Kontentə keç

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab | MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

Həvarilərin işləri 16:1—40

MÜNDƏRİCAT

  • Bulus Timutini seçir (1—5)

  • Bulusun röyada gördüyü makedoniyalı kişi (6—10)

  • Filippi şəhərində iman gətirən Lidiya (11—15)

  • Bulusla Silanı həbs edirlər (16—24)

  • Dustaqxana gözətçisi ilə ailəsi vəftiz olunur (25—34)

  • Bulus tələb edir ki, ondan rəsmən üzr istəsinlər (35—40)

16  Bulus Derbiya şəhərinə, oradan da Listraya gəldi.+ Bu şəhərdə Timuti+ adında bir şagird var idi. Onun anası İsaya iman gətirmiş yəhudi, atası isə yunan idi.  Listra və Konya şəhərlərindəki qardaşlar Timuti haqqında ağızdolusu danışırdılar.  Bulus bu gənci özü ilə götürmək istədi, amma əvvəlcə o yerlərdə yaşayan yəhudilərə görə onu sünnət etdi,+ çünki hamı onun atasının yunan olduğunu bilirdi.  Onlar şəhərbəşəhər gəzərək şagirdlərə Yerusəlimdəki həvarilərin və ağsaqqalların qərarlarını çatdırır, bu qərarlara əməl etməyi tapşırırdılar.+  Beləliklə, yığıncaqlar imanda möhkəmlənir və günü-gündən böyüyürdü.  Müqəddəs ruh onlara Asiya əyalətində Allahın sözünü təbliğ etməyi qadağan etdiyindən onlar Frigiya və Qalatiya torpağından+ keçib  Misiyaya gəldilər. Oradan Bitiniyaya*+ getməyə cəhd göstərdilər, amma İsa ruh vasitəsilə onlara izin vermədi.  Buna görə də onlar Misiyadan keçib Troasa gəldilər.  Bulus gecə röyada gördü ki, bir makedoniyalı durub ona yalvarır: «Makedoniyaya gəl, bizə kömək et». 10  Bulus bu röyanı görən kimi biz Makedoniyaya yola düşdük. Belə qənaətə gəlmişdik ki, Allah müjdəni onlara çatdırmaq üçün bizi ora çağırır. 11  Beləliklə, biz Troasdan dənizə çıxdıq və düz Samotrakiyaya üzdük. Ertəsi gün gəlib Neapola çatdıq, 12  oradan isə Makedoniyadakı bu bölgənin əsas şəhəri və Romanın müstəmləkəsi olan Filippiyə+ gəldik. Biz bu şəhərdə bir neçə gün qaldıq. 13  Şənbə günü şəhər qapısından çıxıb çay qırağına endik, çünki dua yerinin burada olduğunu eşitmişdik. Əyləşib oraya yığışmış qadınlarla söhbət etməyə başladıq. 14  Tiatira şəhərindən+ olan və bənövşəyi parça satan Lidiya adında mömin bir qadın bizi dinləyirdi. Yehova onun ürəyini açdı ki, o, Bulusun dediklərini qəbul etsin. 15  Lidiya və onun evindəkilər vəftiz olunandan+ sonra o, bizə yalvarmağa başladı: «Əgər məni Yehovaya sadiq insan hesab edirsinizsə, evimə gəlin, qonağım olun». O, bizi dilə tutub evinə apardı. 16  Bir gün biz dua yerinə gedəndə qabağımıza daxilində murdar ruh, falçı cin+ olan bir qulluqçu qız çıxdı. O, gələcəkdən xəbər verməklə ağalarına böyük gəlir gətirirdi. 17  Bu qız Bulusun və bizim dalımızca düşüb qışqırırdı: «Bunlar Allah-Taalanın qullarıdır,+ sizə xilas yolunu bildirirlər». 18  Bir müddət belə davam etdi. Axırda Bulus boğaza yığılıb murdar ruha dedi: «İsa Məsihin adı ilə sənə əmr edirəm, qızdan çıx!» Murdar ruh elə o andaca qızdan çıxdı.+ 19  Qızın ağaları gəlir mənbəyinin əldən çıxdığını görəndə+ Bulus ilə Silanı tutdular, onları sürüyüb bazar meydanına, rəhbərlərin yanına apardılar.+ 20  Onları mülki məmurların yanına gətirib dedilər: «Bu yəhudilər şəhərimizin asayişini pozur,+ 21  öz adət-ənənələrini təbliğ edirlər. Biz Roma vətəndaşları üçün bu adətləri qəbul etmək, yaxud onlara əməl etmək yolverilməzdir». 22  Onda bütün camaat bu qardaşlara qarşı qalxdı. Mülki məmurlar Bulusla Silanın paltarlarını dartıb əyinlərindən çıxartdılar və onları dəyənəklə döyməyi əmr etdilər.+ 23  Qardaşları xeyli döydükdən sonra dustaqxanaya atdılar və dustaqxana gözətçisinə tapşırdılar ki, onları bərk-bərk qorusun.+ 24  Gözətçi belə bir tapşırıq aldığından onları dustaqxananın daxili bölməsinə atıb ayaqlarına kündə* vurdu. 25  Gecə yarısı olardı. Bulusla Sila dua edib mahnı oxuyur, Allahı tərənnüm edirdilər.+ Dustaqlar da onlara qulaq asırdılar. 26  Birdən güclü zəlzələ oldu, dustaqxananın bünövrəsi titrədi. O andaca bütün qapılar taybatay açıldı və bütün dustaqların qandalları açılıb düşdü.+ 27  Gözətçi yuxudan ayılıb dustaqxana qapılarının açıq olduğunu görəndə qılıncını çıxarıb özünü öldürmək istədi. O elə bildi ki, dustaqlar qaçıblar.+ 28  Bu zaman Bulus qışqırdı: «Canına qıyma, hamımız buradayıq!» 29  Dustaqxana gözətçisi bir çıraq götürüb içəri cumdu. Əsə-əsə Bulusla Silanın qarşısında yerə düşdü. 30  Onları bayıra çıxarıb dedi: «Cənablar, mən nə edim ki, xilas olum?» 31  Onlar cavab verdilər: «İsaya iman et, onda sən də, evindəkilər də xilas olacaqsınız».+ 32  Bulusla Sila Yehovanın sözünü ona və onun evindəkilərə danışdılar. 33  Gözətçi gecə ikən onları aparıb yaralarını yudu. Sonra özü də, bütün ev əhli də dərhal vəftiz olundu.+ 34  O, qardaşları evinə gətirdi və onlar üçün süfrə açdı. Allaha iman gətirdikləri üçün o da, evindəkilər də çox sevindilər. 35  Səhər açılanda mülki məmurlar keşikçiləri göndərib dedilər: «Bu adamları buraxın». 36  Dustaqxana gözətçisi onların sözlərini Bulusa çatdırdı: «Mülki məmurlar sizin ikinizi azad etmək üçün adam göndəriblər. Ona görə də buyurun, çıxın, sağ-salamat gedin». 37  Bulus isə onlara dedi: «Sən bir bunlara bax! Bizi, Roma vətəndaşlarını məhkəməsiz-filansız camaatın qabağında döyüb zindana atıblar,+ indi də xəlvəti qovmaq istəyirlər? Yox! Qoy özləri gəlib bizi buradan çıxartsınlar!» 38  Keşikçilər bu sözləri mülki məmurlara çatdırdılar. Onlar Bulusla Silanın Roma vətəndaşı olduğunu eşidəndə bərk qorxdular,+ 39  gəlib qardaşları yalvar-yaxarla dustaqxanadan çıxartdılar. Xahiş etdilər ki, şəhərdən çıxıb getsinlər. 40  Onlar dustaqxanadan çıxıb Lidiyanın evinə gəldilər və qardaşları görüb onlara ürək-dirək verdilər.+ Bundan sonra yola düşdülər.

Haşiyələr

Vifiniya.