Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

Nəhəmya 8:1—18

MÜNDƏRİCAT

  • Tövrat oxunur, xalqa izah edilir (1—12)

  • Çardaqlar bayramı keçirilir (13—18)

8  Bütün xalq bir nəfər kimi Su darvazasının+ qarşısındakı meydana toplaşdı. Onlar mirzə Üzeyirdən+ xahiş etdilər ki, Yehovanın İsrailə verdiyi Musanın Tövratını*+ gətirsin.  Kahin Üzeyir Tövratı icmanın — kişilərin, qadınların və ağlı kəsən uşaqların qarşısına gətirdi.+ Yeddinci ayın birinci günü idi.+  O, Su darvazasının qarşısındakı meydanda toplaşmış kişilərin, qadınların və ağlı kəsən uşaqların önündə Tövratı səhər sübhdən günortaya qədər ucadan oxudu.+ Bütün camaat diqqətlə qulaq asırdı.+  Mirzə Üzeyir bu tədbirdən ötrü hazırlanmış taxta kürsünün üstündə durmuşdu. Onun sağ tərəfində Məttəsyah, Şəma, Ənay, Uryay, Xilqiyyə, Məseyyə, sol tərəfində isə Fəday, Müsail, Məlkiyyə+, Həşum, Həşbədan, Zəkəriyyə və Məşullam dayanmışdı.  Üzeyir camaatdan yüksəkdə durmuşdu. Buna görə də o, kitabı açanda camaat bunu gördü və ayağa qalxdı.  Üzeyir Ulu Allah Yehovanı mədh etdi və bütün xalq: «Amin! Amin!»+ — deyib əllərini göyə qaldırdı. Sonra üzüstə düşüb Yehovaya səcdə etdilər.  Lavililərdən Yeşu, Bənni, Şərbiya+, Yəmin, Aqqub, Şəbtay, Hudya, Məseyyə, Qalit, Əzriya, Yuzabad+, Hənan və Fəlay xalqa Tövratı izah edirdilər,+ xalq da ayaq üstə dinləyirdi.  Onlar Tövratı, Allahın kitabını ucadan oxuyur, oxuduqlarını aydın izah edir, mənasını açıqlayırdılar. Beləcə, onlar xalqa oxuduqlarını başa saldılar.+  Bütün xalq Tövratda yazılanları dinlədikcə ağlayırdı. Buna görə də həmin vaxt vali olan Nəhəmya, kahin və mirzə Üzeyir+, eləcə də xalqı öyrədən lavililər bütün xalqa dedilər: «Bu gün Allahınız Yehova üçün müqəddəs gündür.+ Göz yaşı tökməyin, ağlamayın». 10  O dedi: «Gedin, ləziz yeməklər yeyin, şərbət için, hazırlıq görə bilməyənlərə pay göndərin,+ axı bu gün Rəbbimiz üçün müqəddəs gündür. Kədərlənməyin, çünki Yehovanın bəxş etdiyi sevinc sizə qaladır». 11  Lavililər də xalqı sakitləşdirərək deyirdilər: «Kədərlənməyin, sakit olun, axı bu gün müqəddəs gündür». 12  Beləcə, xalq yeyib-içməyə, pay göndərməyə və şənlik etməyə+ getdi. Çünki deyilənləri başa düşmüşdülər.+ 13  Ertəsi gün xalqın nəsil başçıları, kahinlər və lavililər Tövratı daha dərindən anlamaq üçün mirzə Üzeyirin yanına toplaşdılar. 14  Onlar gördülər ki, Yehovanın Musa vasitəsilə verdiyi Tövratda belə yazılıb: yeddinci ayda keçirilən bayram günlərində israillilər çardaqlarda yaşamalıdırlar.+ 15  Həmçinin bütün şəhərlərdə və Yerusəlimin hər tərəfində car çəkib+ deməlidirlər: «Dağlara çıxıb zeytun, yağ ağacı, mərsin, xurma və başqa sıxyarpaqlı ağacların budaqlarını yığıb gətirin və yazılana uyğun olaraq çardaq qurun». 16  Hər kəs öz evinin damında, həyətində, həmçinin Allahın evinin həyətlərində+, Su darvazasının+ və Əfraim darvazasının+ meydanlarında çardaq qurmaq üçün gedib budaq gətirdi. 17  Beləcə, əsirlikdən qayıtmış bütün camaat çardaqlar qurub orada qaldı. İsraillilər ürəkdən sevinib-şadlanırdı,+ çünki Nun oğlu Yuşənin+ dövründən bu günə kimi israillilər bu bayramı belə keçirməmişdilər. 18  Bayram yeddi gün davam etdi. Bayramın birinci günündən axırıncı gününə qədər Allahın verdiyi Tövrat kitabı hər gün ucadan oxunurdu.+ Səkkizinci gün isə tələb olunduğu kimi, təntənəli toplantı keçirildi.+

Haşiyələr