Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

Yəhya 19:1—42

MÜNDƏRİCAT

  • İsanı qamçılayırlar, ələ salırlar (1—7)

  • Pilat İsanı sorğu-suala çəkir (8—16a)

  • İsanı Qolqotada dirəkdə edam edirlər (16b—24)

  • İsa anasının qeydinə qalır (25—27)

  • İsanın ölümü (28—37)

  • İsanın dəfni (38—42)

19  Onda Pilat İsanı aparıb qamçılamağı+ əmr etdi.  Əsgərlər tikandan çələng hörüb İsanın başına qoydular və əyninə bənövşəyi xələt geyindirdilər.+  Onlar yaxınlaşıb: «Salam, ey yəhudilərin Padşahı!» — deyir və üzünə şillə vururdular.+  Pilat yenə də bayıra çıxıb dedi: «Bura baxın! Bu adamı qarşınıza çıxarıram ki, biləsiniz: mən onda təqsir görmürəm».+  İsa başında tikandan çələng və əynində bənövşəyi xələt bayıra çıxdı. Pilat onlara dedi: «Budur o adam!»  Lakin böyük kahinlər və keşikçilər İsanı görəndə qışqırdılar: «Onu dirəkdə edam et! Edam et!»+ Pilat isə dedi: «Aparın özünüz edam edin, mən onda heç bir günah görmürəm».+  Yəhudilər dedilər: «Bizim bir qanunumuz var və həmin qanuna görə o ölməlidir,+ çünki o, özünə Allahın oğlu deyir».+  Pilat bunu eşidəndə daha da qorxdu.  O, saraya girib İsadan soruşdu: «Sən haradansan?» Lakin İsa cavab vermədi.+ 10  Onda Pilat dedi: «Sən mənə cavab vermirsən? Məgər bilmirsən ki, səni azad etmək də, edam etmək də mənim əlimdədir?» 11  İsa ona cavab verdi: «Sənə göydən verilməsəydi, mənim üzərimdə heç bir ixtiyarın olmazdı. Buna görə də məni sənə təslim etmiş adamın günahı daha ağırdır». 12  Onda Pilat İsanı azad etmək üçün yol axtarmağa başladı. Ancaq yəhudilər dedilər: «Sən bu adamı azad etsən, Sezara dost deyilsən. Özünü padşah elan edən hər bir adam Sezara qarşı çıxır».+ 13  Pilat bu sözləri eşidəndə İsanı bayıra çıxartdı, özü isə gəlib Daş döşəmə, ibranicə Qabbata adlanan yerdə qoyulmuş hakim kürsüsünə oturdu. 14  Həmin gün Pasxa bayramına hazırlıq görülürdü.+ Günorta saat on iki* olardı. Pilat yəhudilərə dedi: «Bu da sizin padşahınız!» 15  Onlar isə: «Ona ölüm! Ona ölüm! Onu dirəkdə edam et!» — deyə qışqırırdılar. Pilat onlardan soruşdu: «Deyirsiniz, padşahınızı edam edim?» Böyük kahinlər cavab verdilər: «Bizim Sezardan başqa padşahımız yoxdur». 16  Onda Pilat İsanın edamına əmr verdi.+ Əsgərlər İsanı apardılar. 17  İsa işgəncə dirəyini* daşıyaraq Kəllə,+ ibranicə Qolqota adlanan yerə qalxdı.+ 18  Onu orada dirəyə mıxladılar.+ Onunla bərabər iki adamı da edam etdilər: birini sağında, birini də solunda dirəkdən asdılar. İsa ortada idi.+ 19  Pilat bir lövhənin üzərinə «Yəhudilərin padşahı nəsrani İsa» sözlərini yazıb işgəncə dirəyinə vurdurdu.+ 20  İsanın edam edildiyi yer şəhərə yaxın olduğu üçün bu yazını xeyli yəhudi görüb oxudu. Bu sözlər ibranicə, latınca və yunanca yazılmışdı. 21  Yəhudilərin böyük kahinləri Pilata dedilər: «“Yəhudilərin padşahı” yox, özünün dediyi kimi: “Mən yəhudilərin padşahıyam” yaz». 22  Pilat cavab verdi: «Nə yazmışam, yazmışam». 23  Əsgərlər İsanı dirəyə mıxlayandan sonra onun üst paltarlarını dörd yerə böldülər, hər əsgərə bir pay düşdü. Köynəyini də götürdülər. Amma köynəyi tikişsiz, yuxarıdan-aşağıya bütöv toxuma idi. 24  Ona görə də bir-birilərinə dedilər: «Gəlin bunu cırmayaq, püşk ataq görək kimə düşəcək».+ Beləcə, Müqəddəs Yazıların: «Paltarımı aralarında bölüşdürdülər, libasım üçün püşk atdılar»,+ — sözləri yerinə yetdi. Bəli, əsgərlər məhz belə də etdilər. 25  İsanın edam olunduğu işgəncə dirəyinin yanında anası,+ xalası, Klopasın arvadı Məryəm və Məcdəlli Məryəm durmuşdular.+ 26  İsa anasını və onun yanında duran sevimli şagirdini+ görəndə anasına dedi: «İndən belə bu, sənin oğlundur!» 27  Sonra şagirdinə dedi: «İndən belə bu, sənin anandır!» O gündən etibarən, həmin şagird İsanın anasını öz evinə apardı. 28  Bundan sonra artıq hər şeyin tamamlandığını bilən İsa Müqəddəs Yazılarda yazılmış sözün yerinə yetməsi üçün: «Su istəyirəm»,+ — dedi. 29  Orada turş şərabla dolu bir qab var idi. Onlar hissop* çubuğuna bir süngər taxıb turş şəraba batırdılar və onun dodaqlarına yaxınlaşdırdılar.+ 30  İsa şərabdan dadıb: «Tamam oldu!»+ — dedi və başını əyib canını tapşırdı.+ 31  Hazırlıq günü idi.+ Cəsədlər şənbə günü dirəklərdə qalmasın+ deyə (o şənbə böyük şənbə idi),+ yəhudilər Pilatdan xahiş etdilər ki, edam olunmuşların qıçlarını sındırıb cəsədlərini dirəkdən düşürsünlər. 32  Əsgərlər gəlib əvvəl İsanın bir tərəfində, sonra isə o biri tərəfində olan adamların qıçlarını sındırdılar. 33  İsaya yaxınlaşanda gördülər ki, o, artıq ölüb. Buna görə də onun qıçlarını sındırmadılar. 34  Ancaq əsgərlərdən biri nizə ilə onun böyrünü deşdi+ və böyründən qan ilə su axdı. 35  Bunları öz gözü ilə görən şəhadət edir və onun şəhadəti doğrudur. O, həqiqəti danışdığını bilir və istəyir ki, siz də inanasınız.+ 36  Bunlar Müqəddəs Yazılardakı «onun bir sümüyü belə, sınmayacaq» sözləri yerinə yetsin deyə, baş verdi.+ 37  Müqəddəs Yazıların başqa yerində isə yazılıb: «Onlar bədənini deşdikləri adama baxacaqlar».+ 38  Sonra İsanın şagirdi olan, lakin bunu yəhudilərin qorxusundan+ gizli saxlayan arimataylı Yusif Pilatdan İsanın cəsədini istədi. Pilat razılıq verdi. O da gəlib İsanın cəsədini götürdü.+ 39  İsanın yanına birinci dəfə gecə ikən gəlmiş Nikodem+ də otuz kiloqrama* yaxın mürr* və əzvay qatışığı gətirdi*.+ 40  Onlar İsanın cəsədini götürüb yəhudilərin dəfn adəti üzrə ətirli otlarla birlikdə kətan parçaya bürüdülər.+ 41  İsanın edam olunduğu yerdə bir bağ vardı. O bağda hələ heç kəsin qoyulmadığı təzə bir sərdabə+ var idi. 42  Yəhudilərin Hazırlıq günü+ olduğu üçün, sərdabə də yaxınlıqda yerləşdiyi üçün İsanı ora qoydular.

Haşiyələr

Hərfən: altıncı saat.
Bu bitkinin dəqiq adı məlum deyil. Ehtimal ki, kalış.
Hərfən: yüz litra. 327 q ağırlığı olan Roma çəki vahidi. B14 əlavəsinə bax.
Digər variant: bir bağlamada otuz kiloqrama yaxın mürr əzvay gətirdi.