Kontentə keç

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab | MÜQƏDDƏS YAZILARIN YENİ DÜNYA TƏRCÜMƏSİ (1984 BURAXILIŞI) 2013 buraxılışını aç

Yaqub 1:1—27

1  Allahın və Ağamız İsa Məsihin qulu Yaqubdan yer üzünə səpələnmiş on iki qəbiləyə salam!  Qardaşlar, üzləşdiyiniz müxtəlif sınaqları sevinclə qarşılayın.  Bilin ki, sınanmış imanınız sizdə dözüm hasil edir.  Qoy dözüm tam təzahür olunsun ki, siz qüsursuz və hər cəhətdən sağlam olasınız, heç nədə əskikliyiniz olmasın.  Əgər sizlərdən kiminsə hikməti çatışmırsa, qoy hər kəsə səxavətlə və qınamadan verən Allahdan daima diləsin və ona veriləcək.  Qoy o, imanla diləsin, zərrə qədər də şübhə etməsin. Çünki şübhə edən adam küləyin qaldırıb ora-bura çırpdığı dəniz dalğasına bənzər.  Qoy belə adam Yehovadan heç nə ummasın,  çünki o, bütün işlərində qətiyyətsiz və səbatsız adamdır.  Qoy fağır qardaş ucaldılması ilə, 10  varlı isə alçaldılması ilə fəxr etsin, çünki varlı adam çöl çiçəyi kimi solub gedəcək. 11  Axı günəş doğanda onun yandırıb-yaxan istisi bitkiləri qurudur, çiçəklər tökülür və onların gözəlliyi itib gedir. Eynilə varlı adam da həyat yollarında solub gedəcək. 12  Sınaqlara tab gətirən adam nə xoşbəxtdir! Çünki o, Allahın hüsn-rəğbətini qazanıb həyat tacını alacaq. Bu tacı Yehova Onu sevənlərə vəd edib. 13  Sınaqlarla üzləşəndə qoy heç kəs: «Allah məni sınağa çəkir», — deməsin, çünki Allah heç kəsi pisliklə sınamır və Onun Özünü də pisliklə sınamaq mümkün deyil. 14  Lakin hər kəs öz nəfsinin toruna düşərək yoldan çıxıb sınanır. 15  Sonra nəfs boylu qalıb günah doğur, törədilmiş günah isə öz növbəsində ölümə aparır. 16  Əziz qardaşlarım, aldanmayın! 17  Hər bir gözəl bəxşiş və hər bir kamil hədiyyə yuxarıdan, səmavi nurların Atasından nazil olur. O, kölgə kimi dəyişkən deyil. 18  Onun yaratdığı varlıqlar arasında nübar olmağımız üçün O Öz iradəsinə müvafiq olaraq, bizi həqiqət sözü vasitəsilə dünyaya gətirdi. 19  Əziz qardaşlarım, bunları unutmayın. Qoy hər bir insan eşitməyə hazır olsun, danışmağa və qəzəblənməyə tələsməsin. 20  Çünki insanın qəzəbi onu Allahın tələb etdiyi salehliyə aparmır. 21  Buna görə də özünüzü hər cür çirkabdan və pislikdən təmizləyin və sizi xilas etməyə qadir olan sözün qəlbinizdə əkilməsinə həlimliklə yol verin. 22  Beləliklə, yanlış fikirlərə qapılıb özünüzü aldatmayın, Allahın sözünü eşitməklə kifayətlənməyin, ona həm də əməl edin. 23  Kim Allahın sözünü eşidir, amma yerinə yetirmirsə, o, güzgüdə öz sifətinə baxan adama bənzəyir. 24  O, özünə baxır və çıxıb gedir və dərhal görünüşünü unudur. 25  Ancaq azadlığın kamil qanununa diqqətlə baxan və ona bağlı qalan adam unutqan dinləyici olmayıb eşitdiklərini yerinə yetirdiyi üçün öz işində xoşbəxt olacaq. 26  Əgər kimsə Allaha düzgün ibadət etdiyini düşünür, amma dilini cilovlamırsa, o öz-özünü aldadır və onun ibadəti boşdur. 27  Atamız Allahın gözündə təmiz və pak ibadət — ehtiyac içində yaşayan yetimlərə və dul qadınlara qayğı göstərməkdən və özünü bu dünyada ləkəsiz saxlamaqdan ibarətdir.

Haşiyələr