Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS YAZILARIN YENİ DÜNYA TƏRCÜMƏSİ (1984 BURAXILIŞI) 2013 buraxılışını aç

Matta 8:1—34

8  İsa dağdan enəndən sonra dalınca çoxlu adam getdi.  Bir cüzamlı adam ona yaxınlaşdı və təzim edərək dedi: «Ağa, əgər istəsən, məni təmizləyə bilərsən».  İsa əlini uzadıb ona toxundu və dedi: «İstəyirəm. Təmizlən». O andaca həmin adam cüzamdan təmizləndi.  Sonra İsa ona belə dedi: «Bax ha, bunu heç kəsə danışma. Ancaq get, özünü kahinə göstər və onlara şəhadət olsun deyə, Musanın buyurduğu bəxşişi gətir».  İsa Kapernahuma gələndə bir yüzbaşı ona yaxınlaşıb yalvarmağa başladı:  «Ağa, nökərim iflic olub, evdə yatır. Yaman əziyyət çəkir».  İsa yüzbaşıya dedi: «Gəlib onu sağaldaram».  Onda yüzbaşı İsaya dedi: «Ağa, mən layiq deyiləm ki, sən mənim evimə gələsən. Bircə kəlmə söz de, nökərim sağalacaq.  Elə mən özüm də qulluq adamıyam, mənim də tabeliyimdə əsgərlər var. Birinə: “Get”, — deyirəm, gedir, o birisinə: “Gəl”, — deyirəm, gəlir, nökərə: “Filan şeyi elə”, — deyirəm, eləyir». 10  İsa bunu eşidəndə heyrətə gəldi və ardınca gedənlərə dedi: «İnanın, mən hələ İsraildə belə güclü imana rast gəlməmişəm. 11  Amma bunu bilin ki, insanlar şərqdən və qərbdən gəlib səmavi padşahlıqda İbrahimlə, İshaqla və Yaqubla bir süfrəyə əyləşəcəklər. 12  Padşahlığın oğulları isə bayıra, zülmətə atılacaqlar. Onlar orada hönkür-hönkür ağlayıb dişlərini qıcayacaqlar». 13  Sonra İsa yüzbaşıya dedi: «Get. Qoy inandığın kimi olsun». Nökər həmin andaca sağaldı. 14  İsa Peterin evinə gəldi və gördü ki, onun qayınanası qızdırma içində yatır. 15  İsa qadının əlinə toxundu və onun qızdırması keçdi. Qadın ayağa qalxıb ona qulluq etməyə başladı. 16  Axşam düşəndə camaat onun yanına cinə tutulmuş çoxlu adam gətirdi. İsa murdar ruhlara əmr edib onları qovdu, həmçinin bütün xəstələri sağaltdı. 17  Beləcə, Yeşaya peyğəmbər vasitəsilə deyilmiş sözlər yerinə yetdi: «O, bizim xəstəliklərimizi üzərinə götürdü və azar-bezarımızı apardı». 18  İsa ətrafında böyük izdihamı görəndə o biri tərəfə üzməyi buyurdu. 19  Bir mirzə ona yaxınlaşıb dedi: «Müəllim, sən hara getsən, mən də sənin ardınca gedəcəyəm». 20  Amma İsa ona dedi: «Tülkülərin də, göy quşlarının da yuvası var, amma insan Oğlunun başını qoymağa belə yeri yoxdur». 21  Onda şagirdlərindən biri ona dedi: «Ağa, icazə ver, əvvəlcə gedim atamı dəfn edim». 22  İsa ona dedi: «Qoy ölülər öz ölülərini dəfn etsinlər, sən isə mənim ardımca gəl». 23  İsa şagirdləri ilə birlikdə qayığa mindi. 24  Birdən göldə güclü fırtına qopdu və qayığa su dolmağa başladı. Amma İsa yatmışdı. 25  Şagirdlər yaxınlaşıb onu oyatdılar: «Ağa, batırıq, bizi xilas et!» 26  İsa onlara dedi: «Niyə qorxdunuz, ey az imanlılar?» Sonra durub küləyi və dalğaları ram etdi. Ətrafa dərin sükut çökdü. 27  Şagirdlər çaşqınlıq içində dedilər: «Bu necə adamdır ki, hətta külək də, dalğalar da ona itaət edir?» 28  İsa o biri sahilə, qadaralıların torpağına çatanda onun qarşısına sərdabələrin arasından cinə tutulmuş iki adam çıxdı. Bu adamlar o qədər vəhşi idilər ki, heç kəs o yoldan keçməyə cürət etmirdi. 29  Onlar bağırmağa başladılar: «Ey Allahın Oğlu, bizdən nə istəyirsən? Vaxtından əvvəl bizə əzab verməyə gəlmisən?» 30  Uzaqda donuz sürüsü otlayırdı. 31  Cinlər İsaya yalvarmağa başladılar: «Əgər bizi qovacaqsansa, yalvarırıq, bizi donuz sürüsünün içinə göndər». 32  İsa onlara dedi: «Gedin!» Cinlər o adamlardan çıxıb donuzlara girdilər və bütün sürü uçurumdan gölə atıldı və suda boğuldu. 33  Çobanlar şəhərə qaçıb hər şeyi, o cümlədən cinə tutulmuş adamların əhvalatını camaata danışdılar. 34  Bütün şəhər əhli İsanın qarşısına çıxdı. Onu görəndə yalvar-yaxar etdilər ki, onların torpağından çıxıb getsin.

Haşiyələr