Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

Qanunun təkrarı 4:1—49

MÜNDƏRİCAT

  • İtaətə çağırış (1—14)

    • Allahın işlərini unutmayın (9)

  • Yehova tam sədaqət tələb edir (15—31)

  • Yehovadan başqa Allah yoxdur (32—40)

  • İordanın şərqindəki sığınacaq şəhərlər (41—43)

  • Qanuna giriş (44—49)

4  İndi isə, ey İsrail, sizə çatdırdığım qanun və hökmləri dinləyin ki, sağ qalasınız+ və atalarınızın Allahı Yehovanın sizə verəcəyi diyara daxil olub ona sahib olasınız.  Sizə dediyim sözlərə bir kəlmə də artırıb-əskiltməyin.+ Allahınız Yehovanın əmrlərinə — sizə verdiyim əmrlərə riayət edin.  Özünüz gördünüz ki, Yehova Faur Baalı əhvalatında nə etdi. Allahınız Yehova aranızdan Faur Baalının arxasınca gedən hər kəsi tələf etdi.+  Lakin Allahınız Yehovaya vəfalı qalan sizlər bu gün sağsınız.  Mən sizə, Allahım Yehovanın buyurduğu kimi, bütün qanun və hökmləri çatdırdım ki,+ sahib olacağınız ölkədə onlarla yaşayasınız.  Onlara diqqətlə əməl edin.+ Belə davranmağınız başqa xalqlara sizin müdrik+, aqil+ olduğunuzu göstərəcək və bu qayda-qanunlar haqqında eşidən o xalqlar deyəcək: “Bu böyük xalq, doğrudan da, müdrik və aqil bir xalqdır”.+  Allahımız Yehovanı çağıranda Onun bizə yaxın olduğu qədər, hansı böyük xalqın allahları ona elə yaxın olur?+  Hansı böyük xalqın bu gün sizə verdiyim bu Qanun kimi adil hökmləri və qanunları var?+  Amma siz ehtiyatlı olun, diqqət edin ki, gözünüzlə şahid olduğunuz şeyləri unutmayasınız, nə qədər ki sağsınız, onlar ürəyinizdən silinməsin. Onları oğullarınıza da, nəvələrinizə də danışın.+ 10  Huribdə Allahınız Yehovanın qarşısında durduğunuz gün Yehova mənə demişdi: “Xalqı bir yerə topla, qoy deyəcəyim sözləri eşitsinlər ki,+ ömürlərinin hər gününü Allah qorxusu+ ilə yaşamağı öyrənsinlər, övladlarına da öyrətsinlər”.+ 11  Onda siz yaxın gəlib dağın ətəyində dayandınız. Dağ od içində idi, ondan qalxan alov göyə bülənd olmuşdu. Hər yanı zülmət qaranlıq, qara buludlar bürümüşdü.+ 12  Yehova alovun içindən sizinlə danışmağa başladı.+ Siz deyilən sözləri eşidir, amma heç bir surət görmürdünüz.+ Yalnız səs eşidirdiniz.+ 13  O, sizə Öz əhdini — on əmri*+ bəyan edib bu əhdə əməl etməyi tapşırdı.+ Sonra onları iki daş lövhə üzərinə yazdı.+ 14  Onda Yehova mənə buyurdu ki, bütün qanunları və hökmləri sizə anladım. Siz həmin o qanunları sahib olacağınız ölkədə rəhbər tutub yaşamalısınız. 15  Yehova Huribdə alovun içindən sizinlə danışan gün heç bir surət görməmişdiniz. Buna görə də diqqətli olun ki, 16  rəzillik edib nəyinsə surətində oyma büt düzəltməyəsiniz.+ Nə kişinin, nə qadının, 17  nə yer üzündəki hər hansı bir heyvanın, nə səmada uçan quşun,+ 18  nə torpaqda sürünən canlının, nə də suda yaşayan balığın surətini düzəltməyin.+ 19  Gözlərinizi göylərə qaldırıb baxanda, asimandakı ordunu — günəşi, ayı, ulduzları görəndə aldanıb onlara səcdə qılmayın, onlara sitayiş etməyin.+ Allahınız Yehova onları göylər altında yaşayan bütün bəşərə ərməğan edib. 20  Lakin sizləri Yehova dəmirəridən sobadan, Misirdən çıxartdı ki, bugünkü kimi Onun məxsusi xalqı+ olasınız. 21  Yehovanın sizə görə mənə acığı tutmuşdu.+ O and içmişdi ki, İordanı keçib Allahınız Yehovanın sizə irs olaraq verdiyi o gözəl diyara qədəm basmayacağam.+ 22  Bəli, mən burada öləcəyəm, İordanı keçməyəcəyəm.+ Siz isə o taya keçib o gözəl diyara sahib olacaqsınız. 23  Baxın, Allahınız Yehovanın sizinlə bağladığı əhdi unutmayın.+ Allahınız Yehovanın qadağan etdiyi heç nəyin surətində özünüz üçün oyma büt düzəltməyin.+ 24  Çünki Yehova, sizin Allahınız yandırıb-yaxan alovdur,+ tam sədaqət tələb edən Allahdır.+ 25  Ölkədə xeyli yaşayandan, oğul-uşaq, nəvə-nəticə sahibi olandan sonra rəzillik edib büt düzəltsəniz,+ Allahınız Yehovanın gözündə şər iş görüb Onu təhqir etsəniz,+ 26  bu gün göyü və yeri sizə qarşı şahid tuturam ki, İordanı keçib alacağınız ölkədən yox olacaqsınız, özü də çox tez bir zamanda. Bəli, orada çox qalmayacaqsınız, büsbütün tələf olacaqsınız.+ 27  Yehova sizi xalqlar arasına səpələyəcək.+ Yehovanın sizi torpaqlarına sürgün etdiyi xalqların arasında içinizdən tək-tük adam sağ qalacaq.+ 28  Orada insan əllərinin ağacdan, daşdan düzəltdiyi,+ görüb-eşitməyən, iy, dad bilməyən allahlara qulluq etməli olacaqsınız. 29  Amma əgər orada Allahınız Yehovanı axtarsanız, bütün qəlbinizlə, bütün varlığınızla Onun harayında olsanız, mütləq Onu tapacaqsınız.+ 30  Bütün bunlar başınıza gələndən sonra əzab içində qıvrılanda Allahınız Yehovaya dönəcək, Ona itaət edəcəksiniz.+ 31  Çünki Allahınız Yehova rəhmli Allahdır.+ O, sizi atmaz, qoymaz ki, tamamilə məhv olasınız, and içərək atalarınızla bağladığı əhdi unutmaz.+ 32  Dünyanın bu başından o başına soraqlayıb öyrənin, görün heç sizdən əvvəlki dövrlərdə, Allahın yerdə insanı xəlq etdiyi gündən bu yana bu cür böyük işlər baş verib, yaxud belə bir şey eşidən olub?+ 33  Hansı bir xalq sizin kimi alovun içindən Allahın səsini eşidib və sağ qalıb?+ 34  Ya da Misirdə gözünüzün qabağında sizin üçün etdiklərini Allahınız Yehova başqa hansı xalq üçün edib? Hökmlər verərək, əlamət və möcüzələr göstərərək+, cəng edərək+, əlinin gücünü+, qolunun qüvvətini nümayiş etdirərək, dəhşət doğuran işlər+ görərək hansı xalqı başqa xalqın içindən çıxarıb Özününkü edib? 35  Bütün bunlar sizə ondan ötrü göstərilib ki, biləsiniz: Yehovadır Allah, Ondan başqa allah yoxdur.+ 36  Sizi düz yola çəkmək üçün O, sizinlə göydən danışıb. Yerdə sizə Öz böyük alovunu göstərib. Alovun içindən Onun sözlərini eşitmisiniz.+ 37  O, ulu babalarınızı sevdiyinə, onların övladlarını seçib Öz xalqı+ etdiyinə görə sizi böyük qüdrəti ilə, Öz nəzəri altında Misirdən çıxardı. 38  Sizdən böyük, sizdən güclü xalqları qarşınızdan qovdu ki, sizi onların ölkəsinə gətirsin və bugünkü kimi, onların torpaqlarını sizə irs versin.+ 39  Buna görə bilin və ürəyinizə həkk edin: yuxarıda — göydə və aşağıda — yerdə tək bir Allah var, o da Yehovadır.+ Ondan başqası yoxdur.+ 40  Onun bu gün sizə çatdırdığım qanun və əmrlərinə əməl edin ki, siz də, övladlarınız da xeyir tapasınız, Allahınız Yehovanın sizə verdiyi ölkədə uzun müddət yaşayasınız».+ 41  Həmin vaxt Musa İordanın şərq tərəfində üç şəhər ayırdı.+ 42  Əgər kimsə ədavət bəslədiyinə görə deyil, təsadüfən adam öldürərdisə,+ bu şəhərlərdən birinə qaçıb sağ qala bilərdi.+ 43  Rubənlilər üçün yayladakı səhrada Bəsər+ şəhərini, cadlılar üçün Giladda Ramut+ şəhərini, mənəssəlilər üçün Başanda Qulan+ şəhərini ayırdı.+ 44  Musanın israillilər üçün təsis etdiyi Qanun+ bu idi. 45  Bu öyüdləri, qanun və hökmləri Musa israillilərə Misirdən çıxandan sonra+ 46  İordan bölgəsində, Beyt-Faurla üzbəüz vadidə,+ Həşbunda yaşayan amori padşahı Sihunun ölkəsində vermişdi.+ Misirdən çıxan Musa ilə israillilər Sihunu məğlubiyyətə uğradıb+ 47  ölkəsini tutmuş, eləcə də Başan padşahı Oqun ərazisini ələ keçirmişdilər.+ Beləliklə, onlar İordanın şərqində iki amori padşahının torpaqlarını, 48  Ərnun vadisinin kənarındakı Aruirdən+ tutmuş Siyun, yəni Hərmun dağına qədər ərazini istila etmişdilər.+ 49  İstila olunmuş torpaqlara Fizqə ətəklərindəki Ərəbə dənizinə* qədər İordanın şərqində yerləşən bütün Ərəbə bölgəsi də daxil idi.+

Haşiyələr

Hərfən: on sözü.
Şor dəniz, yəni Ölü dəniz.