Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

1 Padşahlar 22:1—53

MÜNDƏRİCAT

  •  Yəhuşafat Əhəblə ittifaq bağlayır (1—12)

  • Mikayın məğlubiyyət barədə peyğəmbərliyi (13—28)

    • Mələk Əhəbi tovlayır (21, 22)

  • Əhəb Ramut-Giladda öldürülür (29—40)

  • Yəhuşafatın Yəhuda üzərində hökmranlığı (41—50)

  • İsrail padşahı Əhəzya (51—53)

22  Üç il Aramla İsrail arasında müharibə olmadı.  Üçüncü il Yəhuda padşahı Yəhuşafat+ İsrail padşahının yanına getdi.+  İsrail padşahı əyanlarına dedi: «Bilirsiniz, Ramut-Gilad+ əslində bizimdir. Biz isə oranı Aram padşahından almırıq».  O, Yəhuşafata dedi: «Mənimlə birgə Ramut-Giladda vuruşmağa gedərsən?» Yəhuşafat İsrail padşahına dedi: «Sən necə, mən də elə. Elə bil ki, mənim xalqım sənin xalqın, atlarım da sənin atlarındır».+  Bununla belə, Yəhuşafat İsrail padşahına dedi: «Gəl əvvəlcə görək Yehova nə deyir».+  İsrail padşahı dörd yüzə qədər peyğəmbəri bir yerə yığıb onlardan soruşdu: «Ramut-Gilada qarşı yürüşə gedim, yoxsa yox?» Onlar dedilər: «Get, Yehova oranı padşaha təslim edəcək».  Onda Yəhuşafat soruşdu: «Burada Yehovanın peyğəmbəri var? Gəl onun da vasitəsilə Allaha müraciət edək».+  İsrail padşahı Yəhuşafata dedi: «Yehovaya müraciət etmək üçün bir nəfər də var,+ Yimla oğlu Mikay. Amma ondan zəhləm gedir.+ O, heç vaxt mənim xeyrimə peyğəmbərlik etmir, ancaq pisliyimə edir».+ Yəhuşafat dedi: «Yox, padşah, belə demə».  İsrail padşahı saray məmurunu çağırıb dedi: «Tez Yimla oğlu Mikayı bura gətir».+ 10  Bu vaxt İsrail padşahı və Yəhuda padşahı Yəhuşafat əyinlərində şah libası Səməriyyə darvazasının ağzındakı xırmanda taxt qurub oturmuşdular. Bütün peyğəmbərlər onların qarşısında peyğəmbərlik edirdi.+ 11  Kənanah oğlu Sidqiyyə özü üçün dəmir buynuzlar düzəldib dedi: «Yehova belə deyir: “Aramiləri bunlarla vurub məhv edəcəksən”». 12  Başqa peyğəmbərlər də eyni cür peyğəmbərlik edirdilər: «Ramut-Gilada get, qələbə sənindir! Yehova oranı padşaha təslim edəcək». 13  Mikayı çağırmağa gedən qasid ona dedi: «Bura bax, bütün peyğəmbərlər bir ağızdan padşahın xeyrinə peyğəmbərlik edirlər. Qoy sənin də sözlərin onlarınkı ilə üst-üstə düşsün, padşahın xeyrinə danış».+ 14  Mikay dedi: «Yehovaya and olsun, Yehova mənə nə söyləyəcək, onu da deyəcəyəm». 15  Sonra o, padşahın hüzuruna gəldi. Padşah ondan soruşdu: «Mikay, Ramut-Gilada qarşı yürüşə gedək, yoxsa yox?» O dedi: «Get, qələbə sənindir! Yehova oranı padşaha təslim edəcək». 16  Padşah ona dedi: «Səni neçə dəfə Yehovanın adına and verim ki, mənə həqiqəti deyəsən?» 17  Mikay dedi: «Mən israillilərin çobansız qoyunlar kimi dağlara səpələndiyini görürəm.+ Yehova dedi: “Onların ağası yoxdur, qoy hərə sağ-salamat evinə qayıtsın”». 18  İsrail padşahı Yəhuşafata dedi: «Mən sənə demədim, o, mənim xeyrimə peyğəmbərlik etməyəcək, pisliyimə edəcək?»+ 19  Mikay sözünə davam etdi: «Yehovanın sözünü dinlə. Mən Yehovanı taxtında oturan gördüm.+ Göylərin ordusu Onun sağında-solunda durmuşdu.+ 20  Yehova dedi: “Kim Əhəbi tovlayıb Ramut-Gilada göndərə bilər ki, orada ölsün?” Hərə bir şey dedi. 21  Axırda bir mələk*+ qabağa çıxıb Yehovanın hüzurunda durdu və dedi: “Mən tovlayaram”. Yehova soruşdu: “Necə?” 22  O dedi: “Mən gedib peyğəmbərlərin ağzına yalan sözlər qoyaram”.+ Allah dedi: “Sən onu tovlayacaqsan, səndə alınacaq. Get, dediyin kimi elə”. 23  İndi Yehova bütün bu peyğəmbərlərin dilinə yalan sözlər qoyub.+ Yehova sənin başına fəlakət gətirməyə fərman verib».+ 24  Kənanah oğlu Sidqiyyə Mikaya yaxınlaşıb onun üzünə şillə vurdu və dedi: «Görəsən, Yehovanın ruhu hansı yolla mənim yanımdan keçib səninlə danışdı?»+ 25  Mikay dedi: «İçəri otağa girib gizlənməyə yer axtaranda biləcəksən hansı yolla». 26  İsrail padşahı dedi: «Mikayı şəhər darğası Amunla şahzadə Yuəşin yanına apar. 27  Onlara de ki, padşah belə buyurur: “Bu adamı zindana salın.+ Mən salamat qayıdana qədər ona qısım-qısım çörək və su verin”». 28  Onda Mikay: «Əgər sən sağ-salamat qayıtsan, deməli, mənimlə Yehova danışmayıb»,+ — dedi və sonra əlavə etdi: «Ay camaat, hamınız eşidin!» 29  İsrail padşahı və Yəhuda padşahı Yəhuşafat Ramut-Gilada getdilər.+ 30  İsrail padşahı Yəhuşafata dedi: «Mən qiyafəmi dəyişib döyüşə girəcəyəm. Sən isə şah libasını geyin». İsrail padşahı qiyafəsini dəyişib+ döyüşə girdi. 31  Aram padşahı cəng arabalarının otuz iki başçısına+ əmr etmişdi: «Baxın, heç kimlə döyüşmürsünüz, yalnız İsrail padşahı ilə döyüşürsünüz!» 32  Araba başçıları Yəhuşafatı görəndə dedilər: «Bu, İsrail padşahıdır». Onlar Yəhuşafata qarşı döyüşmək üçün ona tərəf döndülər. Yəhuşafat çığırıb kömək istədi. 33  Araba başçıları görəndə ki, bu, İsrail padşahı deyil, daha onu təqib etmədilər. 34  Bir nəfər nişan almadan ox atdı. Ox İsrail padşahının zirehinin tikişləri arasından keçib onu yaraladı. Padşah arabaçısına dedi: «Ağır yaralanmışam, dön, məni meydandan çıxart».+ 35  Bütün günü şiddətli döyüş getdi. Padşahı arabada üzü aramilərə tərəf ayaq üstə saxladılar. Onun yarasından qan axıb arabanın içinə tökülürdü. Axşamüstü Əhəb öldü.+ 36  Gün batanda bütün düşərgədə car çəkib dedilər: «Hər kəs öz şəhərinə! Hamı öz ölkəsinə!»+ 37  Beləliklə, padşah öldü. Onu Səməriyyəyə gətirib orada dəfn etdilər. 38  Əhəbin cəng arabasını Səməriyyə hovuzunun yanında yuyanda, Yehovanın dediyi kimi, itlər onun qanını yalayır, fahişələr orada çimirdi*.+ 39  Əhəbin qalan işləri, bütün etdikləri, fil dişindən+ tikdiyi ev, saldığı şəhərlər İsrail padşahlarının tarixi kitabında yazılmışdır. 40  Əhəb ata-babalarına qovuşdu.+ Oğlu Əhəzya+ onun yerinə taxta çıxdı. 41  Asa oğlu Yəhuşafat+ İsrail padşahı Əhəbin hakimiyyətinin dördüncü ilində Yəhudanın padşahı oldu. 42  Yəhuşafat taxta çıxanda otuz beş yaşında idi. O, iyirmi beş il Yerusəlimdə hakimiyyət sürdü. Onun anası Şilhi qızı Əzubə idi. 43  Yəhuşafat atası Asanın yolu ilə getdi,+ o yoldan dönmədi. O, Yehovanın bəyəndiyi işləri gördü.+ Lakin səcdəgahlar yox edilmədi. Xalq hələ də səcdəgahlarda qurban gətirir, qurban tüstüsü təqdim edirdi.+ 44  Yəhuşafat İsrail padşahları ilə sülhdə yaşayırdı.+ 45  Yəhuşafatın qalan işləri, qüdrətli işləri və apardığı müharibələr Yəhuda padşahlarının tarixi kitabında yazılmışdır. 46  O həmçinin ölkəni atası Asanın vaxtından qalan, məbəd fahişəliyi ilə məşğul olan kişilərdən təmizlədi.+ 47  O vaxt Ədumda+ padşah yox idi. Ölkəni canişin idarə edirdi.+ 48  Yəhuşafat Ofirdən qızıl gətirmək üçün Tarşiş gəmiləri düzəltdi.+ Amma gəmilər ora gedib çıxa bilmədi, Əzyun-Qəbərdə parçalandı.+ 49  Həmin vaxt Əhəb oğlu Əhəzya Yəhuşafata demişdi: «Qoy gəmilərində sənin adamlarınla birgə mənim adamlarım da getsin». Amma Yəhuşafat razı olmamışdı. 50  Yəhuşafat ata-babalarına qovuşub+ əcdadı Davudun şəhərində ata-babalarının yanında dəfn olundu. Oğlu Yəhuram+ onun yerinə taxta çıxdı. 51  Əhəb oğlu Əhəzya+ Yəhuda padşahı Yəhuşafatın hakimiyyətinin on yeddinci ilində Səməriyyədə İsrailin padşahı oldu və iki il İsraildə hakimiyyət sürdü. 52  O, Yehovanın bəyənmədiyi pis işlər görür, atası ilə anasının+ və İsraili günaha sürükləyən Nəbat oğlu Ərubamın+ yolu ilə gedirdi.+ 53  O, atası kimi, Baala ibadət edib səcdə qılır,+ İsrailin Allahı Yehovanı qəzəbləndirirdi.+

Haşiyələr

Digər variant: Əhəbin cəng arabasını fahişələrin çimdiyi Səməriyyə hovuzunun yanında yuyanda, Yehovanın dediyi kimi, itlər onun qanını yalayırdı.