Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS YAZILARIN YENİ DÜNYA TƏRCÜMƏSİ (1984 BURAXILIŞI) 2013 buraxılışını aç

Matta 24:1—51

24  İsa məbəddən çıxıb gedərkən şagirdləri ona yaxınlaşıb məbədin binalarını göstərməyə başladılar.  İsa onlara dedi: «Bütün bunları görürsünüz? Bunu bilin ki, burada daş daş üstə qalmayacaq, hamısı dağılacaq».  İsa Zeytun dağında oturarkən şagirdləri təklikdə onun yanına gəlib soruşdular: «Bizə de, bunlar nə vaxt baş verəcək? Sənin iştirakının və dövrün* yekununun əlaməti nə olacaq?»  İsa onlara cavab verdi: «Diqqətli olun ki, heç kəs sizi aldatmasın.  Çünki bir çoxları mənim adımla gəlib, “Məsih mənəm” deyəcək və çoxlarını aldadacaq.  Siz yaxın və uzaq yerlərdə gedən müharibələr barəsində eşidəcəksiniz. Dəhşətə gəlməyin. Bunlar baş verməlidir, amma bu hələ son deyil.  Millət millətə qarşı, dövlət dövlətə qarşı qalxacaq. Bir çox yerlərdə qıtlıq və zəlzələlər olacaq.  Bütün bunlar bəlaların* başlanğıcıdır.  İnsanlar sizə əziyyət verəcək və öldürəcəklər. Mənim adıma görə bütün xalqlar sizə nifrət edəcəklər. 10  Bundan əlavə bir çoxları iman yolundan dönəcək, bir-birini satacaq və bir-birinə nifrət edəcək. 11  Çoxlu saxta peyğəmbər peyda olub bir çoxlarını aldadacaq. 12  Hərc-mərclik baş alıb getdiyindən əksər insanlarda məhəbbət soyuyacaq. 13  Lakin axıra kimi dözən xilas olacaq. 14  Padşahlıq haqqındakı bu xoş xəbər millətlərin hamısına şəhadət olsun deyə, bütün yer üzündə təbliğ ediləcək və son o vaxt gələcək. 15  Buna görə də Daniel peyğəmbərin dediyi viranəlik gətirən iyrənc şeyin müqəddəs yerdə durduğunu görəndə (oxuyan dərk etsin) 16  qoy Yəhudeyada olanlar dağlara qaçsın. 17  Evin damında olan nə isə götürmək üçün evə düşməsin. 18  Tarlada olan əbasını götürmək üçün evə qayıtmasın. 19  O günlərdə hamilə qadınların və südəmizdirən anaların vay halına! 20  Dua edin ki, qaçmağınız qışa və ya şənbə gününə təsadüf etməsin. 21  Çünki o vaxt elə bir böyük müsibət olacaq ki, beləsi dünya yaranandan bəri olmamışdır və bir daha olmayacaq. 22  O günlər qısaldılmasaydı, heç kəs xilas ola bilməzdi. Ancaq seçilmişlərə görə o günlər qısaldılacaq. 23  O vaxt sizə desələr ki, “Məsih buradadır!”, yaxud “Oradadır!” inanmayın. 24  Çünki saxta məsihlər və saxta peyğəmbərlər peyda olacaq. Onlar böyük əlamətlər və möcüzələr göstərəcəklər ki, mümkünsə, seçilmişləri də yoldan çıxartsınlar. 25  Mən sizi xəbərdar etdim. 26  Buna görə də sizə desələr ki: “Baxın, o, səhradadır”, — getməyin; “Baxın, o, içəri otaqlardadır”, — inanmayın. 27  Necə ki, şimşək şərqdə çaxıb göy üzünü qərbə kimi işıqlandırır, insan Oğlunun iştirakı zamanı da belə olacaq. 28  Cəsəd haradadırsa, qartallar da ora yığışacaq. 29  O günlərdəki müsibətdən dərhal sonra günəş zülmətə qərq olacaq, ay işıq saçmayacaq, ulduzlar göydən düşəcək və göylərin qüdrəti sarsılacaq. 30  Sonra göydə insan Oğlunun rəmzi peyda olacaq. Yer üzünün bütün qəbilələri ağlaşıb başlarına döyəcək, insan Oğlunu qüdrət və cah-calalla buludların üzərində gəldiyini görəcək. 31  O, güclü şeypur səsi ilə öz mələklərini göndərəcək və onlar dünyanın dörd tərəfindən, göyün bir ucundan o biri ucunadək insan Oğlunun seçdiklərini yığacaqlar. 32  Nümunə üçün əncir ağacını götürək. Onun budaqları tumurcuqlayıb yarpaqları görünəndə bilirsiniz ki, yay yaxındır. 33  Siz də bütün bunları görəndə bilin ki, insan Oğlu lap yaxında, qapının ağzındadır. 34  Yadınızda saxlayın ki, bütün bunlar bu nəsil yox olmamış baş verəcək. 35  Göy və yer yox olub gedəcək, mənim sözlərim isə qalacaq. 36  O günü və saatı heç kəs bilmir: nə göydəki mələklər, nə də Oğul. Bunu yalnız Ata bilir. 37  Çünki Nuhun günlərində necə idisə, insan Oğlunun iştirakı zamanı da elə olacaq. 38  O vaxt, daşqından əvvəl camaat yeyir, içir, evlənir, ərə gedirdi və Nuh gəmiyə minməyincə, 39  daşqın gəlib onların hamısını aparmayınca heç nəyi fikirləşmirdilər. İnsan Oğlunun iştirakı zamanı da belə olacaq. 40  O vaxt iki nəfər tarlada olacaq; biri götürüləcək, o birisi qalacaq. 41  İki qadın əl dəyirmanında dən üyüdəcək; biri götürüləcək, o birisi qalacaq. 42  Buna görə də oyaq qalın, çünki Ağanızın hansı gün gələcəyini bilmirsiniz. 43  Bunu da bilin ki, ev sahibi oğrunun nə vaxt gələcəyini bilsəydi, oyaq qalardı və evinin yarılmasına yol verməzdi. 44  Bunun üçün siz də hazır olun, çünki insan Oğlu gözləmədiyiniz saatda gələcək. 45  Evindəki qulluqçulara vaxtlı-vaxtında yemək paylarını vermək üçün ağanın onların üzərində qoyduğu sadiq və ağıllı* nökər görəsən, kimdir? 46  O nökər xoşbəxtdir ki, ağası gələndə onu iş başında tapacaq. 47  Əmin olun, ağası bütün əmlakının idarəsini ona tapşıracaq. 48  Yox əgər yaramaz nökər ürəyində: “Ağam gec gələcək”, — deyib 49  qalan nökərləri döyər və əyyaşlarla yeyib-içərsə, 50  ağası onun gözləmədiyi bir gündə və bilmədiyi saatda gəlib 51  ona ağır cəza verəcək və onu ikiüzlülərlə eyni aqibətə düçar edəcək. Yaramaz nökər orada hönkür-hönkür ağlayıb dişlərini qıcayacaq.

Haşiyələr

Burada işlənən yunan sözünü həmçinin «əsr, zaman, zəmanə, dövran, quruluş» sözləri ilə də tərcümə etmək olar
Hərfən «doğum sancılarının»
Yaxud «müdrik, uzaqgörən, tədbirli, ehtiyatlı»