Kontentə keç

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS YAZILARIN YENİ DÜNYA TƏRCÜMƏSİ (1984 BURAXILIŞI) 2013 buraxılışını aç

Matta 27:1—66

27  Səhər açılanda bütün böyük kahinlər və xalqın ağsaqqalları yığışıb İsanı öldürmək üçün məşvərət etdilər.  Sonra onun əllərini bağladılar və aparıb vali Pilata təhvil verdilər.  İsanı satmış Yəhuda onun ölümə məhkum edildiyini görəndə vicdan əzabı çəkdi. O gedib otuz gümüşü böyük kahinlərlə ağsaqqallara qaytardı  və dedi: «Saleh adamı* satmaqda günah etmişəm». Onlar isə dedilər: «Bizə nə? Özün bilərsən!»  Yəhuda gümüş pulları məbəddə atıb oradan çıxdı və gedib özünü asdı.  Böyük kahinlərsə bu pulları yığıb dedilər: «Bunu müqəddəs xəzinəyə atmaq düzgün deyil, çünki bu pul qan puludur».  Onlar məsləhətləşib o pula yadelliləri dəfn etmək üçün dulusçunun tarlasını aldılar.  Buna görə də o tarla bu günədək «Qan tarlası» adlanır.  Onda Yeremya peyğəmbər vasitəsilə deyilmiş bu sözlər yerinə yetdi: «Onlar otuz gümüşü götürdülər. O insan üçün qoyulmuş məbləğ bu idi; bəli, İsrail oğullarından bəziləri onun üçün bu məbləği qoymuşdu. 10  Yehova mənə əmr etdiyi kimi, onlar bu pula dulusçunun tarlasını aldılar». 11  İsa valinin qabağında dayanmışdı. Vali ondan soruşdu: «Sən yəhudilərin padşahısan?» İsa cavab verdi: «Bunu sən özün deyirsən». 12  Böyük kahinlər və ağsaqqallar onu ittiham edəndə İsa cavab vermirdi. 13  Onda Pilat dedi: «Eşidirsən, sənə qarşı nələr deyirlər?» 14  Amma İsa susur, bir kəlmə söz belə demirdi. Vali buna çox təəccübləndi. 15  Vali hər Pasxa bayramında bir məhbusu azadlığa buraxırdı. Camaat kimi istəyirdisə, onu da azad edirdi. 16  O günlərdə Barabba adında qatı bir cinayətkar həbsdə idi. 17  Camaat toplaşanda Pilat dedi: «Sizin üçün kimi azad edim: Barabbanı, yoxsa Məsih adlanan İsanı?» 18  Pilat bilirdi ki, İsanı paxıllıqdan ələ veriblər, 19  həm də, o, hakim kürsüsündə əyləşən zaman arvadı ona xəbər göndərib demişdi: «Bu saleh adamla işin olmasın, onun ucbatından bu gecə yuxuda yaman əziyyət çəkmişəm». 20  Lakin böyük kahinlər və ağsaqqallar camaatı öyrətdilər ki, Barabbanın azad olmasını, İsanın isə edam olunmasını istəsinlər. 21  Vali onlardan soruşdu: «Bu iki nəfərdən hansını azad edim?» Camaat dedi: «Barabbanı». 22  Pilat soruşdu: «Bəs bu Məsih adlanan İsa ilə nə edim?» Onların hamısı bir ağızdan qışqırdı: «Onu dirəyə mıxla!» 23  Pilat dedi: «Axı niyə? O nə pis iş görüb ki?» Onlar daha da bərkdən qışqırdılar: «Onu dirəyə mıxla!» 24  Pilat gördü ki, bu işin axırı yaxşı qurtarmayacaq, çünki camaat get-gedə qızışır. Onda o, su götürüb hamının gözü qarşısında əllərini yudu və dedi: «Mən bu adamın qanından təmizəm. Özünüz bilərsiniz». 25  Camaat bir ağızdan dedi: «Qoy onun qanı bizim və övladlarımızın boynunda qalsın». 26  Vali Barabbanı azad etdi, İsanı isə qamçı ilə döydürüb dirəyə mıxlamaq üçün əsgərlərə təhvil verdi. 27  Pilatın əsgərləri İsanı vali sarayına apardılar. Bütün alay onun başına toplaşdı. 28  Onlar İsanı soyundurub əyninə al qırmızı xələt geyindirdilər, 29  tikandan çələng hörüb başına qoydular, sağ əlinə bir qamış çubuq verdilər. Sonra da qarşısında diz çöküb onu ələ salmağa başladılar: «Salam, ey yəhudilərin Padşahı!» 30  Onun üzünə tüpürdülər, çubuğu götürüb başına döyəclədilər. 31  Nəhayət, onu lağa qoyub qurtarandan sonra əynindəki xələti çıxarıb əbasını əyninə geyindirdilər və edama apardılar. 32  Onlar bayıra çıxanda Şimon adında bir kirenalı ilə rastlaşdılar. Onu tutub İsanın işgəncə dirəyini daşımağa məcbur etdilər. 33  Qolqota, yəni Kəllə deyilən yerə gələndə 34  İsaya içinə acı bir şey qatılmış şərab verdilər, amma İsa onun dadına baxıb içmədi. 35  Sonra onu dirəyə mıxladılar və püşk atıb əbasını aralarında böldülər. 36  Bundan sonra oturub onun keşiyini çəkməyə başladılar. 37  İsanın başı üzərində ona qarşı sürülmüş ittiham vurulmuşdu: «Bu, yəhudilərin padşahı İsadır». 38  İsa ilə bərabər iki qulduru da dirəyə mıxlamışdılar, biri onun sağında, o birisi də solunda idi. 39  Oradan keçənlər başlarını bulaya-bulaya onu söyür və 40  deyirdilər: «Məbədi dağıdıb üç günə tikənə bax! Özünü niyə xilas etmirsən? Əgər Allahın oğlusansa, işgəncə dirəyindən düş!» 41  Böyük kahinlər, mirzələr və ağsaqqallar da onu ələ salırdılar: 42  «Başqalarını xilas edirdi, özünü isə xilas edə bilmir! Əgər o, İsrailin Padşahıdırsa, qoy işgəncə dirəyindən düşsün, onda biz ona inanarıq! 43  Bəs nə oldu, Allaha güvənirdi?! “Mən Allahın Oğluyam”, — deyirdi. Əgər o, Allaha lazımdırsa, qoy Allah onu xilas etsin də!» 44  Hətta yanında dirəyə mıxlanmış quldurlar da onu təhqir edirdilər. 45  Günorta saat on ikidə* bütün o əraziyə qaranlıq çökdü və saat üçə* kimi davam etdi. 46  Təxminən saat üçdə İsa ucadan: «Eli, Eli, lama sabaxtani?», — yəni «Allahım, Allahım, niyə məni tərk etdin?», — dedi. 47  Orada duranlardan bəziləri bu sözləri eşidəndə dedilər: «İlyası çağırır». 48  Onlardan biri qaçıb bir süngər götürdü, onu sirkəyə batırıb bir qamışın ucuna taxdı və içmək üçün ona uzatdı. 49  Başqaları isə deyirdilər: «Əl çək ondan! Görək İlyas gəlib onu xilas edir, ya yox». [Başqa birisi bir nizə götürüb onun böyrünü deşdi və böyründən qan və su axdı.]* 50  İsa ucadan qışqırıb canını tapşırdı. 51  Birdən məbədin pərdəsi yuxarıdan aşağıya cırılıb iki yerə bölündü, zəlzələ oldu, qayalar yarıldı. 52  Sərdabələr açıldı və ölüm yuxusu ilə uyuyan bir çox müqəddəs adamın cəsədi üzə çıxdı 53  və bir çoxları onları gördü. (İsanın dirilməsindən sonra sərdabələrin yanında olan adamlar müqəddəs şəhərə gəldilər.) 54  Yüzbaşı və İsanın keşiyini çəkən əsgərlər zəlzələni və bütün hadisələri görəndə bərk qorxdular və dedilər: «Bu insan, doğrudan da, Allahın Oğlu imiş». 55  Bir çox qadın da bütün bunları uzaqdan müşahidə edirdi. Onlar İsaya xidmət etmək üçün onunla birlikdə Qalileyadan gəlmişdilər. 56  Məcdəlli Məryəm, Yaqub ilə Yoseyin anası Məryəm, həmçinin Zebedeyin oğullarının anası da orada onlarla idi. 57  Axşam düşəndə arimateyalı Yusif adında bir varlı adam ora gəldi. O da İsanın şagirdi olmuşdu. 58  Bu adam Pilatın yanına gedib ondan İsanın cəsədini istədi. Pilat əmr etdi ki, İsanın cəsədini ona versinlər. 59  Yusif İsanın cəsədini götürüb onu təmiz, zərif kətana bürüdü 60  və qayada oyulmuş təzə sərdabəsinə qoydu. Yusif sərdabənin ağzına yekə bir daş diyirlədi və çıxıb getdi. 61  Məcdəlli Məryəm və o biri Məryəm orada qaldılar. Onlar sərdabənin qarşısında oturmuşdular. 62  Səhərisi gün Hazırlıq günündən sonrakı gün idi. Böyük kahinlər və fəriseylər toplaşıb Pilatın yanına gəldilər və dedilər: 63  «Ağa, yadımıza bir şey düşüb. Bu fırıldaqçı hələ sağ ikən belə bir söz deyirdi: “Mən üç gündən sonra diriləcəyəm”. 64  Buna görə əmr et ki, sərdabəni üç gün yaxşı-yaxşı qorusunlar, yoxsa şagirdləri gəlib onu oğurlayacaq və sonra hamıya deyəcəklər ki, o dirilib. Bu yalan əvvəlkindən də betər olacaq». 65  Pilat onlara dedi: «Alın, bu da sizə keşikçilər! Gedin, oranı bildiyiniz kimi qoruyun». 66  Onlar gedib sərdabənin ağzındakı daşı möhürlədilər və oraya keşikçi qoydular.

Haşiyələr

Hərfən «saleh qanı»
Hərfən «altıncı saatda»
«doqquzuncu saata»
Matta 16:3 haşiyəsinə bax