Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

Hakimlər 6:1—40

MÜNDƏRİCAT

  • Mədyən İsrailə zülm verir (1—10)

  • Mələk hakim Cədunu ürəkləndirir (11—24)

  • Cədun Baalın qurbangahını dağıdır (25—32)

  • Allahın ruhu Cədunun üzərinə enir (33—35)

  • Yun və şeh (36—40)

6  İsraillilər yenə də Yehovanın bəyənmədiyi pis işlər gördülər.+ Buna görə də Yehova onları yeddi il Mədyənə tabe etdi.+  Mədyən İsrailin üzərində ağalıq edirdi.+ İsraillilər mədyənilərin əlindən dağlarda, mağaralarda, əlçatmaz yerlərdə özləri üçün sığınacaqlar* düzəldirdilər.+  Elə ki israillilər əkin əkirdilər, mədyənilər, əmaliqələr+ və şərqlilər+ onlara hücum edirdi.  Onlar İsrail torpağına girib düşərgə salır, Qəzzəyə qədər ölkənin bütün məhsulunu məhv edirdilər. İsraildə ərzaq qoymurdular, ölkədə mal-qara, qoyun-quzu, ulaq qalmırdı.+  Çünki onlar öz heyvanları və çadırları ilə gəlirdi, sayları çəyirtkə kimi çox olurdu.+ Adamların və dəvələrin sayı-hesabı olmurdu.+ Onlar gəlib ölkəni viran qoyurdular.  İsrail mədyənilərin ucbatından çox yoxsullaşdı. Onda xalq Yehovadan imdad diləməyə başladı.+  İsrail Mədyənin əlindən Yehovaya dad edəndə+  Yehova israillilərə peyğəmbər göndərdi. O, xalqa dedi: «İsrailin Allahı Yehova belə deyir: “Mən sizi Misirdən, köləlik məmləkətindən çıxartdım.+  Sizi misirlilərin və bütün zülmkarların əlindən qurtardım. Onları qabağınızdan qovub torpaqlarını sizə verdim.+ 10  Sizə dedim: “Mən Allahınız Yehovayam.+ Torpağında yaşadığınız amorilərin allahlarından qorxmayın”.+ Siz isə Mənə qulaq asmadınız”».+ 11  Bir gün Yehovanın mələyi gəlib+ Öfrada, böyük ağacın altında oturdu. Bu ağac əbusərli+ Yuəşin idi. Həmin vaxt Yuəşin oğlu Cədun+ üzüm sıxılan yerdə buğda döyürdü ki, sonra onu mədyənilərdən gizlətsin. 12  Yehovanın mələyi ona görünüb dedi: «Yehova səninlədir,+ ey igid!» 13  Cədun ona dedi: «Ay ağam, əgər Yehova bizimlədirsə, onda niyə biz bu günə düşmüşük?+ Ata-babalarımızın “Yehova bizi Misirdən çıxartdı”+ deyib danışdığı o möhtəşəm işlər hanı?+ İndi Yehova bizi atıb,+ qalmışıq mədyənilərin əlində». 14  Yehova ona baxıb dedi: «Gücünü topla, get. Səni Mən göndərirəm. İsraili Mədyənin əlindən qurtaracaqsan».+ 15  Cədun cavab verdi: «Ey Yehova, axı mən İsraili necə qurtarım? Mənim tayfam Mənəssədə bapbalacadır, özü də atamın evində ən kiçik mənəm». 16  Yehova ona dedi: «Mən səninlə olacağam,+ sən mədyəniləri elə əzəcəksən ki, elə bil, qarşında bir adam var». 17  Cədun dedi: «Əgər Sənin gözündə lütf tapmışamsa, mənə bir əlamət göstər, bilim ki, mənimlə danışan Sənsən. 18  Rica edirəm, mən bəxşiş gətirib Sənə təqdim edənə qədər buradan getmə».+ O dedi: «Sən qayıdana kimi burada gözləyəcəyəm». 19  Cədun gedib bir oğlaq kəsdi və bir efa* undan mayasız çörək bişirdi.+ O, əti səbətə qoydu, suyunu isə qaba tökdü. Sonra bunları həmin böyük ağacın altına gətirib onun üçün xörək çəkdi. 20  Allahın mələyi ona dedi: «Əti və mayasız çörəyi götür, oradakı böyük daşın üstünə qoy, ətin suyunu da ora tök». Cədun belə də etdi. 21  Yehovanın mələyi əlindəki əsanı uzadıb ucunu ətlə mayasız çörəyə toxundurdu, daşdan alov çıxıb ətlə çörəyi uddu.+ Sonra Yehovanın mələyi qeyb oldu. 22  Cədun anladı ki, bu, Yehovanın mələyi idi.+ O dedi: «Aman, ya Külli-İxtiyar Yehova! Mən Sənin mələyinin üzünü gördüm, ey Yehova!»+ 23  Yehova isə ona dedi: «Sakit ol*. Qorxma,+ ölməyəcəksən». 24  Cədun orada Yehovanın adına qurbangah düzəltdi və o, bu günədək Yehova-Salam*+ adlanır. Qurbangah indi də əbusərlilərin Öfra ərazisindədir. 25  Həmin gecə Yehova ona dedi: «Dur, atana məxsus olan cavan buğanı, yeddiillik ikinci cavan buğanı götür. Atana məxsus olan Baal qurbangahını dağıt və onun yanındakı Aşera bütünü kəs.+ 26  Bu istehkamın başında daşları düzüb Allahın Yehovaya bir qurbangah tik. İkinci cavan buğanı götür, doğradığın Aşera bütünün oduncaqları üstündə yandırma qurbanı olaraq təqdim et». 27  Cədun nökərlərindən on nəfər götürüb Yehovanın buyruğunu icra etdi. Amma atasının ev əhlindən və şəhər sakinlərindən çox qorxduğu üçün bu işi gündüz yox, gecə elədi. 28  Şəhər sakinləri sübh tezdən qalxanda gördülər ki, kimsə Baalın qurbangahını dağıdıb, yanındakı Aşera bütünü kəsib və ikinci buğanı təzəcə tikilmiş qurbangahın üstündə qurban gətirib. 29  Adamlar bir-birindən: «Bunu kim edib?» — deyə soruşmağa başladı. Araşdırıb öyrəndilər ki, bunu Yuəşin oğlu Cədun edib. 30  Şəhər əhli Yuəşə dedi: «Oğlunu buraya gətir, onu öldürəcəyik. Çünki o, Baalın qurbangahını dağıdıb, yanındakı Aşera bütünü də kəsib». 31  Onda Yuəş+ onun üstünə şeşələnənlərə dedi: «Baalı siz müdafiə edəcəksiniz? Siz onu xilas edəcəksiniz? Kim onu müdafiə eləsə, bu səhər öldürüləcək.+ Əgər o, allahdırsa, qoy özü-özünü müdafiə eləsin,+ axı onun qurbangahını dağıdıblar». 32  Atası o gün Cədunun adını dəyişib Yərubbaal* qoyaraq dedi: «Qoy Baal özü öz müdafiəsinə qalxsın, axı onun qurbangahını dağıdıblar». 33  Bu arada bütün mədyənilər+, əmaliqələr+ və şərqlilər qüvvələrini birləşdirdilər+ və çayı keçib Yizrail dərəsində düşərgə saldılar. 34  Yehovanın ruhu Cədunu bürüdü.+ O şeypur çalıb+ əbusərliləri+ başına topladı. 35  Cədun bütün Mənəssəyə qasidlər göndərdi, onlar da onun yanına gəldi. O həmçinin Aşirə, Zəbuluna və Niftalıya qasidlər göndərdi, onlar da ona qoşuldular. 36  Sonra Cədun Allaha dedi: «Vəd etdiyin kimi, İsraili mənim əlimlə qurtaracaqsansa,+ 37  mənə əlamət ver. Mən xırmana təzə qırxılmış yun sərəcəyəm. Əgər şeh ancaq yunu isladarsa, həndəvərindəki torpaq isə quru qalarsa, biləcəyəm ki, vəd etdiyin kimi, İsraili mənim əlimlə qurtaracaqsan». 38  Belə də oldu. Ertəsi gün Cədun tezdən qalxıb yunu sıxdı. Yundan bir iri kasa qədəri su çıxdı. 39  Lakin Cədun Allaha dedi: «Mənə acığın tutmasın, izin versən, bir xahiş də edərəm. İcazə ver, bu işi yunla bir də sınayım. Qoy indi şeh həndəvərdəki torpağı islatsın, yun isə quru qalsın». 40  Allah o gecə elə də etdi. Bütün torpağı şeh örtdü, ancaq yun quru qaldı.

Haşiyələr

Digər variant: zirzəmilər.
Efa 22 litrlik qabın tutumuna bərabərdir. B14 əlavəsinə bax.
Hərfən: sənə sülh olsun.
Mənası: Yehova sülhdür.
Mənası: qoy Baal müdafiə (dava) etsin.