Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

Çıxış 16:1—36

MÜNDƏRİCAT

  • Xalq yeməkdən ötrü gileylənir (1—3)

  • Yehova israillilərin deyinməyini eşidir (4—12)

  • Bildirçinlər və manna (13—21)

  • Şənbə günü manna olmayacaq (22—30)

  • Xatirə üçün manna (31—36)

16  Sonra onlar Elimdən çıxdılar. Misirdən çıxandan sonra ikinci ayın on beşinci günündə İsrail icması Elimlə Sina arasında yerləşən Tih səhrasına+ gəldi.  Həmin vaxt səhrada bütün İsrail icması Musa ilə Harundan gileylənməyə başladı.+  İsraillilər elə hey deyirdilər: «Siz bütün bu camaatı ona görə çıxarıb bu səhraya gətirmisiniz ki, hamısını acından qırasınız. Kaş ki Yehova bizi elə Misirdə, ətlə dolu qazanlarımızın başında, doyunca çörək yeyən yerdə öldürəydi».+  Onda Yehova Musaya dedi: «Göydən yağış kimi başınıza çörək yağdıracağam.+ Qoy hər kəs çıxıb hər gün öz payını yığsın.+ Beləcə, sizi sınayacağam, görüm qoyduğum qanunla gedirsiniz, ya yox.+  Ancaq altıncı gün+ o biri günlərdə yığdığınızdan ikiqat artıq yığmalı və qabaqcadan bişirməlisiniz».+  Musa ilə Harun bütün israillilərə dedilər: «Axşam biləcəksiniz ki, sizi Misirdən çıxaran Yehovadır.+  Səhər isə Yehovanın calalını görəcəksiniz, çünki O, sizin deyinməyinizi eşidib. Biz kimik ki bizdən gileylənirsiniz? Əslində, siz Yehovadan giley-güzar edirsiniz».  Musa davam elədi: «Axşam Yehova sizə yeməyə ət verəcək, səhər isə bolluca çörək yetirəcək. Onda görəcəksiniz ki, Yehova Ondan etdiyiniz giley-güzarı eşidib. Biz kimik ki? Əslində, siz bizdən yox, Yehovadan gileylənirsiniz».+  Sonra Musa Haruna dedi: «Bütün İsrail icmasına belə söylə: “Yehovanın hüzurunda toplaşın, çünki O, sizin deyinməyinizi eşidib”».+ 10  Harun İsrail icmasına bu sözləri deyəndə onlar çevrilib səhraya tərəf baxdılar və Yehovanın calalının buludda peyda olduğunu gördülər.+ 11  Sonra Yehova Musaya dedi: 12  «İsraillilərin deyinməyini eşitdim.+ Onlara belə de: “Qaş qaralanda ət yeyəcəksiniz, səhər isə doyunca çörək yeyəcəksiniz.+ Onda biləcəksiniz ki, Mən sizin Allahınız Yehovayam”».+ 13  Həmin axşam bildirçinlər uçub gəldi və bütün düşərgəni bürüdü.+ Səhər isə düşərgənin ətrafına şeh düşdü. 14  Şeh buxarlananda səhrada, torpağın üzündə qırova bənzər, xırda lopalar göründü.+ 15  İsraillilər onu görəndə bir-birindən: «Bu nədir belə?» — deyə soruşdular, çünki onun nə olduğunu bilmirdilər. Musa onlara dedi: «Bu, Yehovanın sizə verdiyi çörəkdir.+ 16  Yehova belə buyurur: “Hər kəs nə qədər yeyəcəksə, o qədər yığsın. Çadırınızdakı adamların sayına görə, adambaşına bir omer*+ yığın”». 17  İsraillilər elə də etdilər. Gedib yeməyi yığdılar, kimisi çox yığdı, kimisi az. 18  Omerlə ölçəndə nə çox yığanların artığı, nə də az yığanların əskiyi oldu.+ Hər kəs yeyə biləcəyi qədər yığmışdı. 19  Bundan sonra Musa onlara dedi: «Heç kim bu yeməkdən səhərə saxlamasın».+ 20  Amma onlar Musaya qulaq asmadılar. Bəziləri ondan səhərə saxladı və saxladıqları yeməyə qurd düşüb iyləndi. Bundan xəbər tutanda Musa onlara hirsləndi. 21  Beləliklə, onlar hər səhər, yeyə biləcəkləri qədər bu yeməkdən yığırdılar. Gün qızanda isə o əriyib yox olurdu. 22  Altıncı gün yeməkdən ikiqat artıq,+ adambaşına iki omer yığdılar. İcmanın bütün ağsaqqalları gəlib Musaya bu barədə xəbər verdilər. 23  Musa onlara dedi: «Yehova belə deyib: “Sabah istirahət günüdür, Yehovaya həsr olunan müqəddəs şənbədir.+ Nə bişir-düşürünüz var, bu gün edin.+ Artıq yeməyi səhərə saxlayın”». 24  Onlar da Musa deyən kimi, yeməkdən səhərə saxladılar; o nə iyləndi, nə də içinə qurd düşdü. 25  Onda Musa dedi: «Saxladığınız yeməyi bu gün yeyin, çünki bu gün Yehovaya həsr olunan şənbə günüdür. Bu gün torpağın üzündə çörək olmayacaq. 26  Onu altı gün yığacaqsınız. Yeddinci gün isə şənbədir,+ həmin gün ondan olmayacaq». 27  Buna baxmayaraq, yeddinci gün bəziləri çörək yığmağa çıxdılar, lakin heç nə tapmadılar. 28  Onda Yehova Musaya dedi: «Nə vaxta qədər əmrlərimdən çıxıb, qanunlarımı pozacaqsınız?+ 29  Başa düşün, Yehova sizin üçün şənbəni təsis edib.+ Məhz buna görə altıncı gün sizə iki günlük çörək verir. Yeddinci gün qoy heç kəs heç yana getməsin, hər kəs olduğu yerdə qalsın». 30  Beləcə, camaat yeddinci gün şənbə ilə bağlı göstərişləri icra etdi.+ 31  İsraillilər yığdıqları çörəyin adını manna* qoydular. O, keşniş toxumu kimi ağ idi, özü isə ballı kökə dadırdı.+ 32  Sonra Musa dedi: «Yehova belə buyurub: “Ondan bir omer yığın və qoruyub saxlayın. Qoy gələcək nəsilləriniz görsünlər ki, sizi Misir ölkəsindən çıxaranda səhrada sizə necə çörək vermişdim”».+ 33  Musa Haruna dedi: «Bir küpə götürüb içinə bir omer manna tök. O, nəsildən-nəslə Yehovanın hüzurunda saxlanmalıdır».+ 34  Harun Yehovanın Musaya buyurduğu kimi, onu qoruyub saxlamaq üçün sandığın* önünə qoydu.+ 35  İsraillilər yaşayış olan torpağa+ gələnə qədər qırx il manna yedilər.+ Kənan torpağının sərhədinə çatanadək onların yediyi yemək manna oldu.+ 36  Bir omer efanın* onda bir hissəsidir.

Haşiyələr

Təx. 2 litrlik qabın tutduğu qədər. B14 əlavəsinə bax.
Çox ehtimal ki, bu ad bu nədir? mənasını verən ibrani ifadəsindən yaranıb.
Hərfən: şəhadətin. Ehtimal ki, vacib sənədləri saxlamaq üçün istifadə olunan qutu.
Efa 22 litrlik qabın tutumuna bərabərdir. B14 əlavəsinə bax.