Kontentə keç

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab | MÜQƏDDƏS YAZILARIN YENİ DÜNYA TƏRCÜMƏSİ (1984 BURAXILIŞI) 2013 buraxılışını aç

Matta 22:1—46

22  İsa sözünə məsəllərlə davam etdi:  «Səmavi padşahlıq oğlu üçün toy edən bir padşaha bənzəyir.  Padşah toy ziyafətinə dəvət etdiyi qonaqları çağırmaq üçün nökərlərini göndərdi. Lakin qonaqlar gəlmək istəmədilər.  Padşah bu dəfə başqa nökərləri göndərdi və onlara dedi: “Gedin qonaqlara belə deyin: «Naharı hazırlamışam, cöngələr və bəslənmiş heyvanlar artıq kəsilib, hər şey hazırdır. Ziyafətə təşrif buyurun»”.  Lakin onlar dəvəti veclərinə almadılar. Kimisi öz tarlasına, kimisi də alverinin dalınca getdi.  Qalanları isə nökərləri tutub təhqir etdilər və öldürdülər.  Padşah bərk qəzəbləndi. Ordusunu göndərib qatilləri məhv etdi, şəhərlərini də yandırdı.  Sonra isə nökərlərinə dedi: “Toy ziyafəti hazırdır, lakin qonaqlar məclisdə iştirak etməyə layiq olmadılar.  Buna görə də şəhərdən çıxan yollara gedin və tapdığınız adamların hamısını ziyafətə çağırın”. 10  Nökərlər yollara çıxdılar və tapdıqları adamların hamısını: pisləri də, yaxşıları da yığıb məclisə gətirdilər. Toyxana qonaqlarla doldu. 11  Padşah qonaqlara baxmaq üçün içəri girdi. Birdən onun gözünə toy libası geyməmiş adam sataşdı. 12  Padşah ona dedi: “Qardaş, sən nə üçün bura toy libasında gəlməmisən?” O dinmədi. 13  Onda padşah nökərlərinə əmr etdi: “Bunun əl-ayağını bağlayıb çölə, zülmətə atın. O, orada hönkür-hönkür ağlayıb dişlərini qıcayacaq”. 14  Çünki dəvət edilənlər çox, seçilənlər isə azdır». 15  Fəriseylər oradan çıxıb onu sözdə tutmaq üçün aralarında məşvərət etdilər. 16  Onlar öz şagirdlərini və Hirodun ardıcıllarını bu sözlərlə İsanın yanına göndərdilər: «Müəllim, biz bilirik ki, sən düz adamsan, Allahın yolunu həqiqətə müvafiq öyrədirsən, heç kəsin fikri sənə təsir göstərmir, çünki insanın hansı vəzifə sahibi olması səni maraqlandırmır. 17  Necə bilirsən, padşaha* can vergisi ödəmək düzgündür, ya yox?» 18  Onların pis niyyətlərini bilən İsa dedi: «Ey ikiüzlülər, məni niyə sınayırsınız? 19  Can vergisi ödənilən sikkəni mənə göstərin». Ona bir dinar verdilər. 20  İsa onlara dedi: «Burada kimin surəti və titulu həkk olunub?» 21  Onlar cavab verdilər: «Padşahın». Onda İsa dedi: «Elə isə, padşaha məxsus şeyləri padşaha, Allaha məxsus şeyləri Allaha verin». 22  Onlar bu sözlərə məəttəl qaldılar və çıxıb getdilər. 23  Həmin gün, dirilməyə inanmayan sadukeylər İsanın yanına gəlib soruşdular: 24  «Müəllim, Musa belə buyurub: “Bir kişi övladsız ölərsə, qardaşı onun dul qalmış arvadına evlənməlidir ki, qardaşının nəsli kəsilməsin”. 25  Aramızda yeddi qardaş var idi. Böyük qardaş evləndi, amma övladsız öldü. Arvadını ikinci qardaşı aldı. 26  O da, üçüncüsü də — yeddinci qardaşa qədər hamısı o qadınla evləndi və öldü. 27  Hamıdan axırda qadın da öldü. 28  İndi görəsən, dirilmə vaxtı həmin qadın bu yeddi qardaşdan hansının arvadı olacaq? Axı onların hamısı bu qadına evlənmişdi». 29  İsa onlara cavab verdi: «Siz yanılırsınız, çünki nə Müqəddəs Yazılardan, nə də Allahın qüdrətindən xəbəriniz var. 30  Dirilmə zamanı kişilər evlənməyəcək, qadınlar da ərə getməyəcəklər. Onlar göydəki mələklər kimi olacaqlar. 31  O ki qaldı ölülərin dirilməyinə, məgər Allahın sizə: 32  “Mən İbrahimin Allahı, İshaqın Allahı və Yaqubun Allahıyam”, — dediyini oxumamısınız? Bəli, O, ölülərin yox, dirilərin Allahıdır». 33  Bunu eşidən camaat onun necə təlim verdiyinə heyran qaldı. 34  İsanın sadukeyləri susdurduğunu eşidən fəriseylər bir yerə yığışdılar. 35  Onların arasından bir qanunşünas qalxıb İsanı sınamaq məqsədilə soruşdu: 36  «Müəllim, Qanunda ən böyük əmr hansıdır?» 37  İsa cavab verdi: «“Allahın Yehovanı bütün ürəyinlə, bütün canınla və bütün ağlınla sev”. 38  Bu, birinci və ən böyük əmrdir. 39  İkincisi də ona bənzərdir: “Yaxınını özünü sevdiyin kimi sev”. 40  Bütün Qanun və Peyğəmbərlərin kitabları bu iki əmrin üzərində durur». 41  Bir dəfə fəriseylər bir yerə toplaşmışdılar. İsa onlardan soruşdu: 42  «Məsih haqqında nə düşünürsünüz? O, kimin oğludur?» Onlar cavab verdilər: «Davudun». 43  İsa onlara dedi: «Necə olur ki, Davud bu ayədə müqəddəs ruhun təsiri ilə onu “Ağa” adlandırır: 44  “Yehova Ağama dedi: «Düşmənlərini ayağının altına qoyanadək sağımda otur»”? 45  Əgər Davud onu “Ağa” adlandırırsa, o, Davudun oğlu necə ola bilər?» 46  Heç kəs bunun qarşısında İsaya bir kəlmə söz deyə bilmədi və o gündən etibarən heç kim cürət edib ona sual vermədi.

Haşiyələr

Hərfən «Sezara»