Kontentə keç

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab | MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

1 Padşahlar 8:1—66

MÜNDƏRİCAT

  • Əhd sandığı məbədə gətirilir (1—13)

  • Süleyman xalqa xitab edir (14—21)

  • Həsr duası (22—53)

  • Süleyman xalqa xeyir-dua verir (54—61)

  • Həsr mərasimi və qurbanlar (62—66)

8  O zaman Süleyman İsrail ağsaqqallarını, bütün qəbilə başçılarını, İsrailin nəsil başçılarını topladı.+ Onlar Davud şəhərindən, yəni Siondan+ Yehovanın Əhd sandığını gətirmək üçün Yerusəlimə, Süleyman padşahın yanına gəldilər.+  Yeddinci ayda, etanim* ayında keçirilən bayramda*+ bütün israillilər Süleyman padşahın hüzurunda toplaşdılar.  Bütün İsrail ağsaqqalları gəldi. Kahinlər sandığı qaldırdılar.+  Onlar Yehovanın sandığını, Hüzur çadırını+, çadırdakı bütün müqəddəs əşyaları gətirdilər. Bütün bunları kahinlərlə lavililər daşıdılar.  Süleyman padşah və onun hüzuruna çağırılmış bütün İsrail icması sandığın önündə idi. Saya-hesaba gəlməyən miqdarda qoyun, qaramal qurban kəsildi.+  Kahinlər Yehovanın Əhd sandığını gətirib öz yerinə,+ məbədin iç otağına, Ən müqəddəs yerə, kərrubların qanadı altına qoydular.+  Kərrubların qanadları sandıq qoyulan yerin üstünə açılmışdı və kərrublar sandıqla şüvüllərin üstünə kölgə salırdı.+  Şüvüllər+ elə uzun idi ki, ucları iç otağın qabağındakı Müqəddəs yerdən görünürdü, ancaq bayırdan görünmürdü. Onlar bu günədək oradadırlar.  Sandıqda iki daş lövhədən+ başqa heç nə yox idi. Musa onları sandığa Huribdə, Yehova Misirdən çıxan+ israillilərlə əhd bağlayanda+ qoymuşdu.+ 10  Kahinlər Müqəddəs məkandan çıxanda bulud+ Yehovanın evini doldurdu.+ 11  Kahinlər buluda görə orada qalıb xidmət edə bilmədilər. Çünki Yehovanın evi Yehovanın calalı ilə dolmuşdu.+ 12  O vaxt Süleyman dedi: «Ey Yehova! Sən demişdin ki, qatı qaranlıqda məskən salacaqsan.+ 13  Mən Sənin üçün əzəmətli bir ev, əbədi məskən salmaq üçün məkan tikdim».+ 14  Sonra padşah dönüb ayaq üstə duran İsrail icmasına xeyir-dua verdi.+ 15  O dedi: «Öz dili ilə atam Davuda vəd verən, sonra da vədini gerçəkləşdirən İsrailin Allahı Yehovaya alqış olsun! O demişdi: 16  “Xalqım İsraili Misirdən çıxartdığım gündən bəri adımı daşıyacaq ev+ tikmək üçün İsrail qəbilələri arasından şəhər seçmədim. Lakin Davudu seçdim ki, xalqım İsrailin üzərində padşah olsun”. 17  İsrailin Allahı Yehovanın adına ev tikmək atam Davudun ürəyinin arzusu idi.+ 18  Amma Yehova atam Davuda demişdi: “Sən adıma ev tikmək istəyirsən. Niyyətin yaxşıdır. 19  Lakin evi sən tikməyəcəksən, belindən gələn oğlun Mənim adıma ev tikəcək”.+ 20  Yehova vədini yerinə yetirdi. Yehovanın vəd etdiyi kimi, mən atam Davudun yerinə İsrail taxtında oturdum. İsrailin Allahı Yehovanın adına ev tikdim,+ 21  orada sandıq üçün yer düzəltdim. Yehovanın ata-babalarımızı Misirdən çıxartdığı vaxt onlarla bağladığı əhd onun içindədir».+ 22  Süleyman bütün İsrail icmasının önündə, Yehovanın qurbangahı qarşısında durub əllərini göyə açdı.+ 23  O dedi: «Ey İsrailin Allahı Yehova! Nə yuxarıda göylərdə, nə aşağıda yerdə Sənin kimi Allah yoxdur.+ Sən əhdinə sadiqsən, sidqi-ürəkdən önündə yeriyən qullarına məhəbbət göstərirsən.+ 24  Sən atama, qulun Davuda verdiyin vədə əməl etdin. Öz dilinlə vəd etdin və bu gün həmin vədi gerçəkləşdirdin.+ 25  İndi, ey İsrailin Allahı Yehova, atama, qulun Davuda verdiyin sözü yerinə yetir. Sən demişdin: “Əgər oğulların sənin kimi önümdə yerisələr, yollarına fikir versələr, onda hüzurumda İsrail taxtında həmişə sənin sülalən olacaq”.+ 26  Ey İsrailin Allahı! İndi atama, qulun Davuda verdiyin vədi gerçəkləşdir. 27  Bəs Allah yerdə yaşayarmı?+ Sən göylərə, göylərin göyünə sığmazsan,+ o ki qaldı mənim tikdiyim evə!+ 28  Ey Allahım Yehova! Qulunun duasını, lütf diləyini dinlə. Qulunun imdad çağırışını, bu gün önündə etdiyi duasını eşit. 29  Qoy nəzərin gecə-gündüz bu evin, “adım burada olacaq”+ dediyin yerin üstündə olsun və qulunun bu evə üz tutub etdiyi duanı eşit.+ 30  Bu qulunun lütf diləyini və bura üz tutub dua edən xalqın İsrailin diləyini dinlə, göylərdəki məskənindən eşit.+ Eşit və bağışla.+ 31  Əgər kimisə başqasına qarşı günahda təqsirləndirər və onu and içdirib andın məsuliyyəti altına salarlarsa, o da andın məsuliyyəti altında bu evdəki qurbangahının önünə gələrsə,+ 32  onda Sən göylərdən eşit və qullarını mühakimə et. Şər adamı günahkar çıxarıb elədiyini başına gətir, saleh adamı da günahsız elan edib salehliyinə görə mükafatlandır.+ 33  Əgər xalqın İsrail Sənə qarşı günah etdiyinə görə düşmənə məğlub olarsa,+ bundan sonra Sənə sarı dönüb adını uca tutarsa,+ bu evdə dua edib Səndən lütf diləyərsə,+ 34  Sən göylərdən eşit və xalqın İsrailin günahlarını bağışla, onları əcdadlarına verdiyin torpağa qaytar.+ 35  Xalqın Sənə qarşı günah etdiyinə görə+ göylər bağlananda,+ yerə yağış yağmayanda onlar bu yerə üz tutub dua edər və adını uca tutarlarsa, onları ram etdiyin üçün günahlarından əl çəkərlərsə,+ 36  Sən göylərdən eşit və qullarının, xalqın İsrailin günahını bağışla. Beləcə, onlara getməli olduqları doğru yolu öyrət,+ xalqına irs verdiyin torpağa yağış yağdır.+ 37  Ölkədə aclıq+, xəstəlik baş qaldıranda, səmum yeli əsəndə, ölkəni kif+, çəyirtkə sürüsü, acgöz həşəratlar basanda, düşmənlər ölkənin hansısa şəhərini mühasirəyə alanda, yaxud başqa bir bəla, mərəz yayılanda+ 38  bir bəndə, yaxud bütün xalqın İsrail əllərini bu evə tərəf açıb dua etsə, Səndən lütf diləsə+ (axı hər kəs öz ürəyinin dərdini bilir),+ 39  Sən göylərdən, Öz məskənindən eşit,+ bağışla,+ durma, hər kəsə öz əməlinə görə əvəz ver,+ çünki Sən insanın ürəyini görürsən və yalnız Sən insanın ürəyindəkilərindən agahsan.+ 40  Onda ata-babalarımıza verdiyin torpaqda yaşadığı bütün vaxt ərzində xalqın Səndən qorxar. 41  Həmçinin xalqın İsraildən olmayan, uzaq diyarlardan adını tutub gələn yadelli+ 42  (çünki onlar Sənin böyük adın,+ güclü əlin, qüvvətli qolun haqda eşidəcəklər) bu evə üz tutub dua edərsə, 43  Sən göylərdən, məskənindən+ onu eşit, yadellinin Səndən dilədiyi xahişi yerinə yetir. Qoy dünyanın bütün xalqları Sənin adını bilsin, xalqın İsrail kimi, Səndən qorxsun.+ Qoy bilsinlər ki, tikdiyim bu ev Sənin adını daşıyır. 44  Ey Yehova, əgər xalqın Sənin dediyin yolla düşmənlə müharibəyə getsə,+ seçdiyin şəhərə,+ Sənin adına tikdiyim evə tərəf üz tutub dua etsə,+ 45  göylərdən onların duasını, lütf diləyini eşit, onlar üçün ədaləti bərqərar et. 46  Əgər onlar Sənə qarşı günah etsələr (çünki elə adam yoxdur ki, günah etməsin)+ və Sən qəzəblənib onları düşmənə təslim etsən, düşmənlər onları yaxın-uzaq ölkələrə əsir aparsalar+ 47  və orada ağılları başlarına gəlsə,+ əsarətdə olduqları ölkədə Sənə sarı dönsələr,+ “günah etmişik, qələt eləmişik, nahaq belə etdik”+ deyib yalvarsalar, lütfünü diləsələr,+ 48  əsir getdikləri yağı diyarında sidqi-ürəkdən+, can-dildən Sənə tərəf dönsələr, ata-babalarına verdiyin ölkəyə, seçdiyin şəhərə, adına tikdiyim evə tərəf üz tutub dua etsələr,+ 49  Sən göylərdən, məskənindən onların duasını, lütf diləyini eşit,+ onlar üçün ədaləti bərqərar et. 50  Sənə qarşı günah edən xalqını bağışla, Sənə qarşı etdikləri bütün təqsirlərin üstündən keç. Onları əsir aparanların ürəyinə rəhm sal ki, onlarla mərhəmətlə davransınlar,+ 51  çünki onlar Misirdən, dəmirəridən sobadan çıxardığın+ xalqın, irsindir.+ 52  Qulunun, xalqın İsrailin lütf diləyinə nəzər sal,+ hər dəfə Səni çağıranda eşit.+ 53  Çünki Sən, ey Külli-İxtiyar Yehova, əcdadlarımızı Misirdən çıxaranda qulun Musa vasitəsilə bəyan etdiyin kimi, onları dünyanın bütün xalqlarından ayırıb Özünə irs etmişdin».+ 54  Süleyman Yehovaya bu duanı edib lütf diləyəndən sonra Yehovanın qurbangahının önündən, diz çöküb əllərini göyə açdığı yerdən qalxdı.+ 55  Sonra durub ucadan bütün İsrail icmasına xeyir-dua verdi: 56  «Yehovaya alqış olsun! O vəd etdiyi kimi, xalqı İsrailə dinclik verdi,+ qulu Musa vasitəsilə verdiyi gözəl vədlərin bir kəlməsi də boşa çıxmadı.+ 57  Qoy Allahımız Yehova ata-babalarımıza yar olduğu kimi, bizə də yar olsun!+ Qoy O, heç vaxt bizi atmasın, tərk etməsin.+ 58  Qoy O, ürəyimizi Özünə sarı döndərsin+ ki, Onun yolları ilə gedək, ata-babalarımıza buyurduğu əmrlərə, qayda-qanunlara, hökmlərə riayət edək. 59  Qoy lütfünü almaq üçün Yehovaya etdiyim bu yalvarışlar gecə-gündüz Allahımız Yehovanın xatirində olsun. Qoy O, qulu və xalqı İsrail üçün günbəgün ədaləti bərqərar etsin və 60  dünyanın bütün xalqları bilsin ki, Yehova Allah təkdir,+ Ondan başqa Allah yoxdur!+ 61  Qoy bu gün olduğu kimi, ürəyiniz bütünlüklə Allahımız Yehovaya bağlı olsun,+ Onun qayda-qanunları ilə yeriyib əmrlərinə boyun əyin». 62  Padşah və onunla olan israillilər Yehovanın hüzurunda çoxlu sayda qurban gətirdilər.+ 63  Süleyman Yehovaya ünsiyyət qurbanları təqdim etdi.+ O, 22 000 qaramal və 120 000 qoyun qurban gətirdi. Beləliklə, padşah və israillilər Yehovanın evinin açılışını etdilər.+ 64  O gün padşah Yehovanın evinin qarşısındakı həyətin ortasını pak etdi ki, yandırma qurbanlarını, taxıl təqdimələrini, ünsiyyət qurbanlarının piyini orada təqdim etsin. Çünki yandırma qurbanları, taxıl təqdimələri, ünsiyyət qurbanlarının piyi+ Yehovanın önündəki mis qurbangaha+ yerləşmirdi. 65  Həmin vaxt Süleyman bütün İsraillə, Ləbu-Həməsdən tutmuş Misir vadisinədək+ ölkənin hər yerindən gələn böyük icma ilə Allahımız Yehovanın önündə bayram etdi.+ Bayram yeddi gün və daha yeddi gün, ümumilikdə on dörd gün davam etdi. 66  Bayramdan sonrakı gün o, xalqı yola saldı. Xalq padşaha alqış oxuya-oxuya evinə getdi. Hamı Yehovanın qulu Davuda və xalqı İsrailə göstərdiyi kəramətə görə sevinib-şadlanırdı.+

Haşiyələr

Çardaqlar bayramı.