Kontentə keç

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab | MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

1 İşmuil 9:1—27

MÜNDƏRİCAT

  • İşmuil Talutla qarşılaşır (1—27)

9  Binyamin qəbiləsində+ Kiş+ adlı varlı-hallı bir kişi vardı. O, Əbiilin, Əbiil Sərarın, Sərar Bəkratın, Bəkrat Əfyanın oğlu idi.  Onun Talut+ adında gənc, yaraşıqlı oğlu vardı. İsraildə onun kimi yaraşıqlısı yox idi. O, hamıdan boyca bir baş hündür idi.  Bir dəfə Talutun atası Kişin ulaqları itmişdi. Kiş oğlu Taluta dedi: «Nökərlərdən birini götür, get ulaqları axtar».  Onlar bütün Əfraim dağlıq bölgəsini, Şalişa torpağını gəzdilər, amma ulaqları tapmadılar. Sonra Şalim torpağını dolandılar, ulaqlar orada da yox idi. Onlar bütün Binyamin torpağını da gəzdilər, ancaq ulaqlar tapılmadı ki tapılmadı.  Onlar gəlib Suf torpağına çatdılar. Talut nökərinə dedi: «Gəl qayıdaq, yoxsa atam ulaqları qoyub bizə görə narahat olacaq».+  Nökər isə dedi: «Bu şəhərdə bir Allah adamı var. O, böyük hörmət sahibidir, nə deyirsə, hamısı düz çıxır.+ Gəl ora gedək. Bəlkə, o, bizə dedi hara getməliyik».  Talut soruşdu: «Bəs o adama nə aparaq? Heybəmizdə çörək də qalmayıb. Allah adamına nə sovqat verək? Axı heç nəyimiz yoxdur».  Nökər cavab verdi: «Bax, məndə gümüş sikkə* var. Onu Allah adamına verərəm, o, bizə deyər hara getməliyik».  (Keçmiş vaxtlarda İsraildə kimsə Allahın hökmünü öyrənmək istəyəndə belə deyərdi: «Gəlin görücünün+ yanına gedək». O vaxtlar peyğəmbərə görücü deyərdilər.) 10  Talut nökərinə dedi: «Ağlabatan sözdür, gəl gedək». Beləcə, onlar Allah adamının olduğu şəhərə getdilər. 11  Onlar yoxuşla şəhərə qalxanda suya gedən qızları gördülər. Qızlardan soruşdular: «Görücü+ buradadır?» 12  Qızlar: «Hə, buradadır, — dedilər. — Elə qabağınızca getdi. Tələsin. O, şəhərə bu gün gəlib. Camaat bu gün səcdəgahda*+ qurban gətirəcək.+ 13  Onu şəhərə girən kimi, o, səcdəgaha yemək yeməyə getməzdən əvvəl tapacaqsınız. O gəlməyincə camaat çörək yeməyəcək. Çünki qurbana o xeyir-dua verir və yalnız bundan sonra dəvət olunanlar yeyə bilərlər. İndi getsəniz, onu taparsınız». 14  Onlar şəhərə qalxdılar. Şəhərin ortasına çataçatda səcdəgaha gedən İşmuillə üz-üzə gəldilər. 15  Talut gəlməmişdən bir gün əvvəl Yehova İşmuilə demişdi: 16  «Sabah təxminən bu vaxt sənin yanına Binyamin torpağından+ bir adam göndərəcəyəm. Onu xalqım İsrailin başçısı olaraq məsh et.+ O, xalqımı filiştlilərin əlindən qurtaracaq. Çünki Mən xalqıma edilən zülmləri görürəm, onların fəryadı mənə çatıb».+ 17  İşmuil Talutu görəndə Yehova ona dedi: «“Xalqıma hökmranlıq edəcək”, dediyim adam budur».+ 18  Talut darvazanın yanında İşmuilə yaxınlaşıb dedi: «Deyə bilərsən, görücünün evi haradadır?» 19  İşmuil: «Görücü mənəm, — dedi. — Buyur, keç qabağa, səcdəgaha gedək. Bu gün mənimlə yemək yeyəcəksiniz.+ Sabah səhər sizi yola salaram. Həm də nə istəsəniz, sizə bildirərəm. 20  Üç gün əvvəl itən ulaqlara+ görə isə narahat olma, onlar artıq tapılıb. Bir də ki, İsrailin bütün cah-calalı kimə məxsusdur? Məgər sənə və atanın evinə məxsus deyil?»+ 21  Onda Talut dedi: «Mən ki binyaminliyəm, İsrailin ən kiçik qəbiləsindənəm.+ Nəslim də Binyamin qəbiləsində ən kiçik nəsildir. Nə üçün mənə belə sözlər deyirsən?» 22  İşmuil Talutla nökərini yemək otağına apardı. Onları dəvət olunanların arasında yuxarı başda oturtdu. Orada təxminən otuz nəfər adam var idi. 23  İşmuil aşpaza dedi: «“Bunu qırağa qoy” deyib sənə verdiyim payı gətir». 24  Onda aşpaz budu gətirib Talutun qabağına qoydu. İşmuil dedi: «Bu, sənin payındır, ye. Bu pay sənin üçün ayrılıb. Mən onlara demişdim ki, qonaqlarım olacaq». Beləcə, həmin gün Talut İşmuillə birgə çörək yedi. 25  Sonra onlar səcdəgahdan enib+ şəhərə gəldilər. İşmuil evin damında Talutla söhbətini davam etdirdi. 26  Onlar dan yeri söküləndə qalxdılar. İşmuil damdan Talutu çağırıb dedi: «Hazırlaş, səni yola salım». Talut hazırlaşandan sonra İşmuillə birlikdə evdən çıxdılar. 27  Onlar şəhərin qurtaracağına enərkən İşmuil Taluta dedi: «Nökərinə+ de, qabaqda getsin, sən isə ayaq saxla, sənə Allahın sözünü bildirim». Nökər qabaqda getdi.

Haşiyələr

Hərfən: şekelin dörddə biri. Şekel 11,4 q-a bərabərdir. B14 əlavəsinə bax.
Hərfən: yüksəklikdə.