mənim olsun*, mən də ana olum».  Beləliklə, o, kənizi Bəlhəni Yaquba verdi və Yaqub onunla yaxınlıq etdi.+  Bəlhə hamilə qalıb Yaquba oğul doğdu.  Onda Rəhilə dedi: «Allah hakimim oldu, səsimi eşitdi və mənə bir oğul verdi». Buna görə də uşağın adını Dan*+ qoydu.  Rəhilənin kənizi Bəlhə yenə hamilə qaldı və Yaquba bir oğul da doğdu.  Rəhilə: «Bacımla var gücümlə çarpışıb ona üstün gəldim!» — dedi və uşağın adını Niftalı*+ qoydu.  Ləya görəndə ki, daha uşağı olmur, kənizi Zülfəni Yaquba verdi.+ 10  Ləyanın kənizi Zülfə Yaquba oğul doğdu. 11  Onda Ləya dedi: «Mənimki gətirdi!» və oğlunun adını Cad*+ qoydu. 12  Bundan sonra Ləyanın kənizi Zülfə ikinci dəfə Yaquba oğul doğdu. 13  Ləya dedi: «Mən bəxtəvərəm! Qadınlar mənə bəxtəvərlik oxuyacaq».+ Beləcə, uşağın adını Aşir*+ qoydu. 14  Bir dəfə buğda biçini vaxtı Rubən+ bayırda gəzəndə adamkökü tapdı və gətirib anası Ləyaya verdi. Onda Rəhilə Ləyadan xahiş etdi: «Oğlunun gətirdiyi adamkökündən mənə də ver». 15  Ləya ona dedi: «Ərimi əlimdən almağın bəs deyil, indi də oğlumun gətirdiyi adamkökünə göz dikmisən?»+ Onda Rəhilə dedi: «Yaxşı, oğlunun gətirdiyi adamkökünün əvəzində Yaqub bu gecəni səninlə keçirəcək». 16  Yaqub axşam otlaqdan qayıdanda Ləya onun qarşısına çıxıb dedi: «Bu gecə sən mənimsən. Səndən ötrü oğlumun gətirdiyi adamkökünü vermişəm». Beləliklə, Yaqub həmin gecəni Ləya ilə keçirdi. 17  Allah Ləyanı eşitdi və ona cavab verdi. Ləya hamilə qalıb beşinci oğlunu dünyaya gətirdi. 18  Onda Ləya: «Kənizimi ərimə verdiyimə görə Allah məni mükafatlandırdı», — deyib oğlunun adını Yəsakir*+ qoydu. 19  Ləya yenə hamilə qaldı və Yaquba altıncı oğlunu doğdu.+ 20  O dedi: «Allah mənə gözəl bir pay verdi. Axır ki, ərim mənə dözüm göstərəcək,+ axı mən onun üçün altı oğul dünyaya gətirmişəm».+ O, uşağın adını Zəbulun*+ qoydu. 21  Bundan sonra Ləyanın bir qızı oldu və onun adını Dinə+ qoydu. 22  Nəhayət, Allah Rəhiləyə nəzər saldı. Onu eşitdi və yalvarışlarına cavab verib bətnini açdı.+ 23  O hamilə qalıb oğlan doğdu və dedi: «Allah üzümü ağ elədi».+ 24  Sonra «Yehova mənə başqa bir oğul da verdi» deyərək uşağın adını Yusif*+ qoydu. 25  Elə ki Rəhilə Yusifi dünyaya gətirdi, Yaqub Labana dedi: «Məni burax öz elimə, obama qayıdım.+ 26  Arvad-uşağımı da mənə ver, onlara görə sənə xidmət etmişəm. Sənin üçün necə canla-başla işlədiyimi özün də yaxşı bilirsən».+ 27  Cavabında Laban dedi: «Nə olar, mənim yanımda qal. Bütün əlamətlər göstərir ki, Yehova sənə görə mənə xeyir-bərəkət verir». 28  Sonra əlavə etdi: «Haqqın nə olacaqsa, de verərəm».+ 29  Onda Yaqub dedi: «Sənə necə xidmət etdiyimi, sürülərinə necə baxdığımı özün də yaxşı bilirsən.+ 30  Əvvəl sənin nəyin var idi? Amma gör mən gələndən sonra Yehova sənə nə qədər xeyir-bərəkət verib, sürülərin gör nə qədər artıb çoxalıb. Bəs mən özümə nə vaxt gün ağlayacağam?»+ 31  Laban dedi: «Sənə nə verim?» Yaqub cavab verdi: «Mənə heç nə lazım deyil! Səndən təkcə bir ricam var. Mən yenə də sənin sürünü otarıb onu qoruyacağam.+ 32  Amma bir şərtlə: bu gün sürünü gözdən keçirək. Sən qoyunların içindən xallıları və ala-bulaları, qoçların içindən tünd-şabalıdı rəngdə olanları, keçilərin də içindən ala-bulaları və xallıları seçib ayır. Bundan sonra belələri mənim muzdum olacaq.+ 33  Nə vaxt mənə düşən payı yoxlamağa gəlsən, dürüst davrandığımı görəcəksən; əgər mənim sürümdə bir dənə də olsun xalsız, ala-bula olmayan keçi, yaxud tünd-şabalıdı olmayan qoç görsən, onu boynuma oğurluq kimi yazarsan». 34  Onda Laban dedi: «Lap yaxşı! Qoy sən deyən olsun».+ 35  Həmin gün o, bütün ala-bəzək və xallı təkələri, xallı və ala-bula keçiləri, üstündə ağ xalı olan və tünd-şabalıdı qoçları ayırıb oğlanlarına verdi. 36  Sonra Yaqubla özü arasında üçgünlük yol qədər məsafə qoydu. Yaqub Labanın yerdə qalan sürülərinə çobanlıq edirdi. 37  Yaqub ayıfındığı, badam və çinar ağaclarından təzəcə kəsilmiş budaqları götürdü, qabığını kəsib üzərində ağ xallar açdı. 38  Sonra qabığını kəsdiyi budaqları sürülərin su içdikləri suvatlara qoydu ki, heyvanlar su içməyə gələndə onların önündə cütləşsinlər. 39  Beləliklə, heyvanlar gəlib budaqların önündə cütləşir və sürülərdə ala-bəzək, xallı, ala-bula heyvanlar doğulurdu. 40  Yaqub qoçları ayırır, Labanın sürülərindəki heyvanların üzünü ala-bula, tünd-şabalıdı heyvanlara tərəf çevirirdi. O, öz sürülərini ayrı saxlayır, onları Labanın sürülərinə qatmırdı. 41  Hər dəfə sağlam heyvanlar cütləşəndə Yaqub budaqları suvatlara, heyvanların gözü önünə qoyurdu ki, heyvanlar budaqların yanında cütləşsinlər. 42  Heyvanlar zəif olanda isə budaqları qoymurdu. Beləcə, zəiflər həmişə Labana, sağlamlar isə Yaquba düşürdü.+ 43  Yaqubun mal-dövləti artdıqca artdı. Onun böyük sürüləri, çoxlu qul-qarabaşı, dəvələri və eşşəkləri oldu.+

Haşiyələr

Hərfən: qoy o, dizimin üstünə uşaq doğsun.
Mənası: hakim.
Mənası: çarpışmalarım.
Mənası: uğur.
Mənası: bəxtəvər, bəxtəvərlik.
Mənası: o, muzddur.
Mənası: dözüm.
Bu ad Yah artırsın mənasını verən Yusifyah adının qısa formasıdır.