Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

Yaradılış 26:1—35

MÜNDƏRİCAT

  • İshaqla Rəfəqə Qərara gedir (1—11)

    • Allah İshaqa vədini təkrarlayır (3—5)

  • Quyu üstündə münaqişə (12—25)

  • İshaq Əbuməliklə əhd bağlayır (26—33)

  • Eys het qızlarından iki arvad alır (34, 35)

26  Ölkədə İbrahimin dövründə olduğu kimi aclıq baş qaldırdı.+ Buna görə də İshaq Qərara, filiştlilərin padşahı Əbuməlikin yanına getdi.  Yehova ona görünüb dedi: «Misirə getmə. Harada desəm, orada yaşa.  Bir müddət burada qal.+ Mən səninlə olacağam, səni mübarək qılacağam, bütün bu torpaqları sənə və övladlarına* verəcəyəm.+  “Sənin övladlarını* göydəki ulduzlar qədər çoxaldacağam,+ bütün bu torpaqları övladlarına verəcəyəm.+ Yer üzünün bütün xalqları sənin övladın* vasitəsilə mübarək olacaq”,+ — deyərək atan İbrahimə içdiyim andı yerinə yetirəcəyəm.+  Çünki İbrahim sözümə qulaq asdı, bütün ömrü boyu tələblərimə, əmrlərimə, qayda və qanunlarıma riayət etdi».+  Beləcə, İshaq Qərarda yaşadı.+  Həmin yerin adamları İshaqdan arvadı barədə soruşanda o deyirdi ki, bacısıdır.+ Rəfəqə göyçək qadın+ olduğundan «arvadımdır» deməyə qorxurdu, fikirləşirdi ki, həmin yerin adamları Rəfəqəyə görə onu öldürərlər.  Bir müddət keçəndən sonra filiştlilərin padşahı Əbuməlik pəncərədən baxıb gördü ki, İshaq arvadı Rəfəqəni oxşayır.+  Dərhal İshaqı çağırıb dedi: «O ki sənin arvadındır. Nəyə görə deyirdin, bacındır?» İshaq cavab verdi: «Qorxurdum ki, ona görə məni öldürərlər».+ 10  Onda Əbuməlik dedi: «Bu nə işdir başımıza gətirirsən?+ Birdən kimsə arvadınla yatardı, onda nə olardı?.. Az qala bizi günaha batıracaqdın!»+ 11  Əbuməlik bütün xalqa belə bir fərman verdi: «Kim bu kişiyə və arvadına toxunsa, öldürüləcək!» 12  İshaq o torpaqda taxıl əkməyə başladı. Həmin il torpaqdan yüz qat məhsul götürdü, çünki Yehova ona bərəkət verirdi.+ 13  Beləliklə, İshaq varlı-hallı adam oldu. Onun işləri elə yaxşı gedirdi ki, axırda var-dövləti birə-beş artdı. 14  O, qoyun sürüləri, çoxlu mal-qara, qul-qarabaş sahibi oldu.+ Bunu görən filiştlilər ona paxıllıq etməyə başladılar. 15  Filiştlilər vaxtilə İbrahimin nökərlərinin qazdığı bütün quyuları torpaqla doldurdular.+ 16  Axırda Əbuməlik İshaqa dedi: «Çıx get bizim aramızdan. Çünki sən bizdən qat-qat güclü olmusan». 17  İshaq oradan çıxıb getdi və Qərar+ vadisində çadır qurub yaşadı. 18  O, atası İbrahimin dövründə qazılan, amma onun ölümündən sonra filiştlilərin torpaqla doldurduğu su quyularını yenidən qazdı+ və onlara atasının qoyduğu adları+ qaytardı. 19  İshaqın nökərləri vadidə quyu qazanda şirin su tapdılar. 20  Ancaq Qərar çobanları: «Su bizimdir», — deyərək İshaqın çobanları ilə dalaşmağa başladılar. Buna görə də İshaq quyunun adını Əsəq* qoydu, çünki çobanlar onunla dalaşmışdılar. 21  Onlar başqa quyu da qazdılar. Onun da üstündə dava düşdü. İshaq quyunun adını Sitna* qoydu. 22  Sonra İshaq oradan gedib, başqa bir quyu qazdı. Amma bu quyunun üstündə dava düşmədi. Bu səbəbdən İshaq quyunun adını Rəhbut* qoydu və dedi: «Yehova bizi genişliyə çıxardı və bu diyarda barlı-bəhərli etdi».+ 23  Sonra İshaq oradan Biir-Səbaya+ getdi. 24  Yehova həmin gecə ona görünüb dedi: «Mən atan İbrahimin Allahıyam.+ Qorxma+, Mən səninləyəm. Qulum İbrahimə görə səni mübarək qılacağam, övladlarını* çoxaldacağam».+ 25  Onda İshaq orada qurbangah düzəltdi və Yehovanın adını çağırdı*.+ O, həmin yerdə çadır qurdu.+ Qulları da orada quyu qazdı. 26  Bir müddət sonra Əbuməlik məsləhətçisi Əhuzzət və ordu başçısı Feyhul ilə birgə+ Qərardan onun yanına gəldi. 27  İshaq onlara dedi: «Xeyir ola gəlmisiniz? Məni gözü götürməyən, aranızdan qovan siz deyildiniz?» 28  Onlar cavab verdilər: «Açıq-aydın görürük ki, Yehova sənin arxanda durub.+ Buna görə bura gəlməyi qərara aldıq, gəldik ki, bir-birimizə and içib əhd bağlayaq+: 29  biz sənə toxunmadığımız, yalnız yaxşılıq edib, səni sağ-salamat yola saldığımız kimi, sən də bizə pislik etmə, çünki sən Yehovanın mübarək bəndəsisən». 30  İshaq onlar üçün ziyafət qurdu, onlar oturub yeyib-içdilər. 31  Səhərisi gün tezdən qalxıb bir-birilərinə and içdilər.+ Sonra İshaq onları yola saldı və onlar sağ-salamat çıxıb getdilər. 32  Elə həmin gün İshaqın qulları gəlib xəbər verdilər ki, qazdıqları quyudan+ su çıxdı. 33  O, quyunun adını Şiva* qoydu. Buna görə də şəhərin adı bu günə qədər Biir-Səba*+ qalıb. 34  Qırx yaşı olanda Eys het Biirinin qızı Yəhudəti və het İlunun qızı Bəsməni aldı.+ 35  Onlar İshaqla Rəfəqəyə böyük dərd oldular.+

Haşiyələr

Hərfən: toxumuna.
Hərfən: toxumunu.
Hərfən: toxumun.
Mənası: mübahisə, dava-dalaş.
Mənası: ittiham.
Mənası: geniş yerlər.
Hərfən: toxumunu.
Yaxud bəyan etdi.
Mənası: and; yeddi.
Mənası: and quyusu; yeddilərin quyusu.