Kontentə keç

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab | MÜQƏDDƏS YAZILARIN YENİ DÜNYA TƏRCÜMƏSİ (1984 BURAXILIŞI) 2013 buraxılışını aç

Matta 6:1—34

6  İnsanlar görsün deyə, salehliyinizi onların qabağında nümayiş etdirməkdən çəkinin. Əks təqdirdə, göydəki Atanızdan mükafat almayacaqsınız.  Buna görə də sədəqə verəndə, ikiüzlülər kimi aləmə car çəkmə. İnsanlardan tərif almaq üçün, onlar sinaqoqlarda və küçələrdə belə edirlər. Bunu bilin ki, onlar artıq öz mükafatını bütövlüklə alıblar.  Amma sən sədəqə verəndə qoy sol əlin sağ əlinin nə etdiyini bilməsin,  qoy sədəqən gizli qalsın. Onda gizli dərgahından hər şeyi görən Atan sənə əvəzini verəcək.  Həmçinin dua edəndə ikiüzlülərə bənzəməyin. Onlar özlərini insanlara göstərmək üçün sinaqoqlarda və baş küçələrin tinində durub dua etməyi sevirlər. Bunu bilin ki, onlar artıq öz mükafatını bütövlüklə alıblar.  Sən isə dua edəndə otağına gir və qapını bağlayıb gözəgörünməz Atana dua et. Onda gizli dərgahından hər şeyi görən Atan sənə əvəzini verəcək.  Dua edəndə başqa millətlərdən olanlar kimi eyni sözləri təkrar-təkrar deməyin. Onlar düşünürlər ki, çox söz deməklə duaları eşidiləcək.  Onlara bənzəməyin, çünki Atanız Allah, Ondan bir şey istəməzdən əvvəl, sizin nəyə ehtiyac duyduğunuzu bilir.  Buna görə də bu cür dua edin: “Səmavi Atamız, qoy adın müqəddəs tutulsun. 10  Qoy padşahlığın gəlsin. Qoy Sənin iradən göydə olduğu kimi, yerdə də yerinə yetsin. 11  Bu günlük ruzimizi* bizə bu gün ver 12  və günahlarımızı* bağışla, necə ki, özümüz də bizə qarşı günah işləyənləri* bağışlamışıq. 13  Qoyma sınaqlar qarşısında yıxılaq, amma bizi Şərirdən xilas et”. 14  Əgər insanların təqsirlərini bağışlayırsınızsa, səmavi Atanız da sizi bağışlayacaq. 15  Lakin onların təqsirlərini bağışlamırsınızsa, Atanız da sizin təqsirlərinizi bağışlamayacaq. 16  Oruc tutanda özünüzü ikiüzlülər kimi pərişan göstərməyin. İnsanlar onların oruc tutduğunu görsün deyə, onlar üz-gözlərindən qəmginlik yağdırırlar. Bunu bilin ki, onlar artıq öz mükafatını bütövlüklə alıblar. 17  Sən isə oruc tutanda başına yağ sürt və üzünü yu ki, 18  sənin oruc tutduğunu insanlar yox, gözəgörünməz Atan görsün. Onda gizli dərgahından hər şeyi görən Atan sənə əvəzini verəcək. 19  Özünüzə yerdə xəzinə toplamağa son qoyun. Burada onu güvə yeyir və pas xarab edir, oğrular da girib oğurlayır. 20  Əvəzində xəzinənizi göydə toplayın. Orada onu nə güvə yeyir, nə pas xarab edir, nə də oğrular girib oğurlayır. 21  Çünki xəzinən haradadırsa, ürəyin də orada olacaq. 22  Bədənin çırağı gözdür. Əgər gözün toxdursa, bütün bədənin də nur içində olacaq. 23  Yox əgər gözün acdırsa, bütün bədənin də zülmət içində olacaq. Səndə olan işıq zülmətdirsə, bu zülmət necə də böyükdür! 24  Heç kim iki ağaya qulluq edə bilməz. Ya birinə nifrət edib digərini sevəcək, ya da birinə sədaqət göstərib, digərini saymayacaq. Siz həm Allahın, həm də var-dövlətin qulu ola bilməzsiniz. 25  Buna görə sizə deyirəm: “Nə yeyəcəyik?”, “nə içəcəyik?”, — deyə canınızdan ötrü, “nə geyəcəyik?”, — deyə bədəninizdən ötrü qayğı çəkməyə son qoyun. Məgər can qidadan və bədən geyimdən daha qiymətli deyil? 26  Göy quşlarına fikir verin. Onlar nə əkir, nə biçir, nə də anbara məhsul toplayırlar. Bununla belə, sizin səmavi Atanız onları yedizdirir. Məgər siz onlardan qat-qat qiymətli deyilsiniz? 27  Hansınız qayğı çəkməklə həyatını bir qarış da olsa uzada bilər? 28  Həmçinin geyimdən ötrü niyə narahat olursunuz? Zanbaqların necə boy atdığına baxıb ibrət alın. Onlar nə zəhmət çəkir, nə də ip əyirir, 29  amma bunu bilin ki, heç Süleyman da bütün cah-calalında bunlardan biri kimi geyinməmişdir. 30  Əgər Allah, bu gün var olub sabah ocağa atılacaq çöl otunu belə geyindirirsə, ey az imanlılar, məgər sizi geyindirməyəcək? 31  Buna görə də “nə yeyəcəyik?”, “nə içəcəyik?” və ya “nə geyəcəyik?”, — deyə heç vaxt narahat olmayın. 32  Çünki bütün bunların dalınca başqa millətlər qaçır. Sizin səmavi Atanız isə bütün bunlara ehtiyac duyduğunuzu bilir. 33  Beləliklə, padşahlığı və Allahın salehliyini həyatınızda həmişə birinci yerə qoyun, onda bütün bunlar da sizə veriləcək. 34  Buna görə də heç vaxt sabahkı gün üçün narahat olmayın, çünki sabahkı gün özü ilə yeni qayğılar gətirəcək. Hər günün dərdi özünə bəsdir.

Haşiyələr

Hərfən «çörəyimizi»
Hərfən «borclarımızı»
Hərfən «borcu olanları»