Kontentə keç

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab | MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

Məsəllər 7:1—27

MÜNDƏRİCAT

  • Allahın əmrləri və uzun ömür (1—5)

  • Qadın naşı cavanı tovlayır (6—27)

    • Kəsilməyə gedən buğa kimi (22)

7  Oğlum, qoy sözlərim qulağında qalsın, Əmrlərimi qoruyub saxla.+   Əmrlərimə bağlı qal ki, ömrün uzun olsun,+ Nəsihətimi* göz bəbəyin kimi qoru.   Onları barmaqlarına sarı, Ürəyinin lövhəsinə köçür.+   Hikmətə: «Bacımsan», — de, Dərrakəyə: «Əqrəbamsan», — söylə.   Onda onlar səni pozğun qadından qoruyar,+ Əxlaqsız qadından, onun şirin dilindən saxlar.+   Evimin pəncərəsindən, Şəbəkə arxasından aşağı baxıb   Naşı gənclərə tamaşa edirdim. Onların arasında ağılsız bir cavan diqqətimi cəlb etdi.+   O, həmin qadının evinin tinindən keçirdi, Onun evinə tərəf gedirdi.   Qaş qaralır, axşam düşürdü,+ Gecənin zülməti yaxınlaşırdı. 10  Baxıb gördüm ki, fahişə libaslı,+ ürəyi fənd-fellə dolu Bir qadın onun qabağına çıxdı. 11  O, hay-küyçüdür, həyasızdır,+ Ayağı evə yığılmır. 12  Gah küçələrə, gah meydanlara çıxır, Hər tinin başında pusqu qurur.+ 13  O, oğlanı tutub öpdü, Arsız-arsız dedi: 14  «Yandırma qurbanı kəsməli idim.+ Bu gün nəzirimi yerinə yetirdim. 15  Ona görə də pişvazına çıxdım, Səni axtarıb tapdım. 16  Çarpayıma zərif örtüklər, Əlvan Misir kətanı sərmişəm.+ 17  Yatağıma mürr, əzvay, darçın səpmişəm.+ 18  Gəl eşq badəsini sübhədək içək, Sevgi atəşi ilə alovlanaq. 19  Ərim evdə yoxdur, Uzaq səfərə çıxıb. 20  Pul kisəsini götürüb, Bir də ay bədirlənəndə qayıdacaq». 21  Qadın dil töküb cavanı tovladı,+ Şirin dillə onu yoldan çıxartdı. 22  Cavan da kəsilməyə gedən buğa kimi, Kündəyə salınıb cəzalandırılan axmaq kimi, onun ardınca getdi.+ 23  Axırda ciyərinə ox saplanacaq. O, quş kimi tora düşməyə tələsir, bilmir ki, canı alınacaq.+ 24  Ey oğullarım, sözlərimə qulaq verin, Dediklərimə diqqət kəsilin. 25  Məbada ürəyin o qadının yollarına meyil salsın, Məbada onun keçdiyi yola qədəm qoyasan.+ 26  Çünki o, neçəsini məhv edib.+ Tələf etdiyi adamların sayı-hesabı yoxdur.+ 27  Onun evi Məzara* aparır, Ölümün dərin otaqlarına gedib çıxır.

Haşiyələr

Yaxud qanunumu.
İbr. şeol. Lüğətə bax.