Kontentə keç

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab | MÜQƏDDƏS YAZILARIN YENİ DÜNYA TƏRCÜMƏSİ (1984 BURAXILIŞI) 2013 buraxılışını aç

Matta 23:1—39

23  Sonra İsa xalqa və şagirdlərinə müraciət edib dedi:  «Mirzələr və fəriseylər Musanın yerində oturublar.  Buna görə də dedikləri hər şeyə əməl edin, lakin gördükləri işləri görməyin. Çünki onlar deyirlər, amma etmirlər.  Onlar ağır yüklər bağlayıb insanların çiyninə qoyurlar, özləri isə bu yükləri barmaqları ilə də tərpətmək istəmirlər.  Hər bir işi özlərini camaata göstərmək üçün edirlər. Onlar həmail kimi taxdıqları ayə qutucuqlarını genişləndirir, əbalarının saçaqlarını uzadırlar.  Onlar məclislərdə yuxarı başda və sinaqoqlarda qabaq cərgələrdə oturmağı sevirlər,  bazar meydanlarında camaatdan salam almağı, insanların onları “Müəllim” çağırmağını xoşlayırlar.  Amma siz özünüzü “Müəllim” adlandırmağa qoymayın, çünki bir Müəlliminiz var, siz isə bir-birinizə qardaşsınız.  Həmçinin yer üzündə heç kəsi “ata” çağırmayın, çünki bir Atanız var, O da səmavi Atadır. 10  Özünüzü “rəhbər” adlandırmağa icazə verməyin, çünki bir Rəhbəriniz var, o da Məsihdir. 11  Ancaq sizlərdən ən böyüyü qoy sizə nökərçilik etsin. 12  Özünü yüksəldən alçaldılacaq, özünü alçaldan isə yüksəldiləcək. 13  Vay sizin halınıza, ikiüzlü mirzələr və fəriseylər! Çünki siz səmavi padşahlığın qapılarını insanların üzünə bağlayırsınız; nə özünüz girirsiniz, nə də girmək istəyənləri qoyursunuz. 14  * —— 15  Vay sizin halınıza, ikiüzlü mirzələr və fəriseylər! Çünki siz dənizlər keçir, dağlar aşırsınız ki, heç olmasa bir adamı dininizə döndərəsiniz. Lakin buna müvəffəq olanda o adamı özünüzdən də beşbetər edib Hinnom dərəsinə düçar edirsiniz. 16  Vay sizin halınıza, kor bələdçilər! Siz deyirsiniz: “Əgər kimsə məbədə and içirsə, eybi yox; amma kimsə məbəddəki qızıla and içirsə, andını mütləq yerinə yetirməlidir”. 17  Ey ağılsızlar və korlar! Hansı daha böyükdür: qızıl, yoxsa qızılı müqəddəs edən məbəd? 18  Həmçinin belə də deyirsiniz: “Əgər kimsə qurbangaha and içirsə, eybi yox; amma qurbangahın üstündəki bəxşişə and içən, mütləq andını yerinə yetirməlidir”. 19  Korlar! Hansı daha böyükdür: bəxşiş, yoxsa bəxşişi müqəddəs edən qurbangah? 20  Ona görə də qurbangaha and içən həm qurbangaha, həm də onun üstündəki hər şeyə and içir. 21  Məbədə and içən həm məbədə, həm də onun içində yaşayana and içir, 22  və göyə and içən Allahın taxtına və onun üstündə oturana and içir. 23  Vay sizin halınıza, ikiüzlü mirzələr və fəriseylər! Çünki siz nanə, şüyüd və cirənin onda birini verirsiniz, lakin Qanundakı daha vacib məsələlərə: haqq-ədalətə, mərhəmətə və sədaqətə məhəl qoymursunuz. Ondabiri verməli idiniz, amma ilk növbədə bunları yerinə yetirməli idiniz. 24  Ağcaqanadı süzgəcdən keçirən, amma dəvəni diri-diri udan kor bələdçilər, vay halınıza! 25  Vay sizin halınıza, ikiüzlü mirzələr və fəriseylər! Çünki siz camın və boşqabın çölünü təmizləyirsiniz, amma onların içi qarət və tamahla doludur. 26  Ey kor fərisey, əvvəlcə camın və boşqabın içini təmizlə, onda onlar çöldən də təmiz olacaqlar. 27  Vay sizin halınıza, ikiüzlü mirzələr və fəriseylər! Çünki siz ağardılmış qəbirləri xatırladırsınız. Onlar zahirən yaraşıqlı görünür, amma içəridən ölülərin sümükləri və hər cür natəmizliklə doludurlar. 28  Eynilə də siz, camaat sizi saleh hesab edir, amma daxildən riyakarlıq və qanunsuzluqla dolusunuz. 29  Vay sizin halınıza, ikiüzlü mirzələr və fəriseylər! Çünki siz peyğəmbərlər üçün türbələr ucaldır, salehlərin məqbərələrini bəzəyir 30  və deyirsiniz: “Biz dədə-babalarımızın vaxtında yaşasaydıq, onlarla əlbir olub peyğəmbərlərin qanını tökməzdik”. 31  Bununla siz boynunuza alırsınız ki, peyğəmbərləri qətlə yetirmiş adamların övladlarısınız. 32  Neynək, dədə-babalarınızın başladığı işi axıra çatdırın! 33  Ey əfi ilanlar, gürzə balaları! Hinnom dərəsinə məhkumiyyətdən canınızı necə qurtaracaqsınız? 34  Buna görə də yanınıza peyğəmbərləri, arifləri və müəllimləri göndərirəm. Onlardan bəzilərini öldürəcək və dirəyə mıxlayacaqsınız, bəzilərini isə sinaqoqlarınızda qamçılayacaq və bir şəhərdən o biri şəhərə qovacaqsınız. 35  Beləcə, saleh Habilin qanından tutmuş məbədlə qurbangahın arasında öldürdüyünüz Baraxiya oğlu Zəkəriyyənin qanına kimi, yer üzündə axıtdığınız bütün salehlərin qanı sizin boynunuzdadır. 36  Bilin və agah olun, bütün bu günahlara görə bu nəsil cavab verəcək. 37  Eh, Yerusəlim, Yerusəlim! Peyğəmbərləri qətlə yetirən və sənə göndərilənləri daşa basan Yerusəlim! Toyuq cücələrini qanadının altına topladığı kimi, mən də neçə dəfə sənin övladlarını bir yerə yığmaq istədim. Heyf, siz istəmədiniz! 38  Buna görə də bu Ev* tərk edilib sizə boş qalacaq. 39  Bunu bilin, siz: “Yehovanın adı ilə gələnə eşq olsun!”, — deyənə qədər bir daha məni görməyəcəksiniz».

Haşiyələr

Matta 17:21 haşiyəsinə bax
Hərfən «sizin eviniz», yəni məbəd