Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

Qanunun təkrarı 2:1—37

MÜNDƏRİCAT

  • 38 il səhrada (1—23)

  • Həşbun padşahı Sihunun üzərində qələbə (24—37)

2  Sonra, Yehovanın mənə əmr etdiyi kimi, dönüb Qırmızı dəniz yolu ilə səhra tərəfə getdik.+ Xeyli müddət Sair dağının ətrafında dolaşandan sonra  Yehova mənə dedi:  “Bu dağın ətrafını gəzib-dolaşmağınız kifayətdir, indi şimala dönün.  Həm də xalqa belə əmr elə: “Sairdə yaşayan qardaşlarınızın, Eys oğullarının+ sərhədinin yanından keçəcəksiniz.+ Düzdür, onlar sizdən qorxacaqlar,+ ancaq siz hərəkətlərinizə fikir verin.  Onlarla işiniz olmasın, onların torpağından bir qarış da olsun sizə verməyəcəyəm, çünki Sair dağını Eysə vermişəm.+  Onlara yediyiniz yeməyin, içdiyiniz suyun pulunu verməlisiniz.+  Allahınız Yehova hər işinizi avand edib. Bu böyük səhrada atdığınız hər addım Ona agahdır. Bu qırx il ərzində Allahınız Yehova sizinlə olub, siz heç nədən korluq çəkməmisiniz”.+  Beləliklə, biz Ərəbə yoluna, Elata və Əzyun-Qəbərə yaxınlaşmayaraq Sairdə yaşayan qardaşlarımız Eys oğullarının yanından ötüb keçdik.+ Sonra dönüb Muab səhrası yolu ilə səfərimizə davam etdik.+  Yehova mənə dedi: “Muaba dəyib-dolaşmayın, onlarla döyüşməyin. Mən onların torpağından bir parça da sizə verməyəcəyəm, çünki Arı Lut övladlarına vermişəm.+ 10  (Vaxtilə orada güclü, çoxsaylı, anaqlar kimi hündürboy xalq olan emlər+ yaşayırdı. 11  Rəfalar+ da anaqlara+ bənzəyirdi və muabilər onları da em adlandırırdı. 12  Sairdə isə əvvəllər xurilər+ yaşayırdı. Eys övladları oranı ələ keçirib xuriləri qırmış və yerlərində məskunlaşmışdı.+ İsrail də özünə məxsus torpaqda, Yehovanın onlara verəcəyi torpaqda belə edəcək.) 13  İndi isə gedin, Zarəd vadisini keçin”. Biz də Zarəd vadisini keçdik.+ 14  Qədis-Barnidən çıxdığımız vaxtdan Zarəd vadisini keçənə qədər otuz səkkiz il keçmişdi. Bu vaxt ərzində, Yehovanın and içdiyi kimi, o nəslin döyüşə yararlı bütün kişiləri ölüb xalqın içindən yox olmuşdu.+ 15  Düşərgədə axırlarına çıxanadək Yehovanın əli onlara qarşı oldu.+ 16  Elə ki xalqın içindən o döyüşçülərin kökü kəsildi,+ 17  Yehova mənə dedi: 18  “Bu gün siz Muab ərazisindən, Ardan keçməlisiniz. 19  Əmunilərə yaxınlaşanda onlara dəyib-dolaşmayın. Əmunilərin torpağından sizə bir parça da verməyəcəyəm, çünki oranı Lut övladlarına vermişəm.+ 20  Bura da rəfaların ölkəsi hesab olunurdu.+ (Əvvəllər burada rəfalar yaşayırdı. Əmunilər onları zamzum adlandırırdı. 21  Onlar güclü, çoxsaylı, anaqlar kimi hündürboy xalq idilər.+ Lakin Yehova əmunilərə görə onların kökünü kəsdi və əmunilər onların torpağını zəbt edib orada məskunlaşdılar. 22  Hazırda Sairdə yaşayan Eys övladları+ üçün də O, belə etmişdi. Eys övladlarına görə xurilərin kökünü kəsmişdi ki, onlar xurilərin torpağını zəbt edib ta bugünkü günə qədər orada məskun olsunlar.+ 23  Qəzzə bölgəsində+ yaşayan avların da başına eyni şey gəlmişdi. Kəfturdan* gələn kəfturlar+ onları qırıb yerlərində məskən salmışdılar.) 24  Qalxın, Ərnun vadisini keçin.+ Həşbun padşahı amori Sihunu sizin əlinizə verirəm.+ Gedin onunla müharibəyə başlayın, ölkəsini istila edin. 25  Bu gündən elə edəcəyəm ki, göylər altında olan bütün xalqlar sizin haqqınızda eşidəndə ürəklərini vahimə, qorxu saracaq. Sizə görə onların canına lərzə düşəcək, təlaş içində vurnuxacaqlar”.+ 26  Onda Kədimutdan+ Həşbun padşahı Sihuna xoşməramlı sözlərlə qasidlər göndərib dedim:+ 27  “İzin ver, ölkəndən keçim. Yoldan nə sağa, nə də sola bir addım belə, atmayacağam.+ 28  Mənə pulla satdığın yeməyi yeyib, pulla satdığın suyu içəcəyəm. Sadəcə ölkəndən keçməyə mənə icazə ver. 29  Sairdə yaşayan Eys övladları və Arda yaşayan muabilər bizimlə belə davrandılar. İordanı keçib Allahımız Yehovanın bizə verməyi vəd etdiyi ölkəyə gedənə qədər sən də bizim üçün bunu et”. 30  Lakin Həşbun padşahı Sihun bizə ölkəsindən keçməyə icazə vermədi. Çünki Yehova onun ürəyini daşa döndərmiş, inadkar etmişdi ki,+ onu sizin əlinizə versin, necə ki verdi.+ 31  Onda Yehova mənə dedi: “Artıq Sihunu da, ölkəsini də sizin əlinizə vermişəm. Başlayın istilaya!”+ 32  Sihun döyüşmək üçün bütün adamlarını yığıb Yahasa, bizim qarşımıza çıxanda+ 33  Allahımız Yehova onu bizim əlimizə verdi. Biz də onu, oğullarını və adamlarını məğlub etdik. 34  O vaxt onun bütün şəhərlərini zəbt edib yerlə yeksan etmişdik. Qadın, kişi, uşaq deməyib, hamısını məhv etmiş, bir nəfəri belə, sağ buraxmamışdıq.+ 35  Təkcə mal-heyvanı və zəbt etdiyimiz şəhərlərdən ələ keçirdiyimiz talan malını özümüzə qənimət götürmüşdük. 36  Ərnun vadisinin kənarında yerləşən Aruirdən+ (vadiyə aid şəhər də daxil olmaqla) tutmuş Gilada qədər elə şəhər qalmamışdı ki, əlimiz ora çatmasın. Allahımız Yehova hamısını bizə təslim etmişdi.+ 37  Ancaq əmunilərin ölkəsinə, nə Yəbbuq vadisinin qırağına,+ nə dağlıq bölgədəki şəhərlərə, nə də Allahımız Yehovanın qadağan etdiyi başqa yerə yaxın getmədiniz.+

Haşiyələr

Krit adası.