Kontentə keç

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab | MÜQƏDDƏS YAZILARIN YENİ DÜNYA TƏRCÜMƏSİ (1984 BURAXILIŞI) 2013 buraxılışını aç

Matta 5:1—48

5  İsa izdihamı görəndə dağa qalxıb əyləşdi, sonra şagirdləri yanına gəldilər.  İsa bu sözlərlə təlim verməyə başladı:  «Ruhani nemətlərə susayanlar* nə xoşbəxtdirlər, çünki səmavi padşahlıq onlarındır.  Dərd çəkənlər nə xoşbəxtdirlər, çünki onlar təsəlli tapacaqlar.  Həlimlər nə xoşbəxtdirlər, çünki Yer onların olacaq.*  Salehlik üçün susayıb ona can atanlar nə xoşbəxtdirlər, çünki onlar doyacaqlar.  Rəhmdillilər nə xoşbəxtdirlər, çünki onlara mərhəmət göstəriləcək.  Ürəyi təmizlər nə xoşbəxtdirlər, çünki onlar Allahı görəcəklər.  Sülhpərvərlər nə xoşbəxtdirlər, çünki onlara “Allahın oğulları” deyiləcək. 10  Salehlik yolunda təqib olunanlar nə xoşbəxtdirlər, çünki səmavi padşahlıq onlarındır. 11  Mənə görə insanlar sizi təhqir və təqib edəndə, sizin haqqınızda hər cür yalan və pis söz danışanda siz necə də xoşbəxtsiniz. 12  Sevinin və şadlanın, çünki göydə sizi böyük mükafat gözləyir, axı sizdən əvvəl peyğəmbərləri də beləcə təqib etmişlər. 13  Siz dünyanın duzusunuz. Ancaq duz öz xassəsini itirsə, onun dadını necə qaytarmaq olar? O artıq heç nəyə yaramır. Onu çölə, ayaq altına atırlar. 14  Siz dünyanın nurusunuz. Dağın başında yerləşən şəhər gizli qala bilməz. 15  Çırağı yandıranda onu səbət altına qoymurlar, əksinə, açıq yerə qoyurlar ki, evdəkilərin hamısına işıq saçsın. 16  Eynilə, qoy sizin də nurunuz insanların qarşısında işıq saçsın ki, onlar yaxşı işlərinizi görüb göydəki Atanızı mədh etsinlər. 17  Elə bilməyin ki, mən Qanunu və ya Peyğəmbərlərin kitablarını ləğv etməyə gəlmişəm. Xeyr, mən onları ləğv etməyə yox, yerinə yetirməyə gəlmişəm. 18  Əmin ola bilərsiniz: göy və yer yox olsa da, Qanundan kiçicik bir hərf və ya hərfin bir nöqtəsi belə, yox olmayacaq, hamısı yerinə yetəcək. 19  Buna görə də kim bu əmrlərin ən kiçiyindən birini pozsa və insanlara da bunu öyrətsə, səmavi padşahlığa yaramayacaq*. Amma onlara əməl edən və başqalarına da bunu öyrədən səmavi padşahlığa yarayacaq*. 20  Bilin və agah olun: əgər sizin salehliyiniz mirzələrin və fəriseylərin salehliyindən üstün olmasa, siz səmavi padşahlığa əsla girməyəcəksiniz. 21  Qədimdə insanlara: “Qətl etmə; amma kim qatillik edərsə, məhkəmə qarşısında cavab verəcək”, — deyildiyini eşitmisiniz. 22  Mən isə sizə deyirəm: kim qardaşına qarşı qəzəblənirsə, məhkəmə qarşısında cavab verəcək; kim qardaşını söyərsə, Ali Məhkəmə qarşısında cavab verəcək; amma kim ona: “Axmaq insan!”, — deyərsə, odlu-alovlu Hinnom dərəsinə* düşə bilər. 23  Əgər bəxşiş götürüb qurbangaha gəlsən və orada yadına düşsə ki, qardaşın səndən inciyib, 24  bəxşişi orada, qurbangahın qarşısında qoy. Əvvəlcə get qardaşınla barış, sonra gəlib bəxşişini təqdim edərsən. 25  Rəqibinlə məhkəməyə gedərkən, hələ yolda ikən çalış onun könlünü al. Yoxsa o səni hakimə verər, hakim də səni məhkəmə icraçısına təhkim edər və həbsxanaya düşərsən. 26  Bunu bil ki, borcunu son qəpiyinə* kimi ödəməmiş oradan çıxmayacaqsan. 27  “Zina etmə”, — deyildiyini eşitmisiniz. 28  Mən isə sizə deyirəm: qadına baxıb ona qarşı şəhvətlə alovlanan hər bir adam artıq ürəyində onunla zina etmiş olur. 29  Ona görə də sağ gözün səni günaha sürükləyirsə*, onu çıxarıb at. Çünki bütün bədəninin Hinnom dərəsinə atılmağındansa, bədənin bir üzvünü itirmək daha yaxşıdır. 30  Həmçinin əgər sağ əlin səni günaha sürükləyirsə, onu kəsib at. Çünki bütün bədəninin Hinnom dərəsinə düşməyindənsə, bədənin bir üzvündən məhrum olmaq daha yaxşıdır. 31  Həmçinin belə deyilib: “Arvadını boşayan qoy ona boşanma kağızı versin”. 32  Mən isə sizə deyirəm: arvadını cinsi əxlaqsızlıqdan başqa digər səbəbə görə boşayan hər kəs, həmin qadını zinaya məruz qoyur; boşanmış qadınla evlənən kişi də zina edir. 33  Həmçinin qədimdə atalarımıza deyilmiş bu sözü eşitmisiniz: “İçdiyin andı pozma, Yehovaya verdiyin andı yerinə yetirməlisən”. 34  Mən isə sizə deyirəm, ümumiyyətlə, and içməyin. Nə göyə, çünki göy Allahın taxtıdır; 35  nə yerə, çünki yer Onun ayağının altındakı kətildir; nə Yerusəlimə, çünki Yerusəlim böyük Padşahın şəhəridir; 36  nə də öz başınıza and için, çünki başınızdakı bir tükü belə, nə ağ, nə də qara edə bilməzsiniz. 37  Qoy “bəli”niz bəli olsun, “xeyr” sözünüz xeyr olsun. Bundan artığı Şərirdəndir*. 38  “Göz əvəzinə göz və diş əvəzinə diş”, — deyildiyini eşitmisiniz. 39  Mən isə deyirəm: pis adamdan əvəzini çıxma, amma kim sənin sağ yanağına sillə vurarsa, o biri yanağını da ona çevir. 40  Kimsə səni məhkəməyə verib sənin köynəyini tələb edərsə, əbanı da ona ver və 41  əgər bir hakimiyyət sahibi səni bir kilometr* yol getməyə məcbur edirsə, onunla iki kilometr get. 42  Səndən bir şey istəyənə ver və səndən sələmsiz borc almaq istəyəndən üz döndərmə. 43  “Yaxınını sev, düşməninə isə nifrət et”, — deyildiyini eşitmisiniz. 44  Mən isə sizə deyirəm: düşmənlərinizi həmişə sevin və sizi təqib edənlər üçün həmişə dua edin. 45  Beləcə, göydəki Atanızın oğulları olacaqsınız. O, günəşə əmr edir ki, pislərin də, yaxşıların da üzərinə doğsun; yağışa əmr edir ki, salehlərin də, qeyri-salehlərin də üzərinə yağsın. 46  Əgər təkcə sizi sevənləri sevirsinizsə, bundan nə qazanırsınız? Məgər vergiyığanlar da belə etmirlər? 47  Əgər təkcə qardaşlarınızı salamlayırsınızsa, məgər qeyri-adi bir iş görürsünüz? Məgər başqa millətlərdən olanlar da belə etmirlər? 48  Buna görə də səmavi Atanız kamil olduğu kimi, siz də kamil olmalısınız.

Haşiyələr

Yaxud «ruhani ehtiyaclarını dərk edənlər»
Hərfən «yeri miras alacaqlar»
Hərfən «səmavi padşahlığa münasibətdə kiçik adlanacaq»
Hərfən «səmavi padşahlığa münasibətdə böyük adlanacaq»
Yaxud gehenna. Tullantı yandırmaq üçün Yerusəlimdən kənarda yerləşən zibillik. Hinnom dərəsi əbədi məhvin simvoludur. 8–ci Əlavəyə bax
Hərfən «son kodrantına». Bir günlük əmək haqqı olan dinarın altmış dörddə bir hissəsi
Hərfən «büdrədirsə»
Yəni Şeytandan
Hərfən «mil». 1479,5 metrə bərabər qədim Roma uzunluq ölçüsü