Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS YAZILARIN YENİ DÜNYA TƏRCÜMƏSİ (1984 BURAXILIŞI) 2013 buraxılışını aç

Matta 26:1—75

26  İsa bunları deyib qurtarandan sonra şagirdlərinə söylədi:  «Siz bilirsiniz ki, iki gündən sonra Pasxa bayramıdır, insan Oğlu ələ verilib dirəyin üzərində edam ediləcək».  Böyük kahinlər və xalqın ağsaqqalları Kayafa adlı baş kahinin həyətində yığışmışdılar.  Onlar İsanı tutub öldürmək üçün hiylə qururdular.  Axırda belə qərarlaşdırdılar: «Amma bayramda olmasın, yoxsa xalq ayağa qalxar».  İsa Betaniyada, cüzamlı Şimonun evində  süfrədə əyləşərkən bir qadın əlində qab* ona yaxınlaşdı. Qabın içində bahalı ətirli yağ vardı. Qadın yağı İsanın başına tökməyə başladı.  Şagirdlər bunu görəndə hirslənib dedilər: «Bu boyda israfçılıq olar?  Bu yağı baha qiymətə satıb pulunu kasıblara paylamaq olardı». 10  Onların nə dediyini bilən İsa dedi: «Bu qızdan nə istəyirsiniz? O, mənə yaxşılıq etdi. 11  Kasıblar həmişə yanınızdadır, mən isə həmişə yanınızda olmayacağam. 12  O, yağı üstümə tökməklə məni dəfnə hazırladı. 13  İnanın, xoş xəbər dünyanın harasında təbliğ olunsa, bu qadının gördüyü iş barəsində danışılacaq, özü isə yad ediləcək». 14  O zaman on iki həvaridən biri, Yəhuda İskariot böyük kahinlərin yanına gedib 15  dedi: «Onu sizə satsam, mənə nə verərsiniz?» Onlar Yəhudaya otuz gümüş pul boyun oldular. 16  O, həmin vaxtdan etibarən, İsanı ələ vermək üçün fürsət axtarmağa başladı. 17  Mayasız Çörək bayramının ilk günü şagirdlər İsaya yaxınlaşıb dedilər: «Sənin üçün pasxa yeməyini harada hazırlayaq?» 18  O dedi: «Şəhərə gedib filankəsi tapın və ona çatdırın ki, Müəllim belə deyir: “Mənim üçün təyin edilmiş vaxt yaxınlaşdı. Pasxa bayramını şagirdlərimlə birgə sənin evində keçirəcəyəm”». 19  Şagirdlər hər şeyi İsanın dediyi kimi etdilər və Pasxa üçün hazırlıq gördülər. 20  Axşam düşəndə İsa on iki həvari ilə süfrəyə əyləşdi. 21  Şam yeməyi zamanı İsa dedi: «Bunu bilin ki, sizlərdən biri məni satacaq». 22  Şagirdlər bunu eşidəndə bərk kədərləndilər və bir-bir ondan soruşmağa başladılar: «Ağa, bu mən deyiləm ki?» 23  İsa cavab verdi: «Mənimlə bir qabdan yeyən məni satacaq. 24  Düzdür, insan Oğlu onun haqqında yazıldığı kimi, gedir, amma vay onu satanın halına! O adam dünyaya heç gəlməsəydi, onun üçün daha yaxşı olardı». 25  Onu satmağa hazırlaşan Yəhuda da soruşdu: «Müəllim, bu mən deyiləm ki?» İsa ona cavab verdi: «Bunu özün dedin». 26  Onlar hələ yemək yeyərkən İsa çörək götürüb Allaha şükür etdi və çörəyi bölüb şagirdlərinə verdi. Sonra dedi: «Götürün, yeyin. Bu, mənim bədənimi təmsil edir». 27  O, həmçinin bir cam götürüb Allaha şükür etdi və şagirdlərə verib dedi: «Bundan hamınız için. 28  Bu, bir çoxlarının günahını əfv etmək üçün axıdılacaq qanımı, “əhd qanını” təmsil edir. 29  Bunu bilin ki, Atamın padşahlığında sizinlə birlikdə təzə şərab içəcəyim günə qədər dilimə əsla şərab vurmayacağam». 30  Axırda onlar mədhiyyələr oxuyub Zeytun dağına yollandılar. 31  İsa onlara dedi: «Bu gecə başıma gələcək hadisələrə görə hamınız məndən üz döndərəcəksiniz. Çünki yazılıb: “Çobanı vuracağam, qoyunlar pərən-pərən olacaq”. 32  Amma diriləndən sonra mən sizin qabağınızca Qalileyaya gedəcəyəm». 33  Peter dedi: «Hamı səndən üz döndərsə də, mən əsla səndən üz döndərmərəm!» 34  İsa ona dedi: «Bunu bil ki, bu gecə, xoruz banlamazdan əvvəl sən üç dəfə məni danacaqsan». 35  Peter yenə dedi: «Mənə səninlə birgə ölmək lazım gəlsə belə, səni əsla danmaram». O biri şagirdlər də eyni şeyi deyirdilər. 36  Sonra İsa şagirdləri ilə birlikdə Getsemani adlanan yerə gəldi və onlara dedi: «Siz burada oturun, mən isə gedim dua edim». 37  İsa Peteri və Zebedeyin iki oğlunu özü ilə götürdü. Birdən o, bərk həyəcanlandı və sarsıntı keçirdi. 38  Sonra onlara dedi: «Ürəyimdən qara qanlar axır, kədərim hədsizdir. Siz burada durun və mənimlə birgə oyaq qalın». 39  Özü isə bir az irəli gedib üzü üstə yerə yıxıldı və dua etməyə başladı: «Ata, əgər mümkünsə, bu camı* məndən kənar et. Lakin qoy mən yox, Sən istəyən kimi olsun». 40  İsa şagirdlərinin yanına qayıdanda gördü ki, onlar yatıblar. O, Peterə dedi: «Məgər mənimlə bircə saat da oyaq qala bilməzdiniz? 41  Sayıq olun və daima dua edin ki, sınaqlara tab gətirəsiniz. Ruh güclü, bədən isə zəifdir». 42  İsa təzədən onlardan uzaqlaşıb dua etməyə başladı: «Ata, əgər mümkün deyilsə ki, bu cam məndən kənar olsun və mən ondan içməyim, qoy Sənin istədiyin kimi olsun». 43  Şagirdlərin isə gözləri bağlanırdı; o, qayıdanda gördü ki, onlar yatırlar. 44  İsa yenə onları qoyub uzaqlaşdı və diləyini üçüncü dəfə təkrar etdi. 45  Sonra o, şagirdlərinin yanına gəlib dedi: «Belə bir vaxtda siz yatıb dincəlirsiniz?! İnsan Oğlunun günahlıların əlinə veriləcəyi saat yetişdi. 46  Durun gedək. Xain yaxınlaşır». 47  İsa sözünü qurtarmamış, on iki həvaridən biri olan Yəhuda böyük kahinlərin və xalqın ağsaqqallarının göndərdiyi bir dəstə adamla ora gəldi. Onlar qılınc və dəyənəklə silahlanmışdılar. 48  Xain onlara demişdi: «Kimi öpsəm, İsa odur. Onu tutarsınız». 49  O, düz İsaya yaxınlaşıb: «Salam, Müəllim!», — dedi və onu nəvazişlə öpdü. 50  Amma İsa ona dedi: «Sən burada nə gəzirsən?» Bu zaman dəstə İsaya yaxınlaşıb onu həbs etdi. 51  Bu dəm İsa ilə olanlardan biri qılıncını çəkdi və vurub baş kahinin nökərinin qulağını kəsdi. 52  İsa ona dedi: «Qılıncını qaytar qoy qınına. Çünki qılınc götürən hər kəs qılıncdan öləcək. 53  Yoxsa elə bilirsən, mən Atama yalvara bilmərəm ki, elə bu dəqiqə on iki legiondan* da çox mələyi köməyimə göndərsin? 54  Bəs onda Müqəddəs Yazılar necə yerinə yetər? Axı orada yazılıb ki, hər şey məhz bu cür olmalıdır». 55  Sonra İsa üzünü dəstəyə tutub dedi: «Məgər mən qulduram ki, məni tutmaq üçün üstümə qılınc və dəyənəklə gəlmisiniz? Hər gün məbəddə oturub Allahın sözünü öyrədəndə məni həbs etmirdiniz. 56  Lakin bütün bunlar peyğəmbərlərin sözləri yerinə yetsin deyə baş verir». Onda şagirdlərin hamısı onu qoyub qaçdılar. 57  İsanı həbs edənlər onu baş kahin Kayafanın yanına gətirdilər. Mirzələr və ağsaqqallar da buraya toplaşmışdılar. 58  Peter bir qədər aralıdan İsanın dalınca gəlirdi. O, baş kahinin həyətinə çatdı, içəri girib qulluqçularla oturdu və bu işin nə ilə qurtaracağını gözləməyə başladı. 59  Bu vaxt böyük kahinlər və bütün Sinedrion İsanı ölümə məhkum etmək üçün yalançı şahidlər axtarırdı, 60  lakin tapa bilmirdi, halbuki çoxlu yalançı şahid gəlirdi. Nəhayət, iki nəfər gəlib 61  dedi: «Bu adam deyirdi: “Mən Allahın məbədini yıxıb üç günə tikərəm”». 62  Onda baş kahin ayağa qalxıb İsadan soruşdu: «Niyə dinmirsən? Eşidirsən, əleyhinə nələr danışırlar?» 63  İsa susurdu. Baş kahin ona dedi: «Səni var olan Allaha and verirəm, söylə, Allahın Oğlu Məsih sənsən?» 64  İsa cavab verdi: «Sən özün bunu dedin. Eşidin və agah olun, bundan sonra siz insan Oğlunun Qüdrətlinin sağında oturduğunu və göyün buludları üzərində gəldiyini görəcəksiniz». 65  Onda baş kahin yaxasını cırıb dedi: «O küfr danışdı! Daha şahidlər nəyimizə gərəkdir? İndicə öz qulağınızla onun ağzından küfr eşitdiniz. 66  Hə, nə deyirsiniz?» Onlar dedilər: «O ölməlidir». 67  Sonra İsanın üzünə tüpürüb onu yumruqlamağa başladılar. Bəziləri onun üzünə sillə çəkib 68  deyirdi: «Ey, Məsih! Peyğəmbər deyilsən, de görək, səni kim vurdu?» 69  Bu zaman Peter həyətdə oturmuşdu. Bir qarabaş ona yaxınlaşıb dedi: «Sən də bu qalileyalı İsa ilə bir yerdə idin!» 70  Peter isə hamının qarşısında inkar etməyə başladı: «Sən nə danışırsan?! Mənim heç nədən xəbərim yoxdur». 71  Peter giriş qapısına gəldikdə başqa bir qarabaş onu tanıdı və oradakılara dedi: «Bu adam da nazaretli İsa ilə birlikdə idi». 72  O, yenə də and içib danmağa başladı: «Mən o adamı tanımıram!» 73  Bir azdan oradakılar Peterə yaxınlaşıb dedilər: «Bəs necə, sən də onun adamlarındansan. Bu, ləhcəndən də bilinir». 74  Peter özünə lənət yağdırıb and-aman edirdi: «Mən o adamı tanımıram!» Həmin andaca xoruz banladı. 75  Peter İsanın: «Xoruz banlamazdan əvvəl sən məni üç dəfə danacaqsan», — sözlərini yadına saldı və çölə çıxıb acı-acı ağladı.

Haşiyələr

Yunan mətnində: «alabaster qabı». Misirin Alabastron şəhəri yaxınlığında çıxarılan daşdan düzəldilən balaca qab
Cam İsaya böhtan atılaraq küfr danışmaqda ittiham edilib öldürülməsini və Allahın buna yol verməsini bildirir
Qədim Roma qoşun hissəsi