Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

1 İşmuil 20:1—42

MÜNDƏRİCAT

  • Yonatanın Davuda sədaqəti (1—42)

20  Davud Ramadakı Nayatdan qaçdı və Yonatanın yanına gəlib dedi: «Mən nə etmişəm?+ Təqsirim nədir? Atana qarşı nə günah etmişəm ki, qəsdimə durub?»  Yonatan ona dedi: «Ola bilməz!+ Sən ölməyəcəksən. İstər xırda iş olsun, istərsə də böyük, atam mənə deməmiş heç nə etmir. Bunu nə üçün məndən gizlətsin? Belə şey ola bilməz!»  Davud and içib dedi: «Atan bilir ki, sən mənim xətrimi çox istəyirsən,+ ona görə də deyir: “Qoy Yonatanın bu işdən xəbəri olmasın, yoxsa kədərlənər”. Yehovaya and olsun, sənin canın üçün, mənimlə ölüm arasında cəmi bir addım var».+  Yonatan Davuda dedi: «Nə istəsən, sənin üçün edəcəyəm».  Davud dedi: «Sabah təzə ay mərasimidir.+ Mən də padşahla bir süfrədə oturmalıyam. İzin ver gedim, birisi gün axşama qədər çöldə gizlənim.  Əgər atan məni soruşsa, deyərsən, Davud yalvarıb məndən icazə istədi ki, öz şəhərinə, Beytləhmə+ gedib ailəsi ilə birlikdə illik qurban gətirsin.+  Əgər o: “Lap yaxşı”, — desə, deməli, xata-bala bu qulundan uzaqdır. Amma qəzəblənsə, bil ki, onun mənə qarşı pis niyyəti var.  Quluna lütf göstər,+ çünki Yehovanın önündə qulunla əhd-peyman bağlamısan.+ Amma təqsirim varsa,+ onda məni özün öldür. Qoyma atanın əlinə düşüm».  Yonatan Davuda dedi: «Bunu ağlına belə, gətirmə! Bilsəm ki, atamın sənə qarşı pis niyyəti var, sənə demərəm?»+ 10  Davud Yonatandan soruşdu: «Atan sənə sərt cavab versə, mən necə biləcəyəm?» 11  Yonatan: «Gəl, çölə çıxaq», — dedi. Onlar birlikdə çölə çıxdılar. 12  Yonatan Davuda dedi: «Qoy İsrailin Allahı Yehova aramızda şahid olsun ki, sabah bu vaxt, ya da birisi gün atamın fikrini öyrənəcəyəm. Əgər sənə münasibəti yaxşı olsa, adam göndərib sənə xəbər çatdıracağam. 13  Yox əgər sənə qarşı niyyətinin pis olduğunu görüb, səni bundan hali etməsəm, səni sağ-salamat buraxmasam, qoy onda Yehova məni cəzalandırsın. Qoy Yehova atama yar olduğu kimi,+ sənə də yar olsun.+ 14  Amma sən də həm sağlığımda, həm də öləndən sonra mənə Yehovanın məhəbbətini göstər.+ 15  Heç vaxt, hətta Yehova sənin düşmənlərinin kökünü yer üzündən kəsəndə də evimdən lütfünü əskik etmə».+ 16  Beləcə, Yonatan Davud evi ilə əhd bağlayıb dedi: «Yehova Davudun düşmənləri ilə haqq-hesab çəkəcək». 17  Yonatan Davudu onu çox istədiyinə təkrarən and içdirdi. Çünki o, ona canı qədər əziz idi.+ 18  Yonatan ona dedi: «Sabah təzə ay mərasimidir,+ yerin boş olduğu üçün səni axtaracaqlar. 19  Birisi gün isə yoxluğun daha çox görünəcək. Onda əvvəl gizləndiyin yerə gəlib bu daşın yanında durarsan. 20  Mən hədəfə atırmış kimi, daşın bir tərəfinə üç ox atacağam. 21  Nökəri göndərib “get, oxu gətir” deyəcəyəm. Əgər nökərə: “Bax, oxlar sənin bu tərəfindədir, onları götür”, — desəm, qayıdıb gələ bilərsən. And olsun Yehovaya, deməli, heç bir təhlükə yoxdur, hər şey qaydasındadır. 22  Amma nökərə: “Oxlar, səndən irəlidədir”, — desəm, onda get, Yehova səni buraxır. 23  Peymanımıza gəldikdə isə,+ qoy Yehova həmişəlik aramızda şahid olsun».+ 24  Davud çöldə gizləndi. Təzə ay mərasimi başlandı. Padşah süfrə arxasında oturdu.+ 25  O, həmişəki yerində, divarın yanında oturmuşdu. Yonatan Talutun qarşısında, Abnur+ isə yanında əyləşmişdi. Davudun yeri boş idi. 26  Talut həmin gün heç nə demədi. O, ürəyində deyirdi: «Görünür, nəsə olub, yəqin Davud murdardır.+ Elədir ki var, napakdır». 27  Təzə ay mərasiminin ertəsi günü, ikinci gün də Davudun yeri boş qaldı. Onda Talut oğlu Yonatandan soruşdu: «Nə üçün Yəssənin oğlu+ nə dünən, nə də bu gün süfrə arxasında yoxdur?» 28  Yonatan Taluta cavab verdi: «Davud Beytləhmə getmək üçün yalvarıb məndən izin istədi.+ 29  Mənə dedi: “Xahiş edirəm, icazə ver, qoy gedim, ailəmizin şəhərdə qurbanı var. Qardaşım məni çağırıb. Əgər gözündə lütf tapmışamsa, burax gedim qardaşlarımı görüm”. Buna görə də o, padşahın süfrəsinə gələ bilməyib». 30  Onda Talut Yonatana bərk qəzəbləndi və dedi: «Sən, ey anası üsyankar oğul, elə bilirsən, Yəssənin oğlunun tərəfini tutmağından xəbərim yoxdur? Həm özünü biabır edirsən, həm də ananın başını yerə soxursan. 31  Nə qədər ki Yəssənin oğlu yer üzündə yaşayır, nə sən, nə də səltənətin durmayacaq.+ Tez bir adam göndər onu yanıma gətirsin. O ölməlidir».+ 32  Yonatan atası Taluta dedi: «Axı nə üçün ölməlidir?+ O nə edib ki?» 33  Bu zaman Talut nizəni Yonatana tullayıb onu vurmaq istədi.+ Yonatan anladı ki, atasının Davudu öldürmək fikri qətidir.+ 34  Yonatan hirslə sıçrayıb süfrədən qalxdı. Təzə ay mərasiminin ikinci günü o, bir tikə də olsun çörək yemədi. Həm Davuda görə, həm də atasının onu alçaltdığına görə qanı qaralmışdı.+ 35  Səhər Yonatan Davudla görüşmək üçün çölə getdi, cavan nökəri də onunla idi.+ 36  O, nökərinə dedi: «Qaç, ox atacağam, tap gətir». Nökər qaçdı. Yonatan oxu ondan irəli atdı. 37  Nökər oxun düşdüyü yerə gəlib çatanda Yonatan nökəri hayladı: «Ox səndən irəlidədir». 38  Sonra nökərə: «Tələs, cəld ol! Dayanma!» — dedi. Yonatanın nökəri oxları götürüb ağasının yanına qayıtdı. 39  Nökər heç nə başa düşmədi. Bunun nə demək olduğunu yalnız Davudla Yonatan bilirdi. 40  Yonatan yaraq-yasağını nökərinə verib tapşırdı: «Bunları şəhərə apar». 41  Nökər gedəndən sonra Davud cənub tərəfdən, yaxınlıqdakı yerdən qalxdı. O diz çöküb üç dəfə təzim etdi. Sonra onlar öpüşüb ağlaşdılar, ancaq Davud lap çox ağladı. 42  Yonatan Davuda dedi: «Sağ-salamat get. Biz ikimiz də Yehovanın adına and içib+ demişik: “Qoy Yehova səninlə mənim, sənin nəslinlə mənim nəslim arasında həmişə şahid olsun”».+ Davud durub getdi, Yonatan isə şəhərə qayıtdı.

Haşiyələr