Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

1 İşmuil 30:1—31

MÜNDƏRİCAT

  • Əmaliqələr Sığlağa basqın edir (1—6)

    • Yehova Davuda qüvvət verir (6)

  • Davud əmaliqələri məğlub edir (7—31)

    • Davud əsirləri geri qaytarır (18, 19)

    • Qəniməti bölüşdürməklə bağlı göstəriş (23, 24)

30  Davud dəstəsilə üçüncü gün Sığlağa+ çatdı. Bu arada əmaliqələr+ cənuba* və Sığlağa basqın etmiş, Sığlağı tutub şəhərə od vurmuşdular.  Qadınları və kiçikdən tutmuş böyüyədək hamını əsir aparmışdılar.+ Amma heç kəsi öldürməmişdilər, adamları götürüb öz yolları ilə qayıtmışdılar.  Davud adamları ilə şəhərə girəndə gördü ki, şəhər yanıb külə dönüb, qadınlar, qızlar, oğlanlar əsir aparılıb.  Hamı hönkürüb ağladı, o qədər ağladılar ki, axırda taqətləri qalmadı.  Davudun iki arvadı, yizrailli Ahnaam və karmelli Nabalın dul qalmış arvadı Abiqayil də əsir getmişdi.+  Davud çox sıxılırdı, çünki adamlar oğul-qızlarının əsir düşməsindən qəzəblənərək onu daşqalaq etmək istəyirdilər. Amma Davud Allahı Yehovadan qüvvət aldı.+  Davud Əximəlikin oğlu kahin Əbyatara+ dedi: «Döşlüyü bura gətir».+ Əbyatar döşlüyü Davudun yanına gətirdi.  Davud Yehovadan soruşdu:+ «Basqınçıları təqib edim? Onlara çata bilərəm?» Allah dedi: «Təqib et. Onlara çatacaqsan, əsirləri qurtaracaqsan».+  Davud dərhal yanındakı 600 nəfərlə+ yola düşdü. Gəlib Besor vadisinə çatdılar. Adamlardan bir qismi orada qaldı. 10  Davud 400 nəfərlə yoluna davam etdi, 200 nəfər isə çox yorulduğundan Besor vadisini keçə bilməyib orada qaldı.+ 11  Çöldə bir misirliyə rast gəldilər. Onu tutub Davudun yanına gətirdilər. Ona çörək, su verdilər. 12  Bir dilim əncir lavaşanası, iki kişmiş lavaşanası verdilər. Üç gün, üç gecə onun dilinə nə su, nə çörək dəyməmişdi. Yeyəndən sonra onun canına taqət gəldi. 13  Davud ondan soruşdu: «Kimin qulusan? Haradansan?» O cavab verdi: «Mən misirliyəm, bir əmaliqənin quluyam. Xəstələndiyim üçün üç gün əvvəl ağam məni atıb getdi. 14  Biz kəritilərdən+ cənuba, Yəhudaya və Kalibdən+ cənuba basqın etmişdik, Sığlağa od vurub yandırmışdıq». 15  Davud ona dedi: «Məni o basqınçıların yanına apara bilərsən?» O dedi: «Əgər Allaha and içsən ki, məni öldürməyəcəksən, yaxud ağama qaytarmayacaqsan, səni basqınçıların yanına apararam». 16  O, Davudu basqınçıların yanına apardı. Onlar hər yana səpələnmişdilər. Filişt və Yəhuda diyarında ələ keçirdikləri böyük qənimətə görə yeyib-içib bayram edirdilər. 17  Davud səhər alaqaranlıqdan ta axşamadək onları qırdı. Dəvələrə minib qaçan 400 nəfərdən başqa heç kim sağ qalmadı.+ 18  Davud əmaliqələrin apardığı hər şeyi qaytardı,+ özünün iki arvadını da xilas etdi. 19  Onlar oğul-qızlarını, talan edilmiş mallarını geri qaytardılar.+ Heç nələri, nə xırda, nə də böyük şeyləri əskik çıxmadı. Davud bütün aparılmış şeyləri geri qaytardı. 20  O həmçinin mal-qaranı, qoyun-quzunu da götürdü. Davudun adamları bu heyvanları öz sürülərinin qabağına qatıb aparır və «bu, Davudun qənimətidir» deyirdilər. 21  Sonra Davud yorğun olduqlarından onunla gedə bilməyib Besor vadisində qalmış 200 nəfərin yanına gəldi.+ Onlar Davudla dəstəsinin pişvazına çıxdılar. Davud yaxınlaşıb onlarla hal-əhval tutdu. 22  Amma Davudla gedənlərin arasında olan yaramaz və bədxah adamlar dedilər: «Onlar bizimlə getmədilər. Geri aldığımız qənimətdən onlara heç nə verməyəcəyik. Qoy yalnız arvad-uşaqlarını götürüb getsinlər». 23  Amma Davud dedi: «Yox, qardaşlarım, belə olmaz. Bunları bizə Yehova verib. O, bizi qorudu, üstümüzə gələn basqınçıları məğlub etdi.+ 24  Sizin bu dediklərinizlə kim razılaşar? Döyüşə gedənlə yüklərin yanında qalana eyni pay düşəcək.+ Hamının payı bərabər olacaq».+ 25  Həmin gündən etibarən, Davud bunu bütün İsrail üçün qayda və qanun etdi. 26  Davud Sığlağa qayıdandan sonra qənimətdən bir qədər götürüb dostlarına, Yəhuda ağsaqqallarına göndərdi və dedi: «Buyurun, bu, Yehovanın düşmənlərindən talanan qənimətdən sizə sovqatdır!» 27  O, Beytel+, Negevdəki* Ramut, Yəttir+, 28  Aruir, Şifmut, İştima+, 29  Raqal, yarəhmiillərin+ şəhərlərinin, qənilərin+ şəhərlərinin, 30  Horma+, Boraşan, Atax, 31  Həbrun+ ağsaqqallarına və dəstəsi ilə olduğu bütün yerlərə sovqat göndərdi.

Haşiyələr

Yaxud Negevə.
Yaxud cənubdakı.