Kontentə keç

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab | MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

Ərəmya 50:1—46

MÜNDƏRİCAT

  • Babilə qarşı peyğəmbərlik (1—46)

    • Babildən qaçın (8)

    • İsrail geri qaytarılacaq (17—19)

    • Babilin suları quruyacaq (38)

    • Babil sakinsiz qalacaq (39, 40)

50  Yehova Babil barədə, kəldanilərin ölkəsi barədə Ərəmya peyğəmbər vasitəsilə belə deyir:+   «Bunu xalqlar arasında bəyan edin, elan edin, Nişan qoyun, car çəkin. Heç nəyi gizlətməyin! Deyin: “Babil ələ keçdi,+ Bel* rüsvay oldu,+ Mərduk dəhşətə gəldi. Onun surətləri xəcil oldu, İyrənc bütləri vahiməyə düşdü”.   Çünki onun üstünə şimaldan bir xalq gəlib,+ Ölkəsini dəhşətli hala salıb. Orada heç kim yaşamır, İnsan da, heyvan da Oradan qaçıb-gedib».  Yehova bəyan edir: «O vaxt, o zaman İsrail xalqı və Yəhuda xalqı bir yerdə gələcək.+ Onlar ağlaya-ağlaya gələcəklər,+ birlikdə Allahları Yehovaya üz tutacaqlar.+  Onlar Sion tərəfə dönüb, ora gedən yolu soruşacaqlar.+ Deyəcəklər: “Gəlin, əbədi, heç vaxt unudulmayacaq əhdlə Yehovaya bağlanaq”.+  Xalqım itmiş qoyun sürüsünə bənzəyir.+ Çobanları onları azdırdı,+ onları dağlara apardı, dağlarda, təpələrdə dolaşdırdı. Onlar dincəldikləri yeri yaddan çıxarıblar.  Kim onları tapdısa, yedi.+ Düşmənləri belə dedi: “Bizdə təqsir yoxdur, onlar Yehovaya qarşı, doğruluq məskəni və ata-babalarının ümidgahı olan Yehovaya qarşı günah işləyiblər”».   «Babildən qaçın, Kəldanilərin ölkəsindən çıxın,+ Sürünün qabağında gedən qoç kimi, təkə kimi olun.   Babilə qarşı şimal torpağından Böyük xalqlar toplusunu qaldırıb gətirəcəyəm!+ Onlar döyüş nizamı ilə ona hücum çəkəcəklər, Onu işğal edəcəklər. Onların oxları döyüşçü oxları kimidir. Ata-ananı övladsız qoyur,+ Hədəfə dəyməmiş geri qayıtmır. 10  Kəldan talan ediləcək.+ Onu qarət edənlər qənimətdən doyacaq»,+ — bəyan edir Yehova. 11  «Çünki siz Mənim irsimi qarət edəndə+ Sevinirdiniz, şadlanırdınız.+ Otlaqdakı düyə kimi tullanıb-düşürdünüz, Ayğır kimi kişnəyirdiniz. 12  Sizin ananız biabır olub,+ Sizi dünyaya gətirən peşman olub. Budur, o, xalqların içində ən kiçiyidir, Susuz çöldür, səhradır.+ 13  Yehovanın qəzəbi üzündən orada kimsə məskunlaşmayacaq.+ Ora bomboş qalacaq.+ Babilin yanından keçənlər bu mənzərədən dəhşətə gələcək, Onun bəlalarına görə fit çalacaq.+ 14  Ey kaman gərənlər, Döyüş nizamı ilə hər tərəfdən Babilə hücum edin, Ona ox atın, oxa heyifiniz gəlməsin,+ Çünki o, Yehovaya qarşı günah edib.+ 15  Hər tərəfdən üstünə döyüş nərəsi çəkin. O təslim oldu. Sütunları aşdı, divarları uçdu.+ Çünki Yehova intiqam alır.+ Siz də intiqamınızı alın, Elədiklərini onun başına gətirin.+ 16  Babildən səpinçini, Biçin vaxtı əlində oraq tutanı yox edin.+ Amansız qılınc ucbatından hər kəs öz xalqının yanına qayıdır, Öz yurduna qaçır.+ 17  İsrail xalqı pərən-pərən düşmüş sürüdür.+ Aslanlar onları qovdu.+ Əvvəlcə Aşşur padşahı onları parçaladı,+ sonra da Babil padşahı Navuxodonosor sümüklərini gəmirdi.+ 18  Buna görə də İsrailin Allahı, ordular Allahı Yehova belə deyir: “Aşşur padşahı ilə necə rəftar etdimsə,+ Babil padşahı ilə, onun ölkəsi ilə də elə rəftar edəcəyəm. 19  İsraili öz otlağına geri qaytaracağam,+ o, Karmeldə, Başanda otlayacaq,+ Əfraim+ və Gilad+ dağlarında yeyib doyacaq”». 20  Yehova bəyan edir: «O vaxt, o zaman İsraildə təqsir axtaracaqlar, Amma tapmayacaqlar, Yəhuda günahsız çıxacaq, Çünki sağ saxladığım adamları əfv edəcəyəm».+ 21  «Meratayim ölkəsinə, Puqud+ sakinlərinə hücum edin. Qoy onlar qırılsın, kökləri kəsilsin, — bəyan edir Yehova. Bütün əmrlərimi yerinə yetirin. 22  Ölkədə döyüş səsləri, Böyük fəlakət səsi eşidilir. 23  Baxın, dünyanın gürzü kəsildi, qırıldı!+ Babil xalqlar arasında dəhşət rəmzinə çevrildi!+ 24  Sənə tələ qurdum, ey Babil, sən də ora düşdün, Özünün də xəbərin olmadı. Səni tapıb ələ keçirdilər,+ Çünki sən Yehovaya qarşı çıxdın. 25  Yehova anbarını açıb, Oradan qəzəb silahlarını çıxarır.+ Çünki Külli-İxtiyarın, ordular Allahı Yehovanın Kəldanilərin ölkəsində işi var. 26  Uzaq yerlərdən onun üstünə gəlin.+ Taxıl anbarlarını açın.+ Onu taxıl tayaları kimi yığın. Kökünü kəsin.+ Qoy ondan kimsə sağ qalmasın. 27  Bütün buğalarını öldürün,+ Qoy hamısı kəsilməyə getsin. Vay onların halına, onların vaxtı, Haqq-hesab günü yetişdi! 28  Allahımız Yehovanın qisasını, Məbədinə görə intiqamını Sionda bəyan etmək üçün Babil ölkəsindən qaçanların, Canını qurtaranların səsi eşidilir.+ 29  Babilə qarşı oxçular, Kaman gərənlər toplayın.+ Dörd tərəfində ordugah qurun, heç kimi qaçmağa qoymayın. Ona əməllərinin əvəzini verin,+ Etdiklərini başına gətirin.+ Çünki o, Yehovaya qarşı, İsrailin Müqəddəsinə qarşı dikbaşlıq etdi.+ 30  Odur ki, cavanları meydanlarda həlak olacaq,+ O gün döyüşçüləri məhv olacaq», — bəyan edir Yehova. 31  «Mən sənə qarşıyam,+ ey dikbaş,+ Sənin vaxtın, səninlə haqq-hesab çəkəcəyim gün mütləq gələcək, — bəyan edir Külli-İxtiyar, ordular Allahı Yehova. 32  Sən, ey dikbaş, büdrəyib yıxılacaqsan, Səni qaldıran olmayacaq.+ Şəhərlərinə od vuracağam, Ətrafındakı hər şey yanıb kül olacaq». 33  Ordular Allahı Yehova belə deyir: «İsrail xalqı və Yəhuda xalqı zülm çəkir, Əsir aparanlar onları tutub saxlayır,+ Buraxmaq istəmir.+ 34  Fəqət onların Qurtarıcısı güclüdür,+ Adı ordular Allahı Yehovadır.+ Ölkəyə əmin-amanlıq vermək üçün,+ Babil sakinlərini təşvişə salmaq üçün+ Onların işinə mütləq baxacaq».+ 35  Yehova bəyan edir: «Kəldanilərə qarşı qılınc, Babil sakinlərinə, başçılarına, müdriklərinə qarşı qılınc gəlir!+ 36  Boş-boş danışanlara* qarşı qılınc gəlir, onlar sərsəmlik edəcəklər, Döyüşçülərinə qarşı qılınc gəlir, onlar vahiməyə düşəcəklər.+ 37  Atlarına, cəng arabalarına qarşı qılınc gəlir, Orada yaşayan çoxsaylı xalqlara qarşı qılınc gəlir, Onlar qadın kimi olacaqlar.+ Onun xəzinələrinə qarşı qılınc gəlir, onlar talan ediləcək.+ 38  Suları viran qalacaq, quruyacaq,+ Çünki ora oyma bütlər ölkəsidir,+ Onlar qorxunc vəhylər alıb dəlilik edirlər. 39  Odur ki, orada səhra heyvanları, ulayan heyvanlar yaşayacaq, Dəvəquşular məskən salacaq.+ Orada heç vaxt insan yaşamayacaq, Nəsillər gəlib-keçəcək, kimsə orada məskunlaşmayacaq».+ 40  «Allahın xaraba qoyduğu Sədumla Əmurədə+ və onlarla qonşu şəhərlərdə olduğu kimi,+ orada da heç kim yaşamayacaq, insan övladı məskən salmayacaq,+ — bəyan edir Yehova. 41  Budur, şimaldan bir xalq gəlir, Dünyanın ucqarlarından+ böyük bir xalq, Əzəmətli padşahlar+ qalxıb gəlir. 42  Kamanla, nizə ilə silahlanıblar,+ Qəddardırlar, heç kimə rəhm etməyəcəklər,+ Atlarını çapdıqca Təlatümlü dəniz kimi uğuldayırlar.+ Ey Babil qızı, bir nəfər kimi döyüş nizamıyla sənə qarşı düzülüblər.+ 43  Babil padşahı onlar haqda xəbər tutdu,+ Əlləri yanına düşdü.+ İztirab içindədir. Doğan qadın kimi onu sancı tutub. 44  Budur, bir nəfər İordan sahillərindəki sıx meşəlikdən çıxıb dinc otlaqlara hücum edən aslan kimi basqın edəcək və Mən bir anda onları yurdlarından didərgin salacağam. Seçdiyim kəsi oranın üzərində qoyacağam.+ Mənim kimisi varmı? Kim Mənə meydan oxuya bilər? Qarşımda hansı çoban dura bilər?+ 45  Odur ki, ey insanlar, Yehovanın Babilə qarşı çıxardığı qərarı,+ kəldanilərin ölkəsinə qarşı niyyətini eşidin: Sürüdəki quzuları sürüyüb aparacaqlar. O, etdikləri pisliyə görə otlaqlarını viran qoyacaq.+ 46  Babil zəbt edilən zaman qopan gurultudan yer titrəyəcək, Xalqlar arasında fəryad səsi eşidiləcək».+

Haşiyələr

Babil allahı.
Yaxud yalançı peyğəmbərlərə.