Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

Dənyal 3:1—30

MÜNDƏRİCAT

  • Navuxodonosorun qoyduğu heykəl (1—7)

    • Heykələ səcdə əmri (4—6)

  • Üç ibrani əmrə itaət etmir (8—18)

    • Sənin allahlarına sitayiş etməyəcəyik (18)

  • Qızmar soba (19—23)

  • Sobanın içində möcüzə (24—27)

  • Padşah Allahı ucaldır (28—30)

3  Padşah Navuxodonosor qızıldan bir heykəl düzəltdi. Heykəlin hündürlüyü altmış qulac*, eni altı qulac* idi. Padşah onu Babil əyalətinin Durə düzündə qoydu.  Padşah Navuxodonosor buyruq verib canişinləri, rəisləri, valiləri, məsləhətçiləri, xəzinədarları, hakimləri, qaziləri və bütün əyalət başçılarını qoyduğu heykəlin açılış mərasiminə çağırtdırdı.   Beləcə, canişinlər, rəislər, valilər, məsləhətçilər, xəzinədarlar, hakimlər, qazilər və bütün əyalət başçıları padşah Navuxodonosorun qoyduğu heykəlin açılış mərasiminə toplaşdılar. Onlar Navuxodonosorun qoyduğu heykəlin önündə durdular.  Carçı ucadan elan etdi: «Ey ümmətlər, xalqlar və müxtəlif dillərə mənsub olanlar, sizə əmr olunur ki,  şeypurun, borunun, çəngin, liranın, telli alətin, tuluqzurnasının və başqa musiqi alətlərinin səsini eşidəndə yerə döşənib padşah Navuxodonosorun ucaltdığı qızıl heykələ səcdə qılasınız.  Kim yerə döşənib səcdə qılmasa, dərhal qızmar sobaya atılacaq».+  Beləliklə, şeypur, boru, çəng, lira, telli alət və başqa musiqi alətləri səslənəndə bütün bu xalqlar, ümmətlər və müxtəlif dillərə mənsub olanlar yerə döşənib padşah Navuxodonosorun qoyduğu qızıl heykələ səcdə qıldı.  Bu vaxt kəldanilərdən bir dəstə adam padşahın yanına gəlib yəhudilərdən şikayət etdi*.  Onlar padşah Navuxodonosora dedilər: «Padşah sağ olsun! 10  Ey padşah, sən əmr etmişdin ki, şeypurun, borunun, çəngin, liranın, telli alətin, tuluqzurnasının və başqa musiqi alətlərinin səsini eşidən hər kəs yerə döşənib qızıl heykələ səcdə qılsın. 11  Kim yerə döşənib səcdə qılmasa, qızmar sobaya atılacaq.+ 12  Amma Babil əyalətində icra vəzifələrinə qoyduğun bir neçə yəhudi var, Sədrah, Misah və Abidnağu.+ Ey padşah, bu adamlar sənə hörmətsizlik edir. Onlar sənin allahlarına ibadət etmir və sənin qoyduğun qızıl heykələ səcdə qılmaq istəmirlər». 13  Onda padşah Navuxodonosor qəzəbdən alovlanıb əmr etdi ki, Sədrah, Misah və Abidnağunu gətirsinlər. Onları padşahın hüzuruna gətirdilər. 14  Navuxodonosor onlardan soruşdu: «Sədrah, Misah, Abidnağu! Bu, doğrudur ki, siz mənim allahlarıma ibadət etmirsiniz,+ qoyduğum qızıl heykələ səcdə qılmaq istəmirsiniz? 15  Yaxşısı budur, indi şeypurun, borunun, çəngin, liranın, telli alətin, tuluqzurnasının və başqa musiqi alətlərinin səsini eşidəndə yerə döşənib düzəltdiyim qızıl heykələ səcdə qılasınız. Əgər səcdə qılmasanız, dərhal qızmar sobaya atılacaqsınız. Onda görüm hansı allah sizi mənim əlimdən qurtarır?»+ 16  Sədrah, Misah və Abidnağu padşaha belə cavab verdilər: «Ey Navuxodonosor, biz bu haqda danışmağa ehtiyac görmürük. 17  Lazım gəlsə, ey padşah, qulluq etdiyimiz Allah bizi qızmar sobadan da, sənin əlindən də qurtarmağa qadirdir.+ 18  Hətta O, bizi qurtarmasa da, ey padşah, bil ki, biz nə sənin allahlarına ibadət edəcəyik, nə də qoyduğun qızıl heykələ səcdə qılacağıq».+ 19  Navuxodonosor Sədrah, Misah, Abidnağuya elə qəzəbləndi ki, sifəti çöndü və əmr etdi, sobanı yeddi qat gur qalasınlar. 20  Sonra ordusunun pəhləvanlarına əmr etdi ki, Sədrah, Misah, Abidnağunun əl-qolunu bağlayıb qızmar sobaya atsınlar. 21  Onların əl-qolunu bağlayıb paltarları əyinlərində, papaqları başlarında, pallı-paltarlı qızmar sobaya atdılar. 22  Padşahın əmri qəti idi. Soba həddən artıq qızmar olduğundan alov Sədrah, Misah və Abidnağunu sobaya atan kişiləri məhv etdi. 23  Bu üç nəfər, Sədrah, Misah, Abidnağu isə əl-qolu bağlı qızmar sobanın içinə düşdü. 24  Onda padşah Navuxodonosoru vahimə basdı, hövlnak yerindən qalxıb məmurlarına dedi: «Biz odun içinə əl-qolu bağlı üç nəfər atmadıq?» Onlar: «Bəli, ya padşah!» — deyə cavab verdilər. 25  O dedi: «Bəs mən odun içində dörd nəfərin gəzdiyini görürəm, özü də sağ-salamatdırlar. Dördüncü adam allahların oğluna bənzəyir». 26  Sonra Navuxodonosor qızmar sobanın ağzına yaxınlaşıb dedi: «Ey Allah-Taalanın+ qulları, Sədrah, Misah, Abidnağu! Çıxın! Bura gəlin». Onda Sədrah, Misah və Abidnağu odun içindən çıxdılar. 27  Canişinlər, rəislər, valilər və orada toplaşan saray məmurları+ gördülər ki, alov bu kişilərə xətər yetirməyib,+ onların nə başının bir tükü ütülüb, nə paltarlarına bir şey olub, onlardan his qoxusu belə, gəlmir. 28  Navuxodonosor dedi: «Sədrah, Misah, Abidnağunun Allahına eşq olsun!+ O, mələyini göndərib qullarını hifz etdi. Onlar Ona güvənərək padşahın əmrindən çıxdılar və ölümə getməyə hazır oldular, təki öz Allahlarından başqa bir allaha ibadət etməsinlər.+ 29  Buna görə, əmr edirəm ki, hər hansı xalqa, ümmətə, dilə mənsub olan bir kimsə Sədrahın, Misahın, Abidnağunun Allahına küfr edərsə, parça-parça edilsin. Evi ümumi ayaqyolu* olsun. Çünki elə bir allah yoxdur ki, bu cür xilas edə bilsin».+ 30  Padşah Babil əyalətində Sədrah, Misah və Abidnağunun mənsəbini yüksəltdi.+

Haşiyələr

Təx. 27 m.
Təx. 2,7 m. B14 əlavəsinə bax.
Yaxud yəhudiləri şərlədi.
Digər variant: zibillik; nəcis qalağı.