Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

2 Salnamələr 9:1—31

MÜNDƏRİCAT

  • Səba məlikəsi Yerusəlimə gəlir (1—12)

  • Süleymanın var-dövləti (13—28)

  • Süleymanın ölümü (29—31)

9  Süleymanın sədası Səba məlikəsinə+ çatdı. Məlikə çətin suallarla* Süleymanı sınamaq üçün Yerusəlimə gəldi. O, böyük bir məiyyətlə, balzam, çoxlu qızıl+, daş-qaş yüklənmiş dəvələrlə Süleymanın yanına gəldi, ürəyindən keçən şeylər barədə Süleymanla söhbət etdi.+  Süleyman onun bütün suallarına cavab verdi. Elə şey olmadı ki, onu izah edə bilməsin.  Səba məlikəsi Süleymanın hikmətini+, tikdiyi sarayı,+  süfrəsindəki təamları+, əyan-əşrəfinin süfrə arxasında necə oturduğunu, xörək paylayanların xidmətini, geyimlərini, padşahın saqilərini, onların geyimlərini, Yehovanın evində həmişə təqdim etdiyi yandırma qurbanlarını+ görəndə mat qaldı.  O, padşaha dedi: «Ölkəmdə sənin işlərin, hikmətin haqda eşitdiklərim düz imiş.  Gəlib öz gözlərimlə görməyincə inanmağım gəlmirdi.+ Sən demə, mənə sənin böyük hikmətinin+ heç yarısını da danışmayıblar. Sən mənim eşitdiyimdən də əzəmətli imişsən.+  Bəxtəvər sənin hüzurunda durub hikmətini dinləyən adamların, əyanlarının başına!  Qoy səni layiq bilib Öz taxtına çıxaran, Onu təmsil etmək üçün padşah qoyan Allahın Yehovaya alqış olsun! Allahın Yehova İsraili sevdiyi üçün,+ xalq əbədi var olsun deyə, səni onun üzərində padşah qoyub ki, ədaləti, salehliyi bərqərar edəsən!»  Sonra məlikə padşaha 120 talant* qızıl,+ çoxlu balzam və daş-qaş bəxş etdi. Daha heç vaxt Süleyman padşaha Səba məlikəsinin gətirdiyi balzam kimi balzam gətirən olmadı.+ 10  Ofirdən qızıl gətirən Hiramın və Süleymanın xidmətçiləri+ oradan səndəl ağacı və ləl-cəvahirat da gətirdilər.+ 11  Padşah səndəl ağacından Yehovanın evi və padşah sarayı üçün pilləkən,+ musiqiçilər üçün çəng, telli alətlər düzəltdi.+ Yəhuda məmləkətində heç vaxt bunların bənzəri olmamışdı. 12  Süleyman padşah Səba məlikəsinə onun arzuladığı, istədiyi hər şeyi verdi. Məlikəyə gətirdiyindən də artıq* hədiyyələr verdi. Məlikə adamları ilə birgə yola düşüb öz ölkəsinə qayıtdı.+ 13  Süleymana il ərzində 666 talant ağırlığında qızıl gəlirdi.+ 14  Bundan başqa, ona tacirlər, səyyar tacirlər, bütün ərəb padşahları və ölkənin valiləri də qızıl və gümüş gətirirdi.+ 15  Süleyman padşah qatışıq qızıldan 200 böyük qalxan+ (hər qalxana 600 şekel* qatışıq qızıl sərf olunmuşdu),+ 16  qatışıq qızıldan 300 kiçik qalxan (hər qalxana üç mina* qızıl sərf olunmuşdu) düzəltdi. Sonra padşah onları Livan Meşəsi adlanan evə qoydu.+ 17  Padşah fil dişindən möhtəşəm taxt düzəldib üstünü xalis qızılla örtdü.+ 18  Taxtın altı pilləsi var idi, ona qızıl kətil bərkidilmişdi. Oturacağın hər iki tərəfində qolları var idi və qolların yanında iki şir+ heykəli dururdu. 19  Altı pillədə 12 şir+ dururdu; 6 şir bir tərəfdə, 6 şir o biri tərəfdə. Heç bir səltənətdə buna bənzər şey yox idi. 20  Süleyman padşahın bütün içki qabları qızıldan idi, Livan Meşəsi adlı evin də bütün əşyaları saf qızıldan idi. Gümüşdən heç nə yox idi. Çünki Süleymanın vaxtında gümüş heç nə sayılırdı.+ 21  Padşahın gəmiləri Tarşişə gedib-gəlirdi+ və bu gəmiləri Hiramın xidmətçiləri+ idarə edirdi. Tarşiş gəmiləri üç ildə bir dəfə qızıl, gümüş, fil dişi+, meymun, tovuz quşu yükləyib gətirirdi. 22  Süleyman padşah yer üzünün bütün padşahlarından varlı və hikmətli idi.+ 23  Dünyanın bütün padşahları Süleymanın hüzuruna gəlmək istəyirdi ki, Allahın onun ürəyinə qoyduğu hikməti eşitsin.+ 24  Onlar özləri ilə hədiyyələr, qızıl-gümüş əşyalar, libaslar+, silahlar, balzam, atlar və qatırlar gətirirdi və bu, hər il belə olurdu. 25  Süleymanın 4000 at tövləsi, cəng arabaları və 12 000 atı* var idi.+ Onları arabalar üçün ayrılan şəhərlərdə və Yerusəlimdə, özünə yaxın yerdə saxlayırdı.+ 26  Süleyman çaydan* filiştlilərin* ölkəsinə və Misirin sərhədinədək olan bütün padşahların üzərində hakimiyyət sürürdü.+ 27  Padşah Yerusəlimdə gümüşü daş qədər, sidr ağaclarını Şəfladakı əncir ağacları qədər çoxaltdı.+ 28  Süleymana atları Misirdən və başqa ölkələrdən gətirirdilər.+ 29  Süleymanın qalan işləri,+ ilk işlərindən son işlərinə qədər hamısı Natan peyğəmbərin yazılarında,+ şilolu Əxiyyənin+ peyğəmbərliyində və görücü İddunun+ Nəbat oğlu Ərubam+ haqqında qələmə alınmış vəhylərində yazılmışdır. 30  Süleyman 40 il Yerusəlimdə hakimiyyət sürüb bütün İsrailin hökmdarı oldu. 31  Süleyman ata-babalarına qovuşdu və atası Davudun şəhərində dəfn edildi.+ Oğlu Rəhabam onun yerinə taxta çıxdı.+

Haşiyələr

Yaxud tapmacalarla.
Talant 34,2 kq-a bərabərdir. B14 əlavəsinə bax.
Digər variant: məlikənin gətirdiyinin dəyərində olan hədiyyələrdən artıq.
Şekel 11,4 q-a bərabərdir. B14 əlavəsinə bax.
Tövratdakı (İbrani Yazıları) mina 570 q-a bərabərdir. B14 əlavəsinə bax.
Yaxud süvarisi.
Fərat çayı.
Bəzi mənbələrə əsasən, filistimlilər.