Kontentə keç

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab | MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

Hakimlər 11:1—40

MÜNDƏRİCAT

  • İftah qovulur, sonradan başçı qoyulur (1—11)

  • İftahın Əmunla danışıqları (12—28)

  • İftahın nəziri və qızı (29—40)

11  Giladlı İftah+ cəsur və igid adam idi. O, fahişə qadının oğlu idi, atasının adı da Gilad idi.  Giladın arvadından da oğulları oldu. Onlar böyüyəndə İftaha: «Atamızın evində sənə miras düşmür, sən başqa qadının oğlusan», — deyib onu qovdular.  İftah qardaşlarından qaçıb Tubda məskən saldı. Boş-bikar adamlar da başına yığılıb onun ardınca getdilər.  Bir müddət sonra əmunilər israillilərlə döyüşə çıxdı.+  Əmunilər israillilərlə döyüşəndə Gilad ağsaqqalları İftahı qaytarıb gətirmək üçün yubanmadan Tuba getdilər.  Onlar İftaha dedilər: «Gəl bizim sərkərdəmiz ol, gedib əmunilərlə döyüşək».  İftah Gilad ağsaqqallarına dedi: «Mənə nifrət edib atamın evindən qovan siz deyildiniz?+ Bəs indi niyə dara düşəndə mənim yanıma gəldiniz?»  Gilad ağsaqqalları İftaha dedilər: «Düzdür, amma indi sənin yanına gəlmişik. Əgər bizimlə gedib əmunilərlə döyüşsən, bütün Gilad əhalisi üzərində başçı olacaqsan».+  İftah Gilad ağsaqqallarına cavab verdi: «Əgər məni əmunilərlə döyüşmək üçün geri qaytarırsınızsa, Yehova onları mənə təslim etsə, mən sizin başçınız olacağam!» 10  Gilad ağsaqqalları dedi: «Qoy Yehova aramızda şahid olsun ki, sənin dediyin kimi edəcəyik». 11  İftah Gilad ağsaqqalları ilə getdi. Xalq onu özünə başçı və sərkərdə təyin etdi. İftah Mispahda Yehovanın önündə bütün sözlərini təkrar etdi.+ 12  Sonra İftah əmunilərin+ padşahına qasidlər göndərib dedi: «Mənə nə vermisiniz ki, ala bilmirsiniz? Niyə ölkəmə basqın eləmisiniz?» 13  Əmun padşahı İftahın qasidlərinə belə cavab verdi: «İsrail Misirdən çıxanda Ərnundan+ başlayıb Yəbbuqa, ta İordana qədər torpaqlarımı almışdı.+ İndi onları xoşluqla qaytar». 14  İftah qasidlərini yenidən Əmun padşahının yanına göndərib 15  dedi: «İftah belə deyir: “İsrail nə Muabın+, nə də Əmunun+ torpağını tutmayıb. 16  İsrail Misirdən çıxanda səhra ilə Qırmızı dənizə+ gəlmiş və Qədisə+ getmişdi. 17  Sonra Ədum+ padşahına qasidlər göndərib xahiş etmişdi: “İzin ver, ölkəndən keçək”. Ədum padşahı rüsxət verməmişdi. Xalq Muab+ padşahına da müraciət eləmişdi, amma o da razılaşmamışdı. Buna görə də İsrail Qədisdə+ qalmışdı. 18  Onlar səhra ilə gedəndə Ədum və Muab torpaqlarından yan keçmişdilər.+ Muabın şərq tərəfi ilə gedib Ərnun bölgəsində düşərgə salmışdılar.+ Onlar Muabın sərhədini keçməmişdilər,+ çünki Ərnun Muabın sərhədi idi. 19  Sonra İsrail Həşbunda hökmranlıq edən amori padşahı Sihuna qasidlər göndərib demişdi: “İzin ver, sənin məmləkətindən keçib öz torpağımıza gedək”.+ 20  Sihun İsrailə etibar etməyib öz torpağından keçməyə icazə verməmişdi. O, bütün adamlarını toplayıb Yahasda düşərgə salmış və İsraillə döyüşmüşdü.+ 21  Onda İsrailin Allahı Yehova Sihunu və onun adamlarını İsrailin əlinə vermişdi və israillilər onları məğlub etmişdilər. İsrail orada yaşayan amorilərin torpağını tutmuşdu.+ 22  Beləliklə, onlar Ərnundan Yəbbuqa qədər və səhradan İordana qədər amorilərin bütün torpağını zəbt etmişdilər.+ 23  Amoriləri israillilərin önündən İsrailin Allahı Yehova qovmuşdu.+ İndi sən gəlib bu torpağa sahib çıxmaq istəyirsən? 24  Məgər sən öz allahın Kəmuşun+ sənə verdiyi torpaqları tutmursan? Biz də Allahımız Yehovanın önümüzdən qovduğu xalqların torpağını mülk edəcəyik.+ 25  Məgər sən Muab padşahı Səfur oğlu Balaqdan+ artıqsan? Heç o, İsraillə çəkişdi, yaxud onunla vuruşdu? 26  İsrail üç yüz ildir ki Həşbunda, Aruirdə və onların ətrafındakı şəhərlərdə,+ Ərnun boyu şəhərlərdə yaşayır. Niyə bu vaxta qədər onları qovmaq ağlınıza gəlməyib?+ 27  Mən sənə pislik eləməmişəm. Amma üstümə gəlməklə sən səhv eləmisən. Qoy Hakimimiz Yehova+ israillilərlə əmunilər arasında hakim olsun”». 28  Amma Əmun padşahı İftahın sözlərini vecinə almadı. 29  Yehovanın ruhu İftahın üzərinə endi.+ O, Giladdan və Mənəssədən keçib Giladdakı Mispihə gəldi.+ Oradan Əmun torpaqlarına doğru irəlilədi. 30  Sonra İftah Yehovaya nəzir edib+ dedi: «Əgər əmuniləri mənə təslim etsən, 31  onda əmunilərlə döyüşdən sağ-salamat qayıdanda məni qarşılamaq üçün evimin qapısından ilk çıxan Sənin olacaq, ey Yehova.+ Onu yandırma qurbanı kimi təqdim edəcəyəm».+ 32  İftah əmunilərlə döyüşə getdi və Yehova onları ona təslim etdi. 33  O, Aruirdən ta Minnitə və Abil-Kəramimə qədər onları qırdı, iyirmi şəhəri darmadağın etdi. Beləcə, əmunilər israillilərə boyun əydilər. 34  İftah Mispaha+, evinə qayıtdı. Qızı əlində qaval oynaya-oynaya onun qabağına çıxdı. O, İftahın yeganə övladı idi. Ondan başqa nə oğlu, nə qızı var idi. 35  Qızını görəndə İftah yaxasını cırıb dedi: «Vay, qızım! Belimi qırdın. Öz əlimlə balamı evdən didərgin saldım. Amma Yehovaya nəzir etmişəm, sözümdən dönə bilmərəm».+ 36  Qız atasına dedi: «Ata, sən Yehovaya nəzir etmisən, nəzirini yerinə yetir.+ Axı Yehova düşmənlərin əmunilərdən qisasını aldı». 37  Sonra atasına belə dedi: «Amma bir istəyim var. Məni iki aylıq burax, qoy dağlara gedim, rəfiqələrimlə birgə bakirə qalacağıma görə ağlayım». 38  Atası: «Get», — deyib onu iki aylıq buraxdı. Qız rəfiqələrilə dağlara gedib bakirə qalacağına görə ağladı. 39  İki aydan sonra atasının yanına qayıtdı. Atası da onunla bağlı verdiyi nəziri yerinə yetirdi.+ Ona heç vaxt kişi əli dəymədi. İsraildə belə bir adət yarandı: 40  israilli qızlar ildə dörd gün gedib İftahın qızını vəsf edirdilər.

Haşiyələr