Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

Həvarilərin işləri 27:1—44

MÜNDƏRİCAT

  • Bulus Romaya yollanır (1—12)

  • Dənizdə güclü fırtına (13—38)

  • Gəmi qəzaya uğrayır (39—44)

27  Fest bizi gəmi ilə İtaliyaya yola salmaq qərarına gəldi.+ Bulusu və bir neçə başqa dustağı İmperator* bölüyündən olan Yuli adında bir yüzbaşıya təhkim etdilər.  Biz Ədrəmitdən gələn və Asiya əyalətinin limanlarına üzən bir gəmiyə minib yola düşdük. Salonikidən gəlmiş makedoniyalı Aristarx+ da bizimlə idi.  Ertəsi gün Sidona çatdıq. Yüzbaşı Yuli Bulusa xeyirxahlıq göstərdi, ona izin verdi ki, dostlarının yanına getsin və dostları ona qulluq etsin.  Biz oradan dənizə çıxdıq və külək qarşıdan əsdiyi üçün Kiprin daldası ilə üzdük.  Açıq dənizə çıxıb üzə-üzə Kilikiya ilə Pamfiliyanı ötüb keçdik, gəlib Likiyanın Mira şəhərindəki limana girdik.  Yüzbaşı orada İsgəndəriyyədən İtaliyaya üzən bir gəmi tapıb bizi ona mindirdi.  Yavaş-yavaş üzərək xeyli vaxtdan sonra birtəhər gəlib Knidə çatdıq. Külək qarşıdan əsdiyi üçün Salmoni tərəfdən aşağı düşüb Krit adasının daldası ilə üzdük.  Sahil boyu güc-bəla ilə üzərək Laseya şəhərinin yaxınlığındakı Gözəl Limanlar adlanan yerə gəlib çıxdıq.  Xeyli vaxt keçdi. Dənizə çıxmaq təhlükəli idi, çünki artıq Kəffarə günü+ orucu da qurtarmışdı. Onda Bulus onları xəbərdar etdi: 10  «Belə görürəm ki, bu səyahət təkcə gəmi ilə yük üçün deyil, özümüz üçün də böyük fəlakətlə nəticələnəcək». 11  Ancaq yüzbaşı Bulusa yox, gəminin sahibinə və kapitana qulaq asdı. 12  O liman qışlamaq üçün əlverişli olmadığından əksəriyyət oradan çıxıb, birtəhər Krit adasının Feniks limanına üzməyi və qışı orada keçirməyi məsləhət bildi. Feniks limanı şimal-şərqə və cənub-şərqə açılır. 13  Xəfif cənub küləyi əsəndə onlara elə gəldi ki, niyyətləri baş tutub. Onlar lövbəri qaldırıb Krit sahili boyunca üzməyə başladılar. 14  Lakin çox keçmədən Evrakilon* adlanan şiddətli külək qalxdı. 15  Külək güclü olduğundan gəmi küləyə qarşı üzə bilmirdi. Biz müqavimət göstərməyin əbəs olduğunu görüb təslim olduq. Külək gəmini əsdiyi istiqamətə aparırdı. 16  Biz Qavdos adlanan kiçik bir adanın daldası ilə üzdük, bununla belə, gəminin arxasındakı qayığı güc-bəla ilə tuta bildik. 17  Onu göyərtəyə qaldırandan sonra gəmini altdan-üstdən sarıdılar. Sirt körfəzinin* qumluq yerlərində saya oturmaq təhlükəsi olduğundan yelkən ləvazimatlarını aşağı endirdilər. Beləcə, külək bizi aparırdı. 18  Fırtına gəmini atıb-tuturdu, ona görə də səhərisi gün gəmini yüngülləşdirməyə başladılar, 19  üçüncü gün isə gəminin qalan ləvazimatını öz əlləri ilə suya atdılar. 20  Artıq neçə gün idi ki, fırtına dayanmaq bilmirdi, göydə nə günəş, nə də ulduz görünürdü. Artıq xilas olunacağımıza heç bir ümid qalmamışdı. 21  Gəmidəkilər neçə vaxt idi ki, heç nə yeməmişdilər. Bulus ayağa qalxıb dedi: «Gərək mənə qulaq asıb Kritdən dənizə çıxmayaydınız, onda bu boyda ziyan və itki olmazdı.+ 22  Daha keçib, indi qorxmayın, gəmi məhv olsa da, heç bir insan tələfatı olmayacaq. 23  Çünki qulu olduğum və ibadət etdiyim Allahın mələyi+ bu gecə yanımda peyda olub mənə 24  dedi: “Bulus, qorxma. Sən Sezarın+ hüzurunda durmalısan. Allah yol yoldaşlarını da sənə bağışladı”. 25  Buna görə də ruhdan düşməyin. Mən Allahıma etibar edirəm, bilirəm ki, hər şey belə də olacaq. 26  Ancaq gəmi bir adanın yanında qəzaya uğramalıdır».+ 27  On dördüncü gecə idi. Külək bizi Adriya* dənizində ora-bura aparırdı. Gecə yarısı dənizçilər quruya yaxınlaşdığımızı hiss etdilər. 28  Onlar suyun dərinliyini ölçdülər və gördülər ki, iyirmi sajındır*. Bir az irəli gedəndən sonra təzədən ölçdülər, bu dəfə on beş sajın* oldu. 29  Dənizçilər gəminin sualtı qayalara dəyəcəyindən qorxub gəminin arxa tərəfindən dörd lövbər atdılar və səbirsizliklə səhərin açılmasını gözləməyə başladılar. 30  Onlar gəminin burnundan lövbər atmaq bəhanəsi ilə qaçmaq üçün qayığı suya endirmək istəyəndə 31  Bulus yüzbaşıya və əsgərlərə dedi: «Bu adamlar gəmidə qalmasalar, siz xilas ola bilməyəcəksiniz».+ 32  Əsgərlər kəndirləri kəsib qayığı suya buraxdılar. 33  Dan yeri sökülənə yaxın Bulus hamını çörək yemək üçün dilə tutub dedi: «Bu gün on dördüncü gündür ki, intizardasınız, dilinizə heç nə vurmursunuz. 34  Nə olar, bir şey yeyin, bu, sizin xilasınız üçün vacibdir. Arxayın olun, başınızdan bir tük belə, əskik olmayacaq». 35  Bu sözlərdən sonra o, çörək götürüb hamının qarşısında Allaha şükür etdi və çörəyi bölüb yeməyə başladı. 36  Onların hamısı toxtayıb yeməyə başladılar. 37  Gəmidə iki yüz yetmiş altı adam var idi. 38  Yeyib-doyandan sonra onlar gəmini yüngülləşdirmək üçün buğdanı dənizə atmağa başladılar.+ 39  Nəhayət, hava işıqlananda onlar qumlu sahili olan bir buxta gördülər, lakin onu tanımadılar.+ İmkan daxilində sahilə yan almaq istədilər. 40  Lövbərləri kəsib dənizə atdılar. Eyni zamanda sükan avarlarının iplərini açdılar, sonra ön yelkəni qaldırıb küləyin səmti ilə sahilə üz tutdular. 41  Gəmi dalğaların hər tərəfdən çırpıldığı dayazlıqda saya oturdu. Gəminin burnu quma batıb qaldı, gəminin arxası isə dalğaların zərbəsindən dağılmağa başladı.+ 42  Onda əsgərlər dustaqları öldürmək qərarına gəldilər ki, heç kim üzüb qaçmasın. 43  Amma yüzbaşı Bulusu xilas etmək istədiyi üçün buna yol vermədi. O əmr etdi ki, əvvəlcə üzməyi bacaranlar suya atılsınlar, 44  sonra da qalanları atılsın, taxtaların, yaxud gəmi parçalarının üstündə üzüb quruya çıxsın. Beləliklə, hamı sağ-salamat sahilə çatdı.+

Haşiyələr

Hərfən: Avqust.
Şimal-şərq küləyi.
Qədimdə Adriya dənizi deyildikdə indiki Adriatik və İoni dənizləri, həmçinin Aralıq dənizinin Siciliya ilə Krit arasında qalan hissəsi nəzərdə tutulurdu.
Təx. 36 m. B14 əlavəsinə bax.
Təx. 27 m.