Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

Əyyub 9:1—35

MÜNDƏRİCAT

  • Əyyubun cavabı (1—35)

    • Fani insan Allahla çəkişmədə necə haqlı çıxa bilər? (2—4)

    • Allah dərkedilməz işlər görür (10)

    • İnsan Allahla mübahisə edə bilməz (32)

9  Əyyub belə cavab verdi:   «Mən bilirəm bu, belədir, Fani insan Allahla çəkişmədə necə haqlı çıxar?+   Kimsə Allahla mübahisəyə qalxmaq istəsə*,+ Onun min sualından birinə də cavab verə bilməz.   Onun ürəyində hikmət, qolunda qüvvət var,+ Kim Ona inad göstərib sağ qala bilər?+   O, heç kimin xəbəri olmadan dağları silkələyir, Qəzəbi ilə onları alt-üst edir.   Dünyanı yerindən oynadır, Sütunlarını sarsıdır.+   Günəşə əmr edir ki, işıq saçmasın, Ulduzların işığını örtüb möhürləyir.+   O Özü göyləri yayır,+ Hündür dalğaların üzəri ilə gedir.+   Ayiş, Kəsil, Kimah bürclərini*,+ Cənub səmasının bürclərini yaradan Odur. 10  O, möhtəşəm, dərkedilməz işlər görür,+ Saysız-hesabsız xariqələr yaradır.+ 11  Yanımdan keçir, Onu görmürəm, Keçib-gedir, Onu seçə bilmirəm. 12  O götürüb aparanda kim Ona mane ola bilər? Kim Ona “nə edirsən?” deyə bilər?+ 13  Xudavənd qəzəbini saxlamaz.+ Rahaba*+ dəstək olanlar da Onun önündə diz çökər. 14  Belədirsə, mən Ona cavab verəndə Gərək hər sözümü götür-qoy edim! 15  Lap haqlı olsaydım da, Ona cavab verə bilməzdim.+ Hakimimdən* yalnız lütf diləyərdim. 16  Onu çağırsam, mənə hay verərmi? İnanmıram məni eşidə. 17  Axı məni tufanla döyür, Nahaqdan yaralarımı artırır.+ 18  Nəfəs almağa aman vermir, Məni zəqqumla doyurur. 19  Söhbət gücdən gedirsə, Odur güclü!+ Ədalətdən gedirsə, O deyir: “Kim Məndən hesabat tələb edə bilər?” 20  Lap haqlı olsam da, dilim məni ittiham edər, Təqsirim olmasa da, O, məni təqsirkar çıxarar. 21  Təqsirsiz olsam da, özümdən arxayın deyiləm, Daha yaşamaq istəmirəm. 22  Nə fərqi. Buna görə deyirəm: “O, təqsirsizi də məhv edir, şər adamı da”. 23  Əgər daşqın qəfil ölüm gətirərsə, O, məsumun biçarəliyinə gülər. 24  Dünya şərin ixtiyarına verilib.+ Allahdır hakimlərin gözünü bağlayan. O deyilsə, bəs kimdir? 25  Günlərim çapardan da sürətlidir,+ Onlar ötüb-gedir, mən isə bir gün görməmişəm. 26  Qamış qayıq kimi üzüb-gedirlər, Ov üstünə şığıyan qartal kimidirlər. 27  “Dərdimi unudacağam, Üzüm güləcək, eynim açılacaq” desəm də, 28  Yenə ağrılarıma görə qorxuram.+ Bilirəm məni təqsirsiz saymazsan. 29  Onsuz da təqsirli çıxacağam. Niyə boş-boşuna əlləşirəm?+ 30  Qar suyu ilə yuyunsaydım, Əllərimi gilabı* ilə yusaydım,+ 31  Onda məni çalaya salardın, Paltarlarım da məndən iyrənərdi. 32  O, mənim kimi insan deyil ki, Ona cavab verim, Məhkəmədə üz-üzə gələk.+ 33  Bir kəs yoxdur ki, bizi mühakimə etsin, Bizə hakim olsun. 34  O, dəyənəyini üstümdən götürsə, Zəhmi məni qorxutmasa,+ 35  Çəkinmədən Onunla danışaram. Onunla danışmaqdan qorxmuram.

Haşiyələr

Yaxud Allahı məhkəməyə vermək istəsə.
Ehtimala görə, Ayiş Böyük Ayı bürcü, Kəsil Orion bürcü, Kimah isə Buğa bürcündəki Ülkər ulduzlarıdır.
Ehtimala görə, dəniz əjdahası.
Digər variant: məhkəmədə rəqibimdən.
Yaxud potaş. Ağac külündən alınan maddə.